23 Noyabr 2024

Şənbə, 23:39

ÖLÜM SAYINA GÖRƏ YEDDİNCİ

Azərbaycanda hepatitli xəstələrin müalicəsi pulsuz həyata keçirilsə də, bu barədə çox az adam məlumatlıdır

Müəllif:

06.10.2015

Bu gün dünyada hepatit B və C viruslu xəstələrin sayı 400 milyon nəfərdir. Hər il bu xəstəlikdən 1,4 milyon insan dünyasını dəyişir. Bu, gündə 4 000 nəfər deməkdir! Hepatit dünyada ölümə səbəb olan xəstəliklər sırasında yeddinci yerdədir. Hepatit virusu inkubasiya dövrünün uzunmüddətli olmasına görə təhlükəlidir. O, orqanizmə düşdüyü zaman insan heç nə hiss etmir, yəni, qaraciyərinin praktiki olaraq dağılmaqda olduğunu bilmədən uzun illər yaşaya bilir. Bununla yanaşı, ən acınacaqlısı odur ki, virus 95% halda təsadüfən, başqa analizlərin verilməsi, başqa müayinələrdən keçilməsi zamanı üzə çıxır. 

 

Müalicə pulsuzdur

Azərbaycanda hepatitlə bağlı dəqiq statistika mövcud deyil. Bu, həm də məcburi tibbi sığortanın olmaması ilə bağlıdır. Üstəlik, xalqımız planlı çek-apa (tam profilaktik diaqnostika) da xüsusi maraq göstərmir. Nəticədə, artıq qeyd edildiyi kimi, orqanizmdə hepatit virusunun olması təsadüfən ortaya çıxır.

Bu gün Azərbaycanda Səhiyyə Nazirliyinin hepatit B və C viruslarına yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə komissiyası fəaliyyət göstərir. Komissiyanın rəhbəri professor Murad Məmmədov "R+" jurnalına açıqlamasında bildirib ki, ölkədə bu xəstəliyin profilaktikası üzrə əsas işlər iki istiqamətdə aparılmalıdır - vaxtında peyvəndləmə və profilaktik maarifçilik işləri. O, Azərbaycanda hepatit virusuna yoluxmuş şəxslərin sayının durmadan artdığını söyləyib. Birincisi, buna son zamanlar postsovet məkanında yayılmış "antipeyvənd" isteriyası səbəb olur. İkincisi, əksər insanlar hepatit virusuna harada və necə yoluxa biləcəklərini, sadəcə, anlamırlar. Bu xəstəlik əksər halda qan vasitəsilə yayılır. Onun qorunmasız cinsi akt zamanı yoluxma faizi cəmi 5%-dir. Beləliklə, insanlar bu xəstəliyə əksər hallarda əməliyyatlar zamanı yoluxurlar - əgər əməliyyat alətləri yaxşı sterilizə olunmayıbsa. Dişlərin müalicəsi zamanı, gözəllik salonlarında, tatu döydürən zaman və qanla bilavasitə əlaqənin olduğu digər hallarda da hepatit virusuna yoluxma ehtimalı yüksəkdir. Uşağın anadan hepatit virusu ilə doğulması halları da çoxdur - uşaq bu virusun daşıyıcısı olduğundan, məlumatsız anadan yoluxur.

Nazirliyin hepatit B və C viruslarına yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə komissiyanın üzvü Həqiqət Qədirova isə ölkədə hepatit virusu daşıyıcılarının ümumi statistikasının olduğunu söyləyib. Onun sözlərinə görə, bu statistika şəhər və respublika klinikalarından mərkəzləşdirilmiş qaydada daxil olan məlumatlar əsasında hazırlanır. Lakin burada söhbət yalnız hepatit A, B və C viruslarının kəskin formasından gedir. "Komissiyaya gəlincə, biz hepatitin xroniki formasından əziyyət çəkən xəstələri qeydiyyata alırıq", - deyə H.Qədirova bildirib. Onun sözlərinə görə, 2015-ci il sentyabrın 10-na ölkədə 2900 hepatitli xəstə qeydə alınıb. Onların 70%-də hepatit C virusu aşkarlanıb. "Üstəlik, onların əksəriyyəti bir neçə ilin xəstəsidir və bu insanların qaraciyəri artıq sıradan çıxıb", - deyə həkim qeyd edib.

Bu yaxınlarda Azərbaycanda hepatit D virusuna (delta) yoluxmuş xəstələr də aşkarlanıb. O, orqanizmdə təkbaşına çoxala bilmir - bunun üçün onun yardımçı virusa ehtiyacı var. Onun üçün bu cür köməkçi B virusudur. B virusu ilə tandem təşkil edən hepatit D kifayət qədər ağır xəstəliklər yaradır.

Şübhəsiz, hepatitin vaxtında aşkara çıxarılması çox vacibdir. Lakin bu, problemin yalnız bir hissəsidir. 

Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi üçün nəzərdə tutulmuş preparatlar çox bahadır. Məhz bu səbəbdən, Azərbaycanda hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatitin kökünün kəsilməsi üzrə proqramı fəaliyyətdədir. Həmin proqrama əsasən, ölkədə bu xəstəliyin müalicəsi pulsuz həyata keçirilir. X.Qədirovanın sözlərinə görə, proqram çərçivəsində müalicə Ukraynadan gətirilən preparatlar - "Ukraferon" və "Ribavirin" vasitəsilə aparılır. Bəs Azərbaycana interferonlarla yanaşı təyin edilməli olan cenerik preparatların gətirilməsi planlaşdırılırmı? Komissiya üzvü bu sualı cavablandırmaqda çətinlik çəkib: "Bu işlə Səhiyyə Nazirliyinin müvafiq strukturları məşğul olur. Mən bu işə cavabdeh deyiləm". Qədirova nazirliyin hepatitin müalicəsində dünya ilə ayaqlaşacağına ümidini də dilə gətirib.

Bununla yanaşı, mütəxəssislər hesab edirlər ki, Azərbaycanda hepatit B virusu ilə bağlı vəziyyət yaxşılaşıb. Buna səbəb körpələrin doğulduqdan dərhal sonra, bu virusa qarşı peyvəndlənməsidir.

 

Ceneriklər, yoxsa orijinal? 

Bəs ceneriklər nədir? Mütəxəssislər nədən dünyada hepatitlərin müalicəsi zamanı məhz onlara üstünlük verildiyini birağızdan bəyan edirlər? Bundan başqa, ceneriklərin istehsalının və tibbi təcrübədə istifadəsinin dəstəklənməsi tibbi yardımların göstərilməsində ÜST-nin əsas strategiyalarından biridir.

Məsələ ondadır ki, cenerik (ingiliscə - generic) beynəlxalq patent alaraq və ya almadan, preparat istehsalçısının firma adından fərqli adla satılan dərman vasitələridir. Ceneriklər effektivliyinə görə, bir qayda olaraq, orijinaldan heç nə ilə fərqlənmir. Lakin onlar orijinal preparatla müqayisədə xeyli ucuz satılır. Çünki cenerik istehsalçıları preparatın hazırlanması üçün araşdırmaların aparılmasına, işlənməsinə, dərmanın təhlükəsizliyini və effektivliyini təsdiqləyən sertifikatların alınmasına, onların reklamına pul xərcləmirlər.

Hepatitlərin müalicəsində cenerik tərəfdarı olanlar iddia edirlər ki, bu cür sintezləşdirilmiş dərman preparatlarının köməyi ilə xəstəni cəmi 12 həftə ərzində tam sağaltmaq mümkündür, müalicəolunma səviyyəsi isə 95%-ə çatır. Başqa sözlə, hepatiti yalnız interferonlarla müalicə etmək mümkün deyil. Hepatitin yayılma dərəcəsinin milli miqyas aldığı bir sıra ölkələr bu cür insanları həmin preparatlarla qismən və ya tam təmin etməyə dair öhdəlik götürüblər.

Bu preparat qrupunun tərəfdarları bildirirlər ki, ceneriklərdən istifadənin böyük tibbi-sosial əhəmiyyəti var. Çünki o, əhalinin böyük bir təbəqəsinin keyfiyyətli müalicə almasına imkan verir; məsələn: hazırda ABŞ-da xəstələrə təyin olunan bütün dərman preparatlarının 60%-dən çoxunu ceneriklər təşkil edir. Oxşar statistikaya Qərbi Avropada - Almaniya, Avstriya, İsveçrə və digər ölkələrdə də rast gəlmək mümkündür.

Ceneriklərdən geniş istifadə milli büdcənin səhiyyəyə ayrılmış hissəsinin daha rasional xərclənməsinə imkan yaradır və beləliklə, bahalı tibbi xidmətlərə, prosedur və xidmətlərə görə maliyyə ehtiyatı saxlamaq mümkün olur. Cenerik istehsalçılarının qiymət rəqabəti isə innovasiya şirkətlərini prinsipial olaraq yeni, daha müasir preparatlar və müalicə üsulları yaratmağa vadar edir.

Cenerik əleyhdarlarına gəlincə, onlar bu məsələdə əsas problemin preparatların keyfiyyəti ilə, onların orijinalı ilə müqayisəli klinik effekti ilə bağlı olduğunu bildirirlər. Tamamilə aydın olan səbəblərdən "surət" (generik) istehsalçıları bazara yeni çıxan dərmanın ilk istehsalçılarından fərqli olaraq, preparatların kliniki sınağı üçün lazımi vəsaiti xərcləmirlər. Ceneriklərin əleyhdarları hesab edirlər ki, sözügedən preparatlar məhz bu səbəbdən, bu və ya digər xəstəliklərin, xüsusilə də qaraciyərin müalicəsində hər zaman effektli olmur.

Dövlətin Azərbaycandakı hepatitli xəstələri təmin etdiyi "Ukraferon" immunomodulyator preparatı ilə müalicəyə gəlincə, terapevt-hepatoloq Zaur Orucovun sözlərinə görə, sağalma yalnız yüngül xəstələrin 5-10%-də qeydə alınır. Ağır xəstələrdə bu müalicənin effekti 0%-dir. Mütəxəssislər hesab edirlər ki, dövlətin hepatitli xəstələrin interferonlarla paralel təyin olunan ceneriklərlə təminat yollarını tapması daha məqsədəuygundur. Onlar orijinal preparatlardan bir neçə dəfə ucuzdur. Amma interferonların pulsuz paylanmasına başlanılması da az iş deyil.

 

Onların müdafiəyə ehtiyacları var

Ölkədə hepatit üzrə yeganə pasiyent maarifləndirmə təşkilatının rəhbəri Rauf Həsənlinin sözlərinə görə, Azərbaycanda hepatit xəstələrinin pulsuz müalicəsi ilə bağlı dövlət proqramı olsa da, xəstələrin özəl klinikalara axını hələ də çoxdur. "Hepatit virusunun müalicəsi ilə bağlı hər şey çox bahadır. Bu, hər adamın cibinə uyğun deyil", - deyə ekspert bildirir. - "Bütün hepatitlərlə bağlı diaqnostika, o cümlədən, ZRP (zəncirvari polimeraza reaksiyası) diaqnostikası, təxminən, 800 manata başa gəlir. Nəzərə alsaq ki, hepatit virusuna yoluxmuş insanlar yalnız paytaxt sakinləri ilə məhdudlaşmır, regiondakı xəstələr üçün bu müalicə əlçatmaz olur: 1 interferon iynəsi 180-200 manata başa gəlir. Üstəlik, bu iynə, ən azı, yarım il ərzində hər həftə vurulmalıdır. Bəzən onun 1 il davam etdirilməsi lazım gəlir". Bununla yanaşı, interferonlar çox güclü dərmanlardır. Onlar orqanizmin digər funksiyalarına da təsir göstərir. Odur ki, orqanizmin bərpası üçün bir çox digər preparatların qəbuluna zərurət yaranır.

Ekspertin sözlərinə görə, təəssüfləndirici hal bu gün Azərbaycanda hepatit virusları ilə əlaqəli xəstəliklərin pulsuz müalicə olunduğunu çox az sayda insanın bilməsidir. Bu xəstəliyin bəzi formalarında genotipdən asılı olaraq, interferonsuz da keçinmək mümkün olur. Sevindirici hal ondan ibarətdir ki, indi müalicənin qiyməti 20-30 min manatdan 3500-4000 manatadək düşüb. Həsənlinin sözlərinə görə, orijinal preparatların bir bağlamasının qiyməti 15 min manatadək təşkil edə bilər.

Azərbaycanda hepatit virusları ilə bağlı xəstəliklərdən əziyyət çəkənlər başqa problemlərlə də qarşılaşırlar. Belə insanlar tez-tez hüquqlarının pozulması halları ilə rastlaşırlar - onların xəstəliyindən xəbər tutan rəhbərlik bu şəxsləri işdən azad edir. Hepatitli xəstələr digər ayrı-seçkiliklərlə də üzləşirlər. Bütün bunlar xəstəliyin yoluxma forması ilə bağlı məlumatsızlıqdan irəli gəlir.

Sonda bir sevindirici məqamı qeyd etmək yerinə düşər: qloballaşan cəmiyyət bu hiyləgər, qəddar və öldürücü virusa tam qələbə çalmağa çox yaxındır. ÜST-nin məlumatına görə, 2030-cu ilə hepatit virusunun tam məhvi planlaşdırılır. Bu proqrama 11,5 milyard dollar xərclənməsi nəzərdə tutulub. Gündə hepatit virusundan 4 000 adamın dünyasını dəyişdiyini nəzərə alsaq, bu rəqəm o qədər də böyük görünməməlidir. Azərbaycanda interferonların pulsuz paylandığını nəzərə alsaq, demək, Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Lakin artıq digər preparatlara - ceneriklərə keçmək vaxtı da çatıb.


MƏSLƏHƏT GÖR:

645