23 Noyabr 2024

Şənbə, 23:31

SƏRKƏRDƏ

Azərbaycan Milli Ordusunun qurucularından olmuş Səməd bəy Mehmandarov döyüş meydanından kənarda da strateji düşünə bilirdi

Müəllif:

13.10.2015

Dünyanın istənilən ordusunda müharibədə özünü suda balıq kimi hiss edən zabitlər var. Onlar sanki müharibə meydanında olmaq üçün dünyaya gəlirlər. Yazıçı Redyard Kiplinqin məşhur bir kəlamı var idi: Vivire est militare ("Yaşamaq savaşmaq deməkdir"). Görkəmli sərkərdə, Azərbaycan Milli Ordusunun yaradıcılarından olmuş general-leytenant Səməd bəy Mehmandarov da belə insanlardan olub. O, sanki sərkərdəlik həyatının zirvəsinə yüksəlmək üçün 25 il hərbi əməliyyatların başlanmasını gözləyib. Mehmandarov ilk dəfə komandirlik istedadı ilə 1900-1901-ci illərdə Rusiya ordusunun Çinə yürüşü zamanı gündəmə gəlib. O, Port-Arturda, Birinci Dünya müharibəsi cəbhəsində vuruşub. Həmin dövrdə o, ali rütbəyə - general rütbəsinə layiq görülmüşdü.

 

Düşməni qaçmağa vadar etmək

Gələcək general 16 oktyabr 1855-ci ildə Lənkəranda doğulub. Onun atası Mirzə Sadıq bəy Lənkərana Muğan pristavı təyin olunması ilə əlaqədar 1840-cı illərin əvvəllərində Şuşadan köçmüşdü. 1873-cü ildə Mehmandarov Konstantinov hərbi məktəbinə daxil olub. O zaman həmin məktəbin tələbələri yunker adlandırılırdı. 1875-ci ildə məktəbi bitirən Mehmandarov praporşik rütbəsində 1-ci Türküstan artilleriya briqadasına göndərilib və bu briqadanın tərkibində Kokand xanlığındakı döyüşlərdə iştirak edib. Hərbçi ilk mükafatını da burada alaraq III dərəcəli Müqəddəs Svyatoslav ordenilə təltif edilib.

1904-cü ilin may-dekabr aylarında Səməd bəy Mehmandarov Rus-yapon müharibəsində, o cümlədən Port-Arturun müdafiəsi uğrunda savaşda iştirak edib. Bu savaşda fərqləndiyi üçün 1904-cü ildə general-mayor rütbəsi alan Mehmandarova Müqəddəs Georgi ordeni də verilib. Bu faktlar - Rus-yapon müharibəsində iştirakına görə rütbəsinin artırılması və mükafatlar alması - böyük əhəmiyyətə malikdir. Müharibəni ruslar yaponlara uduzmuş, Mehmandarov əsir düşmüş, bəzi generallar isə Port-Arturu əldən verdikləri üçün məhkəməyə verilmişdilər.

Birinci Dünya müharibəsinin başlanması ilə Səməd bəy Mehmandarov Cənub-Qərb cəbhəsinə yerləşdirilmiş 2-ci Qafqaz süvari korpusunun komandiri təyin olunub. Artıq 1914-cü ilin sentyabrında o, III dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilib. Bu mükafat ona "Kozenitse döyüşləri zamanı düşmənin güclü atəşi altında diviziyasının ikinci briqadası ilə Visla çayını keçərək 3 gün ərzində bütün yardımdan məhrum halda... çayın sol sahilində duruş gətirə bildiyinə, Almaniyanın qvardiya korpusunun bir neçə hücumunu dəf etdiyinə, düşmənə bir necə güclü zərbə vurduğuna, briqadanın, demək olar ki, hər tərəfdən şiddətli atəşə tutulmasına rəğmən, hücuma keçməsinə görə" verilmişdi ("Qafqaz" qəzeti, Tiflis).

1915-ci ilin yanvarında Mehmandarov II dərəcəli Müqəddəs Vladimir ordeni, fevralında isə brilyantlarla bəzədilmiş Müqəddəs Georgi silahı ilə mükafatlandırılıb. Peterburqda nəşr olunan "Russkiy İnvalid" qəzeti bu haqda yazırdı: "Rəhmli Əlahəzrət imperator düşmənə qarşı savaşda fərqlənənləri mükafatlandırıb: 21-ci piyada diviziyasının sabiq rəhbəri, hazırda ordu korpusuna komandirlik edən general-leytenant Səməd bəy Sadıq bəy oğlu Mehmandarov 1914-cü il oktyabrın 9-da və 10-da İvanqrad yaxınlığında darmadağın edilmiş alman ordusunu təqib edərkən, ona yardıma gələn Avstriya bölmələrini də darmadağın etdiyinə görə bu mükafata layiq görülmüşdü... 1914-cü il oktyabrın 11, 12 və 13-də o, düşmənin daha üstün olan qüvvəsinin ciddi itki verməsinə nail olub: bizim hərbi birləşmələrin sağ cinahından keçməyə çalışan düşmən bütün cəbhə boyunca geri çəkilməyə məcbur olub. Üstəlik, 1 gün ərzində - 1914-cü il oktyabrın 11-də bizimkilər 1 qərargah zabitini, 16 ober-zabiti, 670 aşağı rütbəli şəxsi əsir götürüb, 1 ədəd pulemyot ələ keçirib".

1915-ci ildə Mehmandarov artilleriya generalı rütbəsi alıb. 1917-ci ildə inqilabın qələbə qazanması ilə general Mehmandarov bütün çar sərkərdələri kimi, bolşeviklər tərəfindən korpus komandanlığından kənarlaşdırılıb. Bir müddət sonra o, Bakıya qayıdıb.

 

Döyüş qabiliyyətli general

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyini elan etməsindən sonra ölkənin ərazi bütövlüyünün qorunması məsələsi son dərəcə ciddi aktuallıq qazanmışdı. Bu çətin işin öhdəsindən yalnız ölkənin öz silahlı qüvvələrinin yaradılması il gəlmək olardı. 1 noyabr 1918-ci ildə respublikanın Hərbi Nazirliyi yaradılıb. Hərbi nazir vəzifəsi baş nazir Fətəli xan Xoyskiyə həvalə edilib. General Səməd bəy Mehmandarov isə onun köməkçisi, yəni müavini təyin olunub.

Milli Ordunun qurulması son dərəcə çətin daxili və xarici şərtlər fonunda baş verirdi: Avropanın aparıcı dövlətləri Azərbaycanın müstəqilliyini tanımaqdan imtina edir, bolşeviklər ölkə ərazisində - cənubda Muğan respublikası tipli "müstəqil dövlət"lər yaratmağa çalışır, əksinqilabçılar Rusiyanın "bütövlüyünü bərpa etmək" üçün səylərini əsirgəmirdilər. Əsas çətinlik isə ermənilərin Qarabağa və Zəngəzura qarşı iddiaları idi. Bütün bunlar döyüş qabiliyyətli Silahlı Qüvvələrin yaradılmasını zəruri edirdi. Üstəlik, bu iş hərbi əməliyyatların getdiyi bir şəraitdə görülməli idi.

Gənc respublika daxili düşmənlərin öhdəsindən gələ bilir. Əvvəlcə Lənkəran, daha sonra isə bütünlükdə Muğan bir damcı belə, qan axıdılmadan respublikanın nəzarətinə qayıdır. Qarabağda isə ermənilərə sarsıdıcı zərbə vurulur. Lakin şimaldan gələn bolşevik təzyiqinə sinə gərmək mümkün olmur. Cəmi 23 ay mövcud olan ADR süquta uğrayır. Bunun ardınca respublikanın tanınmış siyasi və ictimai xadimləri, generalları və sadəcə, kommunistlərə rəğbəti olmayan şəxslər təqib edilməyə başlanır. Rejimin ilk qurbanlarından biri general Murad Qirey Tlexas olur. O, 1920-ci ilin aprelində Bakının general-qubernatoru postunu tutmuşdu. Bolşeviklər hakimiyyətə gəldikdən cəmi 1 ay sonra onu güllələyirlər.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun müdaxiləsi olmasaydı, Səməd bəy Mehmandarov da eyni aqibəti yaşayacaqdı. Nərimanov generalı XI Qızıl Ordunun xüsusi şöbəsinin əməkdaşlarının əlindən, sözün əsl mənasında, "qopara bilib". Nərimanovun Leninə Mehmandarov və Əliağa Şıxlinskinin bolşeviklərə "rəğbəti"lə bağlı yazdığı məktub, onların təcrübəsindən, biliyindən Qırmızı Ordunun yaradılmasında istifadə edilə biləcəyi haqda fikirləri hər iki generalın həyatını xilas edib.

 

İctimai xadim

Səməd bəy Mehmandarov, sadəcə, görkəmli sərkərdə olmayıb. O, sıravi azərbaycanlıların problemlərilə də maraqlanıb. Mehmandarov həmin problemlərin həlli yollarını mətbuat səhifələrində göstərib. Məsələn, onun publisist Əhməd bəy Ağayevlə müsəlmanların inkişafına mane olan səbəblərlə bağlı mübahisəsi məşhurdur. Bu mənada Mehmandarovun 1892-ci ildə Tiflisdə dərc olunan "Qafqaz" qəzetində çap edilmiş "Müsəlmanların geridəqalmışlığının səbəbləri" məqaləsi kifayət qədər maraqlıdır. Həm Ağayev, həm də Mehmandarov müsəlmanların geridə qalmaları haqda danışarkən mədəni sahədə Qərbdən geri qalmağı nəzərdə tutublar.

A. Ağayev fransız alimi Bordo ilə bağlı yazdığı araşdırma yazılarında bildirirdi ki, Qərb geridəqalmışlığı səbəbini islamın təsirilə bağlamaqla böyük səhvə yol verir. O, yazırdı ki, müsəlmanlarla xristianların yaxınlaşmasına müsəlmanların dini yox, kökünü xaç yürüşündən götürmüş "ənənəvi düşmənçilik" mane olur. Ağayevin fikirlərinin birinci hissəsilə razılaşan Mehmandarov isə onun dediklərinin ikinci hissəsilə barışmırdı. O, hesab edirdi ki, müsəlmanların geridə qalmasında məhz dünyanı "müsəlmanlara və qeyri-müsəlmanlara" bölən din böyük rol oynayıb. Mehmandarov deyirdi ki, məhz bu amil müsəlmanlarla xristian avropalılar arasında yadlığa səbəb olub. Din xadimlərinin "yaxınlara sevginin müsəlmanlara sevgi demək olduğu" haqda fikrini qəbul etməyən Mehmandarov məsələnin bu cür qoyuluşundan imtinanı vacib sayırdı. O, insanlar arasında mübahisələrin şəriət qanunları əsasında çözülməsinə də etiraz edirdi. Mehmandarov bildirirdi ki, qanunlar ölkənin təfəkküründən, mənəvi inkişafından xəbər verir. O, XIX əsrdə 7-ci yüzilliyin qanunları ilə yaşamağı anlaya bilmirdi: "Nə qədər ki, müsəlmanlar elmə, biliyə deyil, mövhumata əsaslanacaqlar, müsəlmanlarla xristianlar arasında ziddiyyət davam edəcək".

Bu polemik məqalələrdə sərkərdə müsəlman qadınların təhsilə cəlb olunması məsələsinə də toxunurdu: "Müsəlmanlarda uşaqların tərbiyəsi anaya həvalə olunur. Uşağı tərbiyə etmək isə öz tərzini ona ötürmək, onu özünə bənzətmək deməkdir. Əsrlərlə alçaldılmış müsəlman qadını uşağa nə verə, hansı fikirləri, hissləri aşılaya bilər?" Mehmandarov "müsəlman qadınları mövcud vəziyyətdən xilas etməyə, ona lazımi biliklər, mənəvi güc verməyə" çağırırdı: "Müsəlmanlar öz qızlarını təhsil ocaqlarına buraxmırlar. Çünki onların beyində bir fikir olur ki, qızları kişilərin qeyri-ciddi baxışlarının obyektinə çevriləcəklər. Bu, onları dəhşətə gətirir. Lakin qızlar üçün xüsusi, yalnız qadınların oxuyacaqları təhsil ocağı yaradılarsa, valideynlər güzəştə gedə bilərlər".

Səməd bəy Mehmandarov Rusiya müsəlmanlarının inkişaf yollarından biri kimi, onların dövlətin həyatında tamhüquqlu iştirakını göstərirdi. O, hesab edirdi ki, bunun üçün imperiyanın bütün müsəlman xalqlarının gəncləri hərbi xidmətə çağırılmalıdır: "Əgər Rusiyada Kazan tatarları Polşa tatarlarından sonra daha savadlı və inkişaf etmiş sayılırlarsa, bunun səbəblərindən biri - tatarların hərbi mükəlləfiyyətə cəlb edilməsidir.

Səməd bəy Mehmandarovun xidmətlərini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev bu görkəmli hərbi xadimin 160 illiyinin yüksək səviyyədə keçirilməsilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, "general Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir".



MƏSLƏHƏT GÖR:

595