Müəllif: Nurlanə QULİYEVA Bakı
Dünyada növbəti dəfə iqtisadi böhran yaşandığı və ən azından maliyyə sabitliyini qorumaq üçün daha tez-tez səsləndirilən çağırışlar fonunda, iqtisadiyyatın hansı isə ayrıca qolunda hər hansı qızğın inkişafı proqnozlaşdırmaq - son dərəcə perspektivsiz işdir. Ələlxüsus da, bu, Azərbaycanda hələ populyar olmayan qiymətli kağızlar kimi sahəyə şamil edilirsə. Amma bu bazarın tənzimləyiciləri, görünür, nikbin dəyişikliklərə dair ümidlərini itirmirlər. Onların fikrincə, bu prosesə bir neçə ay əvvəl qəbul edilmiş "Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun tətbiqi kömək olacaq.
"Qiymətli kağızlar bazarı haqqında" yeni qanun bu sferanın dinamik inkişafı üçün əsas yaradır, habelə Azərbaycan əhalisinə təklif edilən maliyyə xidmətlərinin spektrini genişləndirməyə, müasir standartlar əsasında bazar üzərində tənzimləyici nəzarəti həyata keçirməyə imkan yaradır", - deyə sənədin təqdimatında QKDK-nın sədr müavini İlqar Muradov bildirib. - Qanun bir sıra institusional islahatlar üçün hüquqi əsas yaradıb və hesab edirəm ki, artıq yaxın zamanda biz bazarda yeni institutların yaranmasının şahidi olacağıq. Eyni zamanda kapital bazarının ticarət, eləcə də post-ticarət və nəzarət arxitekturası əhəmiyyətli dərəcədə təkmilləşdiriləcək.
Qanunu hazırlayanlar burada əsas yeniliyin ölkədə broker və diler şirkətlərinin fəaliyyətinin unifikasiyası olduğunu hesab edirlər. Başqa sözlə, onlar investisiya şirkətlərinin fəaliyyəti üçün bir lisenziya alacaqlar və bu sənəd müddətsiz olacaq. Qeyd edilən sənəd həmin şirkətə hansı əsas və köməkçi xidmətlərin icrasına icazə verdiyini müəyyən edəcək. Beləliklə, birinci qrupa fərdi investorların portfelinin idarə edilməsi, investisiya konsultasiyalarının təqdim olunması, qiymətli kağızların yerləşdirilməsi və s. daxildir. İkinci qrupa müştərilərin hesablarının idarə olunması, qiymətli kağızlarla əqdlərin bağlanması üçün investorlara kredit və ya borc verilməsi, qiymətli kağızlarla bağlı investisiya və maliyyə tədqiqatları aid edilir.
Bundan başqa, aparıcı beynəlxalq təcrübəyə əsaslanaraq, qanunu hazırlayanlar qiymətli kağızlar sırasından bir sıra alətləri çıxarıblar və populyar növlərin, məsələn, ipoteka istiqrazlarının tətbiqini genişləndiriblər. QKDK-nın sədri Rüfət Aslanlının sözlərinə görə, həmçinin ikiyaruslu depozitar-saxlanc sistemi ilə hüquqi şərtlərin hazırlanması nəzərdə tutulub. Daha doğrusu, bundan sonra bütün qiymətli kağızlar yenidən yaradılmış vahid Depozitar-mərkəzdə saxlanacaq. Bakı Fond Birjasının sədri Fariz Əzizovun sözlərinə görə, qanun investorların hüquqlarının müdafiə olunması və onlara aid informasiyanın açılması, BFB-də şirkətlərin listinqi və s. mühüm nüansları toplayıb. Fond birjalarının fəaliyyətinə dair bir sıra tənzimləyici maddələr Mülki Məcəllədən yeni qanuna istiqamətləndirilib. F. Əzizov, həmçinin məlumat verib ki, yaxın vaxtlarda investisiya şirkətləri üçün nizamnamə kapitalının həcminə dair tələblər açıqlanacaq. Həmçinin 2016-cı ilin birinci yarımilinin sonuna qədər BFB informasiya sistemini yeniləndirəcək. Bu sistem Azərbaycanın qiymətli kağızlar bazarında yeni hüquqi çərçivələrin fəaliyyətini təmin edəcək.
Bununla yanaşı, Dünya Bankının (DB) qiymətli kağızlar üzrə böyük məsləhətçisi Ketut Ariadi Kusumanın fikrincə, yeni qanun özəl sektorun imkanlarının genişləndirilməsi baxımından, o cümlədən yığımların mobilizasiyası nöqteyi-nəzərindən mühüm məsələdir və keyfiyyətli bazarın formalaşdırılması və yaradılması üçün əla təməldir. "Amma real layihə hazırlamaq üçün yaxşı özülün və strukturun olması kifayət deyil. Ona görə də digər addımlar, əsasən də praktiki tədbirlər görmək, qanun və onun reallaşdırılması arasında balans yaradılmalıdır", - deyə Kusuma bildirib.
Onun fikrincə, qanun həyata keçirilərkən bazarda tələbatın səviyyəsinin nəzərə alınması mütləqdir, təkcə bazar iştirakçıları arasında deyil, həm də tənzimləyici orqanlar arasında tərəfdaşlıq münasibətlərini nizamlamaq lazımdır. Münasibətlərdə etimad da mühüm məsələlərdəndir. "Kapital bazarının inkişafı nöqteyi-nəzərindən müvafiq strategiya yaradılmalıdır. Bu, iştirakçılar və tənzimləyici orqanlarla birgə işlənilməlidir", - Kusuma düşünür.
Bazarın qiymətli kağızlar bazarı haqqında qanuna uyğun yenidən qurulması da normativ-hüquqi bazarın ciddi şəkildə yenilənməsini tələb edəcək. Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın fikrincə, bu proses 2015-ci ilin sonuna qədər yekunlaşdırılmalıdır. "Həmçinin bazar iştirakçılarını qanunla bağlı yeniliklərdən hərtərəfli şəkildə agah etmək də vacibdir", - deyə o, bildirib.
Lakin QKDK-nın sədr müavini İ. Muradovun sözlərinə görə, zəruri baza artıq hazırdır, amma onun detalları yaxın vaxtlarda təsdiq olunduqdan sonra açıqlanacaq. "Əsasən, biz qiymətli kağızlar bazarının iştirakçıları üçün vergi yükünün optimallaşdırılmasına dair Vergilər Nazirliyi ilə faəl şəkildə əməkdaşlıq edirik", - o, əlavə edib.
Bununla belə, A. Priqojina vurğulayıb ki, bazarda dövlətdən yüksək asılılıq, maliyyə vəsaitlərinə məhdud çıxış, kifayət qədər inkişaf etməmiş maliyyə infrastrukturu, aşağı maliyyə savadlılığı hələ də qalır. Hazırkı iqtisadi şərtlər çərçivəsində Azərbaycanın maliyyə sektorunun diversifikasiyası və kapital bazarının inkişafı zəruridir. "Uzunmüddətli maliyyə xidmətlərinə çıxış üçün kapital bazarı olduqca mühüm rol oynayır. Azərbaycanda isə əksər şirkətlər üçün bu proses hazırda çox da yüksək səviyyədə deyil", - deyə o, bildirib. Onun sözlərinə görə, banklar əsasən qısamüddətli maliyyə vəsaitləri təqdim edirlər və bu vəziyyət kapital bazarının inkişafı üçün, əsasən, əməliyyat xərclərinin azalması, şəffaflığın artırılması və s. hesabına əlverişli platforma yaradır.
Qeyd edək ki, kapital bazarının təkmilləşdirilməsi məqsədilə DB Azərbaycan hökuməti ilə birgə layihə həyata keçirir. "Layihənin dəyəri 16 mln. dollardır. Onun 12 mln. dollarını DB 27 il müddətinə kredit şəklində, 2,4 mln. dollarını isə Azərbaycan hökuməti təqdim edir. Bundan başqa, 1,6 mln. dollar İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) qrant şəklində ayırıb. Praktiki olaraq bütün ayrılmış məbləğ mənimsənilib, çünki layihə artıq bitir. O, 1 iyul 2016-cı il tarixində yekunlaşacaq", - DB-nin eksperti bildirib.
Amma hüquqi yeniliklərin qəbul edilmiş bütün spektrləri belə hazırkı şərtlərdə Azərbaycanın qiymətli kağızlar bazarının sürətli qızğın inkişafına, əlbəttə, zəmanət verə bilməz. Dünya bazarında neftin qiymətindəki enmələrin iqtisadiyyata mənfi təsiri, manatın fevraldakı devalvasiyası və onun ardınca gələn maliyyə sektorunun bütün seqmentlərindəki problemlər, yenicə işə başlayan qiymətli kağızlar bazarından da yan ötə bilməzdi. Bunlarla yanaşı, yeni qanun vasitələri potensial iştirakçıların maraqlarının saxlanılmasına və bazarın həmin statistik məlumatların sabitləşməsinə kömək edə bilər. Bu da cari şərtlərdə artıq kifayət qədər tutarlı amildir.
MƏSLƏHƏT GÖR: