Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Ötən həftə OPEK üzvlərinin təşkilata daxil olmayan neft istehsal edən ölkələrlə keçirdiyi texniki iclas heç bir nəticə verməyib. Bundan əlavə, iclasa dəvət olunan Azərbaycan, Qazaxıstan və Norveç, ümumiyyətlə, Vyanaya getməyi lazım bilməyiblər.
"OPEK-in iclasında müzakirə olunan məsələlər bizim üçün o qədər də mühüm deyil. Biz dəvət olunsaq da, mən bu iclasda iştirak etməməyə qərar verdim", - deyə Azərbaycan energetika naziri Natiq Əliyev deyib.
O, öz mövqeyini Azərbaycanda neftin təkcə dövlət deyil, həmçinin beynəlxalq konsorsium (Britaniyanın "BP" şirkətinin başçılıq etdiyi və "Azəri-Çıraq-Günəşli" blokunu istismar edən AMOK nəzərdə tutulur) tərəfindən hasil olunması ilə izah edib. Buna görə də hasilatın azaldılması üzrə OPEK ilə razılaşdırılmış qərar qəbul etmək o qədər də asan deyil. Digər tərəfdən N. Əliyevin fikrincə, OPEK ölkələri, ilk növbədə də, Səudiyyə Ərəbistanı hasilatın azaldılmasında o qədər də maraqlı deyil.
Hasilatın azalmasının mümkünsüzlüyü barədə, həmçinin Rusiya da əvvəlcədən bəyan edib.
"Mütəmadi olaraq bizə Venesuela, Əlcəzair, Ekvador müraciət edir. Bizim mövqeyimiz dəyişməyib. Hesab edirik ki, hasilatın süni azaldılması heç bir nəticə verməyəcək, əksinə gələcəkdə vəziyyəti daha da gərginləşdirəcək. Bu, yalnız qısamüddətli perspektivdə effekt gətirə bilər", - deyə RF energetika naziri Aleksandr Novak deyib. RF-in neft şirkətləri də bu prosesin texnoloji planda çətinliyini qeyd edərək, hasilatın azalmasının əleyhinədirlər.
"Bizim mürəkkəb yataqlarımız var, onların çoxu aşağıdebitlidir. Quyuları dayandırmaq mümkün deyil, çünki dayanmış quyuları işə salmaq daha çox vəsait tələb edəcək. Bəzən isə quyuları, ümumiyyətlə, yenidən işə salmaq mümkün olmur", - deyə "LUKoyl"un rəhbəri Vahid Ələkbərov hesab edir.
Bundan başqa, bu texniki iclasın keçirilməsinə daha çox Venesuela israr edirdi - öz hasilatı yüksək maya dəyərinə başa gəldikdə, bu ölkə qiymətin ucuz olmasına görə digərlərindən daha çox əziyyət çəkir. Venesuela prezident Nikolas Maduro istər OPEK çərçivəsində, istərsə də onun xaricində - "qara qızıl" qiymətinə nəzarət tədbirlərinin müzakirəsinə dair sammit keçirilməsi üçün, hətta neft hasil edən ölkələrin rəhbərlərinə belə müraciət etməyi lazım bilmişdi.
Maduronun fikrincə, bu sammit texniki koordinasiya komitəsi yaratmağa imkan verərdi. Onun üzvləri bu məhsulun qiyməti və hasilat həcmləri ilə bağlı vəziyyəti tənzimləməyə bilərdi. Bu da neft bazarında spekulyasiyalara son qoyacaqdı. Bu tədbirlər bir barelin 70-80 dollar səviyyəsində olmaqla neftin tarazlıq qiymətinə qayıtmasına imkan yaradacaqdı.
Qiyməti bu səviyyəyə qədər qaldırmağı İran da təklif edir. İİR-in neft naziri Bijan Namdar Zanqanenin fikrincə, OPEK 70-80 dollar qiymətə nail olmaq üçün, hasilatın həcminin mərhələli azalması proqramını tətbiq edə bilərdi. Bu arada İran sanksiyalar üzərindən götürülən kimi hasilatını artırmaq niyyətindədir. "Nefti ixrac etmək üçün bizə heç kimdən icazə almaq lazım deyil və bizim məhsulumuz bazara çıxacaq", - deyə iranlı nazir bildirib və qeyd edib ki, əgər kartel rasional şəkildə hərəkət edərsə, İranın mərhələli şəkildə bazara çıxmasına şərait yaradacaq.
İİR neftin hasilatını üç mərhələdə artırmağı planlaşdırır: əvvəlcə sanksiyaların aradan qaldırılmasından sonra 500 min barel, sonra sutkada 4,2 mln. barelə qədər, yəni sanksiyaların tətbiq edilməsindən öncəki səviyyəyə çatdırmaq. Üçüncü mərhələ hasilatın sutkada 6 mln. barel, yəni daha 2 mln. barel artırılmasını nəzərdə tutacaq.
Hər halda bir çox ekspertlər dekabra təyin olunmuş OPEK-in növbəti iclasında neft hasilatının kvotalarının azaldılmasını gözləmirlər. Bundan əlavə, Səudiyyə Ərəbistanı Avropaya nəql olunan neftə endirimlər tətbiq etməyə başlayıb. Ekspertlərin fikrincə, bu, ilk növbədə, İran məhsulunun ixracının gələcək artımı ilə bağlıdır. Ər-Riyad öz büdcəsinə ziyan bahasına olsa da, Avropada öz payını möhkəmləndirməyə can atır. Fars körfəzi ölkələri arasında büdcə ilə problem təhlükəsi barədə Beynəlxalq Valyuta Fondu (BVF) da xəbərdarlıq edir. Yaxın Şərq və Orta Asiya üzrə BVF-in direktoru Masud Əhməd "Bloomberg"ə müsahibəsində bildirib ki, indiki iqtisadi siyasət sayəsində Səudiyyə Ərəbistanının 5 ildən sonra pulları tükənə bilər. Analoji xəbərdarlıq Oman və Bəhreynə də ünvanlanıb. Küveyt, Qətər və Ərəb Əmirliklərində vəziyyət bir qədər yaxşıdır - orada belə nəticə 20 ildən sonra gözlənilir.
"Əsas odur ki, təkcə Səudiyyə Ərəbistanı deyil, həmçinin regionun digər neftdən asılı olan ölkələri vəziyyəti dərk etsinlər və büdcələrinin strukturunu dəyişsinlər. Onların bir sıra uyğunlaşma yolları vardır: birincisi, büdcənin xərclər hissəsini azaltmaq olar - ya iri kapital layihələri təxirə salmaq, ya da büdcənin sosial hissəsini optimallaşdırmaq. İkincisi, bu da ən məqsədəuyğun variantdır, gəlir hissəsini artırmaq olar. Buna, məsələn, enerji layihələrindən xaric layihələrə vəsait qoyuluşu və ya biznesə tətbiq edilən vergilərin azalması ilə nail olmaq olar", - deyə M. Əhməd hesab edir.
ABŞ Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, 2014-cü ilin ilk yarımilliyində neft qiymətinin orta göstəricisinin 105 dollardan 55 dollara düşməsindən bir il sonra, Səudiyyə Ərəbistanının ixrac gəlirinin 150 mlrd. dollar, Fars körfəzi ölkələrdə, ümumilikdə - 130 mlrd. dollar, Rusiyada 100 mlrd. dollar, Norveç, Venesuela, Kanadada 30 mlrd. dollar azalmasına gətirib çıxardı. Asiya ölkələri 2015-ci ilin ilk yarımilliyində ucuz neft sayəsində 340 mlrd. dollar qənaət ediblər. Konkret olaraq, 120 mlrd. dollar Çin, 110 mlrd. ABŞ, 140 mlrd. dollar Avropa qənaət edib. Bu isə öz növbəsində, enerji resursları istehlak edilən ölkələrdə iqtisadiyyatın artımını sürətləndirir. Eyni zamanda bazar istehsalçılara qiymət artımını vəd etmir.
Dünya Bankı cari və növbəti illər üçün neftin qiymətinə dair proqnozu azaldıb. Bankın məlumatlarına görə, 2015-ci ildə neftin orta qiyməti bir barel üçün 52 dollar təşkil edəcək - əvvəl 57 dollar proqnozlaşdırılırdı. Bununla belə, 2016-cı il üzrə proqnoz daha böyük dəyişikliklərə məruz qalıb - bir barel neft 61 dollardan 51 dollara düşüb. Proqnozun yenidən nəzərdən keçirilməsi dünya iqtisadiyyatının zəifləməsi, yanacaq ehtiyatlarının böyük həcmi və sanksiyaların aradan qaldırılmasından sonra İranın beynəlxalq bazara çıxması ilə bağlıdır.
"BP" şirkətinin MDB ölkələri üzrə baş iqtisadiyyatçısı Vladimir Drebentsovun fikrincə, neftin qiymətinin aşağı düşməsinin əsas amilləri Çin iqtisadiyyatının artım templərinin zəifləməsi və ABŞ-da şist nefti inqilabı ilə bağlıdır. Digər tərəfdən ABŞ son ildə hasilatını sutkada 1,6 mln. barel artırıb. Bu arada 1 mln. bareldən çox hasilat artımı tendensiyası artıq üç ildir davam edir. "Tarixdə hələ belə göstərici olmamışdı", - deyə "BP"nin eksperti qeyd edir. Nəticədə, ötən il dünya üzrə neftin istehlak artımı, əvvəlki 10 il ərzində olduğu kimi 1,3 mln. barel səviyyəsində qalıb. Bu arada hasilat son on il ərzində illik 0,9 mln. bareldən 2014-cü ildə 2,6 mln. barelə qədər artıb.
Etiraf etmək lazımdır ki, neftin qiymətinin azalması ABŞ-da şist neftinin hasilatına gözlənilən təsiri göstərmir.
"Yeni texnologiyaların daimi tətbiqi şist neftinin maya dəyərinin səviyyəsini nəzərəçarpacaq dərəcədə azaltmağa və paralel olaraq quyuların məhsuldarlığını artırmağa imkan verib. Deyək ki, əgər 2007-ci ildə bir buruğunun məhsuldarlığı sutka neft ekvivalentində 50 barel təşkil edirdisə, hazırda bu rəqəm 350 bareldir. ABŞ-ın şist yataqlarında buruqların sayının azalmasına baxmayaraq (2014-cü ildə 1610-dan 2015-ci ildə 614-dək), neftin hasilatının orta səviyyəsi artmağa davam edirdi", - deyə BP-nin iqtisadiyyatçısı qeyd edib.
Məhz buna görə, Drebentsovun dediyinə görə, Səudiyyə Ərəbistanının neft hasilatı üzrə kvotanın azaltmaqdan imtina etməsi - doğru addımdır, çünki birinci azalmadan sonra, digərləri də bu addımı atardılar. Bu arada, dünyada hasilat üzrə ən iri şirkət "Rosneft"in rəhbəri İqor Seçin də hesab edir ki, OPEK artıq neft bazarının tənzimləyicisi rolunu itirib.
Drebenstov isə əmindir ki, ABŞ-da şist resursların işlənməsini tamamilə "öldürmək" o qədər də asan deyil. Texnoloji olaraq şist yataqlarından hasilatı həftə ərzində bərpa etmək mümkündür. Yəni şirkətlər aşağı qiymətlərə görə şist neft quyularını donduraraq, qiyməti artdığı halda, qısa müddət ərzində hasilatını artıra bilərlər. "BP" eksperti hesab edir ki, neft qiymətinin artıb-düşməsi dövrü ən azı hələ bir il də davam edəcək. Bundan başqa, onun fikrincə, Avropada şist neftin inqilabını gözləməyə dəyməz.
"ABŞ-da torpaq sahibi orada olan bütün nemətlərin sahibi sayılır, ona görə şist neftin və ya qazın aşkar edilməsi pul qazanmağın yeni imkanlarıdır. Avropada isə təbii resurslar harada aşkar olunmasından asılı olmayaraq, dövlətə məxsusdur. Torpaq sahibləri də onların ərazisində neft və qazın hasilatı üzrə hər hansı işin aparılmasında maraqlı deyillər", - deyə Drebentsov bildirib.
Digər tərəfdən vergi rejiminin xüsusiyyətlərinə görə Rusiya və İraqda hasilatın azalmasını gözləməyə dəyməz. Hər iki ölkədə şirkətlər qiymətindən asılı olmayaraq, hər satılan bareldən müəyyən edilmiş gəlir əldə edirlər. "Məsələn, Rusiyada neft şirkəti qiymət 100 dollar olanda da, 50 dollar olanda da satışın bir barelinə görə 30 dollar alır. Qalan həcm dövlətə gedir", - deyə Drebentsov qeyd edib.
Qiymətinin dayanıqlı artımı üçün istehlakın kəskin artımı və ya neftin kəskin dayanıqlığının azalması vacibdir. Qiymətin aşağı olduğu indiki dövr iri şirkətləri gələcək layihələrə sərmayələri azaltmağa məcbur edir. Bütün dünyada 250 mlrd. dollar həcmində olan layihələrin icrası təxirə salınıb. Bu azalmadan yaranan resurs çatışmazlığını isə bazar artıq beş ildən sonra hiss edəcək.
Hələlik dünya böyük dəyişikliklə güclənən neft qiymətinin nisbətən aşağı səviyyədə olduğu şəraitdə yaşayacaq. Qısa müddətdə neftin barelinin qiyməti 60 dollara qədər qalxa, həm də 40 dollaradək düşə bilər.
MƏSLƏHƏT GÖR: