24 Noyabr 2024

Bazar, 13:27

AVTOMOBİL BAZARI "ƏYLƏCƏ BASIB"

Azərbaycanda avtomobillərin satışının azalmasına baxmayaraq, sığortaçılar AVSMMİS və KASKO biznesinin sabitləşməsinə olan ümidlərini itirmirlər

Müəllif:

27.10.2015

Avtomobil çoxdan dəbdəbə və artıq hərəkət vasitəsi deyil. Bu, müasir şəhər həyatının ayrılmaz hissəsi, şərtsiz komfort və təəssüf ki, həm də riskdir. Amma hələ ötən ildən avtomobil satışı azalmağa başlayıb və bu ilk növbədə, bankların avtomobil kreditlərinin verilməsi şərtlərini sərtləşdirməsi və Azərbaycanın "Avro-4" ekoloji standartına keçməsi ilə əlaqədardır. Manatın fevraldakı devalvasiyasından sonra avtomobil bazarında tələbat daha da azaldı. Əksər avtodilerlər manatla satışı dayandırdılar və qiymətləri devalvasiyaya uyğun tənzimləməyə başladılar. Bu da dünya bazarında qeyri-sabit vəziyyətin olduğu bir şəraitdə azərbaycanlıların da yeni maşın almaq planlarına təsir göstərdi. Aydındır ki, hər bir kəs, xüsusən də bu cür iqtisadi tərəddüdlər fonunda artıq xərclərdən qorunmağa çalışır. Nəticədə, artıq iyunda təkrar avtomobil bazarında qiymətlər may ayı ilə müqayisədə 30-35% düşüb. Sentyabrda da tendensiya saxlanılıb və əvvəllər 10 min manata satılan avtomobili indi 6-7 minə almaq olar, daha bahalı modellər isə olduqca kəskin ucuzlaşıblar. 

Avtomobil bazarında bu cür vəziyyət son aylarda onun 50% azalmasına gətirib çıxarıb və hazırda satış 3 dəfə düşüb. Potensial alıcılar pula qənaət etmək üçün kiçik və baha olmayan avtomobillər almağa üstünlük verirlər. Bu, əsasən avtomobil kreditinin alınmasındakı mövcud çətinliklərlə bağlıdır. Əgər belə davam edərsə, bəzi avtosalonlar bağlanmalı olacaqlar. Hazırda Azərbaycanda avtomobil bazarında qiymətlər hətta qonşu Gürcüstandan da ucuzdur, amma bu da bazarı oyatmır. 

 

Zərərli tendensiya

Müvafiq olaraq tədricən sığorta xidmətlərinə tələbat da azalır, bu isə sığorta şirkətlərinin sığortahaqlarının həcmlərinə mənfi təsir göstərir. Məlumdur ki, sığorta öz (KASKO) və ya özgə (AVSMMİS) avtomobilin bərpa olunma xərclərini kompensasiya etməyə kömək edir. Bununla bərabər, qeyd etmək lazımdır ki, avtomobillərin könüllü sığortası bazarının artımı birbaşa avtomobil kreditlərindən asılıdır. Belə ki, avtomobili kreditlə götürərkən, vacib şərtlər sırasında KASKO sığorta polisinin də olması tələb edilir. Öz növbəsində avtomobillərin qiymətinin düşməsi avtomobillərin könüllü sığortası bazarına istər pozitiv, istərsə də neqativ təsir göstərə bilər. Əlbəttə, mənfi tendensiyalar üstünlük təşkil edəcək. Çünki qiymətlərin düşməsi, ilk növbədə, sığorta olunmuş avtomobillər üzrə sığortahaqlarının azalmasına gətirib çıxaracaq. Belə ki, onlar avtomobilin dəyəri əsasında hesablanır. Məsələn, əgər əvvəl avtomobil 25 min manat və sığortahaqqı 750 manat təşkil edirdisə, qiymətin 20 min manata düşməsi də sığortahaqqının 600 manata qədər çatmasına gətirib çıxaracaq. Lakin ehtiyat hissələrinin və təmir işlərinin dəyəri isə düşmür, əksinə artır. Ona görə də sığorta halında ödənişlərin məbləği azalmır. Odur ki, ziyan ancaq artacaq. 

İkincisi, qiymətlərin düşməsi sığortanın həcminə təsir göstərməyəcək. Avtomobili nağd alan şəxs ona olduqca nadir hallarda maraq göstərir. Məlum olduğu kimi, KASKO əldə edən şəxslərin əsas axını avtomobil kreditlərinin hesabına yaranmışdı. Hazırda kreditə yeni avtomobil alarkən, ilkin ödənişin həcmi 40%-ə, işlənmiş avtomillərdə isə hətta 60-80%-ə yaxınlaşır. İlkin ödənişin bu həcmi avtomobil kreditlərinə çıxışı azaldır. Bu da öz növbəsində istehlakçı tələbatının azalmasına və bazarda durğunluğa səbəb olur. 

Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı hesab edir ki, KASKO üzrə tariflər kifayət qədər aşağı həddə olduğundan, qiymətlərin düşməsi onların azalmasına təsir göstərməyəcək. "Sığorta şirkətləri indi tariflərin azaldılmasına getməyəcəklər, çünki bu zərəri kəskin artırar. Lakin bəzi şirkətlər böhran vaxtı bazarda fəaliyyətlərini genişləndirmək məqsədilə bu üsula əl ata bilərlər. Hərçənd bu, aksionerlərin ilkin zərəri ödəməyə hazır olacaqları vaxt mümkün ola bilər. Belə olan halda, şirkət risk edə bilər. Amma Azərbaycanın sığorta bazarında hazırda heç kim dempinqə getməyə hazır deyil", - deyə ekspert qeyd edib. 

Qeyd edək ki, avtomobillərin könüllü sığorta bazarı, ümumilikdə, 2014-cü ilin sonuna ölkənin sığorta şirkətləri üçün çox da arzuedilən olmadı. Ötən il sığortanın bu növü üzrə ödənişlər toplanmış sığortahaqlarının 65-70%-ni təşkil edirdisə, 2015-ci ilin yanvar-avqust aylarının nəticəsinə görə bu göstərici 79,5%-ə yüksəlib. X. Məmmədxanlının fikrincə, yaranmış vəziyyətin səbəblərindən biri odur ki, ehtiyat hissələri və təmir qiymətinin yüksəlməsinə baxmayaraq, sığorta mükafatının hesablanması tarifəri faktiki olaraq əvvəlki səviyyədə qalıb. Sığorta şirkətləri artıq o zaman KASKO tariflərini nəzərdən keçirməli idilər. Lakin onlar kəmiyyət yolu ilə getməyə üstünlük verdilər, yəni nə qədər çox sığorta olunan olarsa, bir o qədər də sığorta şirkətləri üçün yaxşı olar. İndi isə başqa vəziyyət yarandı və tariflərin yüksəldilməsinin zəruriliyi göz önündədir... Lakin digər tərəfdən, bu, əhalini avtomobil sığortasından bir az da uzaq sala bilər. Bir sözlə, artıq qeyri-müəyyənlik yaranır. 

 

Vəziyyətdən çıxış

Bəzi sığortaçılar avtomobil sığortasına maraq artırmaq üçün polislərin satışının artıq yeni üsullarına əl atırlar. Əsasən, şirkətlərin birində pilot əsasında ilk dəfə KASKO polislərinin hərrac vasitəsilə satışına başlanıldı. Şirkət marka və modelindən asılı olmayaraq, bazar dəyəri 10 min manat təşkil edən istənilən avtomobil üçün hərraca sığorta çıxarır. Lotun başlanğıc qiyməti avtomobilin dəyərinin 1%-ə bərabərdir, yəni 100 manat təşkil edir. Hərracın minimal həddi 5 manatdır. Daha doğrusu, avtomobili üçün sığorta istəyən hər bir kəs əvvəlki təklifdən ən azı 5 manat yüksək olan qiymət təklif edə bilər. Qalib təklif etdiyi məbləğə avtomobilini 10 min manata sığortalaya bilər. Avtomobilin dəyəri 10 min manatı ötərsə, ona natamam sığorta tətbiq olunacaq. Yəni avtomobil hər halda 10 min manatlıq sığorta alacaq. Növbəti hərraclar dəyəri 15 və 20 min manat olan avtomobillərlə aparılacaq. Dəyəri 10 min manat olan avtomobilin sığortasının adi qiyməti 300 manata bərabərdir. Dövlət Sığorta Nəzarəti Xidməti, öz növbəsində, yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sistemini tətbiq edib. Sığorta şirkətləri artıq oktyabrın 1-dən avtonəqliyyat vasitələrinin bərpa təmirinin dəyərinin hesablanması üçün "Audatex" proqram təminatına giriş əldə ediblər. Azərbaycanda PT xidmətlərini təqdim edən "Solera Azerbaijan" şirkətinin icraçı direktoru Zakir Kərimzadənin qeyd etdiyi kimi, bundan sonra sığorta şirkətləri zərərin qiymətləndirilməsi zamanı avtomobilin istehsalçısına əsaslanacaqlar. "Ehtiyat hissələrinin qiymətinə gəlincə, onlar yerli distribüterlərlə tənzimlənir və dəyişə bilərlər. Biz ehtiyat hissələrinin qiymətlərini öz sistemimizdə qeyd edəcəyik və sığorta şirkətləri onlara əsaslanacaqlar. Bu, müxtəlif servis mərkəzlərində eyni model maşınların ehtiyat hissələrinin qiymətlərini vahid şəklə salmağa imkan verəcək", - deyə o, bildirib. 

Bazarda cari vəziyyət - Azərbaycanda avtomobillərin reallaşma potensialını nəzərə alaraq, bunun müvəqqəti hal olduğunu demək olar. Belə ki, hazırda Azərbaycanda 1,3 mln. avtomobil var. Hər 8 nəfərə 1 avtomobil düşür. Halbuki inkişaf etməkdə olan ölkələrdə 1 avtomobil 4 nəfərə düşür, inkişaf etmişlərdə isə 3 və hətta 2 sakinə düşür. 

Bundan başqa, daha ucuz məhsula olan müvafiq tələbatı bazarın müasir tələblərinə cavab verən avtomobillərin yerli istehsalının təşkili imkan verəcək. Uyğun olaraq öz istehsalımız olan avtomobillərin ehtiyat hissələrini əldə etmək daha asan, təmiri isə daha ucuz olar.


MƏSLƏHƏT GÖR:

505