24 Noyabr 2024

Bazar, 12:53

MAKSİMUM SADƏLƏŞDİRİLMİŞ

Tikinti sektoru üçün vergi rejiminin dəyişdirilməsi mənzil bazarındakı durğunluq dövründə bina tikənləri dəstəkləmək məqsədi güdür

Müəllif:

27.10.2015

Bu il Azərbaycanda əsaslı tikintinin azalma tendensiyası meydana çıxdı. Bu, əsasən, korporativ seqmentə yatırımlar həcminin məhdudlaşması və paytaxtın mənzil bazarında tələbatın azalması ilə bağlıdır. Belə ki, cari ilin ikinci yarısında Bakıda tikilən 80 binanın, təxminən, üçdə birində tikinti işləri qismən və ya tam dayandırılıb. Bununla bərabər, vergi yükünün asanlaşdırılması yolu ilə tikinti sektorunun dəstəklənməsinə dair bu yaxınlarda görülən tədbirlər bazarı xeyli canlandıra bilər. Ötən həftə Bakıda keçirilən "BakuBuild 2015" beynəlxalq sərgidə şirkətlərin fəallığı, bu sahədə artım tendensiyasının tezliklə bərpa olunacağı ilə bağlı bazar iştirakçılarının ümidlərini itirmədikləri üzə çıxdı. AR Dövlət Statistika Komitəsinin hesabatında deyildiyi kimi, bu ilin yanvar-sentyabr aylarında, təxminən, 1,33 mln. kvadratmetr mənzil sahəsi istismara verilib. Bu isə 2014-cü ilin analoji dövrünün göstəricisi ilə 9% azdır. Oxşar neqativ hallar tikinti bazarının digər seqmentlərində də müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, tikinti sektorunda fəaliyyət göstərən şirkətlər ötən dövrdə xərclərini 1,146 mlrd. manatdan 800 mln. manatadək və ya ildə 39% azaldıblar. Bununla belə, ölkənin tikinti sektoru hələ də investisiya fazasında qalır: onun xərcləri əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, artan gəlirlərini 2,5 dəfə üstələyir.

2008-ci ilin qlobal sarsıntılarının göstərdiyi kimi, yerli tikinti bazarı böhrandan əvvəlki artım tempini ancaq 2-2,5 ildən sonra bərpa edə bildi. Həm də o vaxt neftin qiyməti indikindən xeyli yüksək idi. Altı il əvvəl yerli tikinti, layihə və podratçı şirkətlər xüsusən regionların inkişaf proqramı çərçivəsində əsasən infrastruktur və sosial obyektlərin tikintisinin sifarişlərini təmin edən dövlətin dəstəyi sayəsində dayana bildilər.

Bu trend qismən indi də müşahidə edilir. Belə ki, cari ilin doqquz ayı ərzində, dövlət maliyyələşməsinin yüksək səviyyədə qorunması hesabına, istifadəyə verilən poliklinika və ambulator müəssisələrin həcmi 126,8%, məktəbəqədər müəssisələrin isə - 194,8%-ə qədər artıb. Xidmət sektorunda fərdi tikinti obyektlərinin də sayı 103,7% artıb, bu isə kiçik və orta biznes seqmentində hələ də qalan tələbatdan xəbər verir. Azərbaycanda istehsal təyinatlı obyektlərin tikinti həcminin müsbət istiqamətdə saxlanılmasına nail olunması olduqca fərəhlidir - hesabat dövründə burada artım göstəricisi 100,4% təşkil edib. 

Dövlət dəstəyi tikinti şirkətlərinə başqa hansı formada təqdim oluna bilər? Vergi Məcəlləsinə edilən bu yaxınlardakı dəyişikliklərə görə, bu cür dəstək fiskal güzəştlər hesabına göstəriləcək. 2016-cı il 1 yanvar tarixində qüvvəyə minəcək Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən, bina tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər ancaq sadələşdirilmiş vergi ödəyəcəklər. Son vaxtlara qədər, qüvvədə olan qanunvericiliyə əsasən tikilən binalara görə sadələşdirilmiş vergi, istifadəyə verilən yaşayış sahələrinə görə isə əlavə dəyər vergisi, mənfəət vergisi və əmlak vergisi alınırdı. Bu ödənişlər, tikinti işlərinin bitməsi və ya yeni binada satılmış mənzillərin sayından asılı olmayaraq, icbari xarakter daşıyırdı. 

Layihəyə əsasən, bina tikintisi ilə məşğul olan şəxslər vergi tətbiq edilən obyektlərin hər kvadratmetri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergi ödəyəcəklər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını istifadə etmədikləri halda, onlar üçün başqa bir alternativ təqdim olunur. Belə ki, təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq, əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Onlar ƏDV ödəyiciləri qismində qeydiyyata alına bilərlər və bu halda VM yaşayış binasının tikintisi yekunlaşdıqdan sonra vergiləri ödəməyə imkan verir, yəni mənzilin, binanın, qeyri-yaşayış obyektinin satışından sonra vergini ödəməyə şərait yaradılır. Lakin əlavə dəyər vergisindən savayı, maliyyə nəticələrindən asılı olaraq vergi ilinin yekunlarına görə mənfəət vergisi, habelə əmlak və torpaq vergisi ödənilməsi tələb olunur.

Tikinti sektorunun dəstəklənməsi məqsədilə əlavə tədbirlər qismində hökumət gələn ildən ipoteka kreditləşməsinin həcmini ciddi şəkildə artırmağı, habelə paytaxt və ölkənin regionlarında köhnə və qəzalı evlərin sökülməsini reallaşdırmağı planlaşdırır. Bütün bu tədbirlər fiskal güzəştlərlə birlikdə tikinti şirkətlərinin investisiya marağının dəstəklənməsi üçün mühüm stimula çevrilə və bazarın canlanmasına səbəb ola bilər. 

Maraqlıdır ki, Azərbaycanda tikinti sektorunda davam edən azalma şərtlərində inşaat materiallarının istehsalının dayanıqlı artımı müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında 348,8 mln. manat məbləğində tikinti materialları istehsal olunub. Bu isə ötən ilin analoji göstəricisindən 12,2% çoxdur. Bu artım əsasən daxili tələbatla, ilk öncə fərdi tikinti və mənzillərin və ofis məkanlarının təmiri seqmenti ilə bağlıdır. Digər tərəfdən tikinti materiallarının istehsalçıları manatın devalvasiyasından sonra xeyli ucuzlaşan və xarici bazarda daha rəqabətqabiliyyətli olan məhsulun ixracını genişləndirirlər. Bu amil isə daha münasib qiymətə olan yerli malın idxal olunan məhsulunun sıxışdırılmasına səbəb olur. 

Bu trendlər yaxın günlərdə "Baku Expo Centre" sərgi mərkəzində açılan "Baku Build 2015" beynəlxalq sərgisində əyani şəkildə izlənilib. "Iteca Caspian" şirkətinin təşkil etdiyi tikinti forumunun iştirakçıları, yerli quru inşaat qarışıqları və suvaq materialları istehsalçıları artıq birinci il deyil ki, məhsullarını Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Rusiya, habelə İran və Türkiyəyə ixrac edirlər. Nisbətən bu yaxınlarda ölkə liftlərin, izolyasiya və polimer materiallarının, gips, kartonun ixracına başlanıb.

Yaranmış şərtlərdə isə bir çox əcnəbi inşaat materialları tədarükçüləri distribüter kanallarını genişləndirərək və tədarüklərin logistik zəncirini dəyişərək, tədricən bizim bazardan istifadə taktikasını dəyişirlər. Vaxt keçdikdə isə əcnəbi şirkətlərin bir hissəsi inşaat materiallarının birbaşa Azərbaycanda istehsalının lokallaşdırılmasına dair qərar qəbul edə bilərlər. 

Bu cür imkanlardan xarici şirkətlərin tikinti bazarına olan görünməmiş artan maraqları xəbər verir. Ümumilikdə, bütün tematik istiqamətlər üzrə "Baku Build 2015"də 30 dövlətdən 535 şirkət iştirak edib. Bununla bərabər, onların, təxminən, 40%-i öz məhsullarını "Baku Expo Centre"də ilk dəfə nümayiş etdirirdilər. Təxminən, 10% böyümüş bu miqyaslı ekspozisiyada inşaat kompleksinin aparıcı Azərbaycan şirkətləri də iştirak ediblər, onlar forumun bütün iştirakçılarının 49%-i təşkil ediblər. Lakin tədbirdə daha çox fəallığı məhz xarici şirkətlər göstərirdilər. Belə ki, "Baku Build"də ilk dəfə olaraq - Fransa geniş şirkətlər qrupu - inşaat materialları istehsalçıları ilə təmsil olunurdu. Kollektiv milli ekspozisiyalarını təşkil etmiş debütantlar qismində Çexiya R/espublikası, o cümlədən 15 şirkətlə təmsil olunan Hindistan çıxış edirdi. Lakin iştirakçıların daha çox sayı - inşaat materiallarının, təxminən, 80 istehsalçı və distribüterləri - İtaliyanın milli stendində təqdim olunmuşdu. "İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bundan əlavə, bizim ölkəmiz qeyri-neft sektorunda, xüsusən tikinti və inşaat materiallarının istehsalı seqmentində birgə əməkdaşlığa böyük önəm verir", - sərginin açılışında iştirak edən İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo bildirib. - Bu sahədə ölkəmizin əməkdaşlığa maraqlı olduğunun əyani sübutu kimi bu il "BakuBuild"in işində iştirak edən italyan şirkətlərinin sayının ötən illə müqayisədə üç dəfə artdığını göstərmək olar". 

Bir sözlə, təkcə yerli deyil, əcnəbi tikinti şirkətləri də Azərbaycanın gələcək tikinti sektoru ilə bağlı son dərəcə nikbin fikirlərə kökləniblər. Yeni vergi güzəştləri isə bazarın canlanması üçün əlavə təkan ola bilər.



MƏSLƏHƏT GÖR:

505