Müəllif: Nurlanə QULİYEVA Bakı
2016-cı ilin dövlət büdcəsilə bağlı Milli Məclisin ötən həftəki iclasında təsdiqlənmiş qanunlar paketini son illərin ən yaddaqalan sənədi adlandırmaq olar. Burada məsələ heç də gələcək ilin dövlət büdcəsi göstəricilərinin reallığa uyğun dəyişdirilməsində deyil. Məsələ onunla paralel qəbul edilmiş sənədlərdədir. Söhbət Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən və Prezident İlham Əliyevin sahibkarların fəaliyyətinin yoxlanılmasını 2 il müddətinə qadağa qoyulması ilə bağlı qanunvericilik təşəbbüsündən gedir. Bu sənədin hər ikisi regionun iqtisadiyyatında böhranın yaşandığı bir vaxtda yerli özəl sektorun dəstəklənməsinə yönəlib. Onlar dövlət xərclərində qeyri-neft iqtisadiyyatının payının artırılmasına yönəlmiş müsbət dəyişikliklər üçün kifayət qədər güclü katalizator olmalıdır.
Büdcə paketi
Büdcədən başlayaq. Parlament müzakirələri zamanı neftin barelinin orta qiymətinin 50 dollardan götürüldüyü dövlət büdcəsinin əsas parametrlərində hər hansı ciddi dəyişikliklər olmadı. Müvafiq olaraq, gəlirlər 14 milyard 566 milyon manat (2015-ci ilin proqnoz göstəricilərilə müqayisədə 25,1% az), xərclər isə 16 milyard 264 milyon manat (22,9% az) müəyyənləşdirilib. 1 milyard 698 milyon manatlıq kəsir ÜDM-in 2,9%-nə bərabərdir.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı problemlərin həlli ilə əlaqədar 2016-cı il icmal büdcəsində həmin məqsəd üçün nəzərdə tutulmuş vəsait 50% artırılaraq 150 milyon manata çatdırılacaq. Qeyd olunan artımın Dövlət Neft Fondunun büdcə xərclərinin müvafiq olaraq 50 milyon manat artırılması hesabına həyata keçiriləcək. Nəticədə, icmal büdcənin xərclərinin yuxarı həddinin 19 milyard 956 milyon manat, Dövlət Neft Fondunun gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9 milyard 948 milyon manat təşkil edəcək.
Dövlət büdcəsinin özünə gəlincə, dövlət gəlirlərinin əsas hissəsi (6,6 milyard manat) Vergilər Nazirliyi, 1,6 milyard manatı Dövlət Gömrük Komitəsi, 6 milyard manatı Dövlət Neft Fondundan köçürmələr şəklində daxil olacaq.
Xərclərə gəlincə, əvvəlki illərdə olduğu kimi, onlar, əsasən, sosial yönümlü olacaq. Xərclərin 1,1 milyard manatı transfer şəklində Dövlət Sosial Müdafiə Fondu (DSMF) büdcəsinin gəlir hissəsinə köçürüləcək. Bu da büdcə paketi çərçivəsində təsdiqlənib. DSMF-nin gəlirləri və xərcləri 3 milyard 78,6 milyon manat təşkil edəcək. Bu, 2015-ci illə müqayisədə 0,7% çoxdur.
Milli Məclis "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsini də təsdiqləyib. Sənədə əsasən, o, 136 manat təşkil edəcək.
Qeyd etmək lazımdır ki, parlament müzakirələri zamanı hökumət xərclərdə əsas ixtisarların təcili olmayan infrastruktur layihələrilə bağlı olacağını bildirib. Bu, adi vətəndaşların rifahına təsir göstərməyəcək.
İnqilabi qərar
Bununla yanaşı, qarşıdakı illərdə büdcənin doldurulması əsasən özəl sektorun hesabına həyata keçiriləcək. Biznesin inkişafı üçün şəraitin yaradılması hökumətin əsas postulatıdır. Prezident İlham Əliyev də ilin 9 ayının sosil-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı kifayət qədər sərt çıxışında dövlət orqanlarının özəl sektorun işinə müdaxiləsilə bağlı acınacaqlı vəziyyətdən danışıb. O, hökumətdən bu problemin ən qısa zamanda qəti şəkildə həll olunmasını tələb edib. Bir müddət sonra dövlət başçısı özü qanunverici təşəbbüslə çıxış edərək 2015-ci il noyabrın 1-dən sahibkarların fəaliyyətilə bağlı praktiki olaraq bütün yoxlamaların 2 il müddətinə dayandırılması qərarına gəlib. Burada yalnız vergi yoxlamaları, əhalinin həyatına və sağlamlığına, həmçinin ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhdid sayıla biləcək hallarla bağlı yoxlamalar istisnadır. Bundan başqa, qanun Baş Prokurorluq tərəfindən korrupsiya ilə mübarizə sahəsində aparılan yoxlamalara da şamil olunmur.
Bu qanunun parlamentdə təsdiqi prezidentin Azərbaycanda sahibkarlıq fəaliyyətilə bağlı daha bir sərəncam imzalaması ilə, demək olar ki, eyni vaxta təsadüf edib. Dövlət başçısının qərarına əsasən, ölkədə dövlət təhlükəsizliyilə bağlı məsələlər istisna olmaqla, bütün sahibkarlıq növlərinə görə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən veriləcək. Prezident bu nazirliyə, ümumiyyətlə, lisenziyalaşma tələb edən sahibkarlıq növlərinin minimuma endirilməsini, lisenziyaların verilməsi işinin "ASAN Xidmət" mərkəzlərinə həvalə edilməsini tapşırıb.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu qanunu "inqilabi qərar" adlandırıb. Onun sözlərinə görə, yeni qanun biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq fəaliyyəti üçün daha əlverişli şəraitin yaranmasına yol açacaq. Nazir deyib ki, bundan sonra sahibkarların işində qanunsuz yoxlamalar aparanlara qarşı dərhal müvafiq tədbirlər görüləcək: "Mən bir daha sahibkarlara müraciət edirəm. Belə vəziyyətlə üzləşsəniz, mütləq İqtisadiyyat və Sənaye Nazirliyinin qaynar xəttinə xəbər verin".
Aydındır ki, bu qanun, əsasən, kiçik və orta sahibkarlıq fəaliyyətilə məşğul olanların işinə yarayacaq. Və unutmaq olmaz ki, bazar iqtisadiyyatı şəraitində ölkədə ÜDM-in formalaşmasında bünövrə rolunu məhz onlar oynayır. Bəli, ÜDM-də qeyri-neft sektorunun payı getdikcə artır və proqnozlara görə, gələn il bu, 71%-ə çatacaq. Lakin dövlət xərclərinin formalaşmasında bu sektorun rolu çox azdır. İndi dövlət strukturlarının sahibkarlara yaratdıqları süni problemlərin aradan qaldırılması biznesmenlərin fəaliyyətlərini genişləndirməyə ruhlandıra, yeni müəssisələr açmağa həvəsləndirə bilər. Prezident İlham Əliyevin son qərarı məhz bu işə ciddi təkan olub və sahibkarların yolunda "yaşıl işıq" yandırıb. Bundan sonra biznesdən bir şey tələb olunur - təmiz işləmək və vergiləri, sosial tutmaları vaxtında ödəmək.
Vergi Məcəlləsi
Gələn il vergi sahəsində də kifayət qədər ciddi dəyişikliklər olacaq. Məqsəd sahibkarların vergidən yayınması hallarının maksimal dərəcədə azaldılması, bununla yanaşı, vergilərin ödənilməsi mexanizmlərinin sadələşdirilməsidir. Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər də büdcə paketi çərçivəsində təsdiqlənib. Halbuki əvvəlki illərdə bu iş ayrı görülür və yaya yaxın baş verirdi. Bu dəfə sahibkarlıq fəaliyyətinə birbaşa aidiyyəti olan son dərəcə vacib qanunvericilik aktlarının paralel şəkildə qəbulunu ciddi islahatların başlanğıcı saymaq olar.
Beləliklə, Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda ticarətlə, ictimai iaşə fəaliyyətilə məşğul olan sahibkarlar dövriyyə həcmindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyicisinə çevriləcəklər (hazırda belə vergi 12 ay ərzində dövriyyəsi 120 min manatı aşmayan sahibkarlara tətbiq edilir). Bununla yanaşı, ticarət fəaliyyətilə məşğul olan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsi dövriyyənin 6%-i həddində müəyyənləşdirilib. İctimai iaşə fəaliyyətilə məşğul olanlar üçün isə bu, 8%-dir.
Vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, bu dəyişikliklər sahibkarların dövriyyəsində şəffaflığın artmasına, vergiqoyma bazasının genişləndirilməsinə, dövlət büdcəsinə daxilolmaların artmasına imkan verəcək.
Bununla yanaşı, sahibkarların ticarət və ictimai iaşə sahəsində nağd pul köçürmələri qaydalarını pozmalarına görə cərimələr 5 dəfə artırılıb. Söhbət xüsusilə qəbzsiz mal satışından və ya xidmət göstərilməsindən gedir.
Dəyişikliklər idman mərc oyunlarında əldə edilən uduşlara 10%-lik verginin tətbiqini də nəzərdə tutur. Nazirin sözlərinə görə, bu sahədə illik dövriyyə 300 milyon manata çatır və bu səbəbdən də, sözügedən dəyişiklik təbiidir.
Bundan başqa, Azərbaycanda mənzil tikintisilə məşğul olan hüquqi və fiziki şəxslər yalnız sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ qazanıb.
Daha bir dəyişiklik gəlir vergisilə bağlı güzəştlərin əhatə dairəsinin genişləndirilməsidir. İndi o, yalnız sahibkarlara yox, həm də ölkədə işləyən və əməkhaqqı alan hər kəsə şamil ediləcək. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu, Azərbaycanda 500 mindən artıq insanın aylıq gəlirinin orta hesabla 3-9% artmasına imkan verəcək. Nazir bunu belə izah edib: İndiyədək maaşı 250 manatadək olanların gəlir vergisi yaşayış minimumu təşkil edən məbləğ (140 manat) çıxılandan sonra hesablanırdı. Əməkhaqqı 250 manatdan yuxarı olurdusa, gəlir vergisi bütünlükdə məbləğə tətbiq edilirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, gələn ildən 2500 manatadək əməkhaqqıdan 14%-lik gəlir vergisi yaşayış minimumu üçün məbləğ çıxıldıqdan sonra hesablanacaq.
Əməkhaqqısı 2500 manatdan yüksək olan işçilər üçün heç bir dəyişiklik nəzərdə tutulmayıb - onlar yenə də 350 manat (2500 manatın 14%-i) + 2500 manatdan yuxarı olan məbləğin 25%-ni vergi ödəyəcəklər.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə 2016-cı il yanvarın 1-dən minəcək. Onlar Vergilər Nazirliyinin səlahiyyətlərinin artmasını da nəzərdə tutur. Yeni məcəlləyə görə, nazirliyin vergi borcu olan şəxslərin ölkədən kənara buraxılmaması üçün məhkəməyə müraciət etmək hüququ olacaq. Bu, xüsusilə şirkət rəhbərlərinə aiddir.
Beləliklə, vergi qanunvericiliyinin təkmilləşdirilməsilə yanaşı, ona əməl edilməsinə nəzarətin sərtləşdirilməsi dövlət büdcəsinə köçürmələrin artımında ciddi irəliləyişə nail olunması üçün əlverişli zəmin yaradacaq.
Bu yerdə yuxarıda sadalananlarla sıx bağlı olan daha bir qanunvericilik sensasiyasını da qeyd etmək yerinə düşərdi. Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev gömrük prosedurunun sadələşdirilməsini nəzərdə tutan vacib fərman imzalayıb. Bundan sonra istənilən fiziki şəxs gömrük rüsumu ödəmədən ölkəyə istehsalat və kommersiya məqsədi daşımayan, ümumi dəyəri 10 min dollaradək olan mal gətirə biləcək. Bununla yanaşı, onu müşayiət edən və 18 yaşına çatmamış hər bir şəxsə əlavə 2 min dollarlıq malı ölkəyə keçirmək icazəsi verilir. Burada aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna təşkil edir. Bu qərarın qəbulunda məqsəd həm də vətəndaşların bürokratik prosedurlardan qurtulması, yoxlamaların sayının azaldılmasıdır. Bu, əlbəttə ki, öz növbəsində insanların rifahının yüksəlməsinə xidmət edəcək. Bundan başqa, sərhədin keçilməsi prosedurunun sadələşdirilməsi buraxılış məntəqəsində növbələrin aradan qalxmasına, qanunsuz mal daşıması hallarının qarşısının alınmasına da kömək edəcək.
Beləliklə, dövlət ölkədə sahibkarlığın inkişafında iştirakını bir qədər də artırır. İnqilabi qərarların qəbulu və onlara əməl edilməsi üçün qəti siyasi iradənin olması kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir göstərməyə bilməz. Necə deyərlər, hər işdə bir xeyir var - dövlət büdcəsinin formalaşdırılmasında neft gəlirlərinin azalması iqtisadiyyatda yeni inkişaf mərhələsinə keçidi stimullaşdırır və onun şaxələndirilməsi prosesini sürətləndirir. Bu isə kənar amillərdən asılı olmayaraq, uzunmüddətli sabitliyin əldə edilməsi deməkdir.
MƏSLƏHƏT GÖR: