14 Mart 2025

Cümə, 02:58

Aİ-nin LOKOMOTİVİ XARAB OLUR

Merkel və silahdaşlarının daxili və xarici resursları təhlükələrin öhdəsindən gəlməyə kifayət edəcəkmi?

Müəllif:

27.10.2015

Almaniyanı tez-tez Aİ-nin lokomotivi adlandırırlar. Lakin o, eyni zamanda, ittifaqın siyasi və təşkilati strukturlarının birləşdirici elementi, əsas ümumavropa dəyərlərinin nümunəvi daşıyıcısı sayılır. Beynəlxalq arenada birləşmiş "Köhnə Qitə"nın lideri kimi, əksər hallarda brüsselli məmurlar deyil, məhz Almaniya kansleri Angela Merkel qəbul edilir. Qərbi Avropanın Böyük Britaniya və ya Fransa kimi digər "nəhəng"ləri isə ya özlərini Aİ-də hamıdan kənarda - əlahiddə dayanmağa üstünlük verir, ya da böyük ümumavropa iddiaları ilə çıxış etmirlər. Odur ki, İkinci Dünya müharibəsindən sonrakı dövrün ən miqyaslı miqrasiya böhranının çözülməsi ilə bağlı həlledici sözü məhz Almaniyadan gözləyirlər. ABŞ ilə Ticarət və İnvestisiyalar sahəsində tərəfdaşlıq haqqında Trans-Atlantik Sazişə (TTIP) dair danışıqlarda da Aİ-nin maraqlarını, əsasən, Almaniya müdafiə edir.

Lakin son zamanlar Berlin daha çox liderlik ideyaları ilə bağlı deyil, miqyaslı etiraz aksiyaları və beynəlxalq qalmaqallarla gündəmə gəlir. Hər zaman əhalinin daha çox müdafiə olunan, daha sabit təbəqəsi sayılan orta sinif, ənənəvi bürgerlər səslərini ucaltmağa başlayıblar. Bu gün onlar özlərini əvvəlkitək müdafiə olunan saymırlar. Bu səbəbdən, həmin təbəqə TTIP-nin mümkün nəticələrindən narahatlığını ifadə edir, eyni zamanda on minlərlə miqrantın ölkəyə axışmasına etirazını bildirir. Bunun fonunda Merkelin reytinqinin sürətlə azalması heç də təəccüblü deyil. Forsa və INSA ictimai rəyin öyrənilməsi mərkəzlərinin məlumatına görə, kanslerin Xristian-Demokrat İttifaqı (XDİ) partiyasının reytinqi 2013-cü ildə keçirilmiş son seçkidən sonra minimum həddə düşüb. Daha bir sorğu göstərir ki, almanların yalnız 34%-i Merkeli Nobel mükafatına layiq sayır. 61% bunun əksini düşünür.

Solçular arasında Merkeldən narazı olanlar 80%, "Yaşıllar" arasında 77%, sosial-demokratlar arasında isə 63% təşkil edir. Ölkəsini və bütünlükdə Aİ-ni vacib, bəlkə də həyati əhəmiyyətli mərhələdən keçirməli olan kansler daha çox tənqid olunmaqdadır. Bəs Merkel və silahdaşlarının daxili və xarici resursları təhlükələrin öhdəsindən gəlməyə kifayət edəcəkmi?

"Dizelgeyt" şantaj "rıçaqı" kimi Almaniyanın hər tərəfindən olan on minlərlə insan oktyabrın 10-da Berlin küçələrinə axışaraq, ABŞ ilə Aİ arasında 2016-cı ildə imzalanması nəzərdə tutulan TTIP-yə etirazlarını bildiriblər. Qeyd edək ki, bu sənəd dünyanın ən böyük azad zonalarından birinin əsasını qoymalıdır. O, özündə 850 milyon istehlakçını birləşdirməlidir. Angela Merkel hökuməti, Bundestaqdakı XDİ/XSİ fraksiyası, yerli nəhəng şirkətlərin rəhbərləri əmindirlər ki, bu saziş Almaniyaya böyük qazanclar gətirəcək - bürokratik əngəlləri aradan qaldıracaq, bir çox vergiləri ləğv edəcək, milyonlarla yeni iş yerinin açılmasına imkan verəcək, investisiya axınını təmin edəcək, istehlak qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Merkel ABŞ ilə Almaniyanın vacib satış bazarları olduğunu durmadan təkrarlayır. Lakin razılaşmanın əleyhdarları ondan əsas qazancı ABŞ konsernlərinin əldə edəcəyini düşünürlər - onlar birdən-birə 450 milyon avropalı istehlakçının qarşısına çıxacaqlar. Bu, bir çox üstünlükləri olan razılaşmadır, lakin... ona rəhbərliyi ABŞ edəcək. Almaniyanın Həmkarlar İttifaqları Konfederasiyası (DGB) ekologiya və yerli tənzimləmə üçün yaranacaq risklərdən danışır, istehlak mədəniyyətində, qastronomiyada ənənəvi sərhədlərin silinəcəyini bildirir. DGB-də hesab edirlər ki, bu razılaşma ABŞ-a Aİ-nin pul-kredit siyasətinə təsir etmək imkanı qazandıracaq. Təşkilatı ən çox narahat edən isə sazişin qüvvəyə minəcəyi təqdirdə, ekologiya və ərzaq məhsulları sahəsində standartların aşağı düşməsi riskidir - bu halda bazarda xlorlanmış toyuq əti, transpiylər və genetik modifikasiya olunmuş məhsullar peyda olacaq.

Adi insanları narahat edən isə Aİ ilə ABŞ arasında məsələyə dair danışıqların qapalı rejimdə aparılmasıdır. Bundan xüsusi əsəb keçirən orta və kiçik biznes nümayəndələridir - onlar ABŞ-da işçi qüvvəsinin və digər xərclərin ucuz olduğunu bilirlər. TTIP-nin əleyhinə stop-ttip.org saytında yerləşdirilmiş ərizə artıq 3 milyon 264 min səs toplayıb. Onların arasında Almaniya vətəndaşları heç də az deyil - səs verənlərin, təxminən, yarısı.

Merkel isə bürger və fermerlərin etirazlarından daha çox "Volkswagen" avtokonserninin problemlərindən əndişə keçirir. ABŞ-da bu avtomobil nəhənginə qarşı araşdırmaya başlanılıb. Səbəb Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) və Kaliforniya Hava Resursları Şurasının (CARB) konsernə qarşı irəli sürdükləri ittihamlardır. İttihama görə, "Volkswagen" dizel ilə işləyən avtomobillərdə xüsusi proqram təminatı quraşdırıb və bu, maşınların ətraf mühitə buraxdığı zərərli maddələrin miqdarını olduğundan az göstərir. Konsern son dərəcə nəhəng cərimə və iddia ödəmələri riski ilə qarşı-qarşıyadır. Bununla yanaşı, konsernin problemi yalnız maddi itkilərlə bitməyə də bilər. Artıq şirkətin imici korlanıb və bu, ABŞ ilə TTIP-yə dair danışıqlarda avropalıların nüfuzuna zərbədir. Bunu ticarət üzrə avrokomissar Sesiliya Malmstrem də açıq şəkildə dilə gətirib. Hər halda, indi amerikalılar "dizelgeyt" üzündən Avropanın ekologiya sahəsindəki tərifli standartlarının o qədər də mükəmməl olmadığını bəyan edə bilərlər. Beləliklə, əsas zərbə Almaniyaya dəyir və bu, ölkənin küçələrinə axışan narazılarla müqayisədə Merkeli daha çox narahat edir. Baxmayaraq ki, artıq nümayişçilər kanslerin şəklini platformanın qarşısına elə vururlar ki, sanki o, üzərində "Demokratiya" yazılmış binanın zirzəmisindəki bombanın fitilini yandırmağa hazırlaşır. 

 

"Ehtiyatda saxlanılan" dar ağacı

Amma bu mitinqdə kanslerin bəxti daha çox gətirib. Oktyabrın 12-də Drezdendə Almaniyaya miqrant axınına etiraz olaraq təşkil olunmuş çoxminlik nümayişin fəalları Angela Merkel və Ziqmar Qabriel (vitse-kansler) üçün "ehtiyatda saxlanılan" əldəqayırma dar ağacı qaldırıblar. Nümayişçilər səsləndirdikləri şüarlarda kansleri istefaya çağırıb, bütün miqrantların dərhal ölkədən çıxarılmasını tələb edib. Aksiyanı PEGIDA ("Qərbin islamlaşdırılmasına qarşı vətənpərvər avropalılar") hərəkatı təşkil edib. Qeyd edək ki, bu hərəkatın əsası 2014-cü ilin sonunda Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasında törədilmiş terror aktından sonra qoyulub. PEGIDA-nı dəstəkləyənlər Avropada müsəlman qaçqınların sayının artmasına etiraz edir, immiqrasiya ilə bağlı qanunların sərtləşdirilməli olduğunu düşünürlər. Onu da qeyd edək ki, PEGIDA ilə Merkelin bir-birlərinə antipatiyaları  qarşılıqlıdır. Merkel təşkilatı təhlükə sayır, hərəkat üzvləri isə kansleri Almaniyanı "cəngəllik"ə çevirməkdə təqsirləndirir. Təşkilatın liderlərindən olan Tatyana Festarlinq isə Merkeli ümumiyyətlə, "Avropanın ən təhlükəli qadını" adlandırıb. Festerlinqin belə düşünməsinə səbəb müxtəlif qiymətləndirmələrə görə, bu il Almaniyaya 1,5 milyonadək qaçqının üz tutmasıdır. Üstəlik, bu, sadəcə rəsmi rəqəmlərdir. Merkel isə əmindir ki, Almaniya müharibələrdən qaçan bütün insanlara kömək edə bilər. Bir çox federal torpağın hökuməti yeni qaçqınların qəbulu və yerləşdirilməsi üçün resurslara malik olmadıqlarını çoxdan bəyan etsələr belə, Merkel fikrində qətidir. Lakin bu məsələdə kansler partiyadaşları tərəfindən də tənqid olunur. XDİ-nin dairə şöbələrinin rəhbərləri, burqomistrlər və landtaq deputatları kanslerə ünvanladıqları məktubda "açıq qapı siyasəti"nin nə Avropa, nə də Almaniya hüququna uyğun gəldiyini bildiriblər. "Əksər partiyadaşlarımız və seçicilərimiz XDİ-nin federal hökumətdə yürütdüyü miqrasiya siyasəti üzündən artıq özünü bu prosesin iştirakçısı kimi görmür", - deyə məktubda bildirilir.

Bavariyanın baş naziri və hakim koalisiyanın üzvü olan Xristian-Sosialistlər İttifaqı Partiyasının rəhbəri Horst Zeehofer isə Münhendə hüquqlarının pozulması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə hazır olduqlarını bəyan edib.

Bu cür çaxnaşmalar, əlbəttə ki, ölkənin daxili-siyasi həyatında dəyişiklikləri labüd edir. Odur ki, artıq ölkənin ənənəvi partiya sisteminin (XDİ, sosial-demokratlar, "yaşıllar") dəyişdirilməsi ilə bağlı fikirlər daha tez-tez eşidilməkdədir - indi ölkədə heç də tolerant olmayan mövqe nümayiş etdirən yeni siyasi qüvvələr peyda olur. Bütün bunlar Almaniyanın imkanlarına və nüfuzuna "dizelgeyt"dən heç də az zərbə vurmur. Öz maliyyə imkanlarından yararlanan Almaniya Aİ-də atmosferi formalaşdırmağa vərdiş edib. Əksər hallarda birlikdə məhz onun mövqeyi həlledici rol oynayır. Lakin miqrantlarla bağlı böhran göstərir ki, Almaniyanın qonşularında maliyyə çatışmazlığı ilə yanaşı, daha qorxulu problemlər var. Böhranın həlli üçün ümumi həll yolu tapılmalıdır. Lakin bu həll variantı artıq uzun müddətdir yoxdur.

İlk baxışdan belə təəssürat yaranır ki, Berlin üçün vacib olanı maliyyə imkanıdır. Bu, almanlara miqrant axınının həzm olunması, onların yerli cəmiyyətə inteqrasiyası üçün lazımdır. Amma deyəsən, Merkel hələ bir neçə il əvvəl ölkəsində multikulturalizm siyasətinin iflasa uğradığını şəxsən özünün dilə gətirdiyini unudub. Üstəlik, onun bu problemi hazırkı şəraitdə necə çözməyi düşündüyü də məlum deyil. Odur ki, Almaniyanın bir çox vətəndaşının PEGIDA-ya bu və ya digər dərəcədə simpatiya bəsləməsi heç də təəccüblü deyil. Miqrant axını Avropanın dini və etnik tərkibini dəyişə bilər və insanlar bunun fərqindədirlər. Bəlkə də, bu, o qədər də pis hal deyil. Lakin məsələ ondadır ki, insanlardan bununla razı olub-olmadıqlarını soruşan yoxdur. Halbuki demokratik  ölkədə bu, məhz belə olmalıdır. Üstəlik, orta sinif işsiz miqrantlar üçün müavinətlərə gedəcək vergiləri ödəmək istəmir.

Şəhərin mərkəzində TTIP və miqrant axınına qarşı keçirilən mitinqlər, güman ki, getdikcə daha miqyaslı xarakter alacaq. Etiraz aksiyalarının getdikcə qızışması hökumətin məqsədləri ilə alman seçicilərinin arzuları arasında uçurumun nə qədər dərin olduğunu göstərir. İndi Almaniya miqyaslı daxili böhran riski ilə üz-üzədir. Bu, yalnız Berlinin deyil, bütünlükdə Aİ-nin bir çox xarici siyasi problemlərini də üzə çıxara bilər.



MƏSLƏHƏT GÖR:

586