
BIÇAQLAR İNTİFADASI
Fələstin-İsrail münaqişəsi tamamilə yeni müstəviyə keçə bilər
Müəllif: İrina XALTURİNA Bakı
Fələstin-İsrail münaqişəsi, təxminən, bir aydır ki, növbəti gərgin mərhələyə qədəm qoyub. Əslində, bu, gözlənilən idi. İndi İsrailin nəzarətində olan ərazilərdə, həmçinin Qüdsdə, Köhnə şəhərin dalanlarında, girişlərində, demək olar ki, hər gün terror aktları törədilir. Təl-Əvivin bu hallara cavabı da sərt olur. Terror aktları, əsasən, bıçaq və baltalarla silahlanmış fələstinlilərin hücumlarıdır. Onlar piyadalara və avtobus dayanacaqlarına da hücum edirlər. İsrailin təhlükəsizlik qüvvələri isə bir qayda olaraq, belə terrorçuları yerindəcə güllələyir. Onlar hücumlarda iştirak edən fələstinlilərin evlərini də uçurur. Bu, israillilərin hələ 2000-ci illərin əvvəllərində istifadə etdikləri üsuldur. Xatırladaq ki, o zaman 660-dan çox ev və tikili dağıdılmışdı.
Fələstinlilərin əsgərlərə, polis əməkdaşlarına və təsadüfi insanlara hücumlarını artıq əksər müşahidəçilər "Qüds intifadası" və ya "bıçaqlar intifadası" adlandırır. Hər iki tərəfdən insan tələfatının sayı durmadan artır. Rəsmi KİV-də yer alan məlumatlara görə, qarşıdurmalar nəticəsində 9 israilli, 50-dən çox fələstinli dünyasını dəyişib. Yaralıların sayı isə bundan xeyli çoxdur.
Zorakılığın başlamasının rəsmi səbəbi islamın əhəmiyyətinə görə üçüncü məkanı sayılan Əl-Aksa məscidinin mübahisəli statusudur. Ərəblər yəhudiləri "Ağlama divarı" ilə yanaşı olan Dağ Məbədə buraxmaq istəmir. İsrail polisi isə fələstinli gənclərin Dağ Məbədə axınının qarşısını alır. Məscid Dağ Məbəddə yerləşir. Üstəlik, burada xristianlar və yəhudilər üçün böyük əhəmiyyət daşıyan obyektlər və ya məkanlar da bir-birinə çox yaxındır. Ərəb-İsrail münaqişəsinin tarixi detallarından bixəbər olan, heç zaman Qüdsdə olmamış insanlar üçün əslində nə baş verdiyini anlamaq çətindir. Çünki bu müqəddəs məkanların rəhbərləri dəfələrlə dəyişib, orada dəfələrlə toqquşmalar baş verib, bir sıra hallarda tamamilə məntiqsiz qarşılıqlı qadağalar tətbiq olunub. Tərəflər burada bitmək bilməyən bərpa, qazıntı, tikinti işləri aparır. Bu, işləri aparanların opponentlərində narazılıq yaradır. Onlar hesab edirlər ki, qarşı tərəf bu əməllərilə onların müqəddəs məkanlarını dağıtmağa, bununla da, inanclı insanları yeni etirazlara sürükləməyə çalışırlar.
İndi bir çox rəsmilər onsuz da ağır olan vəziyyətin dini münaqişəyə çevrilə biləcəyilə bağlı təhlükənin yarandığını deyirlər. Əslində, isə bu, o qədər də real görünmür. Çünki müqəddəs məkanlar, təəssüf ki, sadəcə, bəhanədir. Onlar mübahisə obyekti olmazsa, başqa səbəb tapılacaq. İsrail və Qərb KİV-nin yazdığına görə, tənha qisasçıların hücumlarının sürətlə çoxalması istər İsrail polisi, istərsə də "Şin-Bet" xüsusi xidmət orqanları üçün gözlənilməz olub. Hücumlarda iştirak edənlərin adlarına terrorçularla bağlı məlumatlar bazasında rast gəlinmir.. Onlar ikinci intifadanın "veteranları" olmaq üçün çox gəncdirlər. Üstəlik, "üçüncü intifada"nın Fələstin hakimiyyətinin özü üçün də sürpriz olduğu iddia edilir. Onlar gənc fələstinlilərin münaqişənin siyasi yolla həlli cəhdlərindən narazı və məyus olduqlarını, sanki, diqqətdən qaçırıblar. Halbuki bu nizamlama cəhdləri gənclərə hasara alınmış qapalı anklavda perspektivsiz həyatdan başqa heç nə vəd etmir. Onların nə vaxtsa bu vəziyyətdən qurtulacaqlarına inamları da yoxdur. Şərqi Qüdsdə yaşayan ərəblərin 75%-i yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Onlar elementar həyat standartlarından belə, məhrumdurlar - təmiz sudan tutmuş, ətrafa səpələnmiş zibillərin təmizlənməsinədək gənc fələstinlilərin problemin həllini gözləyərək qocalmış atalarının həyatı onların gözləri qarşısındadır. "Palestinian Center for Policy and Survey Research" bildirir ki, fələstinlilərin 65%-i iki xalq üçün iki dövlət variantının nə zamansa reallaşacağına inanmırlar. Üstəlik, bu varianta inanmayanların sayı yaydan bəri 10% artıb. İndi muxtariyyət əhalisinin yarıdan çoxu yeni intifadaya tərəfdardır. Bütün bunların fonunda Mahmud Abbas populyarlığını sürətlə itirməkdədir. Xalq ondan BMT Baş Assamleyasının Nyu-Yorkda keçirilən toplantısında ciddi bəyanatlar səsləndirməsini gözləsə də, lider, deyəsən, mövqelərini əldən verir - həm yaş, həm də siyasi yorğunluq özünü göstərir. İndi bunu Abbasın FƏTH-dən olan silahdaşları da hiss edir. Abbasın artıq özünü terrorçuluq və digər zorakılıqlardan imtinanı da nəzərdə tutan Oslo razılaşmasından kənar saydığını bəyan etməsi də qəribədir. Belə bəyanatlar o zaman səslənir ki, insan lap başını itirir, sözlərinin nəyə gətirib çıxaracağını dərk etmir və ümumiyyətlə, düşdüyü vəziyyətdən çıxış yolu görmür. Razılaşma, həqiqətən də, dalana dirənib. Çünki həlli sonrakı mərhələlərə saxlanılmış Qüdsün statusu yəhudi yaşayış məntəqələrinin taleyi və qaçqınlar məsələsi, əslində, münaqişənin çözülməsinə imkan verməyən əsas məqamlardır. FƏTH ilə HƏMAS arasında razılığa gəlinməməsi vəziyyəti daha da ağırlaşdırır. Nəticədə, Fələstinin vahid mövqedən çıxış etməsi alınmır.
Abbasın siyasi arenanı tədricən tərk etməsi, göründüyü kimi, nəticə vermir və vəziyyəti daha da qəlizləşdirir. Üstəlik, İsrail lideri Netanyahu da populyarlığını itirməkdədir. İndi əksər israilli ekspert əmindir ki, baş nazir hazırda baş qaldırmış zorakılığa necə reakisya göstərməli olduğunu bilmir. Bundan başqa, tərəflərin kompromisə hazır olduqlarını göstərən istənilən əlamətin son dərəcə vacib olduğu hazırkı təhlükəli mərhələdə Binyamin Netanyahu gözlənilməz bəyanatla çıxış edib. Qüdsdə keçirilən Sionist Konqresində o, İkinci Dünya müharibəsində yəhudilərə qarşı qətliamın törədilməsində Adolf Hitlerin deyil, Qüdsün o vaxtkı müftisi, fələstinlilərin dini lideri Hac Amin əl-Hüseyninin günahkar olduğunu bəyan edib. Guya Hitler yəhudilərin öldürməyi yox, sadəcə, Avropadan qovmağı planlaşdırırmış, əl-Hüseyni isə onu yəhudilərin diri-diri yandırılmasına razı salıb.
Əlbəttə ki, Amin əl-Hüseyninin şəxsiyyəti haqda fikirlər birmənalı deyil və onun tərcümeyi-halı böyük bir kitaba mövzu ola bilər. Lakin burada maraqlı olan başqa məqamdır - Dağ Məbədin fələstinlilərin milli rəmzinə çevrilməsi təşəbbüsü məhz ona məxsus olub. O da maraqlıdır ki, Netanyahu bu məsələni ilk dəfə qaldırmır. Baş nazir bununla nasistlərin işğal etdiyi Avropada yəhudi probleminin hansı formada həll olunduğunu göstərməyə çalışır. Amma Netanyahunun fikirlərilə heç də bütün yəhudilər razı deyil. Məsələn, müxalifətçi "Sionist düşərgəsi" partiyasının lideri İshaq Hersoq və müdafiə naziri Moşe Yaalon hökumət başçısının fikirlərinə qəti etiraz ediblər. Yeri gəlmişkən, sonuncu həm də hakim "Likud" partiyasında Netanyahunun silahdaşıdır. Onların fikrincə, Netanyahu bu sözlərilə faciənin özünü və qurbanların xatirəsini alçaldır. Əksər tənqidçilər hesab edir ki, baş nazirin bu sözləri HƏMAS hərəkatının yaradıcılarından olan Həsən Yusevin Əl-Aksa məscidinin istənilən yolla müdafiə olunmasının vacibliyi haqda bəyanatından daha çox təxribatçılıqdır. Onların fikrincə, HƏMAS lideri İsmail Haniyənin fələstinli gəncləri yeni hücumlara çağırması belə, Netanyahunun sözləri yanında "toya getməlidir".
Fələstin Milli Muxtariyyətinin baş katibi Saib Arikat isə deyib: "İsrailin baş naziri ərəblərə o qədər nifrət edir ki, onları hətta Holokostda belə, günahlandırmağa hazırdır".
Məsələyə BMT-dən də reaksiya gəlib. Qurum Netanyahunun bəyanatını "ağlasığmaz" adlandırıb. Baş nazirin açıqlamasına münasibət bildirən Berlin isə "Avropa yəhudilərinin faciəsinə görə məsuliyyətin Almaniyanın üzərinə düşdüyünü, bu versiyanı dəyişdirməyə heç bir ehtiyacın olmadığını" bildirib.
Netanyahunun tənqidçiləri baş naziri hazırkı vəziyyətin ciddiliyini dərk etməməkdə, köhnə üsullara əl atmağa çalışmaqda günahlandırırlar. Onların fikrincə, bu üsullar artıq nəinki nəticə vermir, əksinə, vəziyyəti daha da ağırlaşdırır. Nəticədə, yalnız Fələstin deyil, həm də İsrail ictimaiyyətində radikallıq daha da artır. Məsələn, indi İsraildə sabiq xarici işlər naziri, "Bizim evimiz İsrail" partiyasının lideri, seçkiyə terrorçular haqqında ölüm hökmü çıxarılması tələbilə getmiş Aviqdor Liberman populyarlığını artırmaqdadır. İsrail vətəndaşlarının müdafiə məqsədilə silahlanmaya çağırılması xüsusilə narahatlıq yaradır. Hökumət bu işə əlindən gələn dəstəyi verir: silah gəzdirmək üçün lisenziyanın alınması şərtləri asanlaşdırılır və silah ucuzlaşdırılır. Sosial şəbəkələrdə şübhəli təsir bağışlayan bütün ərəblərin yerindəcə öldürülməsinə, yəni, əslində, qisasçılığa çağırışlar edilir. İsrail ictimaiyyəti arasında isteriya artır və bunu bir sıra yerli jurnalistlər də hiss edir.
Terrora bu cür cavabın verilməsinin təhlükəsi ən azı yanlışlıqların qaçılmaz olmasındadır. Bu günlərdə Eriteriyadan olan mühacir məhz bu səbəbdən həlak olub. Səhvən onun Beer-Şeva avtovağzalına silahlı hücum etmiş terrorçu ilə əlbir olduğunu düşünüblər. Gənci əvvəlcə avtovağzalın mühafizəçisi tapançadan açdığı atəşlə yaralayıb, daha sonra insan kütləsi onun üzərinə gedərək gənci döyməyə başlayıb. O xəstəxanaya çatdırılsa da, aldığı yaralardan dünyasını dəyişib. Bir neçə gün sonra isə Qüdsdə əsgərlərlə söyüşən 28 yaşlı yəhudi, Dağıstandan gəlmiş repatriant terrorçu" hesab olunaraq öldürülüb.
Bu şəraitdə yalnız kənardan yardımlara ümid etmək qalır. Yardımını ilk təklif edən BMT-nin baş katibi Pan Gi Mun olub. O, regiona planlaşdırılmamış səfəri zamanı israilliləri və fələstinliləri "təhlükəli uçuruma" yuvarlanmamağa çağırıb. Baş katibin çağırışı, deyəsən, hər iki tərəfi qıcıqlandırıb. "Təhlükəsizlik tədbirləri vəziyyəti insanlar ölmədən düzəltməlidir" kimi bayağı ifadə israillilərin haqlı narazılığına səbəb olub - onlar hər an hər yerdə bıçaqlı şəxslərin hücumuna məruz qala bilərlər. Fələstinlilər isə Pan Gi Mundan növbəti dəfə eşitdilər ki, "sülhə olan ümidlər hər dəfə elə ümid olaraq da qalır" və deməli, fələstinlilər haqlıdırlar. BMT-nin baş katibi bildirib ki, o, dünya birliyinin "işğala son qoya bilməməsinin" ərəblərdə yaratdığı mənfi hissləri başa düşür. Lakin, deyəsən, Pan Gi Mun bunun üçün konkret hansı işlərin görülməli olduğunu bilmir.
Məsələyə daha böyük ümidlərlə yanaşan isə hadisələrin ən qızğın dövründə Avropa və Yaxın Şərq ölkələrinə səfər etmək fikrinə düşmüş ABŞ-ın dövlət katibi Con Kerridir. Hazırda Netanyahu ilə ABŞ prezidenti Barak Obama arasında münasibətlərin yaxşı olmadığı heç kəsə sirr deyil. İsrailin baş naziri Obamanın İranı beynəlxalq arenaya çıxarmasını yumşaq desək, səhv hesab edir. Ağ Ev isə öz növbəsində, bu ilin yazında verdiyi açıqlamada Netanyahunu seçkinin gedişində ərəbləri marginallaşdırmaqda günahlandırıb. Bununla yanaşı, Obamanın komandasında Kerri yəhudilərin istək və iddialarını daha yaxşı anlayan şəxs sayılır. Odur ki, dövlət katibinin hadisələrin ən qızğın vaxtında bu səfərə çıxması Vaşinqtonun ciddi narahatlıq keçirdiyini göstərir. Tərəflər arasındakı fikir ayrılıqlarına baxmayaraq, İsrail ABŞ-ın Yaxın Şərqdəki əsas dayağıdır. Vaşinqtonun yəhudi dövlətinə göstərdiyi hərbi yardımın miqyası da bunu təsdiqləyir.
Amma Kerri səfər zamanı Abbas və Netanyahunun iştirakı ilə üçtərəfli görüş keçirməyə nail olmayıb. İsrailin baş naziri ilə Berlində apardığı danışıqlardan sonra o, "təmkinli nikbinlik" nümayiş etdirərək "vəziyyəti düzəltmək və irəli getmək üçün yolun olduğunu" bildirib. Kerri və Netanyahu bir daha təhrikçiliyə son qoyulması çağırışı ilə çıxış ediblər. Bu yerdə bir daha qeyd edək ki, qeyri-müəyyən statuslu müqəddəs məkanlar kimi, təhrikçiliyin də, əslində, məsələyə aidiyyəti yoxdur. Əslində, Fələstin-İsrail münaqişəsi düzgün siyasi addımların atılmaması və perspektivin olmaması üzündən çözülmür. İndiki mərhələdə ən azı İsraillə Fələstin arasında birbaşa danışıqlar bərpa olunmalıdır. Bu, mümkün qədər tez baş tutmalıdır. Çünki Fələstin-İsrail münaqişəsi Suriya cəbhəsinin yaxında olması ilə daha da təhlükəli xarakter alır. Burada isə bir sıra ölkələrin, o cümlədən İsrailə düşmən olan İranın və Livanın "Hizbullah" qruplaşmasının da maraqları var. Sonuncu sözügedən münaqişədə iştirak etməklə xeyli güclənə bilər.
Daha bir təhlükəli məqam uzun müddət Yaxın Şərqin ən ciddi probleminə etinasızlıq göstərmiş "İslam Dövləti"nin yaxında olmasıdır. İsrail KİV-i bu günlərdə Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) analitik şöbəsində hazırlanmış məlumatları dərc edib. Məlumatda bildirilir ki, İsrail ərəbləri arasında İD-yə qoşulmuş, cihada hazırlıq məqsədilə hərbi kurslara qatılmış xeyli şəxs var. Məsələnin təhlükəli tərəflərindən biri onlarda İsrail haqda strateji əhəmiyyətli məlumatların olması ehtimalıdır. Həmin məlumatlardan terror aktlarının hazırlanması zamanı istifadə edilə bilər. Sələfi ideologiyasının İsrailə də yayılması yerli xüsusi xidmət orqanlarını da narahat edir. Sənəddən məlum olur ki, Suriyanın bəzi qruplaşmaları "İsrail ərəblərində stimul yaradaraq, onları cihada çağırır". Onlar "yəhudi dövlətinin məhvinin vacibliyini" bildirir, bu halda Fələstinin İD tərəfindən İran və Suriya ərazisində yaradılacaq xilafətə qoşulacağını deyirlər.
Əslində, İD-nin HƏMAS-ı özünə düşmən elan etdiyini nəzər alsaq, belə təhlükənin olmadığını düşünmək mümkündür. Lakin fələstinlilərdə istər FƏTH, istərsə də HƏMAS-la bağlı məyusluğun yarandığı şəraitdə bu, o qədər də mümkünsüz görünmür. Öz aləmində haqq-ədalət tələb edənlər üçün HƏMAS "İslam Dövləti" ilə müqayisədə nədir ki? Ola bilsin ki, fələstinli terrorçuların indiki əməlləri kortəbii təsir bağışlayır. Onların fəaliyyəti, həqiqətən də, koordinasiya olunmur. Onlar, sadəcə, sosial şəbəkələrdə yayıla və islam dövlətinin ideologiyasını yayan təbliğat çarxlarına əsaslanırlar. Amma İsrail-Fələstin münaqişəsi artıq kifayət qədər təhlükəli mərhələyə qədəm qoyub və qarşıda o, tam fərqli kontekst və fərqli istiqamət ala bilər.
MƏSLƏHƏT GÖR: