14 Mart 2025

Cümə, 02:41

KOALİSİON HÖKUMƏTLƏRİN DÖVRÜ

Noyabrın 1-dən sonrakı Türkiyə parlamenti əvvəlkindən o qədər də fərqlənməyəcək

Müəllif:

27.10.2015

Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərindən sonra təkpartiyalı idarə dövrü faktiki olaraq başa çatdı. Xatirələrdən çıxmağa başlayan koalisiya hökuməti məfhumu yenidən reallığa çevrildi. Seçkilərdən sonra prezident Rəcəb Tayyib Ərdoğan hökuməti qurmaq üçün baş nazir Əhməd Davudoğluna Cümhuriyyət Xalq Partiyası (CXP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) kimi siyasi qüvvələr ilə danışıqlar aparılmasına dair göstəriş verməsinə baxmayaraq, bu cəhdlər uğursuzluqla sonuclandı. Nəticədə, Konstitusiyanın 116-cı maddəsini rəhbər tutaraq, Türkiyə prezidenti, 2015-ci il noyabrın 1-nə yeni seçkilər təyin edərək, ölkəni seçki mühitinə qaytardı. 

Bu seçkilərdə 16 siyasi partiya iştirak edəcəklərini elan etmələrinə baxmayaraq, əslində, mübarizə 10 faizlik seçki həddinin keçə bilmə iqtidarında olan 4 partiya arasında gedəcək. Bunlar, adıçəkilən MHP və CXP, hakim Ədalət və İnkişaf Partiyası və kürdyönümlü Xalqların Demokratik Partiyalarıdır (XDP). Siyasi mühiti, keçirilən son dörd parlament seçkilərini, Məclisə girməyə can atan partiyaların siyasəti və təbliğatını təhlil edərək aşağıdakı nəticəyə gələ bilərik: Birincisi, yuxarıda adı çəkilən partiyalardan başqa digər partiyalar seçkilərdə 3% faizdən çox səs topladıqları təqdirdə, dövlət tərəfindən birbaşa maliyyələşmə imkanı əldə etmək üçün yarışırlar. İkincisi, parlament seçkilərində iştirak etmək, ictimaiyyətə özünü tanıtmaq və ya xatırlatmaq üçün əla şansdır. 

 

Yaralı olsa da, hələ də güclü 

Seçkilərdə dörd əsas partiya arasında ən iddialısı və Türkiyə siyasi səhnəsində ən güclüsü, 13 ildən bəri ölkəni idarə edən hakim Ədalət və İnkişaf Partiyasıdır (ƏİP). Son parlament seçkilərində ƏİP hamıdan çox səs yığaraq (40,87%) lider olsa da, tək başına hökumət qura bilmədi. Bu ƏİP-in ilk dəfə olaraq qoşulduğu 2002-ci ilin ümumi seçkilərindən sonra baş verdi. Yeni seçkilərə bu cür mənfi psixoloji təzyiqlə gedən ƏİP, hər şeydən öncə, özünün əvvəlki gücünü qaytarmağa çalışır. On üç illik idarəetmə təcrübəsindən və hökumətdəki vacib postları əldə tutmasından istifadə edən ƏİP, son seçkilərdən əvvəl olduğu kimi yenə də təkbaşına hökumət qura bilmək üçün lazım olan deputat sayını əldə etməyi hədəfləyir. 

Bunun üçün iki şərt var. Birincisi, kürdyönümlü XDP 10%-lik səddi aşamayacağı halda, seçki qanununa əsasən onun səslərinin kürd əhalinin sıxlıqla yaşadığı Türkiyənin şərq və cənub-şərq bölgəsində reytinqə görə ikinci partiya olan ƏİP-ə keçməsidir. Bu halda hakim partiya əlavə olaraq 55 deputat mandatı əldə edərək təkbaşına hökumət qura bilər. Ancaq keçirilən bütün sorğuların nəticələri, XDP-nin parlamentdə yer tuta biləcəyini göstərdiyinə görə, bu ehtimal çox da inandırıcı deyil. 

İkincisi, ƏİP-in iyun seçkilərində Türkiyənin mərkəzi və qərbində millətçilərin əlinə keçmiş səsləri təzədən qaytarmasıdır. Xatırladaq ki, bu səslərin millətçilərə keçməsinin səbəbi, hökumətin etnik azlıqlarla bağlı tətbiq etmək istədiyi "demokratik açılım" paketləri idi. Millətçilərin fikrincə, bu paketlər PKK terrorçularının güclənməsinə gətirib çıxartdı.

Birinci şərtin reallaşmasının qeyri-mümkün olduğunu görən ƏİP rəhbərliyi ikinci şərti yerinə yetirməyə meyillidir. Kürd ictimai xadimlərə qarşı ritorikanı gücləndirərək və PKK terrorçularına qarşı antiterror əməliyyatlarını sərtləşdirərək hakimiyyət, millətçi əhvali-ruhiyyəli türk vətəndaşlarının rəğbətini qazanmağa çalışır. 

Bununla yanaşı, ƏİP-in mövqeləri seçkiqabağı təbliğat kampaniyası fonunda əvvəlki dövrlərdəki kimi güclü görsənmir. Bunun əsas səbəbi Rəcəp Tayyib Ərdoğanın prezident seçildikdən sonra partiyaya birbaşa rəhbərlik edə bilməməsidir. Bir tərəfdən ƏİP özünün əfsanəvi və xarizmatik liderinin rəsmi də olsa itirib və onun gedişindən sonra yaranmış boşluğu doldurmaq heç cür mümkün olmur. Bir başqa tərəfdən prezident Ərdoğanın rəsmi dövlət mərasimləri adı altında ƏİP-in təbliğat tədbirlərində iştirak etməsi seçicilər arasında lazımi əks-səda doğurmur.

ƏİP üçün daha bir arzuolunmaz məqam isə Bülənt Arınç, Cəmil Çiçək və Əli Babacan kimi nüfuzlu partiya funksionerlərinin yoxluğudur. Onlar, partiya üzvlərini üç dəfə parlamentə seçilməyi qadağan edən partiya nizamnaməsinə görə seçkilərdə iştirak edə bilmirlər. Xüsusilə də partiyanın bünövrəsinin qoyulmasında iştirak etmiş iki nəfərin, keçmiş prezident Abdulla Gül və parlamentin keçmiş spikeri Bülent Arıncın yoxluğu daha dərindən hiss edilir. ƏİP ilə ilahiyyatçı Fətulla Gülən hərəkatı arasında baş vərən amansız qarşıdurmanı da unutmaq olmaz. Partiya, hərəkata bağlı olan media orqanları tərəfindən aramsız hücumlara məruz qalır. Son dövrlərə qədər ƏİP ilə Gülən hərəkatının bir-birlərinə bağlı olduğunu nəzərə alsaq, onlar arasındakı mübarizənin partiyaya mənfi təsir göstərdiyini demək olar.

Şiddət və terror dalğasının yüksəlişi, eləcə də son illərdə iqtisadi göstəricilərin pisləşməsi, iki perspektivi ortaya qoyur. Seçicilərin bir qismi, bunu iyun seçkilərindən sonra ƏİP-in təkbaşına ölkəni idarə edə bilməməsinin nəticəsi olaraq görür. Başqa bir ifadə ilə, onların fikrincə, əgər ƏİP hakimiyyətdə olmasa ölkə xaosa qərq olar. Seçicilərin bir hissəsi isə yaşanan bütün problemlərdə əsas günah sahibinin məhz ƏİP olduğuna əmindir. 

 

Az ideologiya, çox vədlər

Cümhuriyyət Xalq Partiyası (CXP) seçkilərdə ən hazırlıqlı partiya olaraq görünür. Son seçkidən sonra koalisiya yaradılması üzrə danışıqlar zamanı partiyanın lideri Kamal Kılıçdaroğlu davranışı, terror aktlarına qarşı münasibəti CXP-yə öz mövqeyini gücləndirmək imkanı verir. CXP rəhbərliyi seçkilərdə daha çox səs qazanmağı qarşısına məqsəd qoymasa da, başqa partiyalar kimi onların da əsas niyyəti, ƏİP-in təkbaşına hökumət qura bilməsinə mane olmaqdır. Bu mənada, CXP rəhbərliyi tərəfindən KİV və sosial şəbəkələr vasitəsi ilə hazırlanan kampaniya və intensiv mitinqlər kifayət qədər uğurlu alınır. Ənənəvi olaraq, sol ideologiya partiyası olan CXP, diqqətini daha çox ideoloji çağırışlara yox, az gəlirli və yoxsul təbəqəyə ünvanlanmış sosial və iqtisadi vədlərə yönəldib ki, bu da onun ancaq xeyrinə ola bilər. Hakim partiya iyun seçkilərindən əvvəl, CXP-nin təqaüdçülər və aztəminatlı ailələrə ünvanlanmış vədlərinə şübhə ilə baxsa da, seçkilərdən sonra özü bu ritorikadan istifadə etməyə başladı. Amma bütün bunlara baxmayaraq, Türkiyə xalqının böyük bir hissəsinin sağ siyasi ideologiya daşıyıcısı olması, CXP-ni keçməsi mümkün olmayan əngəllərdəndir.

 

Güzəştə getməyənlər...

Müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) seçkilərdən əvvəl dövlətçilik ideologiyasına sadiq, türkçülük, milli kimliyinə və sərt antiterror ritorikasına əsaslanan mövqeyini qoruyub saxlayır. Partiyanın əsas problemi ictimaiyyətin partiya lideri Dövlət Bağçalıya qarşı olan mənfi münasibətidir.

İyun seçkilərindən sonra çıxışları və bəyanatları onun haqqında "hamıya yox deyən adam" fikri formalaşdırdı ki, bu da öz növbəsində bu seçkilərdə MHP-yə gedəcək səslərdə azalmaya səbəb olacaq. Əvvəlcədən bütün mümkün koalisiya ehtimallarını rədd edən Bağçalı, uzun müddətdir müxalifətdə olan partiyasının içindən bəzi dairələr tərəfindən belə anlaşılmazlıqla qarşılandı. Daha sonra MHP sədri bəzi şərtlər altında koalisiyaya girə biləcəyini desə də, bu dəfə də ƏİP bunu rədd etdi. Bu məqam, Bağçalının "hər şeyi inkar edən" obrazını bir az yumşaltsa da, artıq onun haqqında kompromisə getməyən imici formalaşdırıb.

MHP-nin xeyrinə olan amillərdən danışarkən isə, onların arasında bu vaxta qədər hökumətin hazırladığı və kürd azlıq üçün böyük imkanlar vəd edən demokratik paketin iflasını göstərmək olar. Lap əvvəldən bu lahiyəyə qarşı qəti mövqe tutan və onu sərt tənqid edən MHP, öz haqlılığını sübut edərək hökumətin bu məsələdəki uğursuzluğundan maksimum dərəcədə faydalanmağa çalışdı. Demokratik paketin həyata keçirilməsində buraxılan səhvlərin hakim partiya özü tərəfindən belə tanınması və onların müəyyən mənada özünü tənqidi MHP-nin mövqeyini bir az gücləndirdi. 

 

Uğurlu debütant 

MHP-nin əsas opponenti - Xalqların Demokratik Partiyasını (XDP) məhz belə xarakterizə edə bilərik. Kürd hərəkatının partiya davamı olaraq bu siyasi təşkilat ilk dəfə seçkilərə 7 iyunda qoşuldu. İlk dəfə iştirak etməyinə baxmayaraq, 10%-lik səddi keçərək səslərin 13,12%-nə sahib oldu. Son seçkilərdən əvvəl XDP etnik kürd kimliyindən çox özünü daha sol ideologiyalı bir siyasi təşkilat kimi tərənnüm edirdi. Amma seçkilərdən dərhal sonra, partiyanın ritorikası separatçı əhval-ruhiyyəli kürd yönümlü olaraq dəyişdi. XDP özünün terrorçu təşkilat PKK ilə əlaqəsinin inkar etməməklə yanaşı, onun həmsədri Figen Yüksəkdağ, partiyanın Türkiyədəki və Suriyadakı kürd yaraqlılara da əsaslandığını bəyan edərək partiyanın etnik ritorikasını bütün çılpaqlığı ilə ortaya qoydu. Qarşıdan gələn XDP-nin hədəf auditoriyası - kürdlər və bəzi marjinal qruplardır. Bu cür seçki strategiyasına bağlı qalmaq XDP-ni, keçən seçkilərdə CXP-dən ona keçmiş olan səsləri itirmək təhlükəsi ilə üz-üzə qoyur. Lakin kürd seçicilər arasında mövqelərinin gücləndirilməsi, çox güman ki, XDP-yə 10%-lik səddi aşaraq parlamentə daxil olmaq şansı verəcək.

 

Ssenarinin təkrarlanması

Demək olar ki, bütün tədqiqat və sorğular, 1 noyabrdan sonrakı Türkiyə parlamentinin ondan əvvəlki parlamentdən elə də fərqlənməyəcəyini göstərir. Hətta ƏİP-ə yaxın olan təşkilatların belə keçirdiyi sorğuların nəticəsinə görə, hakim partiyanın təkbaşına hökumət qurmaq üçün lazım olan səsləri yığması şansı çox azdır. 

Sonda onu, demək olar ki, 2 noyabr səhəri Türkiyə, çox güman ki, dörd partiyalı bir Məclisə sahib olacaq. Bu parlamentdə ən çox kresloya sahib partiya ƏİP olsa da, bu ona təkbaşına hökumət qurmağa imkan verməyəcək. CXP, səs sayını bir az artıraraq əsas müxalifət partiyası olacaq. Seçkilərin məğlub partiyaları isə çox güman ki, bir neçə millət vəkili yeri itirmiş MHP və özünün marginallaşma tendensiyası ilə XDP olacaq. Nəticədə, onu, demək olar ki, Türkiyəni koalisiyalı hökumətlər üsul idarəsi dövrləri gözləyir.



MƏSLƏHƏT GÖR:

590