24 Noyabr 2024

Bazar, 13:06

YENİ ATOM İNTİBAHI

MAQATE inkişaf etməkdə olan ölkələrdə nüvə enerjisinin inkişaf perspektivlərini təhlükəsizlik baxımından analiz etməlidir

Müəllif:

03.11.2015

Yaponiyanın "Fukusima-1" Atom-Elektrik Stansiyasında (AES) 2011-ci il martın 11-də baş vermiş faciədən sonra çoxları nüvə enerjisi məsələsinin qapandığı qənaətinə gəlmişdi. Qəzanın baş verdiyi anda dünyada, ümumilikdə, 380,3 min MVt gücündə 448 enerji bloku fəaliyyətdə idi. Qəzadan sonra isə Yaponiya, Almaniya və Böyük Britaniyada bir sıra nüvə reaktorlarının fəaliyyəti dayandırıldı.

Lakin bu tənəzzül uzun müddət davam etmədi. Yaponiyanın "Fukusima" AES-də baş verən faciənin yaratdığı qorxu artıq geridə qalıb. İndi dünyada yeni atom intibahı müşahidə olunur.

Üstəlik, artıq dünya iqlim dəyişiklikləri problemilə ciddi şəkildə məşğul olmağa başlayıb. MAQATE-nin baş direktoru Yukiya Amanonun sözlərinə görə, BMT-nin Çərçivə Konvensiyası çərçivəsində iqlim dəyişikliklərinin fəsadlarını yumşaltmaq üçün ən perspektivli istiqamət nüvə enerjisidir. Hazırda dünyanın 30 ölkəsində ümumi gücü 379 min MVt olan 438 nüvə reaktoru fəaliyyətdədir. Dünyanın bütün AES-ləri birlikdə planetdəki ümumi elektrik enerjisinin 11%-ni istehsal edir.

Y.Amanonun sözlərinə görə, hazırda dünyada 67 yeni nüvə reaktoru tikilməkdədir. Onların üçdə ikisi Asiyanın payına düşür.

Bu gün dünyada ən çox nüvə reaktoru ABŞ-da (99 enerji bloku) istifadə olunur. İkinci yerdə Fransadır (58). Bununla yanaşı, Avropanın, demək olar ki, hər bir ölkəsində atom stansiyası fəaliyyət göstərir. Avropada onlar havaya, təxminən, 700 milyon ton karbon qazının (CO2) buraxılmasının qarşısını alır. Rusiyada 10 AES fəaliyyət göstərir (ümumilikdə, 34 enerji bloku) və onlar ildə atmosferə, təxminən, 210 milyon ton karbon qazının buraxılmasının qarşısını alır.

Əslində, AES-lərin inkişafına üstünlük verən yalnız Asiya ölkələri deyil. Fəaliyyətdə olan AES-lərin sayına görə dünya lideri olan ABŞ nüvə reaktorlarının sayını azaltmaqla məşğuldursa, Fransa nüvə enerjisindən imtina etməyi düşünmür. Bu ölkədə nüvə enerjisi milli prioritetdir. 2014-cü ilin yekunlarına görə, Fransada istehsal olunmuş ümumi elektrik enerjisinin 77%-i AES-lərin payına düşüb.

Bəzi ekspertlər 2030-cu ilə AES-lər tərəfindən istehsal olunan elektrik enerjisi həcminin hazırkından 2 dəfə artıq ola biləcəyini proqnozlaşdırır.

Avropa Nüvə Forumunda (Foratom) hesab edirlər ki, hazırda nüvə enerjisinə maraq nəzərəçarpacaq dərəcədə artmaqdadır: "Elektrik enerjisi istehsalında hazırkı səviyyəsinin qorunub-saxlanması üçün Avropa İttifaqı, ən azı, 2050-ci ilədək sıradan çıxan nüvə enerji bloklarının əvəzinə 100-dən artıq yeni blok istismara verməlidir".

AES bazarında daha vacib bir oyunçu Rusiyadır. SSRİ dövründə dünyanın ilk AES-i məhz Rusiya ərazisində tikilib. Bu, 1954-cü ildə Obinskdə istismara verilmiş 5MVt gücündə reaktor idi. Hazırda Rusiya bu sahədə dünyada dördüncü yerdədir - onu yalnız ABŞ, Fransa və təxminən, 42,4 min MVt gücə malik 48 nüvə bloku olan Yaponiya qabaqlayır.

Rusiya beynəlxalq AES bazarında da fəaldır. "Rosatom" korporasiyası bir sıra ölkələrdə AES-lərin tikintisilə bağlı ciddi sifarişlər alır.

Bu gün Rusiyanın AES tikintisinin coğrafiyası xeyli ciddi təsir bağışlayır - Türkiyə, İran, Çin, Hindistan, Banqladeş, Vyetnam və s. Atom sənayesinin inkişaf perspektivlərinə qiymət vermək üçün bu siyahıya göz gəzdirmək kifayət edər. 

"Bir neçə ildə "Rosatom"un sifarişlər portfeli 5,5 dəfə artaraq 300 milyard dollara çatıb", - deyə qurumun rəhbəri Sergey Kiriyenko bildirib.

Hazırda korporasiyanın sifarişlər portfelində dünyanın 12 ölkəsində 30 enerji blokunun tikintisi var. Paralel olaraq, 10-dan artıq AES blokunun inşası ilə bağlı 12 ölkə ilə də danışıqlar aparılır.

"Dünyanın istənilən ölkəsində müqavilə imzalayırıq - əgər söhbət iki-dörd blokdan gedirsə, 7-10 ilə inşası başa çatır. Müqavilədə biz 60 il istismara zəmanət veririk. Əslində isə onların istismar müddətinin 80-100 ildən az olmadığını bilirik. Hər bir blokun tikintisilə bağlı müqaviləmiz 5 milyarddan başlayır. Texniki şərtlərdən asılı olaraq, bu məbləğ daha böyük ola bilər. Stansiyanın fəaliyyəti dövründə lazım olan yanacaq, istismar işləri, istismardan çıxarılma xərclərisə bundan iki dəfə artıqdır", - deyə Kiriyenko bildirib.

Bununla yanaşı, rusiyalı texnoloqlar nəinki qərbi həmkarlarından geri qalmırlar, əksinə, onlardan daha effektivdirlər və rusların işi daha ucuz başa gəlir. Bu amil, yəqin ki, inkişaf etməkdə olan ölkələrin AES-lərin tikintisində podratçı kimi Rusiyanı seçməsində vacib amildir.

Rusiyanın nüvə sahəsi böyük bir kompleksdir. Oraya 400 müəssisə və təşkilat, ümumilikdə, 260 mindən artıq işçi daxildir.

Bununla yanaşı, yeni AES-lərdə istismara veriləcək nüvə reaktorlarını da nəzərə alsaq, onların sayı 49-a çatacaq. Hətta Yaponiya nüvə enerjisinin inkişaf etdirilməsindən vaz keçərsə belə, Rusiya nüvə bloklarının sayına görə dünyada ilk üçlüyə düşə bilməyəcək.

Bu arada AES-lərdə elektrik enerjisinin istehsalı həcminə görə Çin liderliyə yüksələ bilər. 2014-cü ilin sonuna olan məlumata görə, Çində 23 nüvə reaktoru fəaliyyətdədir. Ölkə ərazisində daha 26 blok tikilməkdədir. Bu da son deyil. Çin artıq 39 yeni reaktorla bağlı hazır layihəyə malikdir. Bununla da, Pekin nüvə reaktorlarının sayını 88-ə çatdırmağı planlaşdırır.

Beləliklə, qarşıdakı illərdə Çin bu sahədə ABŞ-a geridə buraxacaq və AES-də elektrik enerjisi istehsalının həcminə görə dünya liderliyinə yüksələcək. Məsələ ondadır ki, ABŞ-ın AES-lərində nüvə reaktorlarının sayı köhnəlməsilə əlaqədar, ilbəil azalır. Hazırda Birləşmiş Ştatlarda mövcud olan 99 reaktorun yarısı istismara 1970-ci illərin ortalarında verilib. Demək, onlar öz ömürlərini başa vurublar. Üstəlik, belə obyektlərin əvəzinə cəmi 5 yeni AES tikilib.

Lakin onu da qeyd etmək lazımdır ki, dünyada AES bumunun təhlükəli tərəfi də var. Çünki nüvə reaktorları əsasən inkişaf etməkdə olan ölkələrdə istismara veriləcək. Bununla əlaqədar olaraq, MAQATE tərəfindən AES-lərin fəaliyyətilə bağlı təhlükəsizlik texnikası hazırlanmalıdır. Bu, inkişaf etməkdə olan ölkələrdə siyasi sabitliyin mümkün pozulması halları ilə bağlı zəruridir. Yəni söhbət ekstremistlərin nüvə yanacağından uzaq tutulmasından gedir. Elə etmək lazımdır ki, hər hansı təhlükənin yarandığı anda mütəxəssislər nüvə reaktorunu qapada bilsinlər. Bu, "Çernobıl" və ya "Fukusima" AES-lərindəki faciəyə bənzər qəzaların yaşanmasının qarşısını alardı.



MƏSLƏHƏT GÖR:

544