Müəllif: Vəfa ZEYNALOVA Bakı
Bir neçə il əvvəl Bakının rəssamlıq qalereyalarının birində müasir incəsənət üzrə ixtisaslaşmış iranlı rəssamın sərgisi keçirilmişdi. Sərgidə əsas diqqət dünyada zibilin həcminin artmasına yönəldilmişdi. Bəzi instalyasiyalarda atılmış məişət əşyaları və tullantılarının kompozisiyası yaradılmışdı. Reallıqda isə tullantılardan istifadə məsələsi ona yanaşıldığından daha ciddi problemdir. Bu, bir tərəfdən, ekologiya və sağlamlığa zərər olan böyük tullantı təpəciklərinin yığılıb-qalması ilə bağlı problemi həll edirsə, digər yandan da təbii resursların tükənməyə doğru getdiyi bir dövrdə, istifadə olunan enerjiyə ciddi şəkildə qənaət edilməsinə imkan verir.
Tullantılardan istifadə zərurəti
Dünyada bu problemin aktuallığını artıran amillərdən biri də azömürlü, bir dəfə istifadə üçün nəzərdə tutulmuş məişət əşyalarının, qabların daha çox istehsal edilməsidir. Bunlar əksər hallarda sintetik materiallardan hazırlanır. Zibilliklərdə toplanıb qalmış tullantıların ziyanı çox böyükdür. Tullantıların atılması üçün boş, əhalinin yaşamadığı ərazilərdən və ya xüsusi çalalardan istifadə olunsa da, onların yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinə mənfi təsirini inkar etmək mümkün deyil - miazma, çirkab suları, çürümə nəticəsində ətrafa yayılan qazlar, xüsusilə metan istixana effektinə yol açır. Bundan başqa, aydındır ki, zibilliklər üçün kifayət qədər böyük məkanlara ehtiyac var. Bunun öhdəsindən isə hətta inkişaf etmiş ölkələr belə, hər zaman gələ bilmir. Bir çox hallarda tullantı təpəciklərinin məhv edilməsi üçün zibil yandırılır. Bu, elektrik enerjisinin əldə edilməsi üçün lazım olan istiliyi yaradır, lakin tullantılara od vurulması zamanı ətrafa çox sayda zərərli maddələr yayılır. Onlardan biri son dərəcə möhkəm birləşmə olan dioksinlərdir. Bu maddə ətraf mühitə inanılmaz dərəcədə mənfi təsir göstərə bilər. Odur ki, tullantıların utilizasiyası və təkrar istifadəsi sabahın yox, bu günün tendensiyasıdır.
Problem yeni deyil. Hələ qədim zamanlarda insanlar qida tullantılarından istifadə edərək, onlardan kompost, gübrə əldə ediblər.
Hazırda bu problemdən ciddi narahatlıq keçirən bir çox Avropa ölkəsi artıq bir neçə ildir, məişət tullantılarından təkrar istifadə ilə bağlı layihələr həyata keçirir; məsələn, İsveçdə bərk tullantıların, təxminən, 4%-i zibilliyə atılır. Qalanları ya təkrar istifadəyə yönəldilir, ya da elektrik enerjisinin alınması və suyun qızdırılması məqsədilə yandırılır.
Bu məsələdə dövlət nəzarəti çox vacib məqamdır - dövlət bir tərəfdən, müəssisənin qanunverici bazasını tənzimləyir, digər tərəfdən güzəştlər sistemi vasitəsilə təkrar xammaldan istifadə edən texnologiyaları stimullaşdırır.
Utilizə sxemi
Təkrar xammala makulatura (istənilən kağız tullantılar, qablar, parçalar və s.), şüşə (şüşə qablar və digər şüşə tullantılar), metal qırıntılar, kimyəvi preparatlar, rezin, elektronika, plastik kütlələr, tikinti tullantıları (kərpic, beton) aiddir.
2012-ci ildə Azərbaycanda Məişət Tullantılarının Yandırılması Zavodu istismara verilib. O, fəaliyyətə 2012-ci il dekabrın 19-da başlayıb. "Təmiz şəhər" ASC-nin məlumatına görə, sözügedən zavod texnoloji gücünə görə, Şərqi Avropa və MDB ölkələrinin ən nəhəng zavodlarından sayılır. Elə həmin dövrdə "Təmiz şəhər"in Məişət Tullantılarının Çeşidlənməsi Zavodu da istismara verilib. Zibillərin yığımına gəlincə, ASC-nin mətbuat katibi Vüqar Babayevin "R+" jurnalına bildirdiyinə görə, onu Bakı Şəhər İcra Hakimiyyətinin xidmətləri həyata keçirir. Daha sonra yığılmış tullantılar çeşidlənmə zavoduna çatdırılır. Orada tullantılar çeşidlərə ayrılır: istifadəyə yararlı xammal müvafiq müəssisələrə göndərilir, yararsız zibillər isə yandırılır. "Biz ikinci dərəcəli tullantıları presləyir və zavodlara göndəririk; məsələn, metallar əlvan və qara metallar zavoduna, makulatura və bütün kağız tullantılar kağız istehsalı ilə məşğul olan müəssisələrə göndərilir. İstifadəyə yararsız olan tullantılar isə Məişət Tullantılarının Yandırılması Zavoduna göndərilir", - deyə V. Babayev qeyd edib. Onun sözlərinə görə, presləmədən sonra zibilin həcmi 10 dəfə azalır. Onların yandırılması nəticəsində ildə 100 000-dək mənzili qızdıra biləcək elektrik enerjisi əldə edilir: "Bu, Azərbaycanın hər hansı böyük rayonunun istiliyə olan tələbatının ödənilməsi deməkdir".
Utilizə və ya yandırılmaya uyğun gəlməyən tullantılar - elektronika, köhnə, ərimiş və ya korlanmış batereyalar da baxımsız qalmır. "Təmiz şəhər" ASC-dən verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Qala qəsəbəsində "Təmiz Qala" adlı pilot layihə həyata keçirilir. İyulda orada "Tullantıdan-sənətə" adlı dördüncü beynəlxalq sərgi təşkil olunub. Bu cür sərgilərin təşkilində əsas məqsəd insanlar arasında maarifləndirmə işi aparmaqla, onlara tullantıların çeşidlənməsini öyrətmək, həmçinin onları lazımsız israfçılıqdan çəkindirməkdir. Bu sərgidə "Təmiz şəhər"də tullantılardan hazırlanmış müxtəlif incəsənət əsərləri və instalyasiyalar da nümayiş etdirilir.
İstifadə olunmuş batareyalarla bağlı problem də az önəm daşımır. Onlar bir tərəfdən, ekologiyaya ziyan vurur, digər tərəfdən batareyaların tərkibindəki ağır metallar orqanizmdə yığılıb-qalma xüsusiyyətinə malikdir. Onların bu xüsusiyyəti insanda müxtəlif ağır xəstəliklərə səbəb ola bilir. Bununla yanaşı, batareyalardakı qalvanik elementlər təkrar emal baxımından qiymətli materialdır.
Təkrar emal olunmuş məhsulları kimə satmalı?
Sovet İttifaqı illərində yaşamış insanlar, yəqin ki, nadir və populyar bədii ədəbiyyat nümunələri müqabilində makulaturanın yığımı ilə bağlı çağırışları xatırlayırlar. Bundan başqa, həmin illərdə şüşə qabların qəbul məntəqələrinin qarşısındakı növbələr, orta məktəblərdə metal qırıqlarının yığımı da çoxlarının yaddaşında olar. Təəssüf ki, bu gün belə tədbirlərə nadir hallarda rast gəlinir. İndiki dövrdə bu cür tədbirlər keçirilirsə belə, onlar daha çox epizodik xarakter daşıyır; məsələn, bu ilin yazında "ASAN xidmət" "Hər kağızı bir yarpağa dəyişək" adlı aksiya keçirib. Aksiya çərçivəsində Bakıxanov qəsəbəsində yerləşən xidmət məntəqəsi makulatura təqdim etməklə, əvəzində, ağac tingi əldə etmək mümkün idi.
Təəssüf ki, şəhərdə şüşə qabların qəbulu məntəqəsi də yoxdur. Bakıda fəaliyyət göstərən pivə zavodlarından birinin mətbuat xidmətinin rəhbəri Nadejda Kudravseva isə deyir: "Bizim şirkətimiz artıq illərdir, məhsul buraxılışında istifadədən sonra, yığılmış şüşə qablardan yararlanır. Bu, bizə istər yeni alınan şüşələrin həcminin optimallaşdırılmasına imkan verir, həm də ekoloji baxımdan faydalıdır. Bizim ayrıca butulka qəbulu məntəqəmiz yoxdur. Qabları bizə kontragent gətirir. Şirkətimizin istifadə etdiyi butulkaların 20-25%-ni təkrar istifadə olunan qablar təşkil edir".
Lakin bu təcrübə bir halda uğurlu sayıla bilər ki, kontragent butulkalar zibil qutularından yığılmasın - bu halda onlar çirkli və sınıq olur.
Qeyd edilən pivə zavodu artıq istifadə olunmuş xammaldan yararlanan yeganə qurum deyil. Bir sıra müəssisələr təqdirəlayiq təşəbbüslə çıxış edərək, öz ofislərində makulatura yığımını həyata keçirir. Toplanmış makulatura təkrar kağız və karton istehsalı ilə məşğul olan müəssisələrə verilir. Qeyd edək ki, 1 ton makulatura kəsilməkdən xilas olunmuş 10 ağac, 2000 kvt elektrik enerjisi və 200 kubmetr suya qənaət deməkdir.
Bir daha çeşidləmə haqqında
Göründüyü kimi, belə demək olarsa, qlobal təşəbbüs Azərbaycanda işləyir. Lakin bu yerdə biz əsas problemlə üzləşirik: axı, tullantıların effektiv təkrar emalı üçün əvvəlcə onlar çeşidlənməlidir. Çoxlarınız, yəqin ki, İçərişəhərin girişində, metro stansiyasının düz yanında düzülmüş müxtəlif rəngli zibil qutularını görmüsünüz. Onların üzərində hansı növ zibilin hansı qutuya atılmalı olduğunu dəqiqliklə göstərən işarələr var: qida məhsulları tullantıları üçün qutu ayrıdır, plastik tullantılar üçün ayrı və s. İçərişəhər sakinləri üçün, hətta iki hissədən ibarət xüsusi zibil vedrələri də qoyulub: ərzaq və qeyri-ərzaq məhsulları üçün. Lakin təşəbbüs bundan o yana keçməyib və şəhərin bütün digər zibil yeşikləri ümumidir. Onlara həm qida tullantıları atılır, həm plastik butulkalar, həm də sıradan çıxmış məişət əşyaları. Bu qutulardakı tullantıların yığışdırılması ilə məşğul olan zibil maşınları ən müxtəlif mənşəli tullantıları eyni "iştah"la udur. Vüqar Babayevin sözlərinə görə, tullantılar onlara qarışıq halda çatır. "Əlbəttə ki, idealda tullantılar ilkin mərhələdə, məişət mərhələsində çeşidlənməlidir. Biz onları çeşidləsək də, bizə gəlib-çatanadək qarışıq olması tullantıların keyfiyyətinə mənfi təsir göstərir; məsələn, qarpız suyunun islatdığı kağız artıq təkrar emala yaramır. Təəssüf ki, bu məsələ bizim səlahiyyətimizdə deyil", - deyə V. Babayev qeyd edib.
Odur ki, tullantıların ilkin mərhələdə çeşidlənməsi çox vacib və aktual məsələdir. Amma bundan da aktual problem var. Söhbət əhalini öz zibillərini, heç olmasa, zibil qutularınadək daşımağa öyrətməkdən gedir. Bakıda biz bu sahədə müəyyən zəncirvari reaksiyanın şahidi oluruq - əgər zibil qutularının yanında yerə atılmış bir butulka varsa, az qala, hər kəs əlindəki zibili qutuya deyil, kənara atmağa başlayır.
Avropa ölkələrində, ABŞ-da tullantıların çeşidlənməsi adi vətəndaşlardan başlayır. Əks təqdirdə, onun daha effektiv təkrar emalı mümkün deyil. Bəzi ölkələrdə hər evin qarşısında müxtəlifrəngli zibil qutuları qoyulur: qida tullantıları üçün ayrı, kağız, makulatura və şüşə üçün ayrı. Bir sıra ölkələrdə isə zibildaşıyan maşınlar müxtəlif növ tullantıları həftənin müxtəlif günlərində yığırlar.
Avropanın bir çox ölkəsində yalnız tullantıların çeşidlənməsi və düzgün utilizə ilə ekologiyanın qayğısına qalmırlar. Orada tullantıların mümkün qədər az olmasına da diqqət yetirilir; məsələn, bizdə geniş istifadə olunan, hər bir marketə səxavətlə paylanılan polietilen kisələr, Avropada pulla satılır. Bu səbəbdən, əksər insanlar mağazaya gedərkən özləri ilə parça kisə (sovet dövrünün zənbilləri kimi) götürürlər. Bundan başqa, həmin ölkələrdə kiçik qutularda olan məhsulların satışı stimullaşdırılır.
Toxunduğumuz bir çox məsələlər mental məsələlərdir. Onların isə məlum olduğu kimi, qısa zamanda dəyişdirilməsi mümkün deyil. Odur ki, ekoloji layihələrin uğurla həyata keçirilməsi üçün dövlət tənzimlənməsi vacibdir. Burada söhbət həm qanunverici aktlardan, həm də pozuntulara görə cərimələrin tətbiqi ilə təşviq və cəzalandırmadan gedir.
MƏSLƏHƏT GÖR: