Müəllif: Aydan ƏLİYEVA Bakı
Orqanizminizdə yod çatışmazlığı hiss edirsiniz? Maddələr mübadiləsi pozulub? Təzyiqiniz oynayır və daim qastrit əlamətləri hiss edirsiniz? Dərman dalınca aptekə qaçmağa tələsməyin. Bir çox xəstəliklərlə rasionunuza feyxoa daxil etməklə mübarzə apara bilərsiniz. Söhbət artıq oktyabrın sonlarından Azərbaycan piştaxtalarında peyda olan ekzotik meyvədən gedir.
Bu nə "meyvə"dir belə?
Feyxoa (Feijoa) "əslən" Cənubi Amerikadandır. O, Braziliyada, Kolumbiyada, Uruqvayda və Argentinanın şimalında yetişir. Azərbaycanda feyxoa subtropik iqlimdə - ölkənin cənub-şərqində, xüsusilə Lənkəranda bitir. Onun tarixinə nəzər salsaq, bu meyvənin XIX əsrdə "doğulduğunu" görərik. Bitkilərin, xüsusilə yeməli bitkilərin araşdırılması zamanı tədqiqatçılar bu kiçik həmişəyaşıl ağacda bitən yaşıl rəngli meyvəyə xüsusi diqqət göstəriblər. Onun adı meyvəni ilk dəfə üzə çıxarmış braziliyalı təbiətçi Joao da Silva Feyxoanun adındandır.
Feyxoa soyuğa ən davamlı tropik bitkilərdəndir. O, mənfi 14 dərəcəyədək şaxtada xarab olmur.
Bəs, feyxoa meyvəsinin faydası nədir və o, hansı xəstəlikləri müalicə edir? İlk növbədə, qeyd edək ki, o, tərkibindəki yodun miqdarına görə dəniz məhsulları ilə müqayisə oluna biləcək yeganə bitkidir. Buna görə o, "uçan yod daşıyıcısı" olan sahil küləklərinə borcludur. Odur ki, feyxoa təbii günəş altında və dəniz sahilində yetişərsə, daha faydalı olur.
İstər elmi, istərsə də xalq təbabətində feyxoa meyvəsi qalxanabənzər vəzin xəstəliklərində müalicə üsulu kimi istifadə olunur. Ondan hipo və avitaminoz S, həzm yolunun iltihabi xəstəlikləri, qastrit zamanı da istifadəsi məsləhət görülür. Bəs, insan orqanizmi üçün yod niyə vacibdir? Yaddaşın güclü olması, təfəkkür proseslərinin ləngiməsi üçün yoda ehtiyac var. Orqanizmdə yod lazımi miqdardadırsa, insan gümrah, şən, enerjili, çox iş görməyə qadir olur. Yod çatışmırsa, insan özündə zəiflik hiss edir, süst olur, tez yorulur.
Feyxoada yüksək miqdarda yodla yanaşı, daha 93 faydalı maddə var. Odur ki, bu meyvəni "xeyirli maddələr daxılı" adlandırmaq olar. Feyxoanın tərkibində, demək olar ki, bütün vitaminlərə rast gəlinir - sellüloz, pektin, alma turşusu, şəkərlər, mikro və makroelementlər.
Feyxoa kifayət qədər tez bir zamanda maddələr mübadiləsinin qaydaya düşməsinə kömək edir, təzyiqi salır, ürəyi "sakitləşdirir". Sizi dəri ilə bağlı problemlər də narahat edirsə, onu bu meyvənin tərkibindəki efir yağı ilə həll edə bilərsiniz. Feyxoanın tərkibindəki efir yağı iltihabəleyhinə xüsusiyyətə malikdir.
Bu meyvənin dadı və qoxusu çiyələk, kivi və ananas qarışığını xatırladır. Təsəvvür edirsiniz, onunla xörəkləri necə "bəzəmək" olar?
Necə seçməli?
Feyxoanın yaxşılarını seçə bilmək vacibdir. Yanılmamaq, meyvənin daha yaxşısını almaq üçün bir feyxoanı uzununa kəsmək lazımdır: meyvənin ləti şəffafdırsa, demək o, yetişib. Yox, meyvə qəhvəyidirsə, onu almayın - feyxoa artıq köhnəlib. Lətin ağ və qeyri-şəffaf olması isə onun hələ yetişmədiyi anlamına gəlir.
Adi halda feyxoa xüsusiyyətlərini uzağı 1 həftə saxlaya bilir. Odur ki, meyvəni çox almısınızsa, onun hamısını dərhal istifadə edin (məsələn, əzib şəkərlə qarışdırın).
Kiçik yaşıl feyxoadan mürəbbə, cem, kompot, desert, salat və sous hazırlanır. O, müxtəlif dəniz məhsulları ilə, xüsusilə treska balığı ilə yaxşı "tutur". Balığın içini feyxoa ilə doldurmaq, yaxud onu qarnir kimi vermək olar. Onun zərif tamı qoyun ətinə, quş ətinə də yaxşı dad verir. Feyxoa qaynadılmış tərəvəzlərlə - kök, kələm və s. yaxşı qarnir "təşkil edir". Amma meyvəni termik hazırlamaq məsləhət deyil. Çünki bu halda o, çox yumşaq olur.
Feyxoa çox zərif meyvədir və onu yetişmiş halda daşımaq olmur. Bu halda meyvələrin üzərində dərhal ləkələr əmələ gəlir. Odur ki, feyxoa tam yetişməmiş, ağacdan qopub düşməmiş yığılır.
Ziddiyyətli dad
Feyxoanın meyvəsini yeyən zaman, sanki, dadla fayda arasında müəyyən ziddiyyət yaranır. Məsələ ondadır ki, meyvənin qabığı prinsipcə yeməlidir. Üstəlik, məhz qabıq daha faydalıdır. Çünki feyxoa qabığının tərkibində katexinlər və leykoantosianlar kimi fenol birləşmələri, güclü antioksidant olan bioloji aktiv maddələr var. Onlar onkoloji xəstəliklərin profilaktikası baxımından xeyirlidir. Lakin o, ağızı büzüşdürən dada malikdir. Bu, meyvənin dadını korlayır. "Vəziyyətdən çıxış yolu" isə sadədir: antioksidantların itməməsi üçün meyvəni təmizləyir, onun qabığı qurudulur və çayla birlikdə dəmlənir.
Bir sözlə, qarşınıza feyxoa çıxsa, düşünməyin, çox alın - peşman olmazsınız!
Nəinki mətbəxinizə rəngarənglik gətirəcək, həm də payızın istənilən bayram süfrəsini bəzəyəcək bir neçə faydalı resepti diqqətinizə çatdırırıq.
"Çiy mürəbbə"
Feyxoanın meyvəsi sıyıq hal alanadək xırdalanır (ət maşını və ya blender vasitəsilə). Bunun üçün onun qabığının soyulmasına ehtiyac yoxdur (qabıqda hədsiz sayda vitamin var). Əldə olunmuş kütlə 1:1 nisbətində şəkərlə qarışdırılır (turş xoşlayanlar bu nisbəti 1:1,5 edə bilər). Hazır məhlul sterilizə olunmuş bankalara yığılır və soyuducuda saxlanılır. Mürəbbəyə xırdalanmış qoz və ya fındıq da əlavə etmək olar.
"Zəncəfilli mürəbbə"
Feyxoa doğranır, şəkərlə qarışdırılır (meyvənin çəkisinin 20%-i həcmində), su əlavə olunur və 6 saat qaynadılır. Bu vaxt zaman-zaman onun köpüyünü yığmaq, arada məhlulu qarışdırmaq lazımdır. Tünd zəncəfillə ətirli feyxoanın qarışığı mürəbbəyə yeni dad verir. Hazır mürəbbəni ələkdən keçirmək məsləhətdir. Bu, kütlənin içərisindəki toxumların, zəncəfil tellərinin və digər lazımsız hissələrin təmizlənməsnə imkan verir.
"Feyxoa sousu"
Feyxoa sousu eyni cür hazırlanır. Sadəcə, bu dəfə şəkərdən istifadə olunmur. Sousa tündlük vermək üçün ona bir qədər sarımsaq, ağ və ya qara istiot da qatmaq olar. Hazır sous ət xörəklərinə, o cümlədən quş ətindən hazırlanmış yeməklərə əla dad verir.
"Feyxoalı toyuq"
Toyuq əti sümükdən təmizlənir, təxminən, 4x6 santimetr ölçüdə tikələrə bölünür. Daha sonra limon şirəsi, isti su, duz, şəkər, toyuq üçün ədvalar və dəfnə yarpağından istifadə etməklə, marinad hazırlanır. Doğranmış toyuq əti marinada qoyulur və 2,5 saat orada saxlanılır. Bu müddət ərzində feyxoa təmizlənir, eninə nazik dairələr şəklində doğranır (təxminən, 0,3 santimetr). Marinaddan çıxarılan toyuq əti kənarları hündür olan tavaya yığılır, üzərinə bir az marinad tökülür və toyuq ətinin altına və üzərinə yığılır. Bundan sonra kütlənin üzərinə xırda sürtkəcdən keçirilmiş parmezan, bir neçə keşniş budağı əlavə olunur. Bütün bunlar tavanın bir küncünə yığılır və folqa ilə örtülür. Hazır kütlə 150 dərəcə istilikdə, təxminən, 50 dəqiqə bişirilir.
MƏSLƏHƏT GÖR: