
YENİ "BÖYÜK OYUN"
Kerri Orta Asiyaya Rusiya və Çin üçün açıq mesajla gəlib
Müəllif: İrina XALTURİNA Bakı
Son illər ABŞ-ın Mərkəzi Asiyaya marağı xeyli azalmışdı, amma ola bilsin ki, bu payız həm bu region, həm də Vaşinqton üçün münasibətlərdə yeni mərhələ başlayır. Belə nəticəyə gəlməyimizə səbəb ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin regiona səfəri oldu. Maraqlıdır ki, bu Con Kerrinin Mərkəzi Asiya bölgəsinə ilk səfəridir. Üstəlik, Kerri indiyədək bir turne ərzində bütün Mərkəzi Asiya "beşliyinə" - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistana baş çəkmiş ilk dövlət departamenti rəhbəridir. Sonuncu dəfə bu regiona 2010-cu ildə Amerika diplomatiyasının ovaxtkı rəhbəri Hillari Klinton səfər etmişdi.
Rəsmi məlumata əsasən, Kerrinin səfərinin diqqət mərkəzində regional və qlobal təhlükəsizlik, ABŞ-ın region ölkələrilə ikitərəfli münasibətləri dayanırdı. Amma bu, yalnız üzdə olandır. Açıqlanmayan əsas məsələ isə odur ki, ABŞ Rusiyanın, son vaxtlar isə, həm də Çinin Mərkəzi Asiyadakı nüfuzundan əndişələnir. Mərkəzi Asiya tarixən Rusiya, Çin, Türkiyə və Qərbin (XIX əsrdə Böyük Britaniya, indi isə ABŞ-ın) maraqlarının kəsişdiyi region olub, amma məhz Rusiya və Çin üçün bura xüsusi, hətta demək olar ki, həyati əhəmiyyət daşıyan bölgədir. Məsələ ondadır ki, Çin üçün Mərkəzi Asiya ölkələrilə sıx əməkdaşlıq özünün enerji təhlükəsizliyini təmin etmək üçün ciddi faktordur. Pekin bu ölkələrin hər birilə ikitərəfli əməkdaşlıq qurub, həmçinin özünün "İpək Yolunun İqtisadi kəməri" layihəsi çərçivəsində də birgə fəaliyyət göstərir. Regionda neft-qaz, qızıl, gümüş, bor yataqlarından tutmuş, infrastruktur obyektlərin inşasına qədər bütün sahələrdə Çinə məxsus şirkətlərin aktivliyi müşahidə olunur.
Rusiya üçünsə Mərkəzi Asiya milli təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Bu, bölgənin Əfqanıstana yaxınlığı ilə əlaqədardır - bu ölkədən gələn təhlükə isə yalnız "Taliban" deyil, həm də Mərkəzi Asiya ərazisindəki müxtəlif radikal dəstələrə kənar təsirin artmasıdır. NATO qoşunlarının əsas kontingentinin Əfqanıstanı tərk etməsindən, eləcə də səhnəyə "İslam Dövləti" terror təşkilatının çıxmasından sonra bu problemlər bir qədər də artıb. Son vaxtlar "Taliban" Əfqanıstanın böyük şəhərlərinə genişmiqyaslı hücuma keçib - sentyabrın sonunda Tacikistanla sərhəddə yerləşən Kunduz şəhərini ələ keçirib. Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatına əsasən, 2015-ci ilin əvvəlindən tacik hərbçiləri 19 dəfə silahlı dəstələrin sərhədi keçmək cəhdinin qarşısını alıblar. Əvvəllər uzunluğu 1344 km olan Tacikistan-Əfqanıstan sərhədini rusiyalı hərbçilər qoruyurdular, amma sonradan onlar buranı tərk etdilər. İndi isə yenidən rusların geri qaytarılacağına dair söz-söhbət dolaşır. İstənilən halda, RF-in Tacikistan ərazisində hərbi bazası var və orada 6 minə yaxın hərbçi yerləşdirilib. Rusiyanın Qırğızıstanda da hərbi bazası var. Bundan başqa, Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT-nin üzvləridir və Moskva onlara kifayət qədər hərbi-texniki yardım göstərir. Eyni zamanda Moskva Mərkəzi Asiya ölkələrini iqtisadi cəhətdən də özünə bağlamaq istəyir və bunu əsasən Avrasiya İqtisadi Birliyi (Qazaxıstan və Qırğızıstan bu birliyin üzvüdür) vasitəsilə edir. Amma Çinin aktivliyi ilə müqayisədə, Moskvanın bu cəhdləri hələlik o qədər də təsirli görünmür. Digər tərəfdən neftin qiymətlərinin ucuzlaşması və Qərbin sanksiyalarından əziyyət çəkən Rusiyanın özündə yaşanan böhran da Mərkəzi Asiya ölkələrinin Moskvadan iqtisadi asılılığını azaldır və deməli, amerikalıların regiondakı şanslarını artırır.
Çinlə Rusiyanın birgə addımlarına gəlincə, siyasi və təhlükəsizlik baxımından bu münasibətləri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tənzimləyir. İqtisadi sahədə də əlaqələr güclənir - ÇXR sədri Si Tzinpinin Moskvaya səfəri zamanı tərəflər "İpək Yolunun İqtisadi kəməri" layihəsi ilə Avrasiya İqtisadi Birliyinin səylərinin uzlaşdırılmasına dair sənəd imzalayıblar.
Coğrafi baxımdan Mərkəzi Asiya geniş, heç bir okeana çıxışı olmayan və Avrasiya qitəsinin ayrı-ayrı qütblərini birləşdirən regiondur. Hazırda Rusiya ilə Çin qədim quru yollarını bərpa etməyə çalışırlar və bu da "dəniz yollarının sahibi" olan Vaşinqtonu narahat etməyə bilməz.
Məhz buna görə Mərkəzi Asiyaya səfər edən Kerri öz həmkarlarını inandırmağa çalışıb ki, bu region "ABŞ-ın milli təhlükəsizliyi ilə sıx bağlıdır". O, xüsusi olaraq vurğulayıb ki, "ABŞ Mərkəzi Asiya ölkələrinin suverenliyi, ərazi təhlükəsizliyi və müstəqilliyini dəstəkləyir". Maraqlıdır ki, səfər zamanı Kerri baş çəkdiyi hər bir ölkəni bu və ya digər formada "təhlükəsizlik", "çiçəklənmə", "Əfqanıstanda və regionda sülhün təmin olunması" yolunda "ən vacib dövlət" adlandırıb. Yeri gəlmişkən, bu yaxınlarda Barak Obama Əfqanıstandakı hərbi kontingenti saxlamaq qərarına gəlib, odur ki, Mərkəzi Asiyanın hər bir ölkəsi ilə əməkdaşlıq Vaşinqton üçün son dərəcə vacib əhəmiyyət daşıyır. Bu strategiya çərçivəsində Dövlət Departamenti Mərkəzi Asiya ölkələrinə yardım proqramlarının hazırlandığını bəyan edib. Bu ölkələrə iqtisadiyyat, ticarət və ekologiya sahəsində maliyyə yardımı ayrılacaq. Kerrinin sözlərinə görə, "yaranmış vəziyyətdə elə təkcə enerji təhlükəsizliyi və mənbələrin diversifikasiyası məsələsi xüsusi görüşün mövzusu ola bilər". ABŞ region üçün "Yeni ipək yolu" layihəsi təklif edir. Bu layihə çərçivəsində Çindən və Mərkəzi Asiyadan Qara dənizədək nəqliyyat və enerji dəhlizlərinin yaradılmasını planlaşdırılır. Məsələn, CASA-1000 layihəsi çərçivəsində Qırğızıstan və Tacikistandakı hidroelektrik stansiyalarındakı "artıq" enerjinin Əfqanıstana ötürülməsi - yəni, yeni regional elektrik enerjisi bazarının yaradılması nəzərdə tutulur.
Kerrinin səfəri zamanı ABŞ "C5+1" (5 Mərkəzi Asiya ölkəsinin XİN başçıları və ABŞ) meydançasının gücləndirilməsi və işlək hala gətirilməsinə başlayıb - Səmərqənddə birgə iclas keçirilib və Dövlət Departamentinin rəhbəri bu görüşü "həyati əhəmiyyətli" adlandırıb. Görüşdə "Mərkəzi Asiyanın 5 ölkəsi və ABŞ-ın tərəfdaşlıq və əməkdaşlığına dair Birgə Bəyannamə" qəbul edilib. Sənəddə ticarət, energetika, logistika, işgüzar mühitin yaxşılaşdırılması, ekologiya, nüvə silahının yayılmaması və Əfqanıstana dəstək istiqamətində əməkdaşlığın möhkənləndirilməsindən danışılır. Kerri bildirib ki, ABŞ "Mərkəzi Asiyanı müasir və dinamik Asiyanın ürəyində yerləşən inkişaf lokomotivi kimi görmək istəyir".
Onu da qeyd edək ki, bu yaxınlarda Yaponiyanın baş naziri Sindzo Abenin onlarla aparıcı yapon şirkətinin rəhbərilə birgə regiona etdiyi səfəri də ABŞ-ın Mərkəzi Asiyadakı fəaliyyətinin konsepsiyasına (xüsusilə də Çinin iqtisadi ekspansiyası şəraitində) tam uyğun gəlir. Abe də Kerri kimi Mərkəzi Asiyanın 5 ölkəsinə baş çəkib və bildirib ki, Tokio regionda energetika, kimya sənayesi, logistika, qaz yataqlarının işlənməsi, metal, atom sənayesi, səhiyyə, innovasiya, kənd təsərrüfatı sahələrinə milyardlarla dollar sərmayə qoymağa hazırdır. Yaponiyanın tam olaraq neft, qaz və kömür idxalından asılılığını, özünün AES şəbəkəsi üçün urana ehtiyacı olduğunu, üstəlik də, Çin tərəfindən getdikcə Asiya-Sakit okean regionundan sıxışdırıldığını nəzərə alsaq, Tokionun bu sərmayələrdən hansı xeyir güddüyü aydın olur. Yaponiya üçün Asiyanın enerji bazarlarına sərmayələri artırmaq və Çinin "İpək Yolu" təşəbbüsünün regionda aparıcı layihəyə çevrilməsinə imkan verməmək çox vacibdir. Özü də bunun üçün Tokioda bütün region, xüsusilə də Qazaxıstan üçün maraq kəsb edən "yağlı tikə" də var - texnologiyalar.
Vaşinqton da regionda humanitar iştirakını gücləndirmək qərarına gəlib. Kerri Bişkəkdə Amerika Universitetinin Mərkəzi Asiyada yeni kampusunun açılışında iştirak edib. Ağ Ev yeni peşəkar və təhsil mübadilələri, ingilis dili üzrə regional təşəbbüslər, həmçinin mədəni irsin qorunması üçün yeni layihələr təklif edir. Kerrinin dediyi kimi, "təhsil - bir çox problemlərin həllinin açarıdır". Düzdür, hazırlanan kadrların peşəkar həddə gəlməsi üçün bir qədər gözləmək lazım gələcək, amma amerikalılar gözləməyə hazırdırlar. Bu isə bir daha göstərir ki, onlar regionu tərk etmək niyyətində deyillər.
Beləliklə, Ağ Ev Rusiya və Çinə açıq mesajlar verir. Kerri səfəri zamanı istərsə Avrasiya İqtisadi Birliyi, istərsə də "İpək Yolunun İqtisadi kəməri"ni heç yada da salmayıb. O daim təkrarlayıb ki, amerikalılar ümumi layihə - şimaldan cənuba gedən Yeni ipək yolu layihəsinin yaradılması üzərində işləyirlər. Amerikalılar Rusiyaya bir daha xatırladıblar ki, Vaşinqton Mərkəzi Asiyanı "Amerika diplomatiyasının prioritet istiqamətlərindən biri" kimi qəbul etmək konsepsiyasından imtina etməyəcək. Regionda hərbi iştirakını azaltsa da, ABŞ bölgədəki ölkələrə donor yardımı, həmçinin müəyyən hərbi-texniki yardımını davam etdirir. Və belə bir şəraitdə regionun bəzi ölkələri iki fövqəldövlət arasındakı ziddiyyətlərdən öz maraqları naminə istifadə edə bilərlər. Kerri, az qala, açıq şəkildə göstərib ki, Mərkəzi Asiya ölkələrinin Moskva ilə hansı səviyyədə müttəfiq olduqlarını, Ukrayna hadisələri və "İslam Dövləti"nə qarşı mümkün koalisiya məsələsində Rusiyaya nə qədər dəstək verə biləcəklərini, həmçinin Kremlin başının Donbas və Suriyaya qarışdığı bir vaxtda ruslara əlavə problem yaratmamaq iqtidarında olub-olmadıqlarını testdən keçirmək niyyətindədir. Özü də ABŞ üçün Mərkəzi Asiyadan uzaqda yerləşməsi çox əlverişli görünür. Çünki ümumi sərhədlər həm də ümumi təhlükə deməkdir və Rusiya üçün Tacikistan-Əfqanıstan sərhədini qorumaq yalnız regionda dominantlıq sayılmır, bu, həm də özünün təhlükəsizliyinin təminatı məsələsidir. Odur ki, Rusiya daha çox şeyi qurban vermək məcburiyyətindədir.
Öz növbəsində Mərkəzi Asiya ölkələri, təbii ki, manevr imkanları əldə etmək istəyirlər. Tərəflərdən biri ilə daha sıx əməkdaşlıq bu imkanın itirilməsi və məngənəyə düşmək deməkdir. Bu prosesdə əsas məsələ - xarici oyunçulara buranı "oyun meydanına" çevirməyə imkan verməmək, bir də özlərinin uzunmüddətli maraqlarını qısamüddətli maraqlarla səhv salmamaqdır.
Baxın, ABŞ-ın belə bir "geosiyasi zəifliyi" var - Vaşinqton Mərkəzi Asiyanı "Böyük Mərkəzi Asiya" şəklində qəbul edir, onun mərkəzində isə Əfqanıstanı görür. Amma bu cür yanaşma regionun tarixi, coğrafi, mədəni xüsusiyyətlərini nəzərə almamaq deməkdir. Bundan başqa, ABŞ çox vaxt Mərkəzi Asiya ölkələrilə ikitərəfli münasibətlərdəki nüanslara lazımi diqqət yetirmir. Məsələn, yuxarıda qeyd etdiyimiz CASA-1000 layihəsi regionun hidroenerji resurslarından rasional istifadə ilə bağlı mübahisələri gücləndirə bilər. Bu mübahisələrsə o qədər ciddidir ki, gec-tez münaqişəyə də yol aça bilər.
Pekin Moskvaya region üzərində hərbi-siyasi nəzarəti saxlamağa imkan verir. Çünki Pekin yaxşı bilir ki, Rusiya iqtisadi sahədə Çinlə rəqabət apara bilməyəcək. Və hələlik bu "hiyləgər" Asiya ittifaqı regionda Çinlə Rusiyanın birgə mövcudluğunu az-çox təmin edir. ABŞ isə öz oyununu oynayaraq həm Rusiya, həm də Çinlə rəqabətə girmək istəyir və bunu etmək gücündədir. Üstəlik, Yaponiyanın timsalında göründüyü kimi, lazım olanda Vaşinqton bu oyuna digər oyunçuları da cəlb edə bilir. Türkiyə ilə İranın başı hələlik Yaxın Şərqdəki proseslərə qatışıb, amma yəqin ki, onlar da tezliklə Mərkəzi Asiyada başlamış "Böyük oyuna" qoşulmaq istəyəcəklər. Nəhayət, maraq doğuran daha bir sual da var - görəsən, Hindistan bu bloklardan hansı ilə yaxınlaşmağa qərar verəcək?
MƏSLƏHƏT GÖR: