13 Mart 2025

Cümə axşamı, 06:56

STATUS MÜBARİZƏSİ

Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi ona beynəlxalq təcriddən qurtulmaq və Qərbə əməkdaşlıq təklif etmək imkanı verib

Müəllif:

10.11.2015

Ötən əsrin 80-ci illərinin əvvəllərində Sovet İttifaqı dərin sosial-iqtisadi böhrana qədəm qoymuşdu. Bu, özünü keçmiş ittifaqdakı həyat səviyyəsində və keyfiyyətində açıq şəkildə büruzə verirdi: SSRİ insan ömrü, ölüm sayı, əhalinin mal və xidmətlər təmini sahələrində nəinki inkişaf etmiş kapitalist ölkələrindən, hətta bir çox inkişaf etməkdə olan dövlətlərdən də geri qalırdı. Lakin Sovet liderləri nəinki xaricdə hərbi bazaların saxlanılmasına, dost regionların dəstəklənməsinə və digər fövqəldövlət atributlarına xərcləri azaltmamış, əksinə onları artırmışdı. SSRİ Cənub-Şərqi Asiyada, Mozambikdə, Anqolada, Yəməndə, Nikaraquada və s. hərbi-siyasi fəallığını daha da gücləndirmişdi. Bu fəallığın son bəndi isə Əfqanıstan olmuşdu.

26 dekabr 1991-ci ildə SSRİ dağıldı. 1992-ci il yanvarın 13-də Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının SSRİ ilə bağlanmış bütün müqavilələrin icrasını davam etdirmək, onun öhdəliklərini yerinə yetirmək hüququnu əldə etdiyini açıqladı. Dünya birliyi də Rusiya Federasiyasını SSRİ-nin davamçısı statusunda qəbul etdi.

Beləliklə, sosial blok dağılmışdı, ayrı-ayrı "dostların" və dostluğa namizədlərin iqtisadiyyatını dəstəkləmək üçün pul yox idi. Amma bu, Rusiyanın "fövqəldövlət" olmaq arzusunu aradan qaldırmamışdı. Jurnalist və politoloq Vitali Tretyakov deyirdi ki, "Yeltsinin dövründə, Rusiyanın dövlət büdcəsi layihəsinin təsdiqlənməsi üçün Vaşinqtona gedilən zaman ABŞ Rusiyanı böyük fövqəldövlət adlandırırdı". Onun fikrincə, amerikalılar şöhrətpərəst Yeltsini məmnun etməklə, məhz istədiklərini almağa çalışırdılar.

Elə təəssürat yaranırdı ki, ikiqütblü dünyada yeri olmayan yeni oyun qaydalarını Vladimir Putin də qəbul edir. O, 2013-cü ildə Federal Şuraya müraciətində Rusiyanın "fövqəldövlət" statusuna iddialı olmadığını açıq şəkildə dilə gətirərək bu statusun məğzini də açıqlamışdı: beynəlxalq və ya dini hegemonluğa iddia. "Xidmətçi politoloqlar" isə dərhal bu fikrin altındakı "nəzəri bazanı" açıqlamışdılar: indi Rusiyanın nəinki təkcə qlobal fövqəllayihəsi, buna onun nə vaxtı, nə də arzusu belə yoxdur.

Amma gərək ABŞ prezidenti Barak Obama buna inanaraq, cəmi bir neçə ay sonra - 2014-cü ilin martında Rusiyanın "regional fövqəldövlət"ə çevrildiyini bəyan etməyəydi. Obama düşünürdü ki, indi Moskvanın gücü yalnız onun sərhədləri daxilində yetərlidir. Bu, ABŞ prezidentinin məsləhətçilərinin gəldiyi səhv nəticə idi. Onlar hesab edirdilər ki, artıq Rusiya liderinə psixoloji, həmçinin təbliğat sahəsində təzyiq göstərməyin zamanıdır.

Putin üçün isə bu, birbaşa çağırış idi və Rusiya prezidenti bu çağırışı qəbul etdi. Rusiya qısa zamanda özünü fövqəldövlət kimi təsdiqləmək üçün uğursuz da olsa, bir neçə addım atdı. Ukrayna hadisələri dünya birliyi tərəfindən qəti etirazla qarşılandı. Üstəlik, bu, sadəcə, postsovet ərazisidir. Çinlə münasibətləri lazımi istiqamətdə inkişaf etdirmək mümkün olmadı. Avrasiya İqtisadi İttifaqı ilə bağlı proseslər getsə də, çox ləngdir. Üstəlik, Aİİ və Gömrük İttifaqının üzvü olan ölkələrin heç biri Qərb sanksiyaları məsələsində Rusiyaya dəstək verməyib. Nəhayət, çoxları üçün gözlənilməz olan Yaxın Şərq hadisələri.

Rusiya liderinin hələ iyunda Beynəlxalq İqtisadi Forumda səsləndirdiyi fikirlər, əslində, Qərb analitikləri üçün ciddi siqnal olmalı idi: "Daim öz standartlarını, qərarlarını bizə qəbul etdirməyə çalışırlar. Bunu bizim maraqlarımıza, anlayışlarımıza uyğunlaşdırmadan edirlər. Əslində, bizə deyirlər ki, Birləşmiş Ştatlar sənə nə lazım olduğunu daha yaxşı bilir. İmkan verin öz maraqlarımızı, tələbatlarımızı öz tariximizdən, mədəniyyətimizdən çıxış edərək, özümüz müəyyənləşdirək". Məsələnin maraqlı tərəfi ondadır ki, Putin bu fikirləri yalnız Ukrayna hadisələri kontekstində söyləməyib. O, eyni zamanda ABŞ-ın İraq və Suriyada "İslam Dövləti" terror təşkilatı ilə uğursuz mübarizəsi haqda da danışırdı.

Odur ki, Qərb dairələrinin Rusiyanın Suriyada başladığı əməliyyatları "şok", "təəccüblü" adlandırması qəribədir. Ekspertlər Rusiya Hava-Kosmik Qüvvələrinin bombardmanının effektivliyinə şübhə ilə yanaşsalar da, Moskvanın bitmək bilməyən münaqişəyə müdaxiləsi ona beynəlxalq təcriddən çıxmaq, Qərbə əməkdaşlıq təklif etmək imkanı verib. Üstəlik, o bunu əl açaraq deyil, gücünü göstərərək edib. Rusiya Qərbi əməkdaşlığa məcbur etməyə nail olub. İndi onların ümumi strategiyası olmasa da, koordinasiyası var. Onlar hər iki tərəfi qane edəcək nöqtələrin axtarışındadırlar. Suriya problemilə bağlı danışıqlar, demək olar ki, fasiləsiz şəkildə davam etdirilir: Lavrov və Kerri bu münaqişənin həlli yollarını telefon vasitəsilə hər gün müzakirə edirlər. Suriya böhranının həllilə bağlı oktyabrın 30-da keçirilmiş toplantıya İranın dəvət olunmasını da Moskvanın qələbəsi kimi qiymətləndirmək mümkündür.

Bəs, hazırkı məsləhətləşmələr Rusiyanın ABŞ və müttəfiqlərilə tamhüquqlu əməkdaşlığına çevriləcəkmi? Xüsusilə Qərb buna gedəcəkmi? Vaşinqton Moskva ilə, çətin ki, geniş əməkdaşlığa getsin. Buna bir sıra amillər, o cümlədən Ukrayna hadisələri mane olur. Bu ölkədə baş verənlərin Suriya müharibəsilə heç bir əlaqəsi olmasa da, orada vəziyyətin yaxşılaşması və ya pisləşməsi Rusiyanın Suriyadakı əməllərinə münasibətə birbaşa təsir göstərəcək.

Bunun üçün Rusiya tərəfindən də buna meyil görünmür. Çünki terrorun təhlükəsi haqda bütün danışıqlarda Kreml əsas təhlükə kimi "rəngli inqilab"ları görür. Bu, ölkənin ötən ilin dekabrında təqdim olunmuş milli hərbi doktrinasının yeni redaksiyasında da əksini tapıb. Qeyd edək ki, Moskva bu inqilabları birbaşa Qərbin əməli sayır.

Hələlik müəyyən əminliklə yalnız bir iddia irəli sürmək olar: bir ay əvvəl hər kəsin qaçılmaz saydığı yeni "soyuq müharibə"dən qaçmaq mümkün olub. Rusiyanın beynəlxalq münasibətlər sahəsində aparıcı mütəxəssislərindən olan akademik Aleksey Arbatov da bu fikirdədir. O, bu fikrini bir müddət əvvəl keçirilmiş Rusiya-Amerika münasibətlərinin müzakirəsi zamanı da səsləndirib.

Onun fikrincə, Suriyada yaşananlar hazırkı vəziyyətlə "soyuq müharibə" illəri arasındakı bütün fərqləri üzə çıxarıb. Həmin illərdə Yaxın Şərqdə bölgü tam aydın idi - SSRİ ərəb ölkələrini, ABŞ isə İsraili dəstəkləyirdi. Bu gün belə bölgü yoxdur.

Yaxın Şərqdəki hər bir münaqişə - 1956-57-ci illərin Süveyş böhranı, 1963-cü ildəki altıgünlük müharibə, 1973-cü ildə baş vermiş "Qiyamət günü müharibəsi" SSRİ ilə ABŞ-ı birbaşa toqquşmanın, üstəlik, nüvə silahından istifadə ilə qarşıdurmanın bir addımlığına gətirmişdi. Amma bununla yanaşı, tərəflər arasında barışığın əldə olunması da daha asan idi - bunun üçün iki fövqəldövlətin razılığa gəlməsi kifayət edirdi.

İndi isə Yaxın və Orta Şərqdə Rusiya ilə ABŞ-ın vahid düşməni var - İD. Onların ümumi dostları da yox deyil - İraq, İsrail. Doğrudur, "Cabhat ən-Nusra"ya münasibət kimi, qeyri-müəyyən məqamlar da qalmaqdadır. ABŞ Suriya kürdlərinə qarşı, ilk növbədə, Türkiyə ilə heç də birmənalı münasibətdə deyil. Vəziyyəti xeyli çətinləşdirən daha bir fakt Rusiya və ABŞ-la yanaşı, Suriya münaqişəsində başqa iştirakçıların da olmasıdır. Üstəlik, onların əsas düşmənləri də fərqlidir. Türkiyə üçün bu kürdlər və Əsəddirsə, Əsəd üçün "Azad Suriya Ordusu" və "Cabhat ən-Nusra" düşməndir. Səudiyyə Ərəbistanı İran və Əsədi özünə düşmən sayırsa, İsrailin əsas düşməni "Hizbullah"dır. İndi "soyuq müharibə" illərilə müqayisədə atəşkəs haqda razılığa gəlmək belə, daha çətindir.

"Münaqişə tərəflərinin hər birinin öz məntiqi var. Üstəlik, bu məntiq "sağlam qüvvələr"in barışığına qarşıdır", - deyə şərqşünas, tarix elmləri doktoru Georgi Mirski bildirir: "Ələvilərin məntiqinə görə, Əsədin hakimiyyətdən uzaqlaşdırılması ələvi icmasının bütün mövqelərinin itirilməsinə aparıb çıxaracaq. Qiyamçıların məntiqi belədir - onların ən mötədili belə, Əsədin başçılıq etdiyi sistemin qalmasına heç cür "hə" demir. Çünki bu halda nəinki əcaib, hətta satqın sayıla biləcəyindən ehtiyatlanır. Rusiya rəhbərliyinin məntiqi isə belədir - Moskva düşünür ki, Əsədin satılması Rusiyanın imicinə böyük zərbə olardı. Rusların fikrincə, bu halda hər kəs Kremlin Amerikanın təzyiqilə "özününküləri satdığını" düşünəcək".

Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyətdə antiterror əməliyyatlarının iştirakçıları bir-birinin ambisiyalarına mane olmadan, üç əsas məsələni həll etməlidirlər: birincisi, onlar əsas düşmən hesab olunan təşkilatı dəqiqləşdirməli, səyləri onun məhvi istiqamətində birləşdirməlidirlər. İkincisi, Əfqanıstan və digər münaqişələrin təcrübəsi göstərib ki, sərhədləri açıq saxlamaqla partizan hərəkatının öhdəsindən gəlmək praktiki olaraq, mümkün deyil. Suriya isə 5 dövlətlə həmsərhəd olduğundan, bütün sərhədləri bağlamaq çətindir. Odur ki, heç olmasa İraqla sərhəd qapadılmalıdır. Bu, İD-nin İraq ərazisində məskunlaşan bölmələrinin məhvinə imkan verər. Üçüncüsü, gələcəkdə Bəşər Əsədlə mötədil müxalifət koalisiyasında yer alan qruplaşmalar arasında atəşkəs haqda razılaşmanın əldə olunması daha real hədəfə çevrilə bilər.

ABŞ prezidenti getdikcə belə qənaətə gəlir ki, Bəşər Əsəd Amerika üçün daha "kiçik şər" sayıla bilər. Bu, xüsusilə İranla münasibətlərin normallaşdırılması fonunda belədir. Axı, Əsədin Qərb qarşısında əsas günahı İranla müttəfiq münasibətləridir. Son zamanlar isə vəziyyət fərqlidir - Tehrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılır, diplomatik münasibətlərin bərpası nəzərdə tutulur və s. Belə olan təqdirdə, Əsədin təhlükəsi nədən ibarətdir? Şübhəsiz ki, Türkiyə və Fars körfəzi dövlətləri bu işdə ciddi müqavimət ortaya qoyurlar. Lakin Rusiyanın münaqişəyə müdaxiləsi vəziyyəti tam dəyişib, kartları qarışdırıb. İndi Obamanın qarşısında başqa dilemma dayanır - o, tarixə Rusiyanı Ərəb Şərqinə buraxmış ABŞ prezidenti kimi düşmək istəyəcəkmi?

"İstənilən halda, Moskva Vaşinqtonla ümumi dil tapmaq istəyirsə, buna demokrat Obamanın hakimiyyətdə olduğu dövrdə nail olmaq lazımdır", - deyə Aleksey Arbatov bildirir: "Xruşşovun Eyzenhaurla, Kennedi ilə, Brejnevin Consonla, Niksonla, yenə də Brejnevin və xələflərinin Karterlə, Reyqanla, Putinin Buş və Obama ilə münasibətlərini xatırlayın. Amerikada hakimiyyətə respublikaçılar gələrsə, Vaşinqtonun bizə münasibəti dəyişəcək. Bəlkə də, müəyyən məsələlərdə onlarla işləmək bizim üçün daha asan olacaq. Onlar insan haqlarından, nüvə silahsız dünyadan, beynəlxalq hüquq qarşısında hər kəsin bərabər olduğundan danışmayacaqlar. Onlar sentimentallığı kənara atıb bizə konkret yanaşacaqlar - bizim təbii sərvətlərimiz, iqtisadi və hərbi potensialımız, nüvə silahımız və s. necə tələb edirsə, o cür. Hər şey aydın, sadə və praqmatik olacaq - sizdə filan-filan şeylər var, bizdə isə filan. Münasibətlər də buna uyğun qurulacaq".

Arbatov haqlıdırsa, Moskvanın Vaşinqtonla razılığa gəlmək üçün 1 il vaxtı qalır.



MƏSLƏHƏT GÖR:

538