Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanlı alimlər, habelə beynəlxalq ekoloji təşkilatların tədqiqatlarına əsasən, son on il ərzində Xəzər hövzəsinin balıq faunasının tükənmə tendensiyası faciəvi miqyas alıb. Nəticə etibarilə, Xəzərdə balıqçılıq iqtisadiyyatın daha çətin və azgəlirli sahəsi olur. Yaranmış vəziyyətdən çıxış kimi dəniz ovçuluğundan süni hovuzlar və sənaye tipli balıqartırma müəssisələrində əmtəəlik balıq yetişdirməyə ardıcıl keçiddə görülür.
"Kənd təsərrüfatı ili" adı altında keçən 2015-ci il müəyyən sahələr üzrə islahatların yeni mərhələsinin reallaşması ilə yadda qaldı. Son dövrlər kənd təsərrüfatının modernləşdirilməsi üzrə səylər bitkiçiliyin strateji mühüm istiqamətlərində istehsalın artımına, ölkədə taxıləkən təsərrüfatların, yüksəkkeyfiyyətli heyvandarlıq komplekslərinin, aqroparkların, ixrac logistika klasterlərinin formalaşmasına, nəhayət, fermerlər üçün müasir texnoloji bazanın yaradılmasına yönəlib. Hərçənd olduqca nikbin fonda milli aqrar sənayenin mühüm istiqamətlərindən biri -balıqçılıq sahəsində nailiyyətləri nisbətən cüzi görünür. Yerli balıqçılıq sahəsinin ciddi çətinliklərlə üzləşməsi artıq birinci il deyil: əsasən, son 7-8 ildə balıqçılar, hətta ilbəil azalan balıq ovu kvotasını doldura bilmirlər. Belə ki, Xəzərdə balıqçılıq sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri 880 ton balıq ovlayıblar. Onlar üçün müəyyənləşdirilmiş kvota isə 1, 295 ton olub. Bununla da, ötən ilin göstəriciləri ilə müqayisədə balıq ovunda 11%-lik artıma baxmayaraq, balıqçılar onlara verilmiş kvotanın ancaq 68%-dən istifadə edə biliblər. Tutulan balığın həcmi ilə bağlı bənzər vəziyyət son illər müşahidə edilməkdədir, həm bu, balıq ovunun ümumi kvotasının həcminin illik azalması fonunda baş verir. Müqayisə üçün: 6 il əvvəl Azərbaycanda balıq ovunun kvotası 2670 ton olub.
"Balıq qıtlığının" səbəbi, ilk növbədə, Xəzərin mürəkkəb ekoloji vəziyyəti ilə bağlıdır.
Dənizin biomüxtəlifliyinin azalmasına qapalı hövzədə uzun illər boyu balıq ovlanması və karbohidrogenlərin nəqli, o cümlədən hövzəyə axan bütün çayların mənbələrinin təsərrüfat məqsədilə istifadə olunması təsir göstərir. Bu isə öz növbəsində balıqların kürü tökmələri üçün yerlərin də xeyli azalmasına səbəb olub. Xəzərdə müxtəlif yad balıqların, məsələn, ovluq balıqların balalarını və onların yem bazalarını (planktonlar) qida kimi istifadə edən daraqlı (mnemiopsis leidyi) yırtıcı da müşahidə edilən mənfi vəziyyətə öz töhəsini verib. Ötən 15 ildə Xəzər dənizində zooplanktonların həcmi 10 dəfə, habelə qida zəncirinin mühüm elementlərindən olan - kilkə azalıb. Öz növbəsində bu, nərə və kilkə ilə qidalanan qiymətli növlərin sayının dəfələrlə azalmasına gətirib çıxarıb. Son iyirmi il ərzində bütün sahilyanı dövlətlər balıq ovunun kvotasını artırmaqla daim xətaya yol veriblər. Bununla bərabər, Xəzərin balıq faunasının əsas hissəsinin çoxaldığı və qidalandığı hissədə - dənizin şimal sektorunda brakonyerlərin fəaliyyəti bu sahəyə daha böyük ziyan vurub. Mütəmadi olaraq sahilyanı dövlətlərin qəbul etdikləri beynəlxalq razılaşmalar və qabaqlayıcı tədbirlərinə baxmayaraq, brakonyerlərin fəaliyyətinin miqyasını heç cür məhdudlaşdırmaq olmur. Bununla belə, pirat balıq ovu artıq çoxdan transsərhəd xarakteri alıb: son illər ərzində qonşu dövlətlərin sərhədyanı zonalarında qanunsuz balıq ovu ilə məşğul olan Qazaxıstan. Rusiya, Azərbaycan və Türkmənistan vətəndaşlarına dəfələrlə cinayət işi açılıb. Lakin brakonyerlik problemini sektoral səviyyədə həll etmək mümkün deyil. Region dövlətləri görülən tədbirləri lazımi qaydada koordinasiya etsəydilər və təbiəti mühafizə sahəsini tənzimləyən vahid normativ aktlar tətbiq etsəydilər, görülən tədbirlərin səmərəliliyi daha yüksək olardı. Müvafiq olaraq, ilbəil balıq ovunu azaldan və müəyyənləşdirilmiş kvotanı seçməyən yerli balıqçılıq təşkilatlarının heç də hər zaman hesabatlılıq məsələlərində şəffafflığa riayət etmədiklərini də istisna etmək olmaz. Belə olan halda ovlanmış balıqların müəyyən hissəsi iqtisadiyyatın kölgəli sektoruna yönəlir və sadəcə olaraq, Dövlət Statistika Komitəsinin məlumatlarında qeydə alınmır.
Azərbaycanda dəniz ovçuluğunun problemləri balıqçılıq təsərrüfatlarının nisbətən zəif texniki təchizatı ilə bağlı olduğu tamamilə aydındır. Keçmişdə - balıq ovunun həcmi ildə, təxminən, 21 min ton olan vaxtlarda - 1940-1950-ci illərdə Azərbaycanda dənizdə uzun müddət qala bilən və sahildən uzaq məsafədə üzməyi bacaran ixtisaslaşdırılmış balıqçılıq gəmiləri ilə təchiz edilmiş 32 kolxoz-sovxoz fəaliyyət göstərirdi. Lakin bu gün yerli balıqçıların böyük əksəriyyəti siyənək, kütüm, kefal, çapaq, xəşəm balıqlarını, əsasən, taxta barsaklar və ya asma mühərrikli katerlərlə ovlayırlar. Mövcud qaydalara görə, bu cür üzgüçülük vasitələrindən istifadə etməklə, ov etmək ancaq sahil zonasından iki mil məsafə çərçivəsində icazə verilir. Bununla belə, təhlükəsizlik baxımından küləyin sürəti 13 m/saniyəni aşmırsa, dənizə çıxmaq olar. Lakin əksər ovçuluq komandaları bu qaydalara riayət etmirlər və Xəzərdə tez-tez baş verən fırtınaları nəzərə alaraq, bu, çox vaxt balıqçıların ölümü ilə nəticələnir. Yerli balıqçıları dənizdə daha da uzaq məsafələrə getməyə vadar edən səbəb Azərbaycanın sahil zonasında balıq ehtiyatlarının qıtlığı ilə bağlıdır. Dənizin səviyyəsinin qalxması və axınların istiqamətinin dəyişməsi ilə balıqların populyasiyasının böyük hissəsinin miqrasiya marşrutları daha dərin yerlərdə, xüsusən daha zəngin yem bazası olan Xəzərin şimalına köç ediblər. Xəzər dənizi arealında ovun həcminin azalması daha da nəzərə çarpan amil olur. Bu cür mənfi halların qarşısını almaq məqsədilə 2011-ci ildə Xəzəryanı dövlətlər nərə balıqlarının sənaye ovuna moratorium tətbiq etdilər. Bu balığın ovu ancaq elmi tədqiqat məqsədləri və süni balıqartırma üçün icazə verilir. Bu ilin may ayında Sankt-Peterburqda keçirilən Xəzər dənizinin su bioresurslarına dair Komissiyanın 35-ci iclası çərçivəsində Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nərə balıqlarının ovuna qoyulan qadağanı 2015 və 2016-cı illərdə də davam etdirmək barədə razılığa gəliblər. Bu komissiya digər növ balıqların da kommersiya ovu üçün milli kvotaları da tənzimləyir.
Hələ əvvəl Xəzərin təbii resurslarının kritiki vəziyyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını (FAO) Mərkəzi Asiya, Qafqaz regionu, Rusiya və İran üçün balıq təsərrüfatına dair xüsusi komissiya yaratmağa vadar edib. Bununla bərabər, FAO-nun əsas vəzifəsi bu təbii resursun azalmasını nəzərə almaqla, balıq ovunun həcmini məhdudlaşdırmaqda dünya dövlətlərini stimullaşdırmaqdır.
Dəniz ovuna alternativ olaraq müasir balıqartırma təsərrüfatlarının yaradılması və balıq ovundan bərpaolunan bioresursların işlənib hazırlanmasına keçid olmalıdır. Dünya Bankının uzunmüddətli proqnozlarına "FISH TO 2030. Prospects for Fisheries and Aquaculture" əsasən, 15 ildən sonra balıqartırma müəssisələrində istehsal dünyanın balıq və dəniz məhsullarına olan tələbatının 62%-ni ödəyəcək. Ənənəvi balıq ovu isə 38% təşkil edəcək. Müqayisə üçün: 2009-cu ildə süni balıq artırmaq tələbatının ancaq 45%-ni ödəyirdi, qalan isə ovun payına düşürdü. Bu qlobal trend dünyanın inkişaf etmiş ölkələrində artıq çoxdan dominantlıq edir. Belə ki, Skandinaviya ölkələri artıq uzun illərdir somğa, qızılbalıq, alabalığın ixracı üzrə liderlik edirlər, İsrail isə kibutslarda (k/t icmaları) supermüasir müəssisələr tikərək, qara kürü və nərəkimilərin aparıcı istehsalçıların sırasında daxil olub. İri balıqartırma kombinatları Fransa, İtaliya, ABŞ, Yaponiya və Türkiyədə yaradılıb. Bu yaxınlarda qonşu İran da bu istiqamətə yön alıb, bununla belə, əsas diqqət Xəzər nərəsinin süni artırılmasına ayrılır. İslam ölkəsi nərəkimilərin ətinin istehsalını ildə 10 min tondan 20 min tona, qara kürünü 3 tondan 100 tona qədər artırmağı planlaşdırır. Xəzərdən qonşumuz olan - Türkmənistandan da bu yolla balıqçılıq sahəsini artırmaq istəyir. Cari ilin sentyabr ayında Türkmənbaşı liman şəhərində "Xazar balık" ASC - regionda ən iri kompleksin açılış mərasimi baş tutdu. Burada 100 tona qədər nərə və 2 ton qara kürü, habelə 10 milyon konservləşdirilmiş məmulat istehsal ediləcək. Son illər balıqartırma təsərrüfatlarının inkişaf tendensiyası Azərbaycanda da hiss olunur. Ölkədə bu cür təsərrüfatların sayı cəmi 11-dir. Hərçənd onlardan 4-ü bilavasitə Xəzərin balıq faunasının ən qiyməti sərvəti - nərəkimilərin artırılması üçün fəaliyyət göstərirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən, son 10 ildə ölkənin su hövzələrinə qiymətli nərə cinsli və qızıl balıq körpələri daxil olmaqla, təxminən, 5 mlrd. ədədə yaxın balıq buraxıb. Təkcə ötən il 390,2 mln. ədəd vətəgə əhəmiyyətli balıq körpələri ölkənin çaylarına və digər su hövzələrinə buraxılıb. Qəbələ və Çaykənd balıqartırma zavodlarının fəaliyyəti xüsusi diqqətəlayiqdir. Onlar artıq on beş ildir qiymətli Xəzər qızılbalığı və alabalıq körpələrini yetişdirirlər. Lakin cari ildə Qəbələ Qızılbalıq yetişdirmə zavodu ilk dəfə şirin su hövzəsində xallı nərə balıq yetişdirəcək.
Lakin bahalı nərə və qızılbalıq cinsləri istisna edilərsə, əmtəə balığının münasib qiymətə olan əsas həcmi Şəki, Zaqatala, Qəbələ, Mingəçevir, Neftçala, Salyan, Şəmkir, Lənkəran, Masallı və Naxçıvan MR-in bir sıra fərdi təsərrüfatlarında istehsal olunur. Burada süni göl və nohurlarda qalıalın, ağ amur, sazan, karp, çapaq və kütüm balığının əmtəə istehsalı həyata keçirilir. "Damba" balıq təsərrüfatlarının texniki təşkili son dərəcə bəsit xarakter daşıyır, lakin məhz onların məhsulu Bakının yarmarka və ticarət şəbəkələrində reallaşdırılan (satılan) balıqların əsasını təşkil edirlər. İl ərzində göl balıqçılıq təsərrüfatları 350 tona qədər əmtəə balığı yetişdirirlər, lakin bu, daxili tələbatı şübhəsiz, ödəmir. Buna paytaxt bazarlarında və ticarət şəbəkələrində nəzərəçarpacaq azalmış çeşidləri müşahidə edərkən əmin olmaq olar. Yerli dəniz və göl balıqlarını mağazaların piştaxtalarında daha çox idxal edilən dondurulmuş skumbriya, putassu (patussi deyil/ treska ailəsinə aid balıq növü), hek, panqasius (panqus tapılmadı) xanı balığı və s. əvəz edirlər. Bununla belə, bu idxal edilən məhsulların bir hissəsi artıq çoxdan yerli balıq kombinatlarının fəaliyyət göstərməyən istehsal obyektlərində emal edilir və qablaşdırılır. Ona görə də artıq çoxdan, ilk növbədə, istehsalın müasir sənaye üsulları tətbiq olunmaqla, kiçik və orta balıqartırma təsərrüfatlarında istehsal həcminin artırılması zərurəti yetişib. Azərbaycanda kürüdən, körpə balıqlardan əmtəə balıqlarına qədər - bütün texnoloji zənciri təchiz edən yeni müasir balıqartırma zavodlarına son dərəcə tələbat duyulur. Vaxtı çatmış problemin həllinə Milli Məclisin ötən ilin iyun ayında "Balıqçılıq haqqında" qanuna etdiyi düzəlişlərin kömək edəcəyinə ümid etmək qalır. Ümumilikdə, bu sahəni tənzimləyən qanunvericiliyə 120 düzəliş əlavə olunub, onların sırasında ölkədə müasir balıqartırma komplekslərinin inkişafına təkan verməyə yardım edən maddələr də yer alıb.
MƏSLƏHƏT GÖR: