Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Qaz İxracatçıları Ölkələri Forumunun (QİÖF) Tehranda keçirilmiş növbəti sammitində təşkilatın yaradılması zamanı qarşıya qoyulmuş məqsədə çatmaq istiqamətində hər hansı irəliləyiş olmadı. 2001-ci ildə təsis olunmuş qurum 2008-ci ildə beynəlxalq təşkilat statusu qazanıb. Və o zamandan bu qurumu "qaz OPEK"i adlandırsalar da, təşkilat bu statusu doğrulda bilməyib. Hətta təşkilati baxımdan belə QİÖF-in 12 üzvü (Rusiya, Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, BƏƏ, Trinidad və Tobaqo, Ekvatorial Qvineya) 2008-ci ildən bəri cəmi 3 dəfə bir araya gəliblər.
QİÖF ölkələri liderlərinin son görüşündə qəbul edilmiş qətnamə də qaz sahəsində əməkdaşlığın nominal xarakterini göstərdi. Amma Tehrandakı sammitdə əsas diqqət RF prezidenti Vladimir Putinin iştirakına yönəlmişdi. Və bu da təbiidir - Rusiya dünyada ən böyük təbii qaz ixracatçısıdır və bu statusu itirmək niyyətində deyil.
V.Putinin sözlərinə görə, Rusiya yaxın 20 ildə qaz nəqlini 40% artırmaq fikrindədir. Çünki dünyada qaza olan tələbatın sabit şəkildə artımı bunu tələb edir. Tehrandakı forumda çıxış edən V.Putin bildirib ki, "qaz - ən əlçatan, iqtisadi baxımdan əlverişli və ekoloji cəhətdən təmiz yanacaq növüdür. Dünyada ona olan tələbat neft və digər enerji resursları ilə müqayisədə daha sürətlə artır. Proqnozlara görə, 2040-cı ildə qaza olan qlobal tələbat 32% - az qala, 5 trln. kubmetrə qədər artacaq". Odur ki, Rusiya qaz ixracını, həmçinin özünün maye qaz bazarındakı payını da artırmaq niyyətindədir.
Rusiya prezidentinin dediyinə görə, Rusiya "maye qazın ixracını 60 mln. tona qədər artırır, bu isə dünya bazarındakı hazırkı 4%-dən 13%-ə qədər artım deməkdir".
Amma bu cür ambisiyalı planlar həm müvafiq sərmayə, həm də layihələrin xərcini ödəyəcəyinə dair dəqiq zəmanət tələb edir. Bunu nəzərə alan V.Putin qaz istehlakçılarını mövcud riski istehsalçılarla bölüşməyə çağırıb: "Enerji təhlükəsizliyi üçün hamı bunun haqqını ödəməlidir - həm ixracatçı, həm də alıcı ölkələr. Bu həm ədalətli olar, həm də bazar münasibətləri ruhuna uyğundur". Odur ki, RF prezidenti qaz bazarında sabitlik naminə hamını uzunmüddətli müqavilələrdən və "take-or-pay" şərtlərindən imtina etməməyə çağırıb.
Amma Rusiyanın Asiyaya qaz ixracı ilə bağlı problemlər olmadığı halda (Pekinlə yeni qaz müqaviləsi və Çinə qaz nəqlini nəzərdə tutan "Sibir gücü" boru xəttinin çəkilməsi üzərində iş davam edir), Avropa və Türkiyə istiqamətlərində olan sualların sayı gündən-günə artır.
Unutmaq lazım deyil ki, Türkiyə ilə bağlı açıqlamanı V.Putin Türkiyə-Suriya sərhədində türk HHQ tərəfindən Rusiyanın SU-24 qırıcısının vurulmasından bir gün əvvəl vermişdi. Bu insident, təbii ki, RF ilə Türkiyə arasındakı iqtisadi əməkdaşlığa təsirsiz ötüşməyəcək və "Türkiyə axını" layihəsini uzun müddətlik "kənara qoyacaq". Hərçənd, bu layihənin taleyi onsuz da sual altında idi - əvvəlcə bu boru xəttinin ötürücülük gücünün 63 mlrd. kubmetr olacağı (onun 47 mlrd. kubmetri Avropaya ötürülməli idi) nəzərdə tutulsa da, sonradan bu rəqəm 32 mlrd. kubmetrə qədər "arıqladı". Bundan başqa, layihə ilə bağlı yekun sövdələşməyə Türkiyənin yeni hökumətinin formalaşmasından sonra imza atılacağı gözlənilirdisə, təyyarə qalmaqalından sonra "Türk axını"nın perspektivinin uzun müddətə "dondurulduğu" şübhə doğurmur.
Digər tərəfdən şimal istiqamətindəki "Şimal axını-2" yeni boru xətti ilə ixracat gücünü artırmaq istəyi Aİ-nin müqavimətilə üzləşir. Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin sözlərinə görə, "Nord Stream II" qaz borusunun tikintisi Avropa İttifaqının maraqlarına cavab vermir. "Avropa İttifaqı yalnız o layihələrə dəstək verəcək ki, onlar Enerji ittifaqının əsas prinsiplərinə zidd deyil. Avropa müəssisələrinin təhlükəsiz və davamlı təchizatı üçün enerji mənbələrinin, təchizatçının və marşrutların diversifikasiyası çox vacibdir. Buna görə də, "Nord Stream" layihəsi heç də hamını maraqlandırmır və Aİ büdcəsindən maliyyələşdirilməyəcək", - deyə o vurğulayıb. Avrokomissarın sözlərinə görə, Rusiya qaz boru kəməri Avropa İttifaqını yeni qaz mənbələri ilə təmin etməyəcək. "Əksinə, bununla, biz qaz təchizatı məsələsində Rusiya ilə daha sıx əməkdaşlığa meyillənəcəyik", - deyə Şefçoviç qeyd edib. Eyni zamanda o deyib ki, Aİ vacib tranzit ölkə kimi Ukraynada çox maraqlıdır.
QİÖF mövzusuna qayıdaraq qeyd etmək lazımdır ki, dünya qaz ehtiyatlarının 70%-i və onun ixracının 45%-i məhz bu təşkilata üzv ölkələrin payına düşür. Amma məsələ ondadır ki, təşkilat üzvləri çox fərqli məqsədlər güdürlər. Və bu amil də onların ixracat həcmi və qaz bazarında qiymətlər kimi həlledici məqamlarda eyni cəbhədən çıxış etməsinə imkan vermir. Məsələn, RF əsasən qaz boruları ilə daşınan qaz ixracı ilə məşğuldursa və bununla da, özünün bazarını daha çox Avropa ilə məhdudlaşdırırsa, Qətər əsas diqqəti maye qazına yönəldib və bu, ona "mavi yanacağı" dünyanın istənilən nöqtəsinə çatdırmağa imkan verir. Və ya, İran nəhəng ehtiyatlar və emal həcminə rəğmən, özünün ixracat potensialını tam aça bilmir. Odur ki, Qətər üçün qlobal qaz bazarında qiymətlərin tənzimlənməsi o qədər də vacib məsələ deyil, bu ölkə qiymətlərdən asılı olaraq ixracat istiqamətlərini istədiyi an dəyişə bilər.
Qiymətlərin mütləq tənzimlənməsinin lehinə, ilk növbədə, Rusiya və İran çıxış edirlər. Moskva üçün bu Aİ-nin ənənəvi bazarlarına təzyiq imkanı deməkdir, axı, Rusiya məhz qiymət məsələsində tez-tez güzəştə getməli olur. Avropanın əksər ölkələri qaz qiymətlərinin formalaşdırılması zamanı yalnız neft və neft məhsullarının dünya bazarlarındakı qiyməti deyil, həm də maye qazının kotirovkalarının əsas götürülməsinə nail olublar. Qlobal qaz bazarına çıxmağa hazırlaşan İran da alıcılara əlavə təsir imkanları əldə etmək istəyir. Xüsusilə də nəzərə alsaq ki, bu cür nəhəng qaz ixracatçılarının qazdan siyasi məsələlərin həllində bir vasitə kimi istifadə etməsində qeyri-adi heç nə yoxdur.
Yaxın illərdə qaz ixracatının artımı perspektivi baxımından, Azərbaycan da QİÖF çərçivəsində tənzimləmədə maraqlıdır. Amma bu zaman Bakı ehtiyatlı davranış modelini əsas götürüb. QİÖF ölkələri liderlərinin üçüncü sammitində Azərbaycan təşkilatda müşahidəçi statusu qazandı və Oman, Niderland, Peru, Norveç, Qazaxıstan və İrana qoşuldu. Bu, ilk növbədə, Azərbaycana qaz sahəsindəki istənilən yeniliklərlə tanış olmaq, ikincisi isə qaz tranzitinə dair öz imkanlarını nümayiş etdirməyə imkan verir. Təsadüfi deyil ki, artıq Tehran sammiti zamanı Azərbaycanın energetika naziri Natiq Əliyev region ölkələrinə neft və qaz ixracı zamanı ölkənin infrastrukturlarından istifadə etmək təklifini irəli sürüb. Azərbaycanlı nazir qeyd edib ki, qaz ixrac edən ölkələr üçün Trans-Anadolu qaz borusuna (TANAP) qoşulmaq olduqca əlverişli olardı.
Qlobal baxımdan, QİÖF yaxın illər ərzində, çətin ki, OPEK-in analoquna çevrilsin. Yuxarıda qeyd etdiyimiz kimi, təşkilat üzvlərinin məqsədi və siyasi niyyətləri çox fərqlidir. Üstəlik, dünyada bu cür ittifaqın əleyhinə çıxanlar da az deyil - söhbət, ilk növbədə, qaz istehlakçıları olan ölkələrdən gedir. Brüssel və Vaşinqton əvvəldən qaz qiymətinin tənzimlənməsinin məqsədəuyğun olmadığını bəyan ediblər. Onların fikrincə, bu qiymətlər yalnız bazar metodları ilə formalaşmalıdır.
Amma tərəflər, hətta qaz qiymətinin tənzimlənməsi mexanizminə dair ümumi məxrəcə gəlsələr belə, Azərbaycan üçün özünün müşahidəçi statusunu bərabərhüquqlu üzvlüyə dəyişmək əlverişli deyil. Və bu zaman RF, İran, Qətər kimi nəhəng oyunçular üçün qazın həcmini 10-20-30 mlrd. kubmetr azaltmaq nisbətən ağrısız prosesdirsə, Azərbaycan üçün hətta 5 mlrd. kubmetr azaltma belə ağır nəticələr verə bilər.
Bundan başqa, qaz bazarının xüsusiyyətlərini də nəzərə almaq lazımdır - burada əvvəlcədən fiksasiya olunmuş həcmə dair uzunmüddətli müqavilələr üstünlük təşkil edir. Və ixrac olunan qazın həcmindəki azalmalar istehlakçının gözündə imicin pisləşməsilə yanaşı, müqavilə şərtlərinə əməl edilməməsinə görə konkret məhkəmə iddialarına da yol aça bilər. Üstəlik, beynəlxalq iqtisadi sistemdəki dəyişikliklərin spesifikasiyası da göstərir ki, enerji resurslarının qiymətlərinin formalaşdırılmasına süni təsir etməyin heç bir perspektivi yoxdur. OPEK-də artıq bunu anlayıblar və son illər ərzində orada bazara neft emalının həcmini azaltmaqla təsir etməyə artıq cəhd göstərmirlər. Çünki azalan həcmi dərhal neft kartelinə daxil olmayan ölkələr "konpensasiya edirlər". Nəticədə, neft karteli tərəfindən ixracın azaldılması bazarda "qara qızıl"ın həcminə təsir etmir və uzunmüddətli qiymət artımına gətirib çıxarmır. Həm də istehlakçı-ölkələr son onilliklər boyu enerji qənaəti texnologiyalarını xeyli inkişaf etdiriblər və bu da, obyektiv olaraq, enerji resurslarına tələbatı azaldır.
Bütün bunlarla yanaşı, həm də unutmayaq ki, Azərbaycanın da təmsil olunduğu regionun qaz bazarındakı vacib oyunçular - Türkmənistanla Özbəkistan QİÖF-də təmsil olunmayıblar. Və nəzəri baxımdan, "qaz OPEK"i tərəfindən emal həcmi azalarsa, bu ölkələr bunu "əvəz etmək" iqtidarındadırlar. Elə isə bazarda heç bir birliklərlə bağlı olmayan resursların mövcudluğu şəraitində istehlakçılar və ixracatçılar başqa ölkələrdən asılı vəziyyətə düşmək istəyəcəklərmi? Yəqin ki, sualın cavabı aydındır...
SİTAT
"Azərbaycan qaz ixracatçısıdır və biz bu sahədə proseslərdən kənarda qala bilmərik, QİÖF-də hansı məsələlərin müzakirə olunduğunu, hansı qərarların qəbul edildiyini bilməliyik. Bu səbəbdən, Azərbaycan rəhbərliyinin qərarına əsasən, respublika təşkilatda müşahidəçi olmalıdır. Bizə Forumun tamhüquqlu üzvü olmaq təklif olundu, lakin bunun üçün hələ tezdir".
Natiq Əliyev, Azərbaycanın energetika naziri
MƏSLƏHƏT GÖR: