5 Dekabr 2025

Cümə, 16:49

PEŞƏNİN ROMANTİKASI

Rəssam Butunay Haqverdiyev: "Tamaşaçıları təəccübləndirməyi və təxəyyülü işləməyə məcbur etməyi sevirəm"

Müəllif:

08.12.2015

Butunay Haqverdiyev məşhur rəssamların ailəsində böyüyüb və uşaqlıqdan molbert, kətan və boyaların əhatəsində olub. Bir çox həmyaşıdları kimi, oğlan rəsm çəkməyi, plastilindən fiqur hazırlamağı və ağac oymağı sevirdi. Bir də balaca Butunay kosmonavt olmağı arzulayırdı. "Mən indi də kosmosa uçmağa etiraz etməzdim. İnsan ayağı dəyməyən yerlərdə olmaq maraqlıdır". - Azərbaycan Rəssamlar İttifaqının üzvü Butunay Haqverdiyev hələ indi belə söyləyir. Gənc və perspektivli rəssam sınanmamış və qeyri-adi olan hər şeyi, o cümlədən, adi olmayan installyasiya və əsərlər yaratmağı və təcrübədən keçirməyi sevir. Yəqin, elə buna görə də, Butunayın işləri Azərbaycanda, Avstraliyada, Litvada, Böyük Britaniyada, Almaniyada, Gürcüstanda, Qazaxıstanda, Norveçdə, Rusiyada, ABŞ-da fərdi kolleksiyalarda saxlanılır. 

- Butunay, rəssam olmasa idiniz, həyatda hansı məşğulliyyəti seçərdiniz? 

- Düşünürəm sənətkar olardım: xarrat, dülgər və ya mebelçi. Fiziki əməyi xoşlayıram. Uşaqlıqda isə baytar, yazıçı və ya kosmonavt olmağı arzulayırdım. Yeri gəlmişkən, indiyə kimi kosmonavtikanı arzulayıram. Məni kosmos və uzaq ulduzlara səyahət cəlb edir. Uşaq ikən fantaziya janrını oxumağı xoşlayırdım. Onda incəsənət haqda heç fikirləşmirdim də. Rəssamlar arasında böyüməyimə baxmayaraq, atam - Ucal Haqverdiyev, anam - Yelena Haqverdiyeva, əmilərim - Hüseyn və Əli Haqverdiyev, babam - Həsən Haqverdiyev. Mən molbertlər, boyalar və rəsmlərin içində böyümüşəm. Əlbəttə ki, böyüklərin etdiklərini təkrarlamağa çalışırdım, kağız, fırçalar götürürdüm və rəsm çəkirdim. Uzun müddət düşünürdüm ki, rəssamlıq mənim üçün - sadəcə, hobbidir. Valideynlərim məni hüquqşünas və ya qaraj müdiri qoymaq fikrində idilər. Lakin hamı üçün gözlənilməz şəkildə, 9-cu sinifdən sonra Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. 

- Bu həvəs haradan idi?

- (gülür) Düzünü desəm, sadəcə, məktəbdən bezmişdim. Sərbəstlik, şəraitin dəyişilməsini istəyirdim. Azad rəssam həyatının romantikası məni cəlb etdi. 

- Bəs, valideynləriniz rəssamlığa qəfil "getmənizin" real səbəbindən agah idilər?

- Başa düşmədilər də (gülür). Düşünürdülər ki, oğulları "onların yolunu davam etdirir". Yeri gəlmişkən, məktəbə daxil olmaq üçün tam bir il hazırlaşmışam. İncəsənət haqda kitabları dərindən öyrənirdim, şəkil çəkirdim. Bütün imtahanlardan asan və rahat keçdim. Tələbə olanda rəssamlığa o qədər məftun oldum ki, düzgün seçim etdiyimi anladım! 14 yaşım olanda atama Bakıda Arxangel Mixail pravoslav kilsəsinin naxışları üzərində işinə kömək etməyə başladım. Mənimlə birgə bu işdə atama anam və onların dostları kömək edirdilər. Onun şagirdi idim. Bu da nəticədə yaradıcılığımda mənə çox kömək oldu. Atam 5 il ərzində kilsənin divar naxışları üzərində işlədi və oradakı işlər tamamilə fərqli planda idilər. Divarlara astar çəkilməsindən tutmuş divar naxışı və zər örtüyünə qədər. Orada mənə necə mala vurmağı öyrətməsi yadımdadır. O, deyirdi ki, rəssam divarı güzgüyə çevirməyi bacarmalıdır. Atam artıq onda çox xəstə idi və müalicə üçün tez-tez Moskvaya gedirdi. Hər dəfə qayıdan kimi, kilsəyə gedər və kilsənin qübbə və divarlarını bəzəməyə davam edərdi. O, kilsədə 5 il işlədi və 2004-cü ilin dekabr ayında 44 yaşında dünyasını dəyişdi. 

- Ucal Haqverdiyev necə ata olub, ondan bir az bəhs edin? 

- Ən yaxşı ata. Sərt, amma ədalətli idi. Yalan və riyarkarlığı sevmirdi. Ətrafında səmimi və yaxşı insanların olmasına çalışırdı. Mənim üçün o, çətin anda kömək edən və doğru məsləhət verən etibarlı dost idi. Atam heç vaxt işsiz qalmazdı. Əsasən gecələr işləyərdi, gündüzlər isə yatardı. 

- Tanınmış rəssamla qohumluq Rəssamlıq Məktəbində təhsil alan zaman kömək edirdi? 

- Əksinə. Mən etdiyim və dediyim hər şeyə daha ciddi yanaşmalı olurdum. Axı, üzərimdə böyük məsuliyyət vardı. Bununla belə, müəllimlərim mənə çox üz verirdilər. Ümumiyyətlə, məşhur rəssamların ailəsində doğulmaqla bəxtim çox gətirib. Qarşımda çoxlu qapılar açılırdı, çox şey mənə asan və rahat başa gəlirdi. Məktəbdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına çağırıldım. Daxili qoşunlarda xidmət zamanı da rəsm çəkməyi davam etdirirdim. Ordunun divar qəzetinin çıxmasına köməklik edirdim. Rəsmlə bağlı istənilən işi tapşırırdılar (gülür). Yadımdadır, bizim hərbi hissədə hansı isə televiziya reklamı çəkməyə hazırlaşırdılar və mənə əsgərlərin düzülməsi üçün meydanda işarələr çəkmək həvalə olunmuşdu. Tapşırıq necə lazımdır yerinə yetirilmişdi... Hərbi qulluqdan sonra Moskvaya yollandım. Burada "British Design & Art Direction" Britaniya peşəkar ittifaqı, qrafik dizayn üzrə assosiasiyaların beynəlxalq şurasına, "Interior Educators" assosiasiyasına və interyer dizaynerlərin beynəlxalq assosiasiyasına üzv olan Britaniya ali dizayn məktəbinə daxil oldum. Bu tədris ocağında təhsil interaktiv təcrübə formasında keçir. Təəssüf ki, mən hələ də Britaniya məktəbini bitirməmişəm. Milli Azərbaycan pavilyonu rəssamlarının tərkibində 55-ci Venesiya Biennalesində iştirak etmək üçün təhsilimi atmalı oldum. Mən bütün incəsənət xadimləri və sevərlərin səbirsizliklə gözlədikləri tədbirdə sadəcə iştirak etməyə bilməzdim. Çünki o, müasir dünya incəsənətində ən nüfuzlu və mötəbər sərgi aksiyalarından biri hesab olunur. Venesiya biennalesi üçün məxsusi olaraq qədim türk hərfləri formasında qeyri-adi 3-D installyasiya hazırladım. Aktual incəsənətin narrativliyinə ("hekayə", "nağıl" janrı) qarşı etirazımı ifadə etdim. Heç kimin bilmədiyi və heç bir məna daşımadığı hərflərdən istifadə etdim. Nəticədə, kalliqrafiya (xəttatlıq) incəsənətinin vizual himni alındı. Bu, nə vaxtsa məna kəsb edən türk hərfləri olub. Bizim dövrümüzdə onların mənası itib, bu isə o simvolların estetik olaraq gözəl görünmələrinə mane olmur. Daha doğrusu, mənanı itirmək, işarələri dəyərdən salmır. Böyük nəslin bununla bağlı olan gileyinə bu, mənim müəyyən mənada cavabımdır. Mən gənclərin keçmişdəki gözəllikləri görə bildiklərini deməyə çalışmışam. 

- Butunay, özünüzü kim hiss edirsiniz - rəssam, yoxsa?..

- Bu gün mən - sənətkaram. Mən rəssamlıqla məşğul olmuram daha, özümü tamamilə ağac heykəltəraşlığına həsr etmişəm. Məsələ burasındadır ki, lap uşaqlıqdan ağacdan müxtəlif fiqurlar oymağı sevirdim. Yadımdadır, sürüşkən forma alması üçün atam əlimdə naxış bıçağını necə düzgün tutmağı və rəvan işlətməyi öyrədirdi. Ümumiyyətlə, ağac oymaq - olduqca çətin sənətdir. Axı, səhvini düzəltmək üçün sənətkarın ikinci şansı olmur.

- Niyə məhz ağac? 

- Bu faydalı, ələ yatan və isti materialdır. Bir də ağac - heykəltəraşlıq üçün universal materialdır, ağac oyma sənətini mənimsəyərək, qeyri-adi forma və kompozisiyalar yaratmaq olar. Bu ilin yayında Kannda Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində keçirilən "Azərbaycan xalçaları incəsənətdə" sərgisində iştirak edirdim. Ekspozisiyada mənim Azərbaycan xalça ornamentləri əsasında hazırladığım xalça installyasiyası təqdim olunmuşdu. Taxtadan olan installyasiya 3D effekti ilə seçilirdi. Kompozisiyaya yuxarıdan baxsaq, məşhur milli xalça "işarələrini" - buta, göl və digərlərini görmək olar. 

- İndi nəyin üzərində işləyirsiz?

- Ağac heykəllər silsiləsi. Hazırda ağacdan qoyun yonuram ... (gülür). Bəli, bəli qoyun. Gələcək heykəl üçün sipər yaradılmasına xeyli vaxt sərf etmişəm: ağacdan hazırladığım tirləri lazımi formada birləşdirərək, yapışdırmışam. Sonra isə lobziklə (naxış kəsmək üçün nazik mişar) konturlar oymağa başladım. Qarşıdakı işim qoyunun nəhəng buynuzlarını yonmaqdan ibarət olacaq. 

- Fərdi sərgiləriniz haqda məlumat verin. Sizin işləriniz birmənalı və bəzən hətta bir qədər qəribə olurlar. 

- İlk fərdi sərgim 2011-ci ildə Müasir İncəsənt Muzeyində baş tutub. Onun adı Before, during, after... ("Əvvəl, ərzində, sonra..."). Həmin sərgimdə hərbi xidmətdən əvvəl, xidmət ərzində və ondan sonra işlədiyim rəsm əsərlərimin silsiləsini nümayiş etdirmişdim. Məncə, emosiyaların, hisslərin və dünyagörüşünün olduqca maraqlı transformasiyası alınmışdı. İkinci fərdi sərgim "Crossing" 2014-cü ilin yazında keçirilib. O sərgi isə Bakı və Moskva rəsmlərindən ibarət idi. Bilirsiniz, zidd olanları uyğunlaşdırmağı çox sevirəm. Hansı isə şən pop-müəllif kompozisiyalarını tutqun və həyəcanlı simvollarla - məsələn, biotəhlükə fonunda gülümsəyən insan təsvir edilmiş "Bioloji təhlükə" işimdə olduğu kimi. Tamaşaçıları təəccübləndirməyi və şoka salmağı, təxəyyülü işləməyə məcbur etməyi sevirəm. 



MƏSLƏHƏT GÖR:

690