23 Noyabr 2024

Şənbə, 23:25

HƏMİŞƏ TƏMİZLİKDƏ...

Bakıda dərin kökləri olan hamam ənənələri bu gün də paytaxt sakinlərinin məişətində əsas hissə olaraq qalır

Müəllif:

08.12.2015

Şərqdə heç bir şəhəri hamamsız təsəvvür etmək mümkün deyil. Üstəlik, onlar, sadəcə, memarlıq obyekti deyil, həm də köhnə dünya ilə birlikdə itmiş ənənələrin şahididir. Şərqdə hamam görüş yeri, işgüzar və dostluq münasibətlərinin məkanıdır. Onun içərisində mütləq çayxana, bəzən isə hətta restoran olmalıdır. Hamamın binası xaricdən olmasa da, daxildən mütləq memarlıq şedevri olur.

 

Hamam "Fantaziya"sı

Bakı hamamlarında Şərq və Avropa memarlığının elementləri vəhdət təşkil edir. Onların ən nümunəvisi, dəbdəbəlisi 1897-ci il yanvarın 13-də açılmış "Fantaziya" hamamı olub. Lakin hamam açılar-açılmaz onun müflis olacağı ilə bağlı proqnozlar səsləndirilib. Bu, orada qiymətlərin kifayət qədər aşağı olması ilə əlaqədar idi. Həmin dövrdə "Kaspi" qəzeti yazırdı: "...Bakı kapitalistlərinin əksəriyyəti vəsaitini 30%-dək dividend gətirən neft sahəsinə yatırır. "Fantaziya" hamamının sahibinin gəlirlərisə, çətin ki, 4%-ə çatsın. Çünki hamamın işə salınması üçün onun texniki təchizatının təkmilləşdirilməsi, buna xeyli vəsaitin xərclənməsi, Şamaxinkadan su borusunun çəkilməsi və s. tələb olunurdu".

"Fantaziya"ya şirin su çəkilmişdi. Orada ayrı və ümumi otaqlar, restoran, hətta konfrans zalı var idi. Bina elektriklə işıqlandırılmışdı, hətta onun damında projektor quraşdırılmışdı. Bir sözlə, hamamda hər şey onu quranların zamanla ayaqlaşdıqlarını göstərirdi. Daxildə isə "Fantaziya" adını tam doğruldurdu - klassik yunan üslubunda hazırlanmış çox sayda heykəllər, Şərq mozaikası elektrik lampaları ilə işıqlandırılmışdı. O dövrdə bu, əsl dəbdəbə, hətta möcüzə sayılırdı. "Fantaziya"nın ümumi zalında quraşdırılmış fəvvarə də rəngarəng elektrik lampaları ilə işıqlandırılmışdı. Hamamın hollundakı hündür divarlara haşiyə vurulmuş, divarlar nəfis freska ilə bəzədilmişdi. Vitraj və şəbəkələr sayəsində pəncərələr bahalı zərgərlik məhsullarına bənzəyirdi. Mərkəzində içərisində qızıl balıqların üzdüyü fəvvarənin quraşdırıldığı daxili həyət də hər kəsi valeh edirdi. Daha sonra bilavasitə hamam gəlirdi. O, böyük bir ərazini əhatə edirdi. Orta sinfin nümayəndələri də "Fantaziya"ya gedə bilirdilər. Artıq qeyd olunduğu kimi, orada xidməthaqqı kifayət qədər ucuz idi. Üstəlik, abunə yazılanlara 15%-lik güzəşt edilir, yayda isə qiymətlər bir qədər də aşağı salınırdı. Sovet İttifaqının ilk illərində hamam talan olunub və onun əmlakı komissarlara verilib. İndi onun yerində uşaq poliklinikası, poçt şöbəsi və yaşayış məhəllələri yer alır. Orada vaxtilə hamamın olduğunu yalnız şir formasında barelyef xatırladır. Söhbət işlək vəziyyətdə olmayan fəvvarədən gedir.

Bakıda "Fantaziya"dan başqa da dəbdəbəli hamamlar olub. Misal kimi, Mirinski (R.Rza küçəsi, ADNA-nın yaxınlığı) və Mironovski (mərkəzi S.Rüstəm küçəsində) hamamlarını göstərmək olar. Bundan başqa, şəhərdə "Dekadans" və "Ermitaj" kimi hamamlar da olub.

 

Adi hamamlar

Yaxşı, bəs, sadə insanlar nə edirdi? O dövrlərdə, demək olar ki, heç kəsin evində vanna otağı yox idi - nə fəhlələrin, nə muzdurların, nə də dənizçilərin. Onlar hər dəfə yuyunmaq üçün yer axtarmalı idilər. Bu səbəbdən də, şəhərdə adi hamamlar da fəaliyyət göstərirdi. Onlar tam klassik Şərq üslubunda - dəbdəbəsiz, sadə tikilmişdilər. Belə hamamların da ya çölündə, ya da içərisində mütləq çayxana fəaliyyət göstərirdi.

Adi hamamlarda dəhlizi nəzərə almasaq, bir otaq olurdu. Onların tavanı mütləq qaydada göy-yaşıl ornamentlərlə bəzədilmiş klassik günbəz formasında idi. Döşəmə və divarlar isə adi daşdan olurdu. Qənaət məqsədilə belə hamamlara su məhdudiyyətlə verilirdi, əvəzində isə buxar otaqları olurdu. Odur ki, prosesin sonunda sadəcə su ilə yaxalanmaq kifayət idi. Şəhərin köhnə sakinləri və sadə bakılılar sabun əvəzinə "gilabı" adlandırılan gildən istifadə edirdilər. Onun 3 növü olurdu - mavi, sarı və ağ. Ağ "gilabı" Buzovnadan gətirilirdi. Mavi və sarı "gilabı"ları isə Sabunçu qəsəbəsindən əldə edirdilər. Qəsəbənin adı öz-özlüyündə hər şeyi izah edir.

Ağ gil ilə başı, sarısı ilə bədəni yuyurdular. Mavi "giləbi" paltarların yuyulması üçün idi. Ümumiyyətlə, bakılıların hamamlanması ən azı bir neçə saat çəkirdi. Oranın öz qaydaları, etiketi və ənənələri var idi. İndi izi-tozu qalmayan həmin koloritlə daha yaxından tanış olmaq istəyənlər Maqsud İbrahimbəyovun çox gözəl yazılmış "Ondan yaxşı qardaş yox idi" povestini oxuya bilərlər.

Orta səviyyəli hamamlar ayrıca otaqda yerləşirdi və orada camadarlar da fərqli idi. Oradan sonra mütləq çayxanaya keçirdilər. Hamamın çayxanalarında çox sayda kiçik masalar olardı, çünki ənənə belə idi ki, hamamdan sonra hər kəs ayrıca otururdu, heç kəs başqasına mane olmurdu. Bəzi hamam çayxanalarında qəlyan və nərd də olurdu. Daha bir hamam ənənəsi - nərd heç zaman pula oynanmırdı. Hamam ehtiraslı əyləncə yox, passiv, dincəlmək üçün istirahət məkanı idi. Bu səbəbdən, orada heç zaman spirtli içki də içilmirdi.

Bununla yanaşı, hamam yalnız kişi məclisi üçün deyildi. Orada öz adət-ənənələri olan qadın günləri də təşkil olunurdu. Bundan başqa, şəhərdə ayrıca qadın hamamlarına da rast gəlinirdi. Ən maraqlısı o idi ki, qadın günlərində hamam çayxanalarında spirtli içki qəbuluna icazə verilirdi. Səbəb, bəlkə də, qadınların bu məsələdə daha mülayim olmaları idi. Onlar özləri ilə hamama yemək gətirir, burada qırmızı süfrə şərabı içirdilər. Ümumiyyətlə, qadınların kəmərlərində xüsusi kiçik "hamam sandıqcası" olurdu. Onu hər bir qız üçün cehizlik alırdılar. Bu "sandıqca"da yola götürülmüş yemək və kosmetika - kirpiklərə və qaşa çəkmək üçün sürmə saxlanılırdı. Sonralar bu sürmə kosmetik karandaşla əvəzləndi.

 

Bir qədər də tarixdən

Bakı hamamları arasında ən qədim hamam sayılan Hacı Hamamı İçərişəhər ərazisində yalnız 1960-cı illərdə aşkarlanıb. O zamanadək hamam yerin, yaşayış evlərinin altında olub. Digər qədim hamamlara da orada rast gəlinir - Ağa Mikayıl, Ağa Zeynal və Qasım bəy. Qədim hamamlardan bu günədək fəaliyyətini davam etdirəni yalnız Ağa Mikayıl hamamıdır. Qasım bəy hamamı XVIII əsrin sonlarında tikilib. Bir versiyaya görə, onun günbəzi tacir Qasım bəyin xanımlarının və məşuqələrinin sayına uyğun yaradılıb. Bu hamam o qədər də qədimi deyil. Lakin o da uzun illər yerin altında qalıb. Hamamı yalnız şəhərin memarlıq sənədlərinə baxmaqla tapıb bərpa ediblər.

Göründüyü kimi, hamam ənənələrinin son dərəcə dərin kökləri var. İnkişaf dünyanı dəyişib, o, daha yaxşı, amma eyni zamanda daha əziyyətli duruma gəlib. Bununla yanaşı, dünyadan əcdadlarımızın həyatını daha maraqlı, dolğun edən bir çox şeylər itib.



MƏSLƏHƏT GÖR:

628