24 Noyabr 2024

Bazar, 15:13

QİYMƏTLİ AKTİV

Azərbaycan hər il 10 tondan artıq qızıl istehsal etmək qabiliyyətinə malikdir

Müəllif:

08.12.2015

Cari ildə Azərbaycanda qızıl hasilatının genişləndirilməsinin davamlı trendi müşahidə edilir. Bu gün bu qiymətli metalın dünya qiymətləri 2010-cu ildən minimal göstəricilərinə çatsa da, ölkənin aparıcı qızıl hasil edən şirkəti yeni yataqların istismarına hazırlaşır. Ümumdünya Qızıl Şurasının (WGC) proqnozlarına görə, bu gün müşahidə edilən qlobal iqtisadi və siyasi proseslərə görə tez bir zamanda bu əsas qiymətli metala olan dünya tələbatının artacağını gözləmək olar.

 

Baha qiymətə

Qızılın qiyməti son dövrdə ABŞ və Avropadakı iqtisadi vəziyyətlə əhəmiyyətli dərəcədə bağlı idi. Həmçinin dollar və avronun məzənnəsinin dəyişikliyinin yüksək səviyyədə olması da öz sözünü dedi. Qiymətli metallar bazarının parametrlərinə maşınqayırma (platin katalizatorları) və elektronika istehsalı sahəsində xeyli düşən tələbat da təsir göstərdi. Nəhayət, zərgərlik bazarında müşahidə edilən azalma da (düşmə) qiymətlərə az təsir göstərmədi. Nəticədə, bir sıra sıçrayışlar yaşayan qızılın qiyməti 2015-ci il 27 noyabr tarixində COMEX hərracında bir qızıl külçə (troya unsiyası) 1067 dollar həddində qeydə alınıb. Müqayisə üçün: qızılın bir külçəsinin (troya unsiyası) qiymətinin pik həddi cari ilin əvvəlində 1300 dolları ötüb. Lakin ilin ikinci yarısından hökmranlıq edən - tələbatın azalması tendensiyası əsas qiymətli metalın dəyərini son 5 ildə ən az qiymətə saldı. Bununla belə, WGC-nin ekspertləri ehtimal edirlər ki, qiymətli metala olan tələbatın artacağını gözləmək lazımdır. Proqnozlara əsasən, 2015-ci ildə dünyada qızılın istehlakı 4300 ton (2014-cü ildə 4217 ton) təşkil edəcək. Bir sıra dövlətlərin mərkəzi bankları dünyada iqtisadi və siyasi vəziyyət çox da yaxşı olmadığından qızıl almağa davam edirlər. "Sığınacaq" qismində qızıla olan tələbat Parisdə terror aktları, Suriyada müharibə nəticəsində və Çində gələcək monetar stimullaşdırılmanın gözləntiləri fonunda artır. Qiymətlərin artmasına zərgərlik bazarında yeni il öncəsi tələbat, habelə ABŞ, Avropa, Çin və Hindistanda külçə və sikkələrə olan maraq təsir göstərəcək. Eyni zamanda bəzi ekspertlər narahatlıqlarını da ifadə edirlər. Onlar ehtiyatlanırlar ki, ABŞ FES-in faiz dərəcəsini artırmaq perspektivləri və Amerika iqtisadiyyatının müsbət statistikasının təzyiqləri altında qızılın bir unsiyasının qiyməti ilin sonuna kimi min dollara düşə bilər. Hansı amillərin önə keçəcəyini və qiymətli metalların dünya bazarında vəziyyətinin necə olacağını yaxın zaman göstərəcək. Hələ ki bir çox qızıl hasil edən şirkətlər gəlirin azalması və yataqların istismarı zamanı xərclərin artmasına görə maliyyə xarakterli çətinlik keçirirlər. 

"Dünya bazarında qızılın qiymətinin düşməsi qızıl və mədən şirkətlərinin səhmlərinin həddindən artıq ucuzlaşmasına səbəb olub. Biz də bu mənfi prosesləri hiss etmişik. Ümid edirik ki, yeni zavodun açılması və yeni yeraltı yatağın aşkarlanması bazara təsirsiz ötüşməyəcək, səhmlərin dəyəri artacaq", - deyə "Gədəbəy" və "Qoşa" qızıl filiz yataqlarının işlənməsini həyata keçirən "Anglo Asian Mining" şirkətinin prezidenti Reza Vəziri bildirib.

AAM rəhbərinin sözlərinə görə, şirkət kommersiya banklarından vəsait cəlb etməmək, "Qoşa", "Qədir" və "Ordubad" yataqlarını maliyyələşdirmək məqsədilə gələcəkdə nizamnamə kapitalını (hazırda nizamnamə kapitalı 111 mln. dollardır) artıra bilər. Burada xatırlatmaq yerinə düşər ki, cari ilin üçüncü rübünün sonuna AMM xalis borcu 51 mln. dollar təşkil edib. Bu məbləğin 17,4 mln. dolları Azərbaycan banklarına məxsusdur.

 

Hər şeyə rəğmən artım

Lakin əlverişsiz xarici konyunktur və qızılçıxaranların gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycanda qızıl filiz yataqlarında hasilatın nəzərəçarpacaq artımı müşahidə edilir. Belə ki, bu yaxınlarda AAM şirkətinin mütəxəssisləri ilin əvvəlində tərtib edilmiş istehsal proqnozlarını dəqiqləşdirdilər və onlara əsasən, 2015-ci ilin yekunları üzrə hasil edilən qızılın həcmi 74 min unsiyaya çata bilər. Bununla da, istehsalın artımı 2014-cü ilin göstəriciləri ilə müqayisədə 23% təşkil edib. Ötən il 60 min unsiyadan bir qədər çox qızıl istehsal edilmişdi. Maraqlıdır ki, hasilatın artımı şirkətin gəlirlərində öz əksini tapıb: cari ilin ilk yarısında bu rəqəm 41,8 mln. dollar olub. Bu isə ötən ilin analoji göstəricilərindən, təxminən, 28%-dən çoxdur. Gələn ildə isə şirkət 80 min unsiya hasil etməyi və qızıla (qiymət artımı da istisna edilmir) olan dünya tələbatının cari səviyyəsi qalacağı təqdirdə, mənfəətin münasib səviyyəsinə çatmağı planlaşdırırlar. 

Ümumilikdə, AAM zamanın çağırışlarının öhdəsindən pis gəlmir: yataqların inkişafı və işləmə infrastrukturunun formalaşdırılmasına sərmayə yatırmaqla, şirkət, buna baxmayaraq, istehsal proseslərinin xərclərini aşağı salır və yatırımların qaytarılmasını yüksəldir. "AzFinance" investisiya şirkətinin analitika şöbəsinin mütəxəssislərinin fikrincə, səhmlərinin keyfiyyət göstəriciləri və nisbətən aşağı əməliyyat xərclərinə görə "Anglo Asian Mining" şirkəti daha səmərəli beynəlxalq qızıl hasil edənlər siyahısına daxil ola bilər. "AzFinance"ın məlumatlarına görə, şirkət bir unsiya qızıl qiyməti dəyərində istehsal xərclərini azalda bilib. 2014-cü illə müqayisədə qızıl hasil edən şirkətin real xərcləri istehsalın artımı və manatın devalvasiyası fonunda 1050 dollardan 790 dollara düşüb, yəni 25% azalıb. Həmçinin vergidən əvvəlki zərərin də 7,5 mln. dollardan 4,1 mln. dollara qədər azalmasını qeyd etmək olar. 

Bu isə həmin göstəricinin 45% yaxşılaşması deməkdir. Buradan belə çıxır, "Anglo Asian Mining"in qızıl hasilatına çəkdiyi xərcləri bütün dünyada məşhur olan şirkətlərin orta göstəricisindən (997 dollar) 21% daha azdır. Qızılın qiyməti gözlənilən artıma nail olacağı təqdirdə, o, daha çox gəlir yarada bilər. Bununla da, öz rentabelliyini yaxşılaşdıra bilər. AAM-in möhkəmliyinə səbəb olan mühüm faktorlara istehsalın artım göstəricilərini aid etmək olar: buna əsasən bu yaxınlarda "Qədir" yatağında başlayan qızılın sənaye hasilatı təsir göstərib. Sayca üçüncü olan "Qədir" yatağı "Gədəbəy" yatağının 1 kilometrliyində yerləşir. AAM əməliyyat şirkəti sonuncuda 2009-cu ilin ortalarından PSA müqaviləsi çərçivəsində qiymətli metalların hasilatını həyata keçirir. Xatırladaq ki, 2013-cü ilin üçüncü rübündə şirkət Tovuz rayonunun " Qoşa" yatağında qızıl və mis mədənlərinin mənimsənilməsinə başlayıb. Ötən il bu mədəndən 28,9 min ton mis hasil edilib. Onun hər tonunda 4,15 qr xalis qızıl əldə etmək mümkün olub. "Qoşa"nın ehtiyatları, təxminən, 40 min ton unsiya qızıl təşkil edir. Qiymətli metalın 2017-ci ilə qədər hasil edilməsi gözlənilir. 

Hazırda şirkət Naxçıvan MR-in Ordubad rayonunda "Ağyurd" yeni yatağında kəşfiyyat işləri aparır. Yataq işlənmə üçün çox mürəkkəbdir və qar düşənə qədər kəşfiyyat işləri yekunlaşmazsa, bu işlər gələn ilin mart ayının sonuna keçiriləcək. AAM-in "Ağyurd"dan gözləntiləri nikbindir: ilkin məlumatlara görə, burada qızılın təxmini ehtiyatları 200 min unsiya təşkil edir. Ordubad rayonunun müqavilə ərazisinə həmçinin kəşfiyyat və istismara bitişik bir sıra digər ərazilər də - Şəkərdərə, Piyazbaşı, Misdağ-Şəlalə və Diyəkçay da daxildir. 

Şirkətin sərmayələri təkcə mis hasilatı və kəşfiyyat işlərinə yatırılmır: o, müasir texnologiya və filiz-mədən avadanlığına da yatırır. Bu yaxınlarda filiz emalı və mis və qiymətli metal istehsalı üzrə yeni flotasiya qurğusu işə salınıb. Cari ildə bu avadanlıqla 5 min unsiya qızıl və 1,2 min ton mis hasil edilməsi planlaşdırılır. Şirkətdə hesab edirlər ki, bu texnoloji xətt, tikintisi yaxın gələcəkdə nəzərdə tutulan tammiqyaslı mis istehsalı zavodunun mühüm seqmenti olacaq.

 

Mis borular da...

Qiymətli metalların hasilatı ilə paralel Azərbaycan dünya bazarlarında tələb olunan mis istehsalını da mənimsəyir. Belə ki, 2014-cü ilin may ayında AAM və İsveçrənin "Industrial Minerals SA" şirkəti Gədəbəy rayonunda çıxarılan mis konsentratının satışına dair müqavilə imzalayıb. Müqavilənin müddəti 3 ildir. Bu yaxınlarda AAM həmin yataqdan çəkisi 125 ton olan mis konsentratının ilk partiyasını alıb. Onun yarısı isə artıq müştəri tərəfindən reallaşdırılıb. Bu günlərdə zavodun həftədə 150 ton konsentrat istehsal edəcəyi gözlənilir. Bununla belə, bir qədər uzaq perspektivdə isə bu həcm bir neçə dəfə artırıla bilər. Artıq məlum olan yataqların sənaye istismarı ilə birgə, ölkədə qiymətli metalların yeni mədənləri fəal şəkildə araşdırılır. Çox da uzaq olmayan tarixdə yeni qızıl yataqları, əsasən də, Göygöl rayonunda üzə çıxarılıb: burada tapılan "Tülallar" qızıl filiz yatağının ehtiyatları 80 ton qızıl və 290 ton gümüş səviyyəsində qiymətləndirilib. Daşkəsəndə isə daha bir qızıl filiz yatağı - "Qoşqardağ-Çanaqçı" (potensial qızıl ehtiyatı 20 ton) aşkar edilib. Qonşu Şəmkir rayonunda isə platin yatağı da kəşf edilib: onun hasilat ehtiyatı 50 ton platin qrupu metallarından ibarət olduğu hesablanıb. 

Daşkəsən rayonunda "Çovdar" qızıl filizi yatağının istismarı son dərəcə perspektivli görünür. Burada hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu yatağın işlənməsi üçün 2006-cı il dekabr ayında "Azerbaijan International Mineral Resources Operating Company" konsorsiumu yaradılıb. Ümumilikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, kəşf edilmiş yataqların böyük əksəriyyəti istismara verildikcə, ölkə hər il 10 tondan artıq qızıl istehsal edə biləcək.



MƏSLƏHƏT GÖR:

502