13 Mart 2025

Cümə axşamı, 07:08

DEVALVASİYA FONUNDA İNTEQRASİYA

Avrasiya İqtisadi İttifaqının ilk ili onun üçün çətin keçdi

Müəllif:

08.12.2015

Məmurların Avrasiya İqtisadi İttifaqının (Aİİ) çox şey vəd edən perspektivi və əldə olunmuş razılaşmalar haqda ruhlandırıcı raportlarına rəğmən, statistika İttifaq üzvləri arasındakı ticarət dövriyyəsinin 2014-cü ilə nisbətən 20-25% azaldığını göstərir. Məsələn, Rusiya Aİİ üzrə tərəfdaşları ilə ticarətin həcmini 30%, Qazaxıstan isə 22% azaldıb. Düzdür, Ermənistanla Qırğızıstan arasında iqtisadi əməkdaşlıq artır, amma nəzərə almaq lazımdır ki, İttifaqa qoşulanadək bu iki ölkə arasında, ümumiyyətlə, ticarət əlaqələri olmayıb. Amma bu da ümumi statistikaya təsir göstərmir: Ermənistanın Aİİ daxilindəki ticarət dövriyyəsi 20,6%, Qırğızıstanınkı isə 14% azalıb. 2014-cü ildə Aİİ üzvü olan dövlətlərin ÜDM-nin ümumi artımı cəmi 0,9% təşkil etmişdi, bu il isə, bir qədər də azalacağı proqnozlaşdırılır. 

Təbii ki, vəziyyətin bu hala gəlməsinin əsas səbəblərindən biri dünya bazarlarındakı qeyri-sabitlik və ilk növbədə, enerji daşıyıcılarına olan qiymətin ucuzlaşmasıdır. Hər bir insan yaxşı bilir ki, böhrandan müdafiə olunmağın ən doğru yolu - artıq malları almaqdan imtina etməkdir. Dövlətlər də belə edirlər - xaricdən alışı məhdudlaşdırırlar. Bu isə Aİİ-dəki inteqrasiya prosesləri üçün daha bir zərbə deməkdir. İttifaq daxilində həm ötən il, həm də bu il eyni vəziyyət müşahidə olunur. Buna ən bariz nümunə Qazaxıstanın Rusiyadan olan neft məhsullarının idxalına məhdudiyyət qoyması və Belarusdan Rusiyaya benzin tədarükünün dayandırılmasıdır.

Rusiya ilə onun Aİİ üzrə tərəfdaşlarının iqtisadiyyatlarının fərqli miqyaslarını nəzərə alsaq, gömrük çəpərlərinin mexaniki şəkildə götürülməsi qarşılıqlı ticarətdə ciddi tənasübsüzlüyə gətirib çıxara bilər. Bu, xüsusilə Qazaxıstan iqtisadiyyatına aiddir. Artıq ötən ilin dekabrında hazır olan Aİİ-nin Gömrük Kodeksi layihəsinin hələ də qəbul olunmaması, bəlkə də, məhz bununla bağlıdır. Bu yaxınlarda Astana kodeksi tamamilə yenidən işləməyi, layihədə ümumi müddəaları saxlamağı, konkret müddəaları isə ittifaqa üzv dövlətlərin özlərinin ixtiyarına buraxmağı təklif edib. 

Aİİ üzvlərinin iqtisadiyyatlarına təsir edən növbəti amil Rusiyaya qarşı tətbiq olunmuş, Moskvanın da buna cavab olaraq qəbul etdiyi sanksiyalar, həmçinin rublun devalvasiyası və qeyri-sabitliyidir. Rusiyanın xarici ticarət strukturunda Aİİ ölkələrinin payı cəmi 7,6%-dir, amma İttifaqın ÜDM-in 80%-nin Rusiya iqtisadiyyatının payına düşdüyünü nəzərə alsaq, inteqrasiyanın uğurlu olub-olmaması bu ölkənin iqtisadi böhrandan nə qədər sürətlə çıxacağından asılıdır. Amma o da aydındır ki, Rusiyanın geosiyasi maraqları iqtisadi maraqlarını üstələdikcə, yeni ittifaqın möhkəmlənməsi prosesi də uzanacaq. Rusiyanın maraqları tələb edir ki, əsas diqqət xərclər tələb edən siyasi layihələrə deyil, Aİİ tərəfdaşları ilə iqtisadi əməkdaşlığın möhkəm bünövrə üzərində qurulmasına yönəlsin. 

Ekspertlərin fikrincə, inteqrasiyanın potensialı olduqca böyükdür. İlk il əməkdaşlıq mexanizmlərinin qurulmasına sərf olundu. Məsələn, tərəflər ticarət dövriyyəsinin azaldığını nəzərə alaraq, əlavə maneələri aradan götürməyə başlayıblar və bu, artıq ilk səmərəsini göstərir. Tərəflər anlayırlar ki, vahid mal, xidmət, kapital və işçi qüvvəsi bazarları formalaşdırılmalıdır, razılaşdırılmış iqtisadi siyasət yürüdülməlidir. 

Mal, xidmət, kapital və sərmayələrin axınının istənilən səviyyədə olmaması, ittifaq ərazisində vahid valyutanın tətbiqinə dair planın təxirə salınmasına səbəb olub. Avrasiya İqtisadi Komissiyasının (AİK) hesablamalarına görə, 2014-cü ilin yekunlarına əsasən, Aİİ ölkələrinin bir-birilə qarşılıqlı ticarəti ümumi xarici ticarət dövriyyəsinin yalnız 11,7%-ni təşkil edir. Müqayisə üçün deyək ki, Avropa İttifaqında bu göstərici 60%-dir. Yəni, Aİİ ölkələri arasında iqtisadi tərəfdaşlıq lazımi səviyyəyə çatmayıb, onların məhsulları rəqabətədavamlı deyil. Xarici ticarətdə isə əsas üstünlük xammala verilir. Bu faktlar Aİİ-nin bir illiyinin yekunlarına dair dekabrın əvvəlində Moskvada keçirilmiş II Avrasiya İqtisadi Konqresində səslənib. İlk ilin bu cür çətin keçməsi AİK üzvlərini narahat etmir, çünki onların fikrincə, bu, "böhran şəraitində iş qurmaq və onunla mübarizə mexanizmləri yaratmağa imkan verib". 

Müsbət məqamlar sırasında ümumi əmək bazarının yaradıldığı göstərilir. Üzv ölkələrin vətəndaşları hüquqi-vətəndaş müqavilələri ilə işləmək, həmçinin pulsuz tibbi xidmət və sosial sığortadan istifadə etmək imkanı qazanıblar. Bundan əlavə, pensiya təminatı sahəsində də əməkdaşlıq haqda müqavilə üzərində iş gedir. Bu sənəd Aİİ üzvlərindən birinin vətəndaşına İttifaqın digər üzv-dövlətində topladığı əmək stajının da təqaüdə əlavə edilməsinə imkan verəcək. 

Forumda əsas diqqət Aİİ üvlərinin digər dövlətlər və ittifaqlarla əlaqələrinə yönəldilib. AİK-in inteqrasiya naziri Tatyana Valovayanın sözlərinə görə, "Aİİ nəhəng geosiyasi oyunçuya çevrilib. Bir çox ölkələr onunla əməkdaşlığa can atır, vahid azad ticarət zonasının yaradılmasını istəyir. Biz artıq Vyetnamla belə bir zona yaratmışıq. İndi növbədə İsrail və Hindistandır".

Maraqlıdır ki, Konqresdə Aİİ-nin ən qatı tərəfdarı kimi nəhəng Avropa biznesinin təmsilçiləri çıxış ediblər. Onlar Avropa İttifaqı ilə Aİİ arasında Lissabondan Vladivostoka qədər ümumi iqtisadi məkanın yaradılması istiqamətində dialoqun qurulmasını vacib hesab edirlər. Sanksiyalarla bağlı mövzuya toxunan "Bank İnteza"nın rəhbəri, "Avrasiyanı dərk edək" Assosiasiyasının prezidenti Antonio Falliko bildirib ki, bu sanksiyalar Rusiya-Avropa münasibətlərində əsas problemə çevrilib, çünki "qarşılıqlı etimad itdi, Avropa ilə Rusiya arasında çoxəsrlik iqtisadi və mədəni əlaqələr zəiflədi. Biznes isə bizim ölkələrimizi yenidən birləşdirə bilər və birləşdirməlidir də". Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri Aİ ilə Aİİ arasında iqtisadi əməkdaşlığın vacibliyini yaxşı dərk edirlər. Almaniya, Fransa, İtaliya, İspaniya və Yunanıstan bu iqtisadi ittifaqların bir-birilə yaxınlaşması üçün səy göstərirlər. "Rusiya və Aİİ -istər geosiyasət, istərsə də iqtisadiyyatda Avropanın təbii və orqanik tərəfdaşlarıdır. Bu gün bizim əsas düşmənimiz yalnız terrorizm, narkotrafik və ya nəzarətsiz miqrasiya deyil, həm də hansısa ölkənin dünya jandarmı olmaq hüququ qazanmasına dair düşüncə tərzidir", - deyə o vurğulayıb. 

Sorğuların nəticələrinə əsasən, Rusiyada fəaliyyət göstərən xarici şirkətlərin 80%-i sanksiyalara görə öz işində hər hansı çətinliklə üzləşmir. Bu statistikanı açıqlayan Avropa biznesi Assosiasiyasının baş direktoru Frank Şauff əmindir ki, Avropa ilə Rusiya arasında iqtisadi əlaqələr sanksiyalar dövründə də davam edəcək. 

Öz növbəsində Tatyana Valovaya buna zarafatla cavab verib: "Biz artıq iki ildir sanksiyalar altında yaşayırıq və mən istisna etmirəm ki, bir azdan hamı onların hansı səbəbdən tətbiq olunduğunu belə unudacaq. Rusiya Ümumdünya Ticarət Təşkilatına qoşulanda, amerikalılar hələ 1974-cü ildə qəbul etdikləri Cekson-Venik dəyişikliyini aradan qaldırmalı idi. Heç kəs bu düzəlişin hansı səbəbdən ortaya çıxdığını xatırlamır. Və hər dəfə danışıqlar zamanı RF nümayəndə heyəti xatırlatmalı olurdu ki, bu düzəliş öz vətəndaşlarının İsrailə mühacirətinə imkan verməyən SSRİ-yə qarşı qəbul edilmişdi. SSRİ artıq yoxdur, İsrail etiraf edir ki, mühacirət sahəsində problemlər də yoxdur, amma buna baxmayaraq, bu düzəliş yalnız 2012-ci ildə aradan qaldırıldı". 

Valovayanın fikrincə, sanksiyaların səbəbi ondadır ki, Rusiyanın 2003-cü ildə irəli sürdüyü ümumi iqtisadi məkan ideyası dəstək qazanmadı. Əgər bu layihə reallaşsaydı, Avrasiyanın iki hissəsinin qovuşağında yerləşən Ukraynaya sonradan tərəflər arasında seçim etmək də lazım gəlməzdi. "Odur ki, məncə, biz nə qədər tez bu yolu tutsaq, o qədər tez indiki vəziyyətdən çıxa bilərik", - deyə Valovaya qeyd edib. 

Tədbirdə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin Rusiya prezidentinə məktubu da oxunub - məktubda Ukraynada atəşkəsə əməl olunacağı təqdirdə, Aİ ilə Aİİ arasında daha sıx ticari əlaqələrin qurulması təklif edilir. Jan-Klod Yunkerin sözlərinə görə, o, Avrokomissiya məmurlarına Aİ ilə Aİİ arasında yaxınlaşma imkanlarını müzakirə etməyi tapşırıb. Özü də məktub haqda məlumat verən İtalyan Sahibkarlar Assosiasiyasının vitse-prezidenti Vittorio Torrembini əmindir ki, bu məktub Polşa və Baltika ölkələrinin Brüsselə təsirinin azaldığını göstərir. 

Düzdür, T.Valovaya bu fikirlə razı deyil. O, "R+"un müxbirilə söhbətində Avropa, o cümlədən Baltika ölkələrindən olan biznes ictimaiyyətilə görüşləri haqda təəssüratını bölüşüb: "Aİ-nin bütün ölkələri anlamağa başlayıblar ki, onların iqtisadi maraqları üçün Aİİ ilə əməkdaşlıq çox vacibdir. Bizim Avropa ilə ümumi problemlərimiz çoxdur. Və bu, yalnız terrorizm təhlükəsilə kifayətlənmir. Odur ki, sağlam siyasi düşüncə iqtisadi əməkdaşlığa təkan verməlidir". Bununla belə, Valovaya qeyd edib ki, Yunkerin məktubu öz yerində, amma AİK Aİ-dən dialoqa hazır olması haqda rəsmi işarə gözləyir. 

Avropa ölkələrinə Aİ qurmaq üçün 30 il lazım oldu. Amma indinin özündə də bu İttifaqın zəif yerlərinin olmadığını və gələcəyinin dumansız göründüyünü söyləmək doğru deyil. Avrasiya İqtisadi İttifaqının isə gələn ilin yanvarında cəmi 1 yaşı tamam olacaq. Bu il ərzində Qərb mətbuatında Aİİ-nin tezliklə dağılacağına dair kifayət qədər yazılıb. Buna rəğmən, 2016-cı ilin yanvarında Davosdakı Ümumdünya İqtisadi Forumunda Aİ-Aİİ münasibətlərinə dair ayrıca sessiyanın keçirilməsi nəzərdə tutulub. Razılaşın ki, baş tutmamış layihənin müzakirəsinə vaxt sərf olunmazdı...



MƏSLƏHƏT GÖR:

550