13 Mart 2025

Cümə axşamı, 06:46

XİLASETMƏ HALQASI

Azərbaycanın vasitəçiliyi Rusiya - Türkiyə qarşıdurmasının fəsadlarını yumşalda bilər

Müəllif:

08.12.2015

Rusiya hökumətinin "Su-24" bombardmançısının vurulması ilə bağlı Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etmək qərarı bu ölkələr arasında qarşıdurmanı daha da artırıb. Artıq noyabrın 25-də insident tərəfləri məsələyə ilk rəsmi reaksiyanı göstərər-göstərməz, Türkiyəyə məxsus yük maşınları gözlənilmədən Gürcüstan-Rusiya sərhədindəki "Kazbeqi-Yuxarı Lars" Nəzarət Buraxılış Məntəqəsində (NBM) ilişib qalmağa başlayıb. Nəticədə, Mərkəzi Asiya üçün nəzərdə tutulmuş yüklərlə dolu maşınlar bu istiqamətdə alternativ tranzit marşrutu olan Azərbaycana tərəf yönəlməyə başlayıb. Buradan Mərkəzi Asiya ölkələrinə tranzit Ələt dəniz limanından Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanları istiqamətində həyata keçirilir.

Bu vaxtadək Türkiyənin bu marşrutdan istifadə etməməsinin səbəbi tariflərin bir qədər yüksək olması və bu zaman dənizlə hərəkətin vacibliyi idi. Məhz bu səbəblərdən türklər daşımaların Rusiya ərazisilə həyata keçirilməsinə üstünlük verirdilər. İndiki şəraitdə isə Azərbaycan Mərkəzi Asiya ölkələrinə türk mallarının daşınması üçün prosesdə müəyyən sadələşdirmələrə gedib.

Qeyd etmək lazımdır ki, yük daşımaları artarsa, Azərbaycan, Qazaxıstan və Türkmənistan marşrut tariflərində müəyyən qədər endirim edə, şərtləri Türkiyənin daşımalarla məşğul olan qurumları üçün daha əlverişli hala gətirə bilər. TRASECA-nın milli katibi Akif Mustafayevin sözlərinə görə, həmsərhəd postlarda Türkiyədən gələn yüklərin Azərbaycana maneəsiz keçməsi üçün bütün şərait yaradılacaq. O, "Trend" agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan rəhbərliyinin yük axınının cəlb edilməsi ilə bağlı strateji qərarı hələ Rusiya-Türkiyə münaqişəsi başlamazdan öncə qəbul edilib.

"Yük daşımaları sahəsində xüsusilə 2016-cı ildə Bakı-Tiflis-Qars dəmir yolunun istismara veriləcəyi nəzərə alınaraq, "Azərbaycan Dəmir Yolları"na geniş səlahiyyətlərin verilməsi, tariflər də daxil olmaqla, problemli məsələlərin həllilə məşğul olacaq koordinasiya şurasının yaradılması Rusiya-Türkiyə münasibətlərinin pisləşməsindən xeyli əvvəl qəbul olunub. Vəziyyət elə gətirib ki, indi yük axını Azərbaycandan keçməli olub. Rusiya onları buraxmır, üstəlik, İran-Türkiyə münasibətləri də ideal səviyyədə deyil. Bu halda yeganə və ən qısa yol Türkiyə-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Mərkəzi Asiya yoludur. Əminəm ki, tezliklə tariflərin və yüklərin sərhəddən buraxılması şərtlərinin yumşaldılması ilə bağlı qərar qəbul olunacaq. Gərək, bunu edək ki, gələcəkdə, Rusiya-Türkiyə münasibətləri bərpa olunduqda da Asiyaya yük daşımaları Azərbaycan vasitəsilə həyata keçirilsin", - deyə Mustafayev qeyd edib. Onun sözlərinə görə, Azərbaycan yük axınının bu cür artımına hazırdır: "Ərzaq, kənd təsərrüfatı məhsulları və digər malların daşınmasını həyata keçirən 200 min türk yük maşınından cəmi, təxminən, yalnız 30 minə qədəri Azərbaycan vasitəsilə hərəkət edib. Qalan 170 mini Gürcüstan-Rusiya sərhədindən Rusiya ərazisinə keçib. Onlar da istiqamətlərini dəyişərsə, Azərbaycan bu maşınların hamısını öz ərazisindən buraxa bilər. Üstəlik, Xəzərdə bu qədər maşının daşınması üçün kifayət qədər bərə var".

A. Mustafayev hesab edir ki, daşımaların artması Azərbaycanın gəlirlərini də əhəmiyyətli dərəcədə çoxaldacaq: "Bu gün Avropa-Qafqaz-Asiya dəhlizi üzrə daşımalardan illik gəlir, təxminən, 350 milyon dollardır. İndi daşıma həcminin kəskin artması bu məbləği 4-5 dəfə yüksəldə bilər. Dəqiq rəqəm söyləmək çətindir. Çünki biz hələlik yüklərin necə bölüşdürüləcəyini bilmirik".

Məsələyə operativ olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC də reaksiya verib. Qurum Bakı-Aktau marşrutu üzrə daşımaların tarifini 20% endirib. "Tariflərin aşağı salınmasında məqsəd Türkiyədən Qazaxıstana gedən yük maşınlarının dəniz vasitəsilə daşınmasını daha cəlbedici etməkdir", - deyə qurumun açıqlamasında bildirilir. Yeni tarifə əsasən, bir qoşqulu standart avtomobil (uzunluğu 16,5 metr olan TIR) bir istiqamətə (Bakı-Aktau və ya Aktau-Bakı) 1,2 min dollara aparılır. Hər iki istiqamətə daşınma üçün tarif 2,1 min dollardır.

Yeri gəlmişkən, Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın iri nəqliyyat-logistika operatorları Çindən Avropaya yük daşımaları üzrə konsorsiumun yaradılması haqda razılığa gəliblər. Məlumatı "Gürcüstan Dəmir Yolları"ndan veriblər. Razılaşma İstanbulda "Çin-Türkiyə-Avropa" Trans-Xəzər nəqliyyat marşrutunun imkanları və perspektivlərilə bağlı təqdimatda əldə olunub.

"Konsorsiumun təsisçiləri Çinin Minsheng Logistics, Qazaxıstanın KTZ Express, Azərbaycanın "Xəzər Dəniz Gəmiçiliyi", həmçinin "Karvan Logistics" şirkəti, Gürcüstanın "Trans Caucasus" Terminals şirkəti olacaq. Türkiyə tərəfi konsorsiumda assosiativ üzv kimi təmsil olunacaq", - məlumatda belə bildirilir.

Akif Mustafayevin sözlərinə görə, sözügedən konsorsiumun iştirakçısı olan ölkələr (marşrut Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və oradan Avropayadır) ilk illərdə yük daşımalarından, təxminən, 1 milyard dollar qazana biləcəklər. Sonrakı illərdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin gəlirləri daha da artacaq.

Şübhəsiz ki, Azərbaycana ona yaxın olan iki dövlət arasındakı münaqişə heç bir halda sərf etmir. Rəsmi Bakı bir anlıq qazancları heç zaman strateji münasibətlərdən yuxarı tutmayıb. Bu məsələdə Azərbaycanın imkanları qarşı-qarşıya durmuş tərəflərin sanksiyalar savaşı nəticəsində üzləşəcəkləri itkiləri minimuma endirə bilər. Məsələn, Türkiyənin bir çox meyvə-tərəvəzi elə Azərbaycanda da satıla bilər. Azərbaycanın kənd təsərrüfatı məhsullarının isə Rusiya piştaxtalarında türk mallarını qismən də olsa, əvəzləməsi mümkündür.

Bundan başqa, Azərbaycan Türkiyədən yalnız meyvə-tərəvəz deyil, parça da istehlak edə bilər. Bu gün Türkiyənin ən iri şəhəri olan İstanbul Avropa İttifaqı və Rusiya vətəndaşlarının "bazarlıq etdikləri" özünəməxsus nəhəng marketə çevrilib. Lakin gələn ilin əvvəlindən Rusiya vətəndaşları üçün vəziyyət kəskin şəkildə dəyişə bilər. Məsələ ondadır ki, yanvarın 1-dən Türkiyə vətəndaşları Rusiyaya vizasız gedə bilməyəcəklər. Güman ki, bu, Türkiyənin də ruslara qarşı eyni addımı atması ilə nəticələnəcək. Bu, zirək azərbaycanlılardan ötrü "əldə ticarət" biznesinin inkişafı üçün əlavə imkanlar yaradacaq. Azərbaycana dəyəri 10 min dollaradək olan malların rüsumsuz gətirilməsilə bağlı bir müddət əvvəl qəbul edilmiş qərar da buna öz töhfəsini verə bilər. Burada söhbət şəxsi istehlak üçün gətirilən mallardan getsə də, bəzi hallarda gətirilən malların təkrar satışı, onun Rusiyaya reeksportu da mümkündür.

Əlbəttə, Azərbaycan Rusiyadan Türkiyəyə gedən bütün turistləri, malları özünə cəlb etmək iqtidarında deyil. Ən sadə hesablamalara görə, Türkiyə yalnız rusiyalı turistlərdən 10 milyard dollar qazanırdı. Azərbaycanın qısa zamanda buna nail olması, əlbəttə ki, qeyri-realdır. Lakin onu da unutmaq olmaz ki, həm Türkiyədə, həm də Rusiyada böyük azərbaycanlı icması var və biznesin düzgün qurulacağı təqdirdə, Azərbaycan hər iki ölkədə biznesin dövlətlərarası münasibətdəki böhrandan minimal zərərlə çıxmasına yardım edə bilər. Bu zaman Azərbaycan da özü üçün dünyada neftin ucuzlaşması üzündən üzləşdiyi itkilərin bir hissəsini bərpa edərdi. 



MƏSLƏHƏT GÖR:

594