24 Noyabr 2024

Bazar, 13:29

YENİLƏNMƏYƏ DOĞRU

Manatın devalvasiyası ölkə iqtisadiyyatının diversifikasiyasını və qeyri-neft sektorunun üstün mövqeyə keçidini sürətləndirəcək

Müəllif:

29.12.2015

Son 10 il ərzində neftin qiymətinin minimuma düşməsi, qonşu dövlətlərin, o cümlədən, Rusiya və Qazaxıstanın valyutalarının zəifləməsi, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının kəskin azalması milli valyuta - manatın sabitliyinə təsir göstərdi. 2016-cı ildə azərbaycanlılar manatın yeni üzən məzənnəsi və yeni iqtisadi şərtlərdə yaşamağa öyrəşməli olacaqlar. Düzdür, hökumət söz verir ki, keçid çox ağrılı olmayacaq.

"Təəssüf ki, dünyada baş verən proseslər gələn il də nikbinliyi saxlamaq üçün əsas vermir. Ona görə də böhranın davam edəcəyi istisna deyil", - Prezident İlham Əliyev ölkənin valyuta bazarında son hadisələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. "İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin", - Prezident əlavə edib.

Neftin barelinin qiymətinin 36 dollara qədər düşməsi birmənalı olaraq manatın zəifləməsinə gətirib çıxarmalı idi. Oda ABŞ-ın FES-in uçot dərəcəsini qaldırması yağ tökdü. Nəticədə, dekabrın 21-də manat 47% ucuzlaşdı və 1 dollar 1,55 manat səviyyəsində müəyyən edildi. Fevralda baş verən devalvasiya zamanı istehlak mallarının qiymətini xeyli dərəcədə saxlamaq mümkün olsa da, bu dəfə bu tapşırıq imkansız görünür. 

"Devalvasiya təkcə xaricdən gətirilən kənd təsərrüfatı mallarının bahalaşmasına gətirib-çıxarmayacaq. O, bilavasitə daxili istehsal məhsullarına da təsir göstərəcək", - Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, bu, kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərinin artması ilə bağlıdır. Çünki istehsalın müəyyən mərhələlərində onlar idxal məhsulları alırlar. "Biz ölkədə keçirilən kənd təsərrüfatı yarmarkalarının sayını artırmağa çalışırıq. Bu dəllalların süni qiymət artımına yol verməmək üçün kənd təsərrüfatı məhsullarının bazara birbaşa çıxışını təmin edəcək", - Heydər Əsədov bildirib.

Düzdür, qiymətin qalxmasının bütün bu obyektiv prosesində məyusedici məqam baş verənlərin xaotik xarakter alması və bəzən bəzi işbaz-sahibkarların son dərəcə mənəviyyatsızlığından ibarətdir; məsələn, bir sıra dərmanların qiymətinin dəfələrlə özbaşına qaldırılması nəyə dəyərdi? Yaxşı ki, nəticədə, Tarif Şurası rəsmi şəkildə minlərlə dərmanın qiymətini təsdiqlədi. Bu, farmasevtik biznesdə, heç olmasa, bir qədər nizam-intizam yarada bilər. Digər tərəfdən, İqtisadiyyat və Sənaye Nazirliyi, Baş Prokurorluğun birgə bəyanatında qeyd edilib ki, manatın məzənnəsində baş vermiş dəyişiklikdən sonra, süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün Tədbirlər Planı hazırlanır.

Bu və ya digər şəkildə, bununla bağlı dövlət başçısının dəqiq göstərişi var: "İlin nəticələrinə əsasən, inflyasiya 4% təşkil edir. Biz növbəti ildə də onu ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq. Son illər yerli istehsala böyük önəm verirdik, istər dövlət, istərsə də özəl sektora vəsaitlər ayırırdıq. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal edilir. Ona görə də Azərbaycanda istehsal edilən məhsulların qiymətləri sabit qalmalıdır. Həmçinin tikinti materialları da", - dövlət başçısı bildirib. 

O, vurğulayıb ki, son illər Azərbaycanda güclü tikinti sənayesi yaradılıb və ölkə özünü əsas tikinti materialları ilə təmin edir. 

"Azərbaycan özünü yanacaqla təmin edir. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Məhz ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz. Şəhər nəqliyyatı tarifləri - metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir. Maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə, islahatların dərinləşməsi hesabına", - İlham Əliyev deyib. 

O, qeyd edib ki, rüşvətxorluq, korrupsiya, monopolizm, qanunsuz fəaliyyətlə daha ciddi şəkildə mübarizə aparılacaq. "Monopolizmə nə idxalda, nə də yerli istehsalda yol verilməlidir. Dövlət büdcəsinə daxilolmalara mane olanlar cəzalandırılacaqlar. Ona görə də gömrük, vergi sistemində maksimal şəffaflıq təmin edilməli və ediləcək də", - Prezident deyib. 

Bununla bərabər, devalvasiya turizmm sektoruna, xüsusən xaricdə istirahət təşkil edən şirkətlərə ciddi təsir göstərib - turpaketlərin qiymətləri xeyli bahalaşıb. Daxili turizmə gəldikdə isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin dediyi kimi, istehlak mallarının qiyməti qalxarsa, istirahət və yerli turizm obyektlərinin də qiyməti qalxacaq.

Ölkə bankları da böyek problemlərlə üzləşiblər, problemli kreditlərin sayının artması məsələsi xüsusilə kəskin durur. Mərkəzi Bank ölkə banklarının İdarə Heyətinin sədrləri ilə təcili görüş keçirib. Ölkənin baş bankı banklara müştərilərinə müvafiq yardım etməyi, dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib.

Eyni zamanda, qeyd edilib ki, AMB banklara yaranmış vəziyyətdən çıxmağa kömək edəcək, lakin bununla belə hesab edir ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir.

Bütün fonda növbəti il üçün dövlət büdcəsinin parametrlərinin və ya hər hansə makroiqtisadi göstəricilərin nəzərdən keçirilməsi hələlik məlum deyil. Düzdür, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslüm bildirib ki, qurum istehlak səbətinə daxil olan məhsulların qiymətinin monitorinqini aparıb və artıq bu məlumatlar əsasında əhalinin gəlirlərinin nə qədər azaldığı məlum olacaq. Bununla bağlı isə zəruri tədbirlər görüləcək. Bundan əlavə, DSMF-in rəhbəri Elman Mehdiyev məlumat verib ki, Azərbaycanda pensiyaların sığorta hissəsinin indeksikasiyası 2015-ci ilin (çox güman ki, bu, 4% olacaq) nəticələri üzrə inflyasiyanın səviyyəsində aparılacaq. 

Bununla yanaşı, necə deyərlər, şər deməsən xeyir gəlməz və dünya iqtiadiyyatından bu dərəcədə mühüm dəyişikliklər və onların, ilk baxışdan, Azərbaycan iqtisadiyyatına son dərəcə mənfi təsirləri ortamüddətli perspektivdə əks təsir göstərə bilər. Konkret desək, söhbət ölkə iqtisadiyyatının diversifikasiyasının sürətlənməsi və qeyri-neft sektorunun hakim mövqeyə keçməsindən gedir. Son illər iqtisadi islahatlarının məqsədi məhz belə idi və indi, göründüyü kimi, onlar sürətləndiriləcək və dərinləşdiriləcəklər. 

"Mən artıq demişəm ki, biz elə iqtisadi sistem və idarəetmə sistemi yaratmalıyıq ki, neftin qiymətindən asılı olmayaq. Əgər biz asılı olsaq, hər dəfə bu cür xoşagəlməz vəziyyətlə üzləşə bilərik", - xüsusilə Prezident İlham Əliyev bildirib. 

Yəni təkcə şaxələndirilmiş iqtisadiyyata, güclü qeyri-neft sektoruna malik olmaqla, özünü xarici iqtisadi kataklizmlərdən qismən sığortalanmış hesab etmək olar. 

"İqtisadi liberallaşma, azad, sağlam rəqabət, neqativ təzahürlərin kənarlaşdırılması, korrupsiya, rüşvətxorluqla daha güclü mübarizə, iqtisadi islahatlar - budur bizim yolumuz. Biz bu yolla gedirik, amma getməliyik və daha sürətlə gedəcəyik. Bir daha demək istəyirəm: Azərbaycan öz yolu ilə gedəcək", - dövlət başçısı qeyd edib. 

Bəli, gələn il Azərbaycan iqtisadiyyatı üçün asan olmayacaq. İlk növbədə, ona görə ki, yeni bazar şərtlərinə öyrəşməli, inkişaf siyasətini dəyişməli və son illər nail olduğu yüksək inkişaf göstəricilərini qoruyub-saxlamaq üçün çox çalışmalı olacaq. Lakin bunlarla yanaşı, 2015-ci ilin bütün "sürpriz"lərinə baxmayaraq, hökumət öz tərəfindən ölkənin qarşısında duran əsas vəzifələrini yerinə yetirməyə söz verir. 

Beləliklə, Yeni İldə möcüzəyə ümid edilir və nikbin dəyişikliklər gözlənilir. Lakin bizim nağıla inanmaq yaşımız keçib və bilirik ki, bütün möcüzələri özümüz, əllərimizlə yaradırıq.


MƏSLƏHƏT GÖR:

536