24 Noyabr 2024

Bazar, 13:33

FERMER PRİORİTETDƏDİR

2015-ci ildə Azərbaycanda kənd təsərrüfatının iqtisadiyyatın inkişafına təsirini gücləndirməyə yönəlmiş bir sıra islahatlara başlanılıb

Müəllif:

12.01.2016

Prezident İlham Əliyevin "Kənd Təsərrüfatı İli" elan etdiyi 2015-ci il bitdi. Geridə kəndlərin yüz minlərlə zəhmətkeşinin ölkənin bütün kənd təsərrüfatı sənayesinin dövlət dəstəyinə aid olan tədbirlərin təqvim planının yerinə yetirilməsinə dair dövlət strukturlarının işgüzar fəaliyyəti durur. Bu tədbirlərin təsiri oldumu? Bu sualın cavabını Azərbaycan manatının ətrafındakı son hadisələr və mühüm ixrac məhsullarını daxili istehsal məhsulları ilə əvəz etmək zərurəti nəzərə alınmaqla, 2016-cı ildə ölkənin ərzaq bazarlarındakı vəziyyət əyani surətdə göstərəcək. Bununla bərabər, aqrarlar öz fəaliyyətlərinin nəticələri ilə razıdırlar.

 

Rəqəmlər və faktlar

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 1 oktyabr 2015-ci il tarixinə bitkiçilik məhsullarının istehsalı 10,4%, heyvandarlıq məhsullarının istehsalı isə 2,5% artıb. Bununla da, kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi 6,7% təşkil edib. Cari il taxıl istehsalında rekord il kimi yadda qalıb - respublika üzrə orta məhsuldarlıq 30,4 s/ha təşkil edib. Bu isə ötən ilin göstəricisindən 7 sentner yüksəkdir. Məhsulu toplanmış 28,5 min hektar dən üçün qarğıdalı sahəsindən 168,2 min ton məhsul götürülüb. İl tərəvəz, bağ və meyvə məhsullarının yetişdirilməsi ilə məşğul olan fermerlər üçün də kifayət qədər uğurlu keçib - dekabrın üçüncü on günlüyünə toplanmış məhsulun həcmi 1,3 mln. tona çatıb. Kartof yığımı da ötənilki göstəricini ötüb və 831 min tona çatıb. Yeni məhsulu 2/3 Cəlilabad, Tovuz, Şəmkir rayonlarının payına düşür. Ənənəvi kartof rayonu - Gədəbəydə isə quraqlığa görə kartof məhsulu lazımi keyfiyyətə çatdırılmayıb, xəstəlik kələm bostanlarını da zədələyib. Bu il bağlar olduqca səxavətlilik göstərib və 484 min tondan çox məhsul verib. Yəni ötən ilin göstəricisindən 42 min ton artıq məhsul olub. Bağ bitkilərinin yığımı davam edir. Meyvəçilik kimi sahə bol məhsuldarlığı ilə seçilib. Belə ki, regionların bağlarında 800 min ton meyvə yetişdirilib və istehlak bazarlarına çıxarılıb. Yaşıl çay yarpağının istehsalı 575,9 tona çatıb. Bu, ötənilki göstəricidən 150,3 ton çoxdur. 

Daha bir mühüm məhsul - çiyidli pambıqdır. Uğurlu inkişaf strategiyası olarsa, gələcəkdə ölkənin ixracında mühüm mənbəyə çevrilə bilər. Bu il kənd müəssisələri təxminən 35 min ton çiyidli pambıq toplamış və emala yollamışlar. Bu isə mövcud potensiala heç də uyğun deyil. 

Heyvandarlığa gəldikdə isə islahatların sayına və inkişaf tədbirlərinə görə bu sahə öncül mövqeləri tutub. 2015-ci ilin dekabrın əvvəlinə ölkənin heyvandarlıq təsərrüfatlarında 2,7 mln. baş iribuynuzlu heyvan (16,4 min baş artım) və 8,7 mln. baş qoyun və keçinin (98 min artım) olduğu hesablanıb. 

Müsbət məqam ondan ibarətdir ki, respublikada cins inək sürüsündən ibarət iri heyvandarlıq komplekslərinin sayı üç min başdan çox artır, fermaların tələbatını təmin edən yem bazalarının həcmi genişlənib. Bu da heyvandarlıqda iqtisadi göstəricilərin yaxşılaşmasına təsir edib. Belə ki, 2015-ci ilin yanvar-noyabr ayları ərzində diri çəkidə ət istehsalı 429 min tona çatıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2% çoxdur. Süd sağımı isə 1,8 mln. ton (4% artım) təşkil edib. 

 

İslahatlar və uğurlar

Belə ki, rəqəmlər ölkənin kənd təsərrüfatı məhsulları ilə özünütəmin məqsədinə planlı şəkildə getdiyini xəbər verir. Bu, bu gün təkcə ölkənin ərzaq təhlükəsizliyi baxımından deyil, həm də qida məhsullarının qiymətini münasib səviyyədə saxlamaq baxımından son dərəcə vacibdir. Prinsipcə, aqrar sektorda 20 il islahatların aparılması artıq real nəticələr verməlidir. Ələlxüsus da, bu il kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, onun mexanizmlərinin təkmilləşdirilməsi çərçivəsində bir sıra yeni təşəbbüslərə yüksək səviyyədə start verilib. Bununla əlaqədar, Prezident İlham Əliyev ölkənin aqrar-sənaye kompleksinin fəaliyyətinə müsbət təsir göstərən bir sıra sərəncamlar imzalayıb. "Bu gün heç kim məhsul yığımında texnika çatışmazlığından danışa bilməz. Hazırda nazirlik fermerləri yüksəkkeyfiyyətli texnika ilə tamamilə təchiz edir. Fermerlərin mineral gübrələrlə təchizatı da yüksək səviyyədədir. Onların çatışmazlığı ilə bağlı problem yoxdur", - bu yaxınlarda kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Bu ilin uğurlu islahatlarından biri Şəmkirdə aqroparkın yaradılması və digər regionlar üzrə analoji planları hesab etmək olar. Bundan başqa, ölkənin müxtəlif rayonlarında yaradılmış iri fermerlər təsərrüfartları uğurla fəaliyyət göstərirlər. Onların sərəncamına 30 min ha torpaq sahəsi verilib. Bu təsərrüfatların yaradılmasına qoyulan ümumi sərmayənin həcmi 123, 8 mln. manat təşkil edir. Sahibkarlara Kömək Milli Fondunun (SKMF) xətti ilə sahibkarlara aqrar infrastrukturun yaradılması üçün 54, 7 mln. manat həcmində güzəştli kredit ayrılıb. Bu sahələrdə torpaqların meliorasiya işləri həyata keçirilib, suvarma kanalları salınıb, digər texniki məsələlər həllini tapıb. Kənd Təsərrüfatı Nazirliyi stimullaşdırıcı mexanizmlər hazırlayır, onların tətbiq olunması kiçik kənd istehsalçılarını müxtəlif istehsal qruplarında birləşdirməyə imkan verəcək. Eyni zamanda, ailə fermer təsərrüfatları kimi təsərrüfat formalarının imkanları genişlənir. Kənd təsərrüfatı ili çərçivəsində fəaliyyətin daha bir istiqaməti kənd təsərrüfatının elektron sisteminin yaradılmasına dair tapşırıqların reallaşdırılması ilə bağlı idi. Bundan başqa, Dövlət Baytarlıq Xidməti laboratoriyasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər qəbul edilib, heyvanların registrasiya və identifikasiya sisteminin yaradılmasına dair proqramlar hazırlanıb. Dövlət Fitosanitar Xidmətin fəaliyyətində köklü dəyişikliklər baş verdi, lisenziya, habelə bitkilərin mühafizə vasitələri ilə təmin edilən qeyri-dövlət fitosanitar xidmətləri yaradılıb. 

 

Problemlər və onların həlli

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorda yekun nəticələrə təsir edən problemlərin mövcudluğunu inkar etmir. Belə ki, nazir H. Əsədovun sözlərinə görə, kənd təsərrüfatı sahəsində bu ildən həllinə başlanılan əsas problemlərdən biri fermerlərə subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi oldu. "Bununla əlaqədar olaraq, inventarlaşma prosesi keçirdik, subsidiya alan kəndlilərin torpaq sahələrinin ölçülərini müəyyən etdik, onların hamısı Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumatlar bazasına daxil edilib. Bunun sayəsində kimin nə qədər dövlət subsidiyası aldğını izləyə biləcəyik", - nazir bildirib. 

Aparılan araşdırmalar göstərir ki, torpaq sahiblərinin heç də hamısı hüquqları və mövcud güzəştlər haqda məlumata malik deyillər. Məsələn, prezidentin bitkiçilik sahəsində təkrar əkin aparılması ilə bağlı subsidiya verilməsi haqda sərəncamı var. Amma nazir H. Əsədovun sözlərinə görə, sentyabrın əvvəlinə 2015-ci ildə təkrar əkin barədə bir dənə də olsun sənəd daxil olmayıb. Bununla bərabər, 2014-cü ildə təkrar əkin cəmi 1 min ha təşkil edirdisə, 2015-ci ildə 14 min ha qədər genişlənib. "Deməli, təşviqat və təbliğat, habelə informasiya hələ kifayət qədər deyil", - nazir qeyd edib. - "Nazirlik bitkiçilik sahəsində təkrar əkin üçün subsidiya verə bilir. Dünya böhranı fonunda nazirliyə ayrılan maliyyə mənbələri kifayət qədərdir. Üzərimizə götürülən öhdəlikləri yerinə yetirməmək üçün heç bir qeyd yoxdur". 

O, xatırladıb ki, bu gün dövlət fermerlərin aldıqları texnikanın dəyərinin 40%-ni subsidiya qismində ödəyir, yanacaq və mühərrik yağlarına görə verilən güzəştlərin həcmi 25% artırılıb. Suvarma sistemləri üçün də subsidiyalar genişləndirilib. Bu da intensiv suvarma üsullarının genişlənməsinin tətbiqinin sürətlənməsinə imkan verir. H. Əsədovun iddialarına görə, bu gün heyvandarlıqda məhsuldarlığı 5 dəfə artırmaq üçün real imkan mövcuddur. "Bizdə orta məhsuldarlıq 1,5%, Avropa ölkələrində 1,8% təşkil edir. Yerli inəklər gündə, orta hesabla, 5-6 litr, Avropa ölkələrindən gətirilən inəklər isə 25-30 litr südvermə qabiliyyətinə malikdirlər. Bundan başqa, xaricdən gətirilmiş inəklər bordaqlarda qalırlar, bu isə faktiki olaraq otlaqların on min hektarla azalması deməkdir. Bu torpaqlarda isə süd sağımını və ətin çəkisini artıran bilən qiymətli və qidalı yemlər yetişdirmək olar. Bu məsələyə ciddi diqqət ayırırıq", - nazir əlavə edib.

Nazirin sözlərinə görə, bu cür problemlər bitkiçilikdə də var. Ona görə də məsələ toxum fondunun keyfiyyətli yenilənməsi ilə həll edilir. "Biz quraqlığa davamlı toxumların gətirilməsinə nail olmalıyıq, kartof və tərəvəzlərlə bağlı proqramlar hazırlanır. Məqsəd - məhsuldarlığın 4-5 dəfə artımına müvəffəq olmaqdır", - aqrar qurumun rəhbəri əlavə edib. 

Hə, indi bütün sadalanan vəzifələrin uğurlu yerinə yetirilməsi, demək olar ki, strateji aktuallıq qazanır. Axı, aqrar məhsulun daxilin istehsalının artımı topdan və pərakəndə satış şəbəkələrində təkcə onun qiymətinin nisbətən sabitləşməsinə xeyli təsir etməyəcək, həm də ixracın həcmini artıracaq. Bu isə neftin qiymətinin düşməsindən zərərçəkmiş Azərbaycanın büdcəsi üçün əlavə gəlirdir.



MƏSLƏHƏT GÖR:

554