24 Noyabr 2024

Bazar, 13:31

SUSMAQ RAZILIQ ƏLAMƏTİDİR

Bundan sonra Azərbaycanda xüsusi razılıq gözləmədən biznesə başlamaq mümkün olacaq

Müəllif:

12.01.2016

Enerji daşıyıcılarının qiymətlərinin düşməsi şəraitində qeyri-neft sektoru əsas büdcə donoru statusu əldə edib. Bu vəziyyəti nəzərə almaqla, dövlət sahibkarların fəaliyyətini maksimal dərəcədə sadələşdirməyə və bürokratik maneələri aradan qaldırmağa çalışır. Bu problemlərin həlli üçün ötən ilin payızında Prezident İlham Əliyevin təşəbbüsü ilə biznesin aparılması üçün tələb olunan bütün növ lisenziyaların verilməsi prosesi "ASAN xidmət" mərkəzlərinə həvalə olunub. Eyni zamanda ölkədə lisenziyalaşdırma ilə bağlı yeni qaydalar qəbul olunub, 2015-ci ilin dekabrın 29-da isə Milli Məclis ilk oxunuşda "Lisenziyalar və icazələr barədə" qanun layihəsini qəbul edib. 

Son on il ərzində ölkədə özəl sektorun inkişafı üçün daha əlverişli rejimin formalaşmasına yönələn bir neçə qanunvericilik aktları və inzibati mexanizmlər hazırlanıb. Bir sıra hallarda bu tədbirlər öz effektivliyini göstərib. Lakin bu gün enerji ixracından nəzərəçarpacaq dərəcədə gəlirlərin azalması şəraitində, dövlət özəl təşəbbüsü dəstəkləyən baş sərmayəçi və donor qismində çıxış edə bilmir. Biznesin sərmayə və işgüzar fəallığını təmin edən yeni, qeyri-maliyyə təkanlarına ehtiyac yaranıb. Bununla əlaqədar olaraq, ötən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə "Sahibkarlıq sahəsində həyata keçirilən yoxlamaların dayandırılması barədə" qanun qəbul edilib. Ötən ilin noyabrın 1-dən qüvvəyə minən qanunverici akt, həmçinin iqtisadi fəaliyyəti lisenziyalaşdırılan sahələrin sayının minimuma endirilməsini nəzərdə tuturdu və bu cür icazələrin verilməsi qaydalarını nəzərəçarpacaq dərəcədə sadələşdirir. 

Son vaxta qədər lisenziyalaşdırma sahəsi ən azı sahibkarlığın 60 növünü əhatə edirdi, icazə sənədlərinin verilməsi prosesinə isə 23 dövlət orqanı cəlb edilib. Lisenziya alması prosesi bir çox sənədlərin razılaşdırılmasını tələb edirdi və kifayət qədər uzun vaxt çəkirdi. Bundan başqa, bir sıra hallarda icazələr üçün müraciət edən sahibkarlar da bürokratik maneələrlə və mövcud qanunvericiliyin pozulması ilə üzləşirdilər.

Bununla da, mövcud lisenziyalaşdırma sistemi zamanın tələblərinə artıq cavab vermədiyindən mahiyyətcə özəl şirkətlərin inkişaf dinamikasının qarşısını alan inersiya mexanizminə çevrilib.

Mənfi halların qarşısının alınması məqsədilə müvafiq lisenziyalaşdırma sahəsində ciddi qanunverici islahatlar nəzərdə tutulub. Müvafiq məsələdə şəffaflığı təmin edən effektiv mexanizmlərdən biri sahibkarlıq fəaliyyəti üçün lisenziyaların təqdim edilmə hüququnun "ASAN xidmət" mərkəzlərinə verilməsi olub. Yeni sistem hətta natamam variantda öz effektivliyini qanunun qəbul edilməsindən ilk iki ay ərzində nümayiş etdirib. Xüsusi ilə ötən ilin noyabr-dekabr aylarında "ASAN xidmət" mərkəzləri vasitəsi ilə beynəlxalq yükdaşımaları, şəhərlərarası və şəhərdaxili müntəzəm sərnişin daşımaları sahəsində xidmətlərin göstərilməsi, həmçinin əczaçılıq fəaliyyətinə və etil spirtlə alkoqollu içkilərin satışına yüzlərlə lisenziyalar verilib.

Müvafiq sahədə qanunvericiliyinin optimallaşdırılması üzrə növbəti addım Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrın 21-də "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanı olub. Bu sənədə əsasən, Azərbaycanda sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılan növlərinin sayı 59-dan 37-ə qədər azalıb. Belə ki, turizm fəaliyyəti üçün lisenziyalar aradan qaldırılıb - hələ yaxın vaxtlaradək bu icazənin alınması üçün dövlət rüsumunun həcmi 5500 manat təşkil edirdi. Artıq alkoqollu içkilərin və tütün məmulatlarının istehsalı, idxalı və satışı üçün lisenziyalar da lazım deyil. Neft-qaz məhsullarının satışı və şəhərdaxili, rayonlararası və beynəlxalq sərnişin və yük daşımalar üçün lisenziyanın alınmasına ehtiyac aradan qaldırılıb. 

Bununla belə, sərnişin və yük nəqliyyatı sahəsi yeni qaydalar ilə tənzimlənəcək: avtomobil nəqliyyatı barədə qanuna uyğun olaraq sərnişin və yük avtomobil daşımalar üçün icazələr elektron kart daşıyıcı üzərində veriləcək, onların verilmə prosesi isə nəzərəçarpacaq dərəcədə sadələşdiriləcək.

Lisenziyalaşdırma sahəsindən qiymətli materialların və daşların, həmçinin əlvan metalların istehsalı, emalı və dövriyyəsi çıxarılıb. Həmçinin kartoqrafiya fəaliyyəti, ciddi hesablama blanklarının çapı, sərnişinlərin və yüklərin dəniz və avianəqliyyatı ilə daşıması üçün xüsusi icazələr artıq lazım deyil. Ticarət birjası və gömrük brokerlərinin, qeyri-dövlət pensiya fondlarının və Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsi zamanı vasitəçi xidmətləri də lisenziyasız yerinə yetiriləcək. 

Lisenziyadan azad olan fəaliyyət növləri siyahısına enerji obyektlərinin quraşdırılması, təmiri, binaların yenidən qurulması və təmiri, qeyri-dövlət fitosanitar xidmətlər, eyni zamanda aqrar kimya vasitələrinin satışı və saxlanılması da daxil edilib. Dövlət başçının fərmanı ilə təhsil sahəsində fəaliyyət ilə bağlı lisenziyaların verilməsi üçün ödənilən dövlət rüsumunun həcmi iki dəfə azaldılıb. Yeni qaydaların tətbiqi sığorta xidmətlərinin göstərilməsi üçün lisenziyanın verilməsinə rüsumunun həcmini 50% azaldıb.

Ötən ilin sonunda kommersiya fəaliyyətinin lisenziyalaşdırılması barədə qanun layihəsinin hazırlanması üzrə işlər də tamamlanıb. Yeni qanun üzərində iş iki ay müddətində aparılıb və bu sənədin hazırlanmasında Gürcüstanın, Ukraynanın, Moldovanın, Aİ ölkələrin və s. müsbət təcrübəsindən istifadə olunub.

"Lisenziyalar və icazələr haqqında" qanun layihəsi ASAN mərkəzləri vasitəsi ilə lisenziyaların və icazələrin verilməsi prosedurunun tam asanlaşdırılmasını, "susma - razılıq işarəsidir" prinsipinə uyğun olaraq lisenziyalaşdırma və digər yenilikləri nəzərdə tutur. Lisenziyalar barədə yeni qanun üzərinə qoyulmuş əsas məqsəd - şəffaflığın təmin edilməsi, bürokratik maneələrin və sahibkarlığın inkişafına mane olan digər amillərin aradan qaldırılmasıdır", - deyə parlament komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Xüsusi ilə "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi lisenziyalaşdırılan növlərin sayını optimallaşdırmağa və müddətsiz icazə sənədlərinə keçərək, müddətli lisenziyalardan imtina etməsini nəzərdə tutur. Dəyişikliklər lisenziyaların tarifləşdirilməsi sahəni də əhatə edəcək: bu sahədə dövlət rüsumunun həcmi kifayət qədər yüksəkdir - 110-dan 22 min manatadək.

Qanun layihəsi lisenziyaların və icazələrin vahid reyestri və "Elektron lisenziya" portalının yaradılmasını nəzərdə tutur. Lakin qanun layihəsinin əsas yeniliyi "susmaq - razılıq əlamətidir" prinsipinin tətbiq edilməsi ilə bağlıdır: əgər qanunla müəyyən edilmiş müddətdə sahibkar lisenziyalaşdıran orqandan rədd cavabı almasa, fəaliyyətinə lisenziyanın rəsmi forması olmadan başlaya bilər. Bu, lisenziyanın verilməsi ilə bağlı qərarın maksimal müddətinin 15-dən 10 iş gününə qədər, icazələrin verilməsinin isə 7 iş gününə qədər azaldılmasının planlaşdırıldığını nəzərə alaraq, kifayət qədər mühüm məqamdır.

Qanun layihəsinin daha bir yeniliyi kommersiya fəaliyyətinə icazələrin verilməsi üçün birgə qaydalar məcəlləsinin yaradılmasını nəzərdə tutur. Bundan öncə bu sahə bir çox qanun çərçivəsində olan normativ aktları və dövlət qurumlarının sirkulyarları ilə tənzimlənirdi. Qanun layihəsi, həmçinin kommersiya fəaliyyəti üçün lisenziyaların verilməsinin bir qurum tərəfindən tənzimlənməsini nəzərdə tutan "vahid pəncərə" prinsipinin tətbiq edilməsinə və sahibkarla lisenziyalaşdıran orqan arasında tərəfdaş əlaqələrin formalaşdırılmasına da yönəlib. Xüsusən, müvafiq dövlət orqanının əməkdaşları lisenziyaların alınması prosesində onlara kömək edərək, biznes strukturların məsləhətçiləri rolunda çıxış edə bilərlər. 

Maraqlıdır ki, ötən ilin sonunda Milli Məclis "Dövlət rüsumu haqqında" qanuna bir sıra dəyişikliklər qəbul etdi, bu da lisenziyalaşdırma sahəsinə də toxunub. Belə ki, yalnız respublikanın regionlarında fəaliyyətini həyata keçirən sahibkarlara bir sıra lisenziya növlərinin alınmasında 50%-lik endirim tətbiq olunacaq. Eyni zamanda əgər sahibkar lisenziyanın bir neçə növünün alınması üçün müraciət etsə (məsələn, hər hansı bir məhsulun satışı, idxalı və istehsalı üçün), o zaman o dəyəri digərlərindən daha baha olan bir lisenziya pulunu ödəyəcək. Dəyişikliklər, həmçinin sahibkarlıq fəaliyyətinin digər obyektlərdə göstərilməsini və ya lisenziyanın özündə göstərilməyən yeni xidmətlərin göstərilməsinə imkan verən lisenziyalara əlavənin alınması üçün 50%-lik endirimi nəzərdə tutur. Həmçinin lisenziyanın yenidən rəsmiləşdirilməsi və ya onun bərpa edilməsi üçün dövlət rüsumu alınmayacaq.

Bir sözlə, kommersiya fəaliyyəti üçün icazələrin alınması sahəsində sahibkarların problemlərinin əksəriyyətini həll olunmuş hesab etmək olar. Dünyada və ölkədə iqtisadi vəziyyəti nəzərə almaqla, qeyri-neft sektorunun real inkişafı üçün digər maneələrin də bu sürət və istəklə həll olunması zəruridir.



MƏSLƏHƏT GÖR:

506