
YENİ CƏBHƏ?
Suriya - Qərb, Rusiya - Ukrayna, Rusiya - Türkiyə: Səudiyyə Ərəbistanı - İran qarşıdurması dünyanı təhdid edən münaqişələrin siyahısını artıra bilərmi?
Müəllif: Natiq NAZİMOĞLU Bakı
İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin pozulması regiondaxili qarşıdurmanı ciddi şəkildə dərinləşdirib. İslam dünyasına liderlik uğrunda mübarizə aparan regional fövqəldövlətlər - şiə İranı və radikal sünni Səudiyyə Ərəbistanı arasında onsuz da isti olmayan münasibətlər səudiyyələrin hələ 2012-ci ildə həbs olunmuş məşhur şiə moizəçisi, ayətolla Nimr ən-Nimri edam etməsindən sonra tam pozulub. Mərhum ilahiyyatçı Səudiyyə Ərəbistanı rejimini sərt tənqid edir, ölkədə dini azlıqların hüquqlarına hörmətlə yanaşılması, Konstitusiya islahatlarının aparılması tələbini irəli sürürdü. Amma Ər-Riyadı ən-Nimrin fərqli düşünməsindən daha çox onun İrana yaxınlığı narahat edirdi. Onun edam olunmasının İslam respublikası və şiə ictimaiyyəti tərəfindən bu qədər kəskin tənqidlə qarşılanması da təəccüblü deyil.
Ən-Nimrin edamına etiraz edən iranlı nümayişçilər Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum ediblər. Nəticədə, Ər-Riyad İranla əlaqələrin kəsildiyini bəyan edib. Tehran da borclu qalmayıb. İslam respublikasının hökuməti Səudiyyə Ərəbistanından ölkəyə hər hansı məhsulun gətirilməsinə qadağa qoyub. Daha önəmlisi isə siyasi münasibətlərdə yaşanıb - Tehran faktiki olaraq səudlar sülaləsinin idarə etdiyi krallığın mövcudluğuna son qoyula biləcəyinə dair hədələr səsləndirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargah rəisinin müavini, briqada generalı Hüseyn Salami hədə dolu bəyanatı kifayət qədər açıq ifadə edib: "Səudiyyə rejimi regionda ağılsız siyasətini davam etdirərsə, çox davam gətirməyəcək". Onun sözlərinə görə, "Səudiyyə Ərəbistanının siyasəti əl-Səud rejimini dəfn edəcək uçquna səbəb ola bilər".
Ər-Riyadla Tehran arasında qarşıdurmanın dərinləşməsi Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə hərbi əməliyyatları bərpa etməsinə də yol açıb. Xatırladaq ki, Ərəbistan yarımadasının bu yoxsul dövləti 2014-cü ilin avqustundan hökumət qüvvələrilə husilərin şiə hərəkatı arasında silahlı münaqişə ocağına çevrilib. 2015-ci ilin yanvar-mart aylarında husilərin az qala bütün Yəmən üzərində nəzarəti ələ almalarından sonra Səudiyyə Ərəbistanı Bəhreyn, Qətər, Küveyt, BƏƏ və digər region ölkələrinə məxsus Hərbi Hava qüvvələrinin dəstəyilə onlara qarşı hərbi-hava əməliyyatlarına başlayıb. Qeyd edək ki, Ər-Riyad husilərin məhz İran tərəfindən dəstəkləndiyini bildirir.
Səudiyyə Ərəbistanının husilərə qarşı əməliyyatları son zamanlar bir qədər səngimişdi. Çünki Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması Ər-Riyadı narahat etdiyindən o, diqqəti Suriya prezidenti Bəşər Əsədin rejimilə mübarizəyə yönəltmişdi. Məsələ ondadır ki, Ər-Riyad Rusiyanın hərbi əməliyyatlarının Səudiyyə Ərəbistanı tərəfindən himayə olunan müxalif qrupların maraqlarına qarşı olduğunu düşünür. Ər-Riyad bu məqsədlərlə hətta "İslam Dövləti"nə qarşı islam koalisiyasının yaradıldığını da bəyan edib. Bu, əslində, Ər-Riyadın Yaxın Şərqin gələcəyi üçün həyati əhəmiyyət daşıyan Suriya məkanında möhkəmlənmək istəyindən irəli gəlir. Beləliklə, indi İranla münasibətlərin kəsilməsi fonunda Səudiyyə monarxiyası Yəmənin bombardmanını bərpa edib. Nəticədə, İranın Sanadakı səfirliyinin binasına da aviazərbələr endirilib və Tehran buna görə Ər-Riyadın məsuliyyət daşıdığını bəyan edib. Səudiyyə Ərəbistanı isə səfirliyə zərbə endirilmədiyini, bununla yanaşı, məsələnin araşdırılacağını bildirir.
İranla Səudiyyə Ərəbistanı arasında "cəbhə" yalnız Yəmənin hesabına genişlənmir. Ər-Riyadın ardınca Səudlar sülaləsinin yaxın müttəfiqi, sünnilərin idarə etdiyi, lakin əhalisinin, təxminən, 70%-i şiə olan Bəhreyn də İranla diplomatik münasibətləri kəsib. Bu da son deyil. "Səudiyyə Ərəbistanı ilə həmrəylik addımı"nı Sudan, Cibuti, Somali, Komor adaları da atıb. Səudiyyə Ərəbistanının monarxiya üsul-idarəsinin hökm sürdüyü qonşuları - Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər də İranla diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirib. Xatırladaq ki, bu ölkələr də Səudiyyə Ərəbistanında olduğu kimi, vəhhabi hərəkatının maraqlarını təmsil edir.
Amma söhbət yalnız ənənəvi xarakter daşıyan, indiki dövrdə isə Yaxın Şərqdə hökmranlıq uğrunda mübarizə aparan nüfuzlu dünya gücləri tərəfindən məharətlə qızışdırılan sünni-şiə qarşıdurmasından getmir. İranla Səudiyyə Ərəbistanı arasında qarşıdurmanın səbəblərindən biri də, şübhəsiz ki, iki ölkənin enerji maraqlarının toqquşmasıdır. "The Intercept" yazır ki, "Fars körfəzində, demək olar ki, bütün yanacaq mədənləri şiələrin yaşadığı ərazilərdədir. Bu, sünni dövləti olan Səudiyyə Ərəbistanına da aiddir - ölkənin iri neft yataqları əhalisinin əksəriyyəti şiə olan şərq əyalətlərindədir". Başqa sözlə, Ər-Riyad "ölkə şiələrinin onlardan ayrılacağından, bununla da, bütün nefti götürərək şiə İranına birləşəcəyindən" çox narahatdır.
"The Intercept" nəşrinin şərhçisi Con Şvarts hesab edir ki, ABŞ-ın 2003-cü ildə İraqa hərbi müdaxiləsi nəticəsində sünni azlığın dəstəklədiyi Səddam Hüseynin devrilməsi, onu İranın dəstəklədiyi şiə çoxluğun əvəzləməsi Ər-Riyadın bu narahatlığını daha da artırıb.
Son hadisə ilə əlaqədar olaraq, İran-Səudiyyə Ərəbistanı qarşıdurmasının açıq müharibə mərhələsinə keçmə ehtimalı da gündəmdədir. Lakin əksər ekspertlər ən azı yaxın perspektivdə bu müharibənin başlayacağını düşünmür. Hər halda, hazırda tammiqyaslı müharibədə nə Tehran, nə də Ər-Riyad maraqlıdır. Sonuncu bununla bağlı mövqeyini müdafiə naziri Məhəmməd ibn Salman əl-Səudun dililə aydın şəkildə ifadə edib. Nazir bildirib ki, "silahlı münaqişə bizim qətiyyən gözləmədiyimiz şeydir. Kimsə ölkəni buna doğru sürükləyirsə, demək, özündə deyil. Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə regionda böyük fəlakətin başlanğıcı ola bilər və o, bütün dünyaya öz təsirini göstərər".
"Bütün dünya" da müharibə ehtimalından məmnun deyil. Məsələn, ABŞ bilir ki, beynəlxalq sanksiyalardan xilas olmuş, Qərblə əsas regional güclərdən biri kimi, miqyaslı iqtisadi əməkdaşlığa hazırlaşan İranla "ABŞ-ın ən etibarlı yanacaqdoldurma məntəqəsi", həmçinin Qərbi qane etməyən rejimlərin ləğvində Vaşinqtonun real müttəfiqi sayılan Səudiyyə Ərəbistanı arasında savaş gözlənilməz fəsadlara yol aça bilər. Burada söhbət yalnız təhlükəsizliyə, konkret regional ölkələrin mövcudluğuna yaranacaq təhdiddən getmir. Söhbət həm də dünya mərkəzlərinin Yaxın Şərqdəki və bütünlükdə müsəlman dünyasındakı uzunmüddətli strateji maraqlarından gedir.
Bununla yanaşı, bir tərəfdə İran, digər yanda isə Səudiyyə Ərəbistanı və müttəfiqləri arasında siyasi və iqtisadi qarşıdurma davam edəcək. Bu, yalnız Yaxın Şərqdəki qanlı münaqişələrin ümumi şəkildə həlli kontekstində çözülə bilər. Söhbət son illər müasir dünya düzəninin əsas başağrısına çevrilmiş münaqişələrdən gedir.
MƏSLƏHƏT GÖR: