24 Noyabr 2024

Bazar, 13:45

BÖYÜK QURAQLIQ

2016-cı il arxasınca dünya indeksləri və neft qiymətlərini aparan Çin fond bazarının çökməsi ilə başlandı

Müəllif:

19.01.2016

Yeni il bayramları qurtarmağa macal tapmamış, birja xəbər topluları öz "hədiyyə"sini təqdim etməyə başladılar. Və hez də ğrəkazan "hədiyyə" olmadı. Çin bazarında gözlənilən azalma zükməyə zevrildi və bütün dünya üzrə bazar indekslərini və eyni zamanda, neftin qiymətini də özü ilə aşağı çəkdi.

Yeni, 2016-cı ilin ilk gğnlərində Çinin iki ən iri fond birjasında - Şanxay və Şençjen birjalarında fond indeksləri 5-7%-ə düşdü. Nəticədə, birjanın böyük dərəcədə çökməsinə görə birjalar iki dəfə işi dayandırdılar. 

Lakin birjanın çökməsinə, ilk növbədə, Çin hökumətinin 1,5% həddində - bir dollar 6,5646 yuan səviyyəsində devalvasiya etmək qərarı təsir etdi. Ümumilikdə isə, son yarım il ərzində Çin valyutası dəyərini 5%-dən zox itirib. Hərçənd, Çin hökumətinin vəziyyətin sabitləşdirilməsi və yuanın məzənnəsinin saxlanması ilə bağlı tədbirlər görməsinə baxmayaraq, rekord səviyyədə azalmanın qarşısını almaq mümkün olmadı. 2015-ci ilin nəticələrinə əsasən, Çinin qızıl valyuta ehtiyatları 500 mlrd. dollar - 3,3 trln. dollara qədər azalıb. Bununla belə, ehtiyatların azalması 1992-ci ildən ilk dəfə baş verdi, bu da kapitalın axın trendini göstərir.

Çinin makroiqtisadi statistikası 2015-ci ilin nəticələrinə əsasən, o qədər də ürəkaçan olmadı - ölkə ÜDM-si, sadəcə, 6,9-7% artıb. Bu, son 20 il ərzində ən aşağı göstəricidir.

Bu, Çin iqtisadiyyatının sərmayələr üzərində qurulan, istehsal iqtisadiyyatından istehlak iqtisadiyyatına keçidi ilə bağlı hez də asan olmayan dövr yaşadığından xəbər verir. Cari ildə Çinin ÜDM artım templəri daha da aşağı düşəcək. Rəsmi proqnozlara əsasən, artım 6,7% təşkil edəcək, müstəqil maliyyə institutlarının məlumatılarına görə, bu rəqəm - 6,3-6,5% olacaq.

Bütün bu sarsıntılar dünya iqtisadiyyatına mənfi təsir göstərir. Sirr deyil ki, məhz Çin son 10 il ərzində dünya iqtisadi artımının lokomotivi idi. Nəticə olaraq, ÜMD-nin həcminə görə "Səmaaltı" ölkə 1990-cı ildə 10-cu yerdən 2-ci yerə yüksəlib və 2009-cu ildən bu pillədə möhkəm qərarlaşıb. Çin bazarlarında çökmə Yaponiya da daxil olmaqla, Asiya bazarlarından Avropa, Şimali və Cənubi Amerika və Rusiyayadək dünyanın, demək olar ki, bütün birjalarına təsir göstərib.

Ən yüksək azalma Amerika birjalarında müşahidə olunurdu; məsələn, "Dow Jones" indeksi ilin əvvəlində son 119 ildə rekord aşağı göstəriciyə çatdı və 5%-dən də çox aşağı düşdü. İndeks 911 bənd itirdi, bu da 1897-ci ildən bəri ən pis göstəricidir. Nasdaq indeksi 6% düşdü, bu da 2000-ci ildən bu yana son 16 il ərzində ən pis nəticədir.

Çin birjalarının çökməsinin və kapital axınının katalizatoru ABŞ özü olub. Federal Rezerv Sisteminin əsas dərəcəsinin qaldırılması ilə bağlı dekabr qərarı və gələcək 3 il ərzində artım tendensiyasına dair proqnozu Çinin də aid olduğu inkişafda olan bazarlarından kapitalın axını trendini müəyyənləşdirdi. Nəticədə, artıq 2015-ci ildə Çindən kapital axını, təxminən, 900 mlrd. dollar təşkil etdi. Bundan başqa, Amerika iqtisadiyyatının ürəkaçan perspektivləri dolları gücləndirir, bu da maliyyə və fond bazarlarına mənfi təsir göstərir.

Lakin təkcə onlara deyil. Çin iqtisadiyyatının dayanmasının daha bir qurbanı neft qiymətləri oldu. "Qara qızıl"ın qiyməti bir barrelə görə 30 dollardan aşağı düşdü. Bununla belə, bu göstəricini də son hesab etmək olmaz. Hələ 2015-ci ilin sentyabrında, az da olsa, neftin qiymətinin artmasını və 50 dollardan yuxarı həddə stabilləşməni vəd edən bir çox maliyyə və ekspert dairələri, ilin əvvəlindən proqnozlarını dəyişdirirlər. 

2016-cı il üçün, orta hesabla, qiymətlərin yeni səviyyəsi bir barrelə 40 dollar və yalnız 2017-ci ildə 50 dollar çərçivəsində proqnozlaşdırılır. Belə ssenari ilə "Barclays", "Bank of America", "Merill Lynch", "Societe Generale", "Morgan Stanley", "Goldman Sachs", "Citigroup" və ABŞ-ın Energetika Nazirliyinin Energetika Məlumatı üzrə İdarəsi (EİA) çıxış ediblər. Həm də onların hamısı neftin qiymətinin 15-20 dollara qədər düşə biləcəyini istisna etmirlər. Ən bədbin ssenarini Britaniyanın "Standard Chartered" bankının analitikləri veriblər: onların fikrincə, neftin bir barrelinin qiyməti 10 dollara qədər düşə bilər.

Qiymətlərin aşağı düşməsinin əsas amili hələ də neft təklifinin tələbatı üstələməsidir - bazarda neft qalığı sutkada 1,5-2 mln. barrel təşkil edir.

Bu mənada, bazarlar iqtisadi artımın zəifləməsi ilə əlaqədar Çində neft tələbatının azalmasını gözləyirlər. Lakin bu gözləntilər, hələlik, reallıqdan uzaqdır - Çin 2015-ci ildə neft idxalını 8,8% rekord həddədək - 334 mln. ton artırıb. 

Cari ildə idxal 370 mln. tona qədər daha da arta bilər. Lakin istehlakçılardan istehsalçılar da geridə qalmır - Səudiyyə Ərəbistanı və Rusiya: dünyada neftin ən böyük istehsalçıları nəinki hasilatın azalması barədə düşünürlər, hətta onu fəal şəkildə artırırlar. RF, məsələn, 2015-ci ilin nəticələrinə əsasən, neft hasilatı üzrə rekord müəyyən edib - 534 mln. ton. Neft ixracı 10% artıb və 220,3 mln ton təşkil edib.

Eyni zamanda, neft qiymətlərinə ər-Riyadın şiə xətibi Nimr ən-Nimrin edam edilməsi və krallığın İİR-dəki diplomatik nümayəndəliyinə hücumla əlaqədar Səudiyyə Ərəbistanı ilə İran arasında əlaqələrin pisləşməsi heç bir təsir göstərmədi. Elə görünürdü ki, neft ehtiyatlarının ən iri sahibləri arasında münaqişə qiymətlərin artmasına gətirib çıxarmalı idi. Lakin birjalar münaqişənin ən gərgin fazasında bir neçə saat ərzində cüzi artım ilə reaksiya verdilər. Sonradan neftin qiymətinin azalması trendi davam etdi.

Bu münaqişə sonda neft bazarlarına, hətta əks-təsir göstərəcək. Artıq bu ay İran AEBA-nın Tehranın nüvə razılaşmasının şərtlərinin yerinə yetirilməsi ilə bağlı hesabatın təsdiqlənməsi ilə bağlı neft ixracının artırılmasına dair hüquq qazanıb. Bu, əsas mənada, İran üzərindən sanksiyaları götürəcək, dondurulmuş aktivlərin bir hissəsinə çıxışını təmin edəcək, yaxın perspektivdə sutkada 500 min barrel neftin ixracını artırmağa imkan yaradacaq.

Amma məhz Səudiyyə Ərəbistanı ABŞ tərəfindən sanksiyaların tətbiq edilməsindən sonra, İranın OPEC-də boş qalan yerini tutmuşdu. İki ölkənin kartelə üzv olmasını nəzərə alaraq, indi sanki payı qaytarmaq vaxtı yetişib. Lakin vəziyyət elə məcrada inkişaf edir ki, artıq heç kəs, hətta rəsmi kvotalara əməl etməyəcək və İran da neft bazarında qiymət müharibəsinə qoşulacaq. OPEC artıq bazarı tənzimləyə bilmədiyini etiraf edib, Səudiyyə-İran arasında qarşıdurmanın artması təşkilatı tamamilə dağıda bilər.

Lakin hələlik, kartel istehlakın artması barədə nikbin proqnozlar səsləndirməklə, proseslərə necəsə reaksiya verməyə çalışır. BƏƏ-nin energetika naziri Süheyl Məhəmməd əl-Mazruinin sözlərinə görə, OPEC-in strategiyası uğurla işləyir, çünki kartel xaricində hasilatın kəskin azalması müşahidə olunur. Düzü, əgər Rusiya neftin rekord həddə hasil olunmasından məlumat verirsə, nazirin azalmanı harada görməsi anlaşılan deyil. ABŞ-da neftin istehsalı nisbətən aşağı düşüb, lakin orada azalma templəri o qədər də yüksək deyil. 2015-ci ilin may ayında maksimal göstəricisi 9,6 mln. barrel neftdən, noyabrda 9,1 mln. barrelə qədər düşüb. Lakin artıq dekabrda hasilat 9,2 mln. barrelə qədər yenidən artıb, bu da neft ixracına qadağanın aradan qaldırılması ilə əlaqəlidir . Bu arada, BƏƏ naziri neftə tələbatın sutkada 1-1,5 mln. barrel artacağını proqnozlaşdırır. Neft qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar OPEC 2016-cı ilin mart ayında kartelin növbədənkanar sammitini elan edib. Bu müddətə qədər təşkilat karteldənkənar istehsalçılar ilə hasilatın birgə azalması barədə razılaşmağa çalışacaq. Lakin əsas oyunçuların geosiyasi anlaşılmazlıqlarını nəzərə alaraq, razılaşma şansları o qədər də yüksək deyil. Onu da nəzərə almaq lazımdır ki, karteldə əsas söz sahibi hasilatın azalması, həm də onun artırılması ilə bağlı geniş imkanlara malik Səudiyyə Ərəbistanı olaraq qalır. Krallıq tədarük coğrafiyasını artırmağa cəhd edərək, hələlik, bazarında payını kiməsə vermək niyyətində deyil. Ona görə də kartelin mart iclasından nəsə qeyri-adi bir şey gözləmək lazım deyil - OPEC, çətin ki, hətta dekabrda imtina etdiyi əvvəlki kvotaları qaytarsın. Hasilatın azaldılması imkanları barədə heç danışmaq da lazım gəlmir.

Əsas neft hasilatçıları arasında hər hansı bir irimiqyaslı müharibə, yaxud bazarda təklifin həcmini kəskin şəkildə azalda biləcək başqa amil baş verməsə, əsas oyunçuların kompromislərə hazır olmadığı şəraitdə, neft qiyməti düşməyə davam edəcək. Hələlik, bu cür ilkin şərtlər yoxdur. 

Təbii ki, aşağı səviyyə sahəyə sərmayələrin azaldılmasına gətirib çıxarır, bu da hasilata 2-3 il ərzində öz təsirini göstərəcək. Yalnız cari onilliyin sonuna qədər biz neftin qiymətinin qalxması trendini müşahidə edə bilərik.

Digər tərəfdən, neftin ucuz qiyməti enerjidaşıyıcılarını istehlak edən ölkələrdə iqtisadi inkişafı aktivləşdirir. Lakin nəzərəçarpacaq artımın da zamana ehtiyacı var - indiki şəraitdə, ucuz qiymətlərə baxmayaraq, biz Çində artım templərinin aşağı düşməsi və Avropada o qədər də dayanıqlı olmayan artımı görürük. Xüsusilə ABŞ seçilir - okeanın o tayının iqtisadiyyatında işlər yaxşı gedir, dollar digər valyutalarla nisbətdə güclənir və neft bazarında qiymətlərin aşağı düşməsinə öz töhfəsini verir. 

Prinsipcə, bu vəziyyətdə neft hasil edən ölkələr fayda görə bilərlər. İndiki böhran islahat aparılması və iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini göstərir. Aydındır ki, neft gəlirlərinin azalması şəraitində islahatlar aparmaq və digər sektorları inkişaf etdirmək daha çətindir. Ən azından, maliyyə çatışmazlığı şəraitində. Amma bunları etmək olduqca zəruridir. Neftin qiyməti nə qədər yüksəlsə də, ekspertlərin çoxu bir barrel neftin 100 dollar və ondan yüksək göstəricilərini unutmağı məsləhət görürlər. Hazırda optimistik proqnoz 60-80 dollar göstəriciyə zatmaq hesab edilir. Hələlik isə vəsaitlərə öyrəşərək, yaşamaq qalır.


MƏSLƏHƏT GÖR:

549