28 Dekabr 2024

Şənbə, 10:53

HÖKM №1

Bolşevik Əli Bayramovun qətli ADR hökumətinə qarşı istifadə edilmiş ilk iş olub

Müəllif:

26.01.2016

1920-ci il martın 23-də Bakıya şok xəbər yayıldı - şəhər kənarındakı düzəngahda boğazı kəsilmiş cəsəd tapılıb. Bu, Azərbaycan bolşeviklərinin görkəmli nümayəndələrindən biri, uzun müddət hakimiyyətdən gizlənən Əli Bayramovun meyidi idi. İstintaq orqanları cinayətin araşdırılmasına başlasa da, onu başa çatdırmağa macal tapmadılar.

 

"Sübut"

1920-ci il aprelin 28-nə keçən gecə Azərbaycan Demokratik Respublikasının hökuməti devrildi və hakimiyyət bolşeviklərə keçdi. Aprelin 29-da ədliyyə komissarı Əliheydər Qarayev Ali İnqilab Tribunalının (AİT) rəhbərinə Əli Bayramovun qətli ilə bağlı işi öz icraatına götürməsini tapşırdı. Nəticədə, işlə bağlı əvvəlki istintaq qrupunun topladığı materiallar AİT-ə verildi. Lakin sonrakı hadisələr göstərdi ki, yeni hakimiyyətin inqilabçı Ə.Bayramovun qətlinin günahkarları ilə bağlı öz fikri var imiş. AİT-in faktı detallı şəkildə araşdırmaqda maraqlı olmadığını göstərən bir faktı nəzərinizə çatdıraq: AİT-in istintaq şöbəsinin müstəntiqinə qətli "araşdırmaq" üçün cəmi 20 gün kifayət etdi. Onun mayın 19-da imzaladığı yekun qərarda cinayətə "aidiyyəti" olan 19 nəfərin adı çəkilirdi. Bütün ittihamlar çap maşını ilə yazılmış səhifədən ibarət idi. Müstəntiq Ə.Bayramovun qətlində keçmiş daxili işlər naziri (müavini), cinayətin baş verdiyi dönəmdə daxili işlər naziri səlahiyyətlərini icra etmiş Şəfi bəy Rüstəmbəyovu, Bakının sabiq hərbi general-qubernatoru Murad Gəray Tlexası, Bakı qradonaçalnikliyinin informasiya şöbəsinin sabiq rəhbəri Ələkbər xan Şahsuvarovu, Bakının sabiq polismeysteri Rüstəm bəy Mirzəyevi, Bakının 4-cü dairəsinin sabiq pristavı Nurəddin Seyidovu və bir sıra digər şəxsləri günahkar elan edib. Lakin Ə.Bayramovun qətlinə görə sadalananların hamısına qarşı ittiham irəli sürmək mümkün olmayıb. Bolşeviklər hakimiyyəti ələ keçirən zaman Şəfi bəy Rüstəmbəyov, Əjdər Eminov, Hüseyn Nadiroğlu, Aleksandr Koberidze ölkəni tərk etmiş, Ələkbər xan Şahsuvarov isə dünyasını dəyişmişdi. Beləliklə, AİT məhkəməsi qarşısına 14 nəfər çıxarılmışdı. Müttəhimləri AİT Kollegiyası mühakimə edirdi. Teymur Əliyevin sədrlik etdiyi Kollegiyada Lev Qans, Yefim Rodionov, Zeynal Dadaş və Mirbəşir Qasımov yer alıblar. 1920-ci il mayın 21-də başlayaraq mayın 28-də başa çatmış proses açıq keçirilib. "Kommunist" qəzetində müvafiq elan yer almışdı - məhkəmə zalına keçid buraxılış vərəqəsi ilə olub. 1 həftə ərzində tribunal 18 müttəhimin günahını, 1 nəfərin isə günahsız olduğunu "sübut" edib. Lakin onların heç biri özünü günahkar saymayıb və cinayətdə iştirakını boynuna almayıb.

General Tlexasın mühakimə olunmasına nəzər saldıqda, məhkəmənin necə keçirildiyini müəyyənləşdirmək olur. O, istintaqa şübhəli şəxs qismində mayın 19-da, yəni istintaqın başa çatmasından 2 gün əvvəl cəlb olunub. "General Tlexas şahid yox, həyat yoldaşım Əli Bayramovun qatilidir", - deyə Ceyran Bayramova AİT-ə yazdığı məktubda bildirirdi. Beləliklə, mayın 21-də müstəntiq yekun qərarı hazırlayaraq məhkəməyə göndərdikdə, general cinayətin şahidindən müttəhimə çevrildi. İstintaq ona qarşı "qətlə səbəb olmuş fəaliyyətsizlik" ittihamı irəli sürüb. Məhkəmədə general Tlexas bildirdi ki, o, Ə.Bayramovun və digər bolşeviklərin həbsi ilə bağlı qərarın qəbulundan xəbərdar olub. "Vəzifəli, rəsmi və zərərçəkmiş şəxslərdən heç biri yardım üçün mənə müraciət etməyib", - deyən general bu halda cinayətin qarşısını almaq imkanına malik olmadığını söyləyib.

Tribunalın hökmü ilə 10 nəfər - Tlexas, Mirzəyev, Sübhanverdixanov, Babayev, Cəbrayılov, Ter-Arutyunov, Rzayev, Həbib Nəzəroğlu, Əbdürrəhman Qurbanoğlu, Mövsümov, həmçinin məhkəmə qarşısına çıxarılmayan 5 müttəhim - Rüstəmbəyov, Eminov, Hüseyn Nadiroğlu, Koberidze və Vəli Məşədi Hüseynoğlu ən ağır cəzaya - güllələnməyə layiq görüldülər. Bundan başqa, İbrahim Xəlil Zülfüqarov 10, Aslan bəy Mirzəyev 5, Nurəddin Seyidov 3 il müddətinə azadlıqdan məhrum edildilər. Ehtiyat polislərin rəisi Nikolay Kaloydoviçə isə bəraət verildi. 

 

Mübahisələr səngimir

Bu, yeni hakimiyyətin sinfi düşmənə qarşı ilk məhkəmə hökmü idi. Hökm artıq növbəti gün - 29 may saat 02:30-da AİT üzvləri Zeynal Dadaşov və Lev Qans, həmçinin Bakı komendantı Mazurovun iştirakı ilə icra olundu. Müttəhimlərin Nargin adasında güllələndikləri ehtimal olunur. Onların ölümünü təsdiqləyən həkim yazdığı aktda "meyitlərin güllələnmənin həyata keçirildiyi yerə yaxın ərazidə, 7 fut dərinlikdə qardaşlıq məzarlığında basdırıldığını" qeyd edib.

O andan 85 ildən artıq vaxt keçib. Lakin Ə.Bayramovun qətlinin sifarişçiləri və icraçıları, onların əməllərindəki motiv haqqında mübahisələr səngimir və mütəmadi olaraq yerli KİV-də bu haqda yazılara rast gəlinir. Kommunistlər hər zaman - istər keçmişdə, istərsə də indi - hesab edirlər ki, Əli Bayramovun qətli ozamankı hökumətin işidir. Guya, hökumət bu yolla Bakı proletariatını qorxutmaq, etiraz dalğasının qarşısını almaq, bununla da, hakimiyyəti qoruyub-saxlamaq məqsədi güdüb. Onların fikrincə, qətlə səbəb Əli Bayramovun həyat yoldaşı Ceyran Bayramova, oğulluğu və xanımının nənəsi ilə birgə yaşadığı mənzildə aparılmış axtarış zamanı 2 telefon aparatının tapılması olub. Bu faktı C.Bayramova istintaqa ifadəsində təsdiqləyir. Belə bir versiya var ki, həmin dövrdə informasiya şöbəsində işləyən C.Bayramova həmin telefonlar vasitəsilə məxfi məlumatları bolşeviklərə ötürürmüş. Bayramovanın iddiasına görə, onun həyat yoldaşı məhz bu səbəbdən qətlə yetirilib.

Lakin qətllə bağlı bizim araşdırdığımız arxiv materiallarında bu barədə heç bir fakta rast gəlinmir.

Hökumət də öz növbəsində bolşevikin qətlinə heç bir aidiyyətinin olmadığını bəyan etmişdi. O zaman hökumətin mövqeyi "İstiqlal" qəzetində əks olunmuşdu. Qəzetin nömrələrininn birində deyilirdi ki, Azərbaycan Respublikaı demokratik dövlətdir və onun hər bir vətəndaşı bu cür cinayətlərə etiraz edir. Məqalə müəllifi yazırdı ki, istintaqın işi qətlin üstünü açmaq, cinayətkarların motivini müəyyənləşdirməkdir. Müəllifin fikrincə, hökumət üçün Bayramovun qətlə yetirilməsi "bolşeviklərin çörəyinə yağ çəkmək" olardı.

Daha bir versiyaya görə, Ə.Bayramovun qətli şəxsi münaqişə zəminində baş verib. Çünki o, Bakı qəzalarında silah gücünə sovet hakimiyyətinin qurulması üçün çox qanlar tökmüşdü. Bayramovun əməllərindən, xüsusilə Bakı qoçuları narazı idilər. İstintaq materiallarında bildirilir ki, "martın 20-də o (Bayramov), "Melniçnı" küçəsi ilə (hazırkı Ağadadaş Məcidov küçəsi) gedirmiş. 2-ci və 3-cü paralel küçələri arasında (hazırkı Balababa Məcidov və Mahmud Əbilov küçələri) qoçu Əjdər Eminov və Hüseyn Nadiroğlu onun qarşısını kəsir və Bayramovu polismeysterin yanına aparırlar. Onlar qətli əvvəlcədən planlaşdırıbmışlar".

Bu da son versiya deyil. Digər versiyada Bayramovun partiya yoldaşlarının sifarişi ilə öldürüldüyü bildirilir. İlk baxışdan bu, inandırıcı görünməyə bilər. Lakin 1937-ci ili yada salsaq...

Bu gün Ə.Bayramovun qətlinin əsl motivini müəyyənləşdirmək, cinayətin əsl sifarişçilərinin, iştirakçılarının kimlər olduğunu söyləmək çətin, daha doğrusu, praktiki olaraq mümkünsüzdür. Ə.Bayramovun qəbir daşında isə bu sözlər həkk olunub: "Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş"...



MƏSLƏHƏT GÖR:

772