Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycan iqtisadiyyatda postneft dövrünə və vacib islahatların yeni mərhələsinə start verib. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konransdakı çıxışında Prezident İlham Əliyev bildirib ki, ölkədə dayanıqlı inkişafın əsas amilləri olan islahatlar, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması olacaq. Bununla yanaşı, neftin qiymətinin 4 dəfə ucuzlaşmasının əhaliyə mənfi təsirini maksimum azaltmaq məqsədilə qeyd olunan istiqamətdə işlər sürətlə aparılacaq.
Prezidentin sözlərinə görə, əvvəllər Azərbaycanda postneft dövrünün 30-40 il sonra başlayacağı düşünülürdü. Bununla bərabər, hesab olunurdu ki, 2-3 il sonra reallaşdırılacaq "Cənub" Qaz Dəhlizi neft hasilatında enişi müəyyən qədər önləyəcək. Lakin dünyanın neft bazarında yaranmış vəziyyət ölkəni qısa müddətdə yeni iqtisadi inkişaf üsulları tapmaq məcburiyyətində qoyub.
İndi birinci dərəcəli məsələ biznes, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi, maliyyə sektorlarının, vergi, gömrük orqanlarının tam şəffaflaşması, vergi bazasının genişləndirilməsi, uçotun, statistikanın düzgün aparılmasıdır. Bu şəraitdə, əlbəttə ki, ilk növbədə, qeyri-neft sektoruna aid sahibkarlığın inkişafına nail olunmalıdır. Ölkənin azalmış neft gəlirlərinin yerinin doldurulmasına yalnız rəqabət qabiliyyətli, ixracyönümlü məhsulların istehsalı real kömək edə bilər. İstehlak bazarında qiymətlərə təsir göstərmək üçün məhz bu lazımdır. Xoşbəxtlikdən ötən illərdə ölkədə müxtəlif sahələrdə kifayət qədər müəssisə yaradılıb. Lakin bir çox sahələrdə yekun məhsulun əldə edilməsində hələ də idxal amili var və bu, məhsulların qiymətinə öz təsirini göstərir.
Bir sözlə, bu gün ölkədə qablaşdırma materialları lazımi həcmdə istehsal olunmur. "Qablaşdırma materialları bütün sahələr üzrə var. Bu onu göstərir ki, bu sahəyə fikir verilməyib. Mütləq yeni karton fabrikləri tikilməlidir və istehsalda biz 50 faiz xarici materiallardan asılıyıq. Bunu da tədricən aradan götürməliyik", - deyə İlham Əliyev bildirib.
Qeyd etmək lazımdır ki, dövlət başçısının tapşırığı ilə İqtisadiyyat Naziri bu sahəyə əlavə dəstək verməyə başlayıb. "Bizdə artıq qablaşdırma materialları istehsal edən müəssisə var. Lakin onun keyfiyyəti də artırılmalıdır. Bu məqsədlə müəssisələrə dövlət dəstəyi göstəriləcək, kreditlər ayrılacaq, onların məhsulları yerli istehsalçılara təklif olunacaq", - deyə nazirlikdən bildiriblər.
Xarici amilin mövcudluğu xüsusilə ərzaq məhsullarının istehsalında hiss olunur. Ölkədə kənd təsərrüfatının inkişafına böyük həcmdə vəsait ayrılır, nəhəng infrastruktur, meliorasiya layihələri reallaşdırılır, elevatorlar, refrijeratorlar tikilir. Lakin devalvasiyadan sonra bir çox yerli məhsulların pərakəndə satış qiymətində artım baş verib. Məlum olub ki, müəssisələr gübrələri, yemi, dərmanları xaricdən gətirdikləri üçün qiymətləri artırmalı olublar. Yəni, müvafiq nazirlik və qurumların bu günə olan əsas vəzifəsi istehsal zəncirindəki "ağ ləkələri" üzə çıxarmaq, sahibkarları onların aradan qaldırılmasına cəlb etməkdir. Prezident İ. Əliyev də ölkədə dərman və yem istehsalının təmin oluna biləcəyini söyləyib. Bundan başqa, aqrar sektorun ayrı-ayrı sahələrinin, məsələn, pambıqçılığın stimullaşdırılması üçün xammalın alış qiyməti artırılmalı, Azərbaycan üçün ənənəvi olan bitkiçilik sahələrinin (çay, pambıq) dirçəldilməsi üçün əlavə investisiya yatırımları edilməlidir.
Qeyd etmək lazımdır ki, sahibkarların özləri vəziyyətdən çıxış yolu kimi, vergi və gömrük qanunvericiliyində bəzi güzəştlərin nəzərdə tutulmasını vacib sayır. Məsələn, onlar xammal idxalına gömrük tariflərinin aşağı salınmasını, biznesin ilkin mərhələsində br sıra vergilərin tutulmamasını və s. təklif edirlər. Bununla əlaqədar olaraq, Dövlət Gömrük Komitəsi artıq ölkədə istehsal olunan bir sıra malların idxalına görə rüsum və vergilərin artırılmasını təklif edib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyevin sözlərinə görə, daxili istehsalın artırılması üçün bəzi xammalların idxalına görə gömrük rüsumlarının azaldılması da təklif olunur.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə daxili bazarın qorunması məsələsindən danışarkən bunun ilk növbədə aqrar-sənaye kompleksinə və emal sənayesinə aid olduğunu söyləyib. A. Əliyevin sözlərinə görə, bu məqsədlə bu və ya digər məhsulların idxalına kvota qoyula bilər. Ayrı-ayrı məhsulların idxalına yüksək rüsumun tətbiqi də mümkündür.
Yəni, sonda ölkə nəinki özünü həyati əhəmiyyətli məhsullarla təmin etməli, həm də imkan daxilində istehsalda xarici amillərdən asılılığı aradan qaldırmalıdır. Yekun məhsul nə qədər ucuz və keyfiyyətli olarsa, onun xarici bazarlarda rəqabətə tab gətirmək şansı da o qədər çox olar. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ölkədə rəqabət qabiliyyətli məhsul istehsal edən və onu dünya bazarına çıxaran sahibkarlara güzəştləri nəzərdə tutan ixracın təşviqi sistemi yaradılmalıdır.
Yerli istehsalın inkişafı üçün daha bir stimul məhsulların hökumət səviyyəsində istifadəsinin təbliği olmalıdır. Bu, nazirliklərə də aiddir. Prezident məhz onları xarici deyil, yerli avtomobillərdən və mebellərdən istifadəyə çağırıb. "Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar - Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər", - deyə dövlət başçısı qeyd edib. O, məmurları Naxçıvan Avtomobil Zavodunda yığılan "NAZ Lifan" avtomobillərindən istifadə etməyə də çağırıb. Prezident bu maşınların keyfiyyətinə görə xarici maşınlardan heç də geri qalmadığını, üstəlik, onlardan xeyli ucuz olduğunu bilirib.
Bu gün ölkə iqtisadiyyatı üçün vacib olan yeni müəssisələrin yaradılması üçün bazaya gəlincə, bu, hələ də dövlət mülkiyyətində olan köhnə obyektlərin əsasında reallaşdırıla bilər. Geniş özəlləşdirmə proqramı da buna hesablanıb. Bu, dövət büdcəsi üçün əlavə gəlir mənbəyi olmaqla yanaşı, fəaliyyətsiz müəssisələri canlandırmalı, onları lazımi istehsal sahələrinə yönəltməlidir. İlham Əliyevin sözlərindən belə məlum olub ki, özəlləşdirmənin həyata keçirilməsinə nüfuzlu xarici konsultantlar da cəlb olunacaq. Bu işdə əsas prinsip prosesin tam şəffaf keçirilməsi olacaq.
Bütün sadalananlara əlavə olaraq, dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 70 milyon manatdan artıq vəsaitin ayrılması haqda qərar da qəbul edilib. İndiyədək dövlət büdcəsində belə ödəmə nəzərdə tutulmurdu. Bütün bunlar ölkəyə əlavə investisiyaların cəlbini, iqtisadi fəallığın artırılmasını stimullaşdırmalıdır. Ən başlıcası bu, bir sıra müəssisə və qurumlarda işçilərin ixtisarı fonunda yeni iş yerlərinin yaranmasına yol açmalıdır. Yeri gəlmişkən, neftin ucuzlaşmasının əsas zərbəsi məhz işsizlik ola bilər. Məlum olduğu kimi, son illərdə Azərbaycan məşğulluq sahəsində böyük irəliləyişlərə nail olub və nəticədə ölkədə yoxsulluğun səviyyəsi ciddi şəkildə azalıb. Ən arzulanmazı da məhz bu nailiyyətin əldən verilməsidir. Prezident İlham Əliyevin də dediyi kimi, dövlət qurumları bu təhlükənin aradan qaldırılmasına cəlb olunmalıdır. Dövlət başçısı bildirib ki, onlar insanların işlə təmin olunması üçün yeni vakansiyalar yaratmalıdır: "İşi itirən insanlar o idarələrə müraciət etsinlər və əminəm ki, onları işlə təmin etmək üçün bizdə imkanlar olacaq. Sahibkarlar da həm iş yerləri yaratmalıdırlar, öz istehsal sahələrini genişləndirməlidirlər, həm də fəaliyyət göstərdikləri bölgələrdə sosial məsuliyyəti hiss etməlidirlər".
Beləliklə, prezident dövlətin iqtisadi siyasətində vətəndaşların, onların maraqlarının təmin edilməsinin əsas yeri tutduğunu bildirib. Məhz bu səbəbdən büdcənin xərclər hissəsinin bir çox maddələrində ixtisar aparılması fonunda əməkhaqları, pensiya və müavinatlar artırılır. Müvafiq olaraq, bütün islahatlar elə aparılmalıdır ki, bu maraqlardan kənara çıxılmasın, son onillikdə əldə edilmiş sosial dayanıqlıq pozulmasın.
MƏSLƏHƏT GÖR: