24 Noyabr 2024

Bazar, 11:47

DAŞINMAZ ƏMLAKA ÜMİDLƏ

Mənzil tikintisinin genişləndirilməsi bir çox yaxın sahələrin də aktivləşməsinə səbəb olacaq

Müəllif:

07.02.2016

Mənzil tikintisi yaxın illərdə Azərbaycan hökumətinə bir çox sosial-iqtisadi məsələləri həll etməyə imkan verəcək mühüm sahələrdən olmalıdır. Məlum olduğu kimi, tikinti sektoruna qoyulan hər bir manat ona yaxın sahələrdə əlavə 4 manat qazandırır. Ona görə də tikinti sektorunu əlavə iş yerlərinin yaradılması baxımından mühüm sahə hesab etmək olar. Bu, maliyyə sistemi və ticarət şəbəkəsinin əməkdaşlarının ixtisara düşməsi şərtlərində xüsusilə vacib amildir. 

Bununla belə, söhbət, ilk növbədə, mənzil tikintisindən gedir. Son illər tikinti bumuna baxmayaraq, mənzil zərurəti hələ də bir çox ailə üçün birinci dərəcəli məsələ olaraq qalır. Belə ki, Azərbaycanda 2014-cü ilin nəticələrinə görə, yaşayış fondunun həcmi 166 mln. kv.metr təşkil edib ki, müvafiq olaraq adambaşına 18 kv.metr düşür. Bu, göstərici Azərbaycanın MDB ölkələri sırasında orta göstəricilərə uyğun olduğunu bildirir. Belə ki, bu sırada liderlik Qazaxıstan (adambaşına 21 kv.m) və Rusiyadadır (23 kv.m). Lakin onlar da Avropa (49,7 kv.m) və ABŞ-dan (65 kv.m) xeyli geridə qalırlar. 

Amma son bir neçə ildə yaşayış fondunun həcmi durmadan düşür. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə istismara verilən mənzillərin həcmi 1, 927 mln. kv.m təşkil edib. Bu göstərici 2014-cü ilin nəticələrindən daha azdır. Həmin dövrdə inşaatçılar 1, 978 mln. kv.m istismara veriblər. 2013-cü ildə isə bu göstərici 2, 138 mln. kv. m təşkil edib. 

Bununla yanaşı, əhalinin sayı 2015-ci ilin əvvəlinin 2015-ci ilin dekabr ayı ilə müqayisədə 9, 699 mln. nəfərə çataraq, 103,8 min və ya 1,1% artıb. Bu, növbəti illərdə də mənzillərə olan tələbatın kifayət qədər yüksək olacağından xəbər verir. Eyni zamanda mənzil tikintisini ölkədə köhnə tikililərin sökülməsi də stimullaşdırmalıdır. 2014-cü ildə başlamış Yasamal rayonunda "Sovetski" evlərinin sökülmə prosesinin yekunlaşmasına hələ çox var. 

Bundan başqa, Nazirlər Kabineti beş il müddətində Binəqədi və Qaradağ rayonlarında mənzillərin sökülməsi və yenidən bərpasına dair qərar qəbul edib. Həm də bu zaman evləri sökülən sakinlərin yenidən öz yaşayış yerlərinə qaytarılması ehtimal edilir. Daha doğrusu, tikinti şirkətləri komfortlu çoxmərtəbəli binalar tikmək üçün müvafiq olaraq sökülən evlərin yerində torpaq sahələri almış olacaqlar. Sonra isə həmin evlərdə də elə sökülən binaların sakinləri yerləşdiriləcəklər. Şübhəsiz ki, icra hakimiyyəti orqanları tikilən evlərin keyfiyyətinə nəzarət etməli olacaqlar. 

Sökülən evlərin yerləşdikləri yerləri nəzərə olmaqla, tikiləcək mənzilləri ekonom-sinfə aid etmək mümkün olacaq. Bu isə mənzil probleminin həllində bir çox kəskin ehtiyacı olanların mənzil əldə etmələrinə imkan verəcək. 

Azərbaycan hökuməti tərəfindən söküntü və yeni mənzillərin tikintisi haqda qərarı iqtisadiyyatın bu seqmentinin ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm sahələrdən biri olduğuna işarə edir. Bu halda yeni iş yerləri təkcə inşaat sektorunda deyil, digər sahələrdə də açılacaq. Belə ki, yeni sakinlər öz evlərini yeni mebel və digər məişət əşyaları ilə təmin edəcəklər. Söküntü işləri ilə əlaqədar yeni mənzillər alacaq şəxslərlə hər şey tamamilə aydındır və indi sual ondan ibarətdir ki, digər həmvətənlilərimiz ucuz seqmentdə mənzilləri necə alacaqlar?

Bu gün daşınmaz əmlak bazarında tələbatın kəskin azalması müşahidə edilir. Bu məsələdə manatın devalvasiyası və onun ardınca dollar ajiotajı az rol oynamadı. Müəyyən dövrdə tələbatın kəskin yaxşılaşmasını gözləməli olmursan. Eyni zamanda tələbatın azalması devalvasiyaya baxmayaraq, milli valyutada 20% həddində mənzillərin qiymətlərinin azalmasına səbəb olub. Lakin mütəxəssislər tikinti materiallarının (böyük əksəriyyəti ölkəyə idxal olunur) dəyərinin artması ilə əlaqədar manatla qiymətlərin bir qədər artımını gözləyirlər. Bütövlükdə, 2015-ci ilin dekabr ayının cari ilin sonu ilə müqayisədə manatla ekspert qiymətləndirməsi əvvəlki səviyyədə qalacaq. Dollarda isə ehtimal ki, orta qiymət 800-900 kv.m azalacaq. Bununla da, dollarda ilboyu azalma, demək olar ki, ikiqat ola bilər. Bununla yanaşı, bu seqmentdə manatın məzənnəsinin təsiri də böyükdür. 

 Qeyd etmək lazımdır ki, Biləcəri, Lökbatan, Sahil, Buta qəsəbələrində köhnə tikililərin sökülməsi proqramı çərçivəsində mənzil tikintisi Bakının mərkəzi rayonlarının yüklənməsinin azalmasına kömək olacaq. Paytaxtın mərkəzində tikinti bumu nəticəsində burada kommunal xidmətlərin fəaliyyəti çətinləşir, yollarda isə vaxtaşırı nəqliyyat tıxacları yaranır. 

Ümumilikdə isə daşınmaz əmlak bazarında düşmüş tələbat köhnə mənzillərin sökülməsinə dair proqramı fəallaşdıra, habelə Azərbaycan İpoteka Fondu (AİF) xətti ilə ipoteka kreditləşməsində dəyişiklikləri canlandıra bilər. Artıq çoxdan istər AİF-in ayırdığı ipoteka kreditlərinin məbləğinin, istərsə də onların faiz dərəcələrinin azalması gözlənilir. Belə ki, 50 min manat maksimal həcmdə fond tərəfindən verilən məbləğ bazarın tələblərinə heç cür cavab vermir. 

Yeri gəlmişkən, paytaxtın kənarında kütləvi tikintinin başlaması, nəhayət ki, yeni metrostansiyalarının tikintisinə təkan verə bilər. Lakin bu, ölkə rəhbərliyinin lap yaxından məşğul olacağı gələcək tikinti işlərinin artıq başqa müstəviləridir.


MƏSLƏHƏT GÖR:

443