24 Noyabr 2024

Bazar, 11:22

AVROPAYA UZANAN ELEKTRİK DƏHLİZİ

Azərbaycan qərb istiqamətində elektrik enerjisinin ixrac həcmini artırmağı planlaşdırır

Müəllif:

16.02.2016

Son 15 ildə Azərbaycan sahənin qoyuluş gücünü mühüm dərəcədə artıraraq, köklü şəkildə elektrik enerjisi sahəsini modernləşdirə bilib. Bu, ölkə qarşısında qonşu dövlətlərə ixracın geniş perspektivlərini açır. Xüsusilə, bu günlərdə Gürcüstanın ötürücü infrastrukturundan istifadə etməklə, Türkiyəyə elektrik enerjisinin ötürülməsinə başlanılıb.

Son 10 il ərzində Azərbaycanda 17 müxtəlif tipli yeni elektrik stansiyası istismara verilib, enerji sisteminin qoyuluş gücü 7 129 MVt-ə qədər çatıb. Və belə görünür ki, yaxın zamanlarda bu göstəricilər daha da artacaq. 

Belə ki, 400 MVt gücündə olan "Şimal" buxar-qaz elektrik stansiyasının ikinci enerji blokunun tikintisi tamamlanma mərhələsindədir. Yaxın gələcəkdə Lerikdə 16,5 MVt gücündə olan modul elektrik stansiyasının və "İsmayıllı-2", "Oğuz-1,2,3" və "Astara" kiçik SES-lərin istismara verilməsi baş tutacaq. Mingəçevir və Varvara SES-lərin yenidənqurması ilə bağlı işlər tamamlanma üzrədir. Daha uzaq perspektivdə 920 MVt gücündə olan "Yaşma" İES istismara veriləcək.

Müvafiq strategiyanın effektivliyi ötən ilin nəticələrinə əsasən, Azərbaycanda ümumi enerji generasiyasının 41,2%-i enerji sisteminin yeni və alternativ güclərinin payına düşdüyünü təsdiqləyir. 2,3 min MVt istehsalat gücünə malik olan yeni generasiya gücləri 2015-ci ildə 9,270 mlrd. kVt/s elektrik enerjisi istehsal ediblər. Müqayisə üçün, ötən ildə generasiyanın ümumi həcmi 22,5 mlrd. kVt/s istehsalatı təmin edib.

Elektrik enerjisinin ötənilki istehsalat göstəriciləri heç də son hədd deyil, çünki enerji sisteminin əsas operatoru - "Azərenerji" ASC-nin obyektlərinin bir hissəsi tam gücü ilə istifadə olunmayıb. Bu, bir tərəfdən, daxili istehlakın azalması ilə bağlıdır: ötən il elektrik enerjisinin istehsalatı 2014-cü ilin göstəricilərdən fərqli olaraq 0,9% azalıb. Son illərə xas olan bu trend, avadanlığın yenilənməsi sayəsində paylayıcı şəbəkələrdə elektrik enerjisinin texniki itkilərini nəzərəçarpacaq dərəcədə azaltmağa nail olan enerji qurumunun səyləri ilə bağlıdır. Yaxın zamanlara qədər bu itkilər ildə, təqribən, 15-20% təşkil edirdi. Ölkədə elektrik enerjisi istehlakının optimallaşdırılması müasir nəzarət avadanlıqlarının (smart-sayğaclar), korporativ və mülki seqmentlərdə (işıqlandırma sistemlərinin kompüterləşdirilməsi, qənaətedici lampalara keçid və s.) daha effektiv enerjiyə qənaət edən sxemlərə keçidini təmin edib.

Bir sözlə, generasiya edən güclərin artırılması və daxili bazarda elektrik enerjisindən qənaətlə istifadə sayəsində ölkənin enerji sistemində mühüm istehsalat ehtiyatı yaranıb. Belə ki, artıq bu gün "Azərenerji" ildə 24 mlrd. kVt/s elektrik enerjisi istehsal etmək gücündədir - bununla da, ölkənin enerji təhlükəsizliyinə heç bir risk yaratmadan ildə, təqribən, 2,1 mlrd. kVt/s enerjisi ixrac etmək olar. Qeyd etmək lazımdır ki, 2008-ci ildən ölkə tamamilə elektrik enerjisi idxalını dayandırıb və onun xalis ixracına başlayıb. Artıq uzun müddətdir, qonşu ölkələrlə elektrik enerjisinin mübadiləsi sxemləri həyata keçirilir. Xüsusilə Azərbaycanın və Rusiyanın enerji sistemləri artıq çoxdandır "Dərbənd" (330 kV) və "Yalama" (110 kV) elektrik xətləri ilə biləşdirilib. İlk növbədə, Azərbaycanla İran arasında enerji mübadiləsi də beş yüksəkgərginlikli xətlərlə həyata keçirilir.

Ötən il xarici elektrik enerjisinin tədarük həcminin mühüm dərəcədə azalmasının müşahidə olunmasına baxmayaraq, Azərbaycan qonşularla mübadilə əməliyyatlarında hələ də müsbət saldonu saxlayır. Belə ki, ötən il ölkəmiz 276,8 mln. kVt/s elektrik enerjisi ixrac edib. Eyni zamanda, qarşılıqlı mübadilə üzrə idxal 107,4 mln. kVt/s təşkil edib.

Sözsüz ki, təqdim edilmiş ixrac göstəriciləri nisbətən aşağıdır və "Azəreneji"nin elektrik sisteminin mövcud olan potensialına tamamilə uyğun deyil. Bir sıra ekspertlərin fikrincə, qarşılıqlı hesablaşma üzrə enerji mübadilə sxemləri ilə yanaşı, tranzit sxemlərdən istifadə etməklə üçüncü ölkələrin həcmli bazarlarına ixracı artırmaq lazımdır. 2009-cü ilin aprelindən həyata keçirilən "Azərbaycan - Türkiyə - Gürcüstan enerji körpüsü" birgə layihəsi də elə bu məqsədi güdürdü. Bu layihə Avropanın cənubunu da daxil etməklə, geniş Qara dəniz regionunda enerji tədarüklərinin təhlükəsizliyinin təmin edilməsinə yönələn miqyaslı Qara dəniz ötürücü şəbəkəsinin komponenti kimi hazırlanıb. Ötən illər ərzində layihə üzrə tərəfdaşlar ötürücü sistemin miqyaslı modernləşdirilməsini həyata keçiriblər və 2013-cü ildə yeni enerji dəhlizinin əsas obyektləri - Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirən elektrik yarımstansiyaları və elektrik naqillərinin istismara verilməsi həyata keçirilib. 

Müvafiq enerji körpüsü çərçivəsində Azərbaycan və Gürcüstan ilkin mərhələdə Türkiyəyə 700 - 1200 MVt elektirk enerjisi tədarük etməyi planlaşdırırdılar. Növbəti mərhələlərdə layihə Türkiyə ərazisindən Bolqarıstan, Yunanıstan və Cənubi Avropanın digər ölkələrinə 2 min MVt elektrik enerjisinin illik yenidənixracını nəzərdə tuturdu. Bu, kifayət qədər mümkün olan həcmdir, çünki artıq bu gün təkcə Azərbaycanın enerji potensialı Türkiyənin şərqi vilayətlərinə 2-2,5 mlrd. kVt/s-dən az olmayaraq enerji ixracını təmin etmək gücündədir. Elektrik enerjisinin ixracına hələ ötən ilin ortalarında keçmək planlaşdırıldı, lakin bir sıra obyektiv səbəblər bu prosesi cari ilə təxirə salmağa məcbur etdi. Xüsusilə, bu yaxınlarda Azərbaycan tərəfinə elektrik enerjisinin satışına müvafiq lisenziyanı verən Türkiyənin enerji bazarının tənzimlənməsi üzrə idarə (EPDK) ilə danışıqlar tamamlanıb. "2016-cı ilin fevralın 7-dən Azərbaycandan Türkiyəyə Gürcüstan ərazisi vasitəsilə elektrik enerjisinin ixracına başlanılıb. Birinci mərhələdə ölkəmiz tərəfindən təmin olunan tədarükün həcmi, təqribən, sutkada 80 MVt gücə çatır", - deyə Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir.

Azərbaycanın elektrik enerjisinin tranziti "Qardabani" elektrik naqili vasitəsilə həyata keçirilir. Öz növbəsində, "Gürcüstan dövlət elektrik sistemi" (GSE) ASC də Türkiyə istiqamətində enerji körpüsünün infrastrukturunun potensialından istifadə edərək, ixrac həcmini artırır. Belə ki, 2015-ci ildə GSE Türkiyəyə elektrik enerjisi tədarükünü 77,4% artıraraq, illik həcmi 419,5 mln. kVt/s-ə qədər çatdırıb. Qeyd etmək lazımdır ki, ötən il Azərbaycan və Gürcüstanın milli valyutaları - manat və larinin devalvasiyası da bilavasitə elektrik enerjisinin ixracının artırılmasını stimullaşdırır. Xüsusilə, Azərbaycanda İES-lərdə elektrik enerjisinin hasilatı üçün əsas xammal mənbələri olan təbii qaz və mazutun dövlət tərəfindən tənzimlənən tarifləri dəyişməz olaraq qalıb. Müvafiq olaraq, "Azerenerji" sistemində enerjinin generasiyası üçün əsas xərclər praktiki olaraq dəyişilməz qalıb: bu, ixrac olunan elektrik enerjisinin rəqabətli tariflərini saxlamağa imkan verir. Bundan başqa, ixrac əməliyyatlarında Türkiyənin daxili bazarında elektrik enerjisinin satışı zamanı nisbətən yüksək marja amili işə düşür.

Xatırlatmaq yerinə düşər ki, ölkəmiz üç ölkə tərəfindən yaradılan ötürücü infrastrukturun imkanlarını Azərbaycanın Türkiyə qarşısında borcun ödənilməsi üçün də istifadə etməyi planlaşdırır. Müvafiq borc Türkiyə elektrik enerjisinin Naxçıvan MR-ə tədarükü zamanı yaranıb və bu günə qədər ödənilməyib. Enerji körpüsündən istifadə Azərbaycana daha çox sərf edir, çünki bu artan istehsalat-texniki xərclərlə birgə prosesi uzun müddətə uzatmaq əvəzinə, birdəfəlik borcu ödəməyə şərait yaradır. Türkiyə qarşısında borcun ödənilməsi üçün bu cür sxem və ixraca göndərilən həcmlər, səmərəliliyi nəzərəçarpacaq dərəcədə artıraraq və ölkədə elektrik enerjisinin istehsalat xərclərini azaldaraq, "Azərenerji"nin generasiya güclərini tam həcmdə istifadə etməyə imkan verəcək.

Nəhayət, Türkiyəyə və sonradan Cənubi Avropaya elektrik enerjisinin dayanıqlı ixracının yaradılması geniş Qara dəniz regionun enerji təhlükəsizliyinin təminatı məsələsində etibarlı tərəfdaş ölkəsi imicinin gücləndirilməsinə yardım edir.


MƏSLƏHƏT GÖR:

529