Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Neftin qiymətinin düşməsi istehlakçıların karbohidrogen mənbələrinə marağını qaytarır. Bəşəriyyətin alternativ və bərpaolunan enerji mənbələrinin inkişafına investisiya yatırmağa davam etmələrinə baxmayaraq, neft və qaz növbəti 20 ildə trend olaraq qalacaq. "bp" Şirkətinin 2035-ci ilə qədər enerji icmalının əsas vədi belədir.
Bioyanacaq da daxil olmaqla, enerjinin bərpaolunan mənbələrinə tələbat, ildə, orta hesabla, 6,6% artacaq - bu, enerjinin bütün mənbələri arasında daha yüksək artım göstəricisidir. Lakin hətta bu cür sürətli templərlə onların enerji balansında payı 2035-ci ilədək hazırkı 3%-dən 9%-ə qədər artacaq.
Yer altından çıxarılan növlər sırasında trend qaz olacaq - neftə olan tələbatın 0,9% olacağını nəzərə almaqla, qazın illik istehlak artımının həcmi 1,8% gözlənilir.
Ən qeyri-ekoloji yanacaq növü kimi, kömür sıxlaşmalı olacaq. Nəticədə, 2035-ci ilə qədər qaz enerji istehlakının ümumi həcmində kömürün əvəzinə ikinci yeri tutacaq. Qazın lehinə kömürün payının azalmasında BMT-nin Paris İqlim Konfransının nəticələri az rol oynamayıb. Tədbirdə zərərli tullantıların həcminin xeyli azaldılması nəzərdə tutulurdu.
Tələbatın çoxalması şərtlərində qaz hasilatı artacaq. Bu, şist qazın istehsalının xeyli dərəcədə, ildə 5,6% artması sayəsində baş tutacaq. Nəticədə, dünya qaz hasilatında şist qazın payı 2014-cü ildəki 10%-dən 2035-ci ildə, təxminən, 35%-dək yüksələcək. Yeri gəlmişkən, məhz şist qazın hasilatının inkişafı maye təbii qaz bazarının inkişafına və onun ABŞ-dan ("şist inqilabı"nın, əsasən, inkişaf etdiyi ölkə) Avropaya tədarük imkanlarına xeyli təsir edəcək.
Avropa İttifaqı çoxdandır, Rusiyadan qaz asılılığını azaltmağı fikrində tutub. Hazırkı mərhələdə yeganə yeni real mənbə "Cənub" Qaz Dəhlizini reallaşdıran Azərbaycandır. Lakin aydındır ki, ilkin mərhələdə ildə 10 mlrd. kubmetr tədarüklə Azərbaycan Rusiya qazına əvəz kimi nəzərdən keçirilə bilməz. Söhbət ancaq balanslaşdırılmış bazardan gedə bilər. Yeri gəlmişkən, məhz bu mövzu Amerika Atlantik Şurasının müzakirələrinin diqqət mərkəzində olub.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun sözlərinə görə, Avropa bazarına qazın tədarük həcmi qədər, bu tədarüklərin təhlükəsizliyi və fasiləsizliyi də böyük əhəmiyyət kəsb edir.
"Biz anlayırıq ki, tədarükün artırılması onların böyük təhlükəsizliyi deməkdir. Qazın Avropaya daha çox şaxələndirilmiş tədarükü "Qazprom" da daxil olmaqla, hamıya sərfəlidir", - deyən Süleymanov qeyd edib ki, Azərbaycan qazının tədarükü heç kimə qarşı yönəlməyib və Azərbaycan heç vaxt bazardan Rusiya qazını sıxışdırmağa çalışmayıb.
Avropanın qaz bazarında öz payını, qaz ehtiyatları məhz Rusiya ilə eyni olan İran da almağa can atır. İranın nüvə proqramının razılaşdırılması və sanksiyaların götürülməsi fonunda İİR öz qazını dünya bazarına çıxarmağın bütün mümkün variantlarını nəzərdən keçirir. Bu cür variantlar sırasında "Cənub" Qaz Dəhlizi sisteminə daxil olan, tikintisi gedən TANAP və TAP vasitəsilə yanacağın ixracı imkanı da var. Lakin İran üçün SMQ bazarına çıxış, xüsusən də bu sektorun sürətli inkişafı nəzərə alınaraq, perspektivlidir. "bp"nin proqnozlarına görə, SMQ-nin satışı dünya istehlakından iki dəfə daha sürətlə artacaq. Dünya tələbatında SMQ-nin payı 2014-cü ildəki 10%-dən 2035-ci ildə 15%-ə yüksələcək.
İcmalda qeyd edilir ki, SMQ-nin dünya istehlakı bir sıra layihələrin reallaşmasının yekunlaşması ilə əlaqədar yaxın 5 ildə 40%-dən çox artacaq. Hazırda SMQ-nin qlobal bazarında əsas skripka rolunu dünyada qaz ehtiyatının üçdəbirinə malik olan Qətər oynayır. Və Qətər üçün bazara yeganə çıxış SMQ-dir. Ölkədə 77 mln. ton yanacaq ixrac etməyə imkan verən 14 SMQ terminalı mövcuddur. Bu, bütün dünya güclərinin dörddəbirini təşkil edir.
SMQ bazarında birincilik uğrunda mübarizəyə bu sektora 200 mlrd. dollar investisiya yatıran Avstraliya tezliklə daxil olacaq. Nəticədə, 2017-ci ilin sonuna qədər SMQ-terminallarının ümumi gücünün ildə 87 mln. tona çatacağı planlaşdırılır.
Bununla bərabər, Qətər və Avstraliya əsas alıcıları Yaponiya, Cənubi Koreya, Çin və Hindistanın çıxış etdiyi Asiya bazarında, əsasən, mübarizə aparırlar. Lakin SMQ-nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm alət kimi nəzərdən keçirildiyi Avropa bazarı da az perspektivə malik deyil.
"Biz SMQ üçün bütün zəruri şərtləri yaratmaq istərdik, çünki onun qlobal xammal əmtəəsinə çevrildiyini hiss edirik. Bununla belə, SMQ-nin qiyməti olduqca rəqabətlidir və biz Avropada enerjidaşıyıcılarının qiymətinin azalması üçün qlobal rəqabətin açdığı üstünlüklərdən yararlanmaq istərdik", - Avropa Komissiyasının Enerji İttifaqı üzrə sədrin müavini Maroş Şefçoviç bildirib.
Avropada ümumi gücü ildə 200 mlrd. kubmetr qaza malik olan 23 SMQ-terminalı mövcuddur. Bu isə kontinentin tələbatının 40%-nı ödəməyə imkan verir. Aİ, həmçinin prioritetlər siyahısına Xorvatiya, Estoniya, Yunanıstan, İrlandiya və İsveçdə terminallarının tikintisini və Polşa SMQ-nin gücünün genişləndirilməsini daxil edib. "Köhnə Qitə"nin SMQ-ya olan tələbatı 2020-ci ilə qədər iki dəfə artacaq.
Bu şərtlərdə Azərbaycan da müşahidəçi qismində qalmaq fikrində deyil. Əsasən, SOCAR SMQ üzrə ticarətə başlamaq niyyətindədir. SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, şirkət Maltada SMQ-terminala investisiya yatırmağı planlaşdırır. Həmçinin, SOCAR Almaniyanın "Siemens" şirkəti ilə birgə qaz elektrik stansiyasının tikintisinə sərmayə yatıracaq.
SOCAR SMQ bazarında daha bir istiqamət olaraq, Afrikanı müəyyən edib. Şirkətin vitse-prezidenti Elşad Nəsirovun iddialarına görə, şirkət afrikalı tərəfdaşları ilə birlikdə Burkina-Fasoda boru kəmərinin tikintisi və bu ölkənin qazlaşdırılması planlaşdırılan Toqoda SMQ-təkrar qazlaşdırma terminalına investisiya qoymaq niyyətindədir.
Azərbaycan qazının mayeləşdirilməsi layihəsi barədə də unutmaq olmaz.
Söhbət Gürcüstanın Qara dəniz sahilində SMQ-terminalın tikintisini nəzərdə tutan və daha sonra məhsulu Rumıniyaya tədarük edən AGRİ layihəsindən gedir.
Düzdür, hələlik bu layihə TANAP və TAP boru kəmərlərinin tikintisi baxımından təkrar perspektivə qalıb. Lakin zərurət yaranacağı halda, onu qısa müddətdə reallaşdırmaq olacaq. Aydındır ki, Maltada da, Afrikanın qərbində də söhbət SMQ-nin ticarətindən gedəcək və özünü ana SOCAR üçün etibarlı gəlir mənbəyi qismində göstərən "SOCAR Trading" iştirak edəcək. Xüsusən, "Wood Mackenzie" Konsaltinq Şirkətinin hesabatına əsasən, "SOCAR Trading SA" xüsusi çəkisi satışın ümumi həcminin, təxminən, yarısını tutan üçüncü tərəfin neft və neft məhsullarının satışı ilə də uğurla məşğul olur.
"SOCAR Trading"in ticarətdə məhz "Azeri Light" markalı Azərbaycan nefti ilə iştirakı 2008-2013-cü illərdə əlavə 1,1 mlrd. dollar əldə etməyə imkan verib. Bu, şirkətin uzaq məsafələrə neftin daha etibarlı və yüksəkgəlirli tədarükünü təmin etməyə çalışması sayəsində mümkün olub. Bununla bərabər, 2014-cü ildə SOCAR-ın bütün gəlirlərinin 80%-i İsveçrədəki fəaliyyətindən əldə edilmişdi. Məhz Cenevrədə "SOCAR Trading" qeydiyyatdan keçib. Ona görə də bu şirkətin SMQ-nin perspektivli bazarına daxil olması, SOCAR-ın gəlirlərini daha da artıracaq. Bu isə neftin qiymətinin və müvafiq olaraq, onun gəlirlərinin düşməsi şərtlərində şirkət üçün az əhəmiyyət kəsb etmir.
Azərbaycanda hasilata əsaslanmayan, dünya ticarətinin neft və qazla perspektivli sahələrinə investisiya yatırılması neftdənsonrakı dövrdə ölkənin gəlirlərlə təmin olunmasında böyük amil olmaq qabiliyyətinə malikdir.
MƏSLƏHƏT GÖR: