24 Noyabr 2024

Bazar, 11:45

AZAD KAPİTAL

Azərbaycandan xaricə çıxarılmış sərmayələrin qaytarılması üçün vergi amnistiyasının tətbiqi təklif edilir

Müəllif:

16.02.2016

İstənilən ölkənin hökuməti üçün vergi siyasətinin keçirilməsi çətin vəzifələrdən biridir. Sahibkarlığın inkişafına zərər yetirmədən, ölkə büdcəsinin doldurulması üçün qızıl ortanı tapmaq asan deyil. Vergi toplanılması mexanizmlərinin daim təkmilləşdirilməsi, nəzarət məsələlərində tam şəffaflığa nail olmaq, paritetə riayət etməklə, qanunvericilikdə islahatlar aparmaq zəruridir. Bəlkə də buna görə maliyyə qurumu mümkün qədər tez-tez bu istiqamətdə həyata keçirilən və planlaşdırılan addımların müzakirəsini keçirməyə çalışır. Buna sübut bu yaxınlarda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumudur.

 

Müasir texnologiyaların xaricində

Son 16 ildə Vergilər Nazirliyi informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərini fəal şəkildə tətbiq edən dövlət strukturları sırasında flaqmanlardan biri olub. Nəticə olaraq, bu gün vergi bəyannamələrinin 90%-i elektron formatda təqdim edilir. "Həmçinin elektron hökumət portalı çərçivəsində maliyyə qurumu xidmətin 62 növünü göstərir ki, bu da dövlət strukturları arasında sayca daha çoxdur", - forumda nazir müavini Sahib Ələkbərov bildirib.

O, qeyd edib ki, vergi inzibatçılığının keçirilən islahatları çərçivəsində qurum innovasiya üsullarından, xüsusən də "Elektron audit" (e-audit) sisteminin tətbiqini fəal şəkildə davam etdirəcək. Sonuncu sahibkarların mühasibatlığını distant şəkildə yoxlamağa imkan verir. Belə ki, vicdansız vergiödəyicilərinə qarşı keçirilən e-auditin gedişi əsnasında pozuntuların üzə çıxarılması nəticəsində, ümumi dəyəri 100 mln. manata yaxın maliyyə sanksiyaları tətbiq edilib. 

Məhz müasir texnologiyaların tətbiqi müəyyən dərəcədə dövlət büdcəsinə 7,118 mlrd. manat həcmində vergi daxilolmalarını təmin edib. Bununla da proqnoza 100,1% əməl edilib. Bu da neftin dünya qiymətinin dördqat düşməsi fonunda baş verib. Bundan başqa, vergi inzibatçılığında uğurlar regionlar üzrə son 5 ildə 622,1 mln. manat təşkil edərək, təqribən, 2 dəfə artıb. Eyni zamanda, heç də həmişə vergiödəyiciləri vergi işçiləri tərəfindən onlara yazılan məbləğlə razılaşmırlar; məsələn, 2015-ci ildə Azərbaycanın vergi orqanlarına müraciətlərin sayı, orta hesabla, 90 min təşkil edib ki, onun 3,5%-i şikayətlərin payına düşüb. Bununla yanaşı, yanvarda Vergilər Nazirliyinə müraciətlərin sayı 20% azalıb. Bu, yoxlamaların azalması nəticəsində baş verib. Lakin son illər ərzində ölkə vətəndaşlarının vergi borcu 2,4 mlrd. manata çatıb və təxminən, 50%-i dövlət sektorunda formalaşır. S. Ələkbərovun etiraf etdiyi kimi, nazirliyin büdcə daxilolmalarının, təxminən, 30 faizi məhz vergi borclarının payına düşür və qurum bu məbləği azaltmaq üçün bütün səylərini səfərbər edir. Ötən ilin sonunda şou-biznes nümayəndələri belə vergi ödəməli olublar. Bir qayda olaraq, onların sırasında həmişə acıqlı vergi ödəyiciləri də olub - 2015-ci ilin dekabr ayında şou-biznes nümayəndələri həmin ilin yanvar-noyabr aylarında daha çox vergi ödəyiblər. "Prosesin çətinliyi"nə baxmayaraq, nazir müavininin sözlərinə görə, əsas odur ki, "proses gedir", hərçənd bu kateqoriya vergiödəyicilərini gəlirlərinin bir hissəsini dövlət büdcəsinə ödəmələrinin zəruriliyi barədə izahların verilməsi və maariflənmə işlərinin aparılması üçün xeyli əmək sərf etməli olurlar. 

 

Biznesi kölgədə qoymamaq

Bununla bərabər, iqtisadi vəziyyətin dəyişməsi ilə əlaqədar ölkənin vergi siyasətinə əlavə düzəlişlərin edilməsinin zəruriliyi yetişir. Dünya Bankının Bakı ofisinin rəhbəri Larisa Leşenkonun sözlərinə görə, neftin qiymətinin kəskin düşməsi təkcə özündə çətinliklər doğurmur, həm də qeyri-neft sektorunun inkişafı üçün imkanlar yaradır. 

"Ötən illər ərzində Azərbaycan rəhbərliyi neftin qiymətinin düşməsi daxil olmaqla, ssenari üçün mühüm hazırlıq işləri görüb", - o, hesab edir. Lakin Dünya Bankının hesablamalarına görə, neftin qiyməti aşağı səviyyədə qalacaq və bu, uzunçəkən tendensiyadır, ona görə də islahatları davam etmək lazımdır. Əks halda, sahibkarlar bu çətin dövrdə "kölgə sektoru"na çəkilməyə başlayacaqlar. 

L. Leşenkonun fikrincə, müxtəlif qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatının 50%-ə qədəri "kölgə sektoru"nun payına düşür. Uyğun olaraq, biznes-strukturlar vergi yükünü azaltmaq üçün müxtəlif üsullara əl atırlar. Bu mənada, vergi sisteminin islah edilməsi üzrə tədbirlərin davam etdirilməsi çox vacibdir. Bu kontekstdə, Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi Nuran Kərimov hesab edir ki, Azərbaycanda vergi amnistiyasının keçirilməsi vacibdir. "Manatın devalvasiyasından sonra, sahibkarların əllərində olan əmtəə və vəsaitlər kağızda olanlardan fərqlənir. Ya bu vəsaitlərin yenidənqiymətləndirilməsi, ya da vergi yoxlamaları siyasətinin yenidən nəzərdən keçirilməsi məqsədyönlü olardı. Bu, vəsaitləri xaricə çıxaran sahibkarları, pulları qaytarıb, ölkədə sərmayə yatırmağa stimullaşdıracaq", - N. Kərimov bildirib. 

"AmCham", həmçinin qeyri-neft sektorunda xarici investisiyaların qorunmasına dair müqavilələrin imzalanması təcrübəsinin tətbiqini təklif edir. "Xarici investor bilməlidir ki, ölkədə işə başlayandan sonra, oyunun qaydaları dəyişməyəcək", - N. Kərimov əlavə edib. O, həmçinin yeni investisiya proqramları üzrə ilkin vergi sazişlərinin (Advance Tax Ruling) tətbiq edilməsini təklif edib. Onun fikrincə, bu tədbirlər sahibkarların xaricə çıxardıqları pulları geri qaytarmağa kömək edər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramovun sözlərinə görə, Vergilər Nazirliyi digər dövlət strukturları sırasında hazırkı şəraitə daha hazırlıqlı olub. Çünki aparılan innovasiya işləri və elektron xidmətlərin tətbiqi məmur və sahibkarların əlaqələrini minimuma endirməyə imkan verib. Bununla yanaşı, islahatların keçirilməsini sürətləndirmək, xüsusən də, maliyyə sistemində şəffaflığı yüksəldəcək nağdsız hesablaşmaların inkişafında zəruridir. Bunun üçün bir əməliyyat çərçivəsində nağdsız hesablaşmalara 1 min manat həcmində limit qoymaq lazımdır. Vətəndaş cəmiyyəti tərəfindən digər təklif ölkə daxilində e-ticarətin əlavə dəyər vergisindən azad edilməsi olub. Onun sözlərinə görə, söhbət digər ölkələrdən internet vasitəsilə sifarişlər edən, yəni ölkə daxilində əmtəələrin satışına dair öz fəaliyyətlərini internet üzrəindən həyata keçirənlərdən gedir. 

 

Vergi güzəştləri - taktiki gediş

Praktiki olaraq keçirilən bütün beş vergi forumunda vətəndaş cəmiyyəti və işgüzar dairələrin nümayəndələri vergilərdən azad edilmək və ya vergi güzəştlərinin tətbiqi ilə bağlı xahişlər səsləndirilib.

Qeyd edək ki, bu gün kənd təsərrüfatı zəhmətkeşləri, demək olar ki, bütün vergilərdən (torpaq vergisindən başqa) azaddırlar. Vergiçilərin hesablamalarına görə, vergilərdən azad edilən müddət ərzində büdcəyə 2 mlrd. dollar daxil olmayıb. İndi müxtəlif vergi güzəştləri sənaye parklarında müəssisələrin təşkili üçün təqdim edilir. 

Məlum olduğu kimi, bu günlərdə sahibkarlar un və buğdanın idxalında əlavə dəyər vergisindən azad edilib. Bununla bağlı vergi güzəştlərinin təqdim edilməsi - prioritet istiqamətlərin inkişafına yönələn taktiki manevrdir. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün vergi güzəştləri ləvğ edilməlidir. Lakin bu məsələdə əsas odur ki, bir tərəfdən vergi yükü işgüzar dairələr üçün ağır yük olmasın, digər tərəfdən də dövlət xəzinəsində kifayət qədər vəsait olsun.



MƏSLƏHƏT GÖR:

524