14 Mart 2025

Cümə, 21:40

SÜLHÜN "SINAQ"ı

KXDR-in süni peyk buraxması dünya birliyinə nə vəd edir?

Müəllif:

16.02.2016

KXDR-in "Kvanmyonson-4" peyki ilə raketlər buraxması Koreya yarımadasında vəziyyəti daha da qarışdırıb. Peykin dinc xarakter daşıdığı elan edilsə də, KXDR-in bununla yerli istehsal olan ballistik raketi sınaqdan keçirdiyinə dair narahatlıqlar var. Raketin buraxıldığını Çin, Rusiya, ABŞ, Cənubi Koreya və Yaponiya Müdafiə nazirlikləri də təsdiqləyib. Onun nəticələri ilə bağlı isə ziddiyyətli xəbərlər gəlməkdədir; məsələn, Cənubi Koreya hərbçiləri əmindirlər ki, peyk orbitə çatmayıb və havaya buraxıldığı yerdən yüzlərlə kilometr aralıqda yerə düşüb. Bununla da Pxenyan kosmik proqramının məqsədinə nail olmayıb.

Pentaqon isə mətbuat katibi Piter Kukun vasitəsilə Şimali Koreyanın yerətrafı orbitə "peyk və ya hansısa digər qurğu buraxdığını" təsdiqləyib.

Bu, Şimali Koreyanın səmaya peyklə birlikdə daşıyıcı raket buraxdığı ikinci haldır. İlk belə raket 4 il əvvəl buraxılmışdı və bununla da KXDR dünyada daşıyıcı raketə malik 10-cu kosmik fövqəldövlətə çevrilmiş, qonşusu Cənubi Koreyanı bu göstəricidə geridə qoymuşdu.

Hadisədən 2 gün əvvəl ABŞ Prezidenti Barak Obama və Çin lideri Çi Cinpin telefon danışığı zamanı KXDR-in ballistik raketi sınaqdan keçirmək planını müzakirə etmişdilər. "Liderlər Şimali Koreyanı nüvə silahlı dövlət kimi tanımayacaqlarını bildiriblər. Onların fikri bu məsələdə üst-üstə düşüb: KXDR-in ballistik raket sınağı keçirməsi BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinə zidd olacaq və növbəti təxribatçı, sabitliyin pozulmasına yönəlmiş əməl kimi qiymətləndiriləcək", - deyə Ağ evdən verilən açıqlamada bildirilir.

Raketin buraxılmasından sonra isə diplomatik danışıqlar daha fəal xarakter alıb. Barak Obama Pxenyanın bu addımının nəticələri haqqında Yaponiyanın Baş naziri Sindzo Abe və Cənubi Koreya lideri Pak Kın He ilə müzakirə aparıb, onların mümkün təhlükədən müdafiə olunacaqlarına söz verib.

KXDR-in orbitə peyk buraxmaq adı ilə ballistik raket sınağında şübhəli bilən ABŞ, Cənubi Koreya və Yaponiyanın sərt tənqidi fonunda BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısı çağırılıb. Toplantıda Şimali Koreyanın "məsuliyyətsiz təxribatı" kəskin şəkildə tənqid edilib. BMT-nin Baş katibi Pan Gi Mun ölkələri üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb. O, bu cür raket buraxılışlarının BMT TŞ-nin müvafiq qətnamələri ilə qadağan olunduğunu xatırladıb.

ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri isə Pxenyana tətbiq oluna biləcək sanksiyalardan danışarkən, maraqlı replika ilə yadda qalıb: "Nədənsə, nüvə silahına malik olmayan İrana daha ciddi və sərt sanksiyalar tətbiq edilmişdi, nəinki bu cür silaha malik Şimali Koreyaya".

Cənub qonşusunun "daimi himayədarı" kimi görünməkdən məmnun olmayan Çin də BMT TŞ-nin bəyanatını dəstəkləyib və bu dəstəyi özünəməxsus üsulla göstərib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Xua Çunin bildirib ki, "KXDR kosmosdan dinc məqsədlərlə istifadə hüququna malik olmalıdır. Lakin hazırda onun bu hüququ BMT TŞ-nin qətnamələri ilə məhdudlaşdırılıb". "Çin ümid edir ki, maraqlı tərəflər insidentə soyuqqanlı və təmkinli yanaşacaq, Koreya yarımadasında gərginliyi artıracaq əməllərdən çəkinəcək, regionda sülhün, sabitliyin qorunub-saxlanılmasına birgə səy göstərəcəklər", - deyə diplomat qeyd edib.

Müvafiq bəyanat Rusiya XİN tərəfindən də yayılıb: "Qeyd etməliyik ki, Pxenyan beynəlxalq birliyin çağırışlarına məhəl qoymayıb, növbəti dəfə beynəlxalq hüquq normalarına etinasızlıq göstərib".

Bu arada bir qədər əvvəl baş vermiş və əhəmiyyətinə görə, Pxenyanın sözügedən addımından heç də geri qalmayan daha bir hadisə "odun üzərinə yağ töküb".

 

Ən yaxşı "müdafiə" atom bombasıdır

Pxenyanın fəzaya daşıyıcı raket buraxmasından düz, 1 ay əvvəl Şimali Koreyanın Pangiri poliqonunda növbəti yeraltı nüvə sınağı təşkil edilmiş, o, 5,1 bal gücündə zəlzələyə yol açmışdı. Şimali Koreya KİV-in məlumatına görə, "ABŞ ətrafında birləşmiş düşmənlərdən qorunmaq məqsədilə" "kiçildilmiş ölçüdə hidrogen bombası" uğurla sınaqdan keçirilib, onun istifadəyə hazır olduğunu ölkə lideri Kim Çen In ötən ilin dekabrında təsdiqləyib. Lakin bununla yanaşı, məhz hidrogen bombasının sınaqdan keçirildiyinə dair informasiyanı müstəqil ekspertlər təsdiqləmirlər. Onlar partlayışın gücünün bu cür bomba üçün zəif olduğunu deyirlər - bu partlayış vaxtilə Hirosimaya atılmış bombanın trotil gücünün 1/10-dən də az olub.

Əvvəlki sınaqlar haqqında məlumat 2013-cü ilin fevralında, KXDR hökumətinin kiçikölçülü atom qurğusunun hazırlandığını açıqladığı zaman üzə çıxıb. Təəssüf ki, bu ölkə dünyaya qapalı olduğundan, onun nüvə proqramının xüsusiyyəti ilə bağlı bütün işlər gizlin aparılır, odur ki, baş verənlərlə bağlı konkret ehtimallar səsləndirmək çətindir. Bununla yanaşı, 2003-cü ildə KXDR nüvə silahlarının yayılmaması haqqında müqavilədə iştirakını dayandırıb və bu, beynəlxalq hüququn normalarına tam ziddir. İranın nüvə proqramına dair iyulda əldə edilmiş çoxtərəfli razılaşma fonunda Pangiridəki son sınaqlar açıq-aşkar təxribat təsiri bağışlayır.

Bu hadisənin Qərb KİV-də yaratdığı ajiotajı nəzərə alsaq, fövqəldövlətlərin Koreya yarımadasında baş verənlərdən ciddi narahatlıq keçirdiyini söyləyə bilərik. İki il əvvəlki sınaqla müqayisədə bu dəfə söhbət daha güclü enerjiyə malik kütləvi qırğın silahından gedir. Üstəlik, o, son dərəcə qısa müddətdə - cəmi 2 ilə hazırlanıb. Qeyd edək ki, "kiçikölçülü" atom bombasını ballistik raket başlığına yerləşdirmək tamamilə mümkündür. CNN-in məlumatına görə, bu, KXDR-ə Avstraliyanı, Qərbi Avropanın böyük bir hissəsini və ABŞ-ın qərb sahillərini hədələmək imkanı verir.

ABŞ hərbi ekspertlərinin qiymətləndirməsinə görə, Şimali Koreya 10-100 arasında nüvə başlığına malik ola bilər. Lakin hazırda bu ölkənin həmin silahın çatdırılması üçün müvafiq texnologiyası yoxdur. 2015-ci ildə Yonböndə ölkənin ən böyük reaktorunu istismara verdikdən sonra, KXDR 2008-ci ildə ərzaq yardımı qarşılığında tərk-silah olmaqla bağlı razılaşma çərçivəsində dayandırdığı plutonium istehsalını bərpa edib. ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper Senatın Silahlı Qüvvələr Komitəsinə bu yaxınlarda təqdim etdiyi məruzəsində bildirib ki, Pxenyan uzaqmənzilli ballistik raketlərin istehsalı istiqamətində fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir. Sənəddə bildirilir ki, onun bu əməli Birləşmiş Ştatlar üçün bilavasitə təhlükədir. Beləliklə, analitiklər hesab edirlər ki, beynəlxalq danışıqlarda çoxsaylı mərhələlərin baş tutmasına, sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, Şimali Koreyanın nüvə iddialarını genişləndirməkdədir.

Məsələ ilə bağlı Rusiya və Çin daha təmkinli mövqe ortaya qoyur. Onlar hesab edirlər ki, hidrogen bombasının sınaqdan keçirildiyinə dair xəbərlər kifayət qədər əsaslı deyil. Bununla yanaşı, onlar Pxenyana birtərəfli sanksiyaların tətbiqinə açıq şəkildə etiraz edirlər. Fevralın 2-də Seulda təşkil olunmuş mətbuat konfransında Rusiyanın Cənubi Koreyadakı səfiri A.Timonin iqtisadi sanksiyaların effektivliyinə şübhə ilə yanaşdığını deyib, iqtisadi blokadanın nüvə probleminin həllinə səbəb olmayacağını bildirib. Üstəlik, əksər ekspertlər əmindirlər ki, KXDR hələlik kifayət qədər güclü nüvə yükü yaratmağa və onu uzaqməsafəli ballistik raketə yerləşdirməyə hazır deyil.

 

Kimə müharibə, kiməsə...

Bu hadisələr fonunda Cənubi Koreya məmurlarının bəyanatları xüsusi fərqlənir; məsələn, hakim "Senuri" partiyasından olan deputat Li Çxol Vu ölkəsinin Pxenyanla bağlı ciddi şübhələrinin olduğunu söyləyib. Onun fikrincə, KXDR raketin əsas komponentlərini Rusiyadan almaqda şübhəli bilinir. Eyni fikri ölkənin kəşfiyyat xidmətinin direktoru Li Bön Xo da təkrarlayıb. O da Rusiyanı KXDR-ə raket texnologiyaları verməkdə təqsirləndirib, bunun BMT-nin müvafiq qətnamələrinin tələblərinin kobud şəkildə pozulması olduğunu deyib.

Moskva isə bu ittihamlara Baş nazirin kosmos sahəsində inkişafa cavabdeh olan müavini Dmitri Roqozin vasitəsilə cavab verib: "Biz raket texnologiyalarının yayılmaması rejiminə necə əməl olunduğunu ciddi şəkildə izləyirik. Rəhbərlik etdiyim ixrac komissiyası Şimali Koreyaya heç zaman bu cür mallar verməyib".

Rusiya XİN-in silahların yayılmaması və onlara nəzarət departamentinin direktoru Mixail Ulyanov isə rəsmi Seulu Moskvadan üzr istəməyə çağırıb: "Cənubi Koreyanın bizi BMT TŞ-nin qətnamələrinə zidd qanunsuz tədarükdə şübhəli bilmək üçün hansısa əsasları varsa, onları ortaya qoymalıdır. Yoxdursa, onları bu böhtanı rəsmən rədd etməyə, üzr istəməyə çağırardım".

Rusiya və Çinin isə Cənubi Koreya ilə bağlı öz iddiaları var. Onlar Seulun bəzi əməllərindən narahatdırlar və burada söhbət heç də Cənubi Koreyanın Pxenyanın gələcək təxribatlarını önləmək məqsədilə Amerika ilə birgə təlimlər keçirməsindən getmir; məsələn, Şimali Koreyanın raket sınağı keçirdiyi gün - fevralın 7-də Cənubi Koreyanın Müdafiə Nazirliyi Seul ilə Vaşinqton arasında Amerikanın THAAD (Terminal High Altitude Area Defense System) HHM sisteminin Koreya yarımadasının cənubunda yerləşdirilməsinə dair danışıqlar aparıldığını təsdiqləyib. Nazirlik burada məqsədin yaxın və ortamənzilli raketlərin tutulması, Şimali Koreya təhlükəsinin aradan qaldırılması olduğunu bildirib. Bu mənada, rusiyalı ekspertlər Şimali Koreyanın raket sınağının iki ölkə arasında gizli danışıqların səbəbi yox, əslində, təsdiqi olduğunu düşünürlər. Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun Koreya Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Jebin hesab edir ki, hələlik, KXDR-dən heç bir real təhlükə olmasa da, ABŞ bundan bölgədə HHM sistemi yerləşdirmək imkanı kimi istifadə edir. Bununla da Vaşinqton Şimali Koreya rejimini rusların və çinlilərin əli ilə devirmək planını reallaşdırmaq istəyir.

Moskvanın yaşananlarla bağlı rəsmi mövqeyini isə səfir A.Timonin ortaya qoyub. O, "bütün maraqlı tərəfləri təmkinli olmağa, Koreya yarımadasında vəziyyəti gərginləşdirə biləcək xüsusilə hərbi addımlardan çəkinməyə" çağırıb.

Rusiyanın nüvə probleminə yanaşmasını, xüsusilə KXDR-ə birtərəfli iqtisadi sanksiyaların tətbiqini qəbul etməməsini Çin də birmənalı şəkildə dəstəkləyir. Nəzərə alsaq ki, KXDR-in xarici ticarəti, təxminən, 70%-lik paya sahibdir, bu, heç də təəccüblü deyil. Amma burada söhbət daha çox iki ölkənin iqtisadi qazancından yox, Çinlə ABŞ-ın baza maraqları arasındakı ciddi fərqdən gedir. Pekində əmindirlər ki, ABŞ, Cənubi Koreya və Yaponiya üçün "Şimali Koreya təhlükəsi" Asiya-Sakit okean regionunda hərbi arsenalın artırılması, hərbi-texniki bazanın müasirləşdirilməsi bəhanəsindən başqa bir şey deyil.

Münaqişə tərəflərinin bu cür sərt gedişləri Rusiya və Çin sərhədlərinə bilavasitə yaxın yerləşən Şərqi Asiya ölkələrində silahlanma yarışını qızışdıra bilər. Bu, regionda onsuz da zəif olan sülhün möhkəmləndirilməsinə yönəlmiş cəhdlərə öz mənfi təsirini göstərəcək. KXDR isə buna cavab olaraq, "sərhədlərinin qorunması məqsədilə" öz ruhuna uyğun analoji cavab addımları ata bilər.



MƏSLƏHƏT GÖR:

579