
MİNİLLİYİN SAMMİTİ
Patriarx Kiril ilə Roma Papası Fransiskin görüşü xristian aləmində ədavətə son qoya bilər
Müəllif: Eldar PAŞAYEV Bakı
Bütün dünyadan olan müşahidəçilər bir məsələyə aydınlıq gətirməyə çalışırlar: Moskvanın və Bütün Rusiyanın Patriarxı Kiril ilə Roma Papası Fransiskin tarixi görüşündə dini amil çoxdur, ya siyasi? Yoxsa onlar bir-birindən ayrılmazdırlar?
12 fevraldan xeyli əvvəl bildirilirdi ki, görüş üçün Havana aeroportunun seçilməsi, sadəcə, Papa ilə Patriarxın marşrutunun orada kəsişməsi, neytral ərazi olması, hər hansı dini mahiyyət daşımaması ilə bağlıdır. Bu, kimlərinsə görüşün siyasi məqsədlər daşıdığını söyləməsinin qarşısını almalı idi. Lakin bu neytral məkanın belə, öz mənası var. Kuba bir tərəfdən, Latın Amerikası ölkəsi, katolik dövlətidir. Digər yandan o, bu yaxınlaradək rəsmən ateist, üstəlik, Rusiya ilə sıx bağlı sosialist ölkəsi olub. Onun paytaxtında pravoslav kilsəsi də var. Ən əsası isə Kuba Avropa ilə kontekstual əlaqələrə malik deyil, "Köhnə Qitə"nin qədim dini mübahisələrindən uzaqdır.
Bununla yanaşı, Kiril ilə Fransiskin görüşünün əsas səbəbi, siyasi mübahisələrin ortaya çıxardığı nəticələrdir. Məhz bu səbəbdən və məhz indi - beynəlxalq gərginliyin artması fonunda - Roma Katolik Kilsəsi ilə Rus Pravoslav Kilsəsi arasında dialoq xüsusi əhəmiyyət daşıyır. Hər halda, Vatikan böyük diplomatik potensiala malik olduğunu tarixboyu dəfələrlə nümayiş etdirib. RPK ilə Kremlin hər zaman sıx əlaqəli şəkildə çalışdıqları heç kəsə sirr deyil. Onlar arasında əlaqə heç zaman, hətta Sovet İttifaqı dönəmində belə, kəsilməyib.
Birgə bəyanat
Moskva Patriarxı ilə Roma Katolik Kilsəsi başçısı arasında görüş "Böyük bölünmə"dən (Böyük təfriqə) sonra baş tutmuş ilk belə görüşdür. 1054-cü ildə baş vermiş və xristian dünyasını Roma Katolik və Pravoslav kilsələrinə parçalamış həmin təfriqədən sonra, tərəflər bir dəfə də olsun, bir araya gəlməmişdilər. 1965-ci ildə Papa VI Pavel ilə Ümumdünya Patriarxı Afinaqor qarşılıqlı lənətləməni aradan qaldırıblar. Lakin XVI əsrdə Moskva patriarxlığının yaradılmasından sonra, Moskva Patriarxı bir dəfə də olsun, Roma Papası ilə görüşməyib.
Nəhayət, bu görüş baş tutdu. Patriarx və Papa onlarla fotokamera qarşısında bir-birlərini qardaşcasına 3 dəfə öpərək qucaqlaşdılar. "Məni sizinlə görüşümüzün doğru zamanda və doğru məkanda baş tutduğuna dair hiss tərk etmir", - deyə Kiril qeyd edib. Fransisk isə "Biz, nəhayət qardaşıq" fikrini bir neçə dəfə təkrarlayıb və bildirib ki, "Bu görüş Allahın iradəsi ilə baş tutub".
Tərəflərin imzaladıqları birgə bəyannamədə bir çox maraqlı və vacib məqam yer alıb. Bu, ilk növbədə, əlbəttə ki, Yaxın Şərq və Şimali Afrikada xristianlara qarşı ayrı-seçkiliyə son qoyulması ilə bağlı dünya birliyinə ünvanlanmış müraciətdir: "Orada xristian bacı və qardaşlarımız ailəvi, kəndlər, şəhərlər miqyasında məhv edilir, kilsələr varvarcasına dağıdılır, talan olunur, müqəddəs məkanlar təhqirlərə məruz qalır, abidələr məhv edilir". Burada hər iki kilsə üçün vacib məqam ondan ibarətdir ki, təqiblərə məruz qalan xristianların katolik, pravoslav, yoxsa anqlikan olduqları gündəmə gətirilmir. "Biz Suriyada, İraqda və digər Yaxın Şərq ölkələrində baş verənləri, xristianların həmin torpaqları kütləvi şəkildə tərk etməsini ürək ağrısı ilə izləyirik. Halbuki, inancımızın yayılması oradan başlayıb, xristianlar orada apostol dövründən digər dini icmalarla birlikdə yaşayıblar. Bununla yanaşı, biz vətəndaş müharibələrinin, xaosun, terrorçuluğun qurbanına çevrilmiş digər dinə mənsub insanların dərdinə şərik oluruq", - deyə bəyannamədə bildirilir. Patriarx və Papa beynəlxalq birliyi terrorçuluqla mübarizədə birləşməyə, planetdə zorakılığa son qoymağa çağırıb. Onlar xatırladıblar ki, Suriya və İraqda yaşanan münaqişələr minlərlə insan həyatına son qoyub, milyonlarla insanı ev-eşiyindən, yaşamaq üçün tələb olunan imkanlardan məhrum edib.
İki xristian kilsəsinin başçısı bəzi ölkələrdə cəmiyyətlərin sekulyarizasiyasının təhlükəli olduğunu, bunun dini azadlıqlara zərbə vurduğunu, xristianların hüquqlarını məhdudlaşdırdığını, onların ictimai həyatdan sıxışdırılıb-çıxarılma təhlükəsi yaratdığını bildiriblər. "Məsələn, bəzi ölkələrin Allahdan uzaq dünyəvi cəmiyyətə çevrilməsi dini azadlıqlar üçün ciddi təhlükə yaradır... Sivilizasiyamıza digər dinlərin verə biləcəyi töhfələrə açıq olaraq, əminik ki, Avropa özünün xristian köklərinə sadiq qalmalıdır. Qərbi və Şərqi Avropa xristianlarını İsa Peyğəmbərin və İncilin birgə şəhadəti üçün birləşməyə çağırırıq ki, Avropa iki min illik xristian ənənələrinə uyğun formalaşmış ruhunu qoruyub-saxlasın", - deyə bəyannamədə bildirilir.
Ukrayna münaqişəsi də diqqətdən kənarda qalmayıb. "Çoxsaylı insan tələfatına, dinc sakinlərin saysız-hesabsız iztirabına, cəmiyyətin dərin iqtisadi və humantar böhran yaşamasına səbəb olmuş Ukraynada münaqişəsindən kədərlənirik", - deyə bəyannamədə bildirilir.
Sənəddə, əlbəttə ki, birləşmə kimi ağrılı mövzuya da toxunulub. 1596-cı ildə Brest birləşmə nəticəsində yaranmış Ukrayna Yunan-Katolik Kilsəsi (UYKK) iki kilsənin münasibətlərində əsas problem olaraq qalır. RPK hesab edir ki, UYKK-nin yenidən rəsmi status qazandığı 1990-cı illərdə "Ukraynada yunan-katolik birləşməsinə qarşı təcavüzkar ekspansiya" həyata keçirilib və yeri gəlmişkən, 1996-1997-ci illərdə II Aleksi ilə II İohan Pavelin görüşünə məhz bu mane olub. Rusiya-Ukrayna münaqişəsi isə əsrlərdən gələn bu problemi yeni səviyyəyə qaldırıb.
Digər tərəfdən, Moskva patriarxatında anlayırlar ki, Vatikan UYKK üzərində tam hakimiyyətə malik deyil. Üstəlik, Fransisk ukraynalı yunan-katolikləri ilə, ən azı, zahirən məsafə saxlayır.
Havana görüşü qarşıdurmanın, ən azı, kəskin mərhələsinin arxada qaldığını göstərib. Yeri gəlmişkən, birləşmə məsələsi 200 il əvvəl baş vermiş siyasi hadisələrlə də sıx şəkildə əlaqəlidir. Və bunu çoxları unutsa da, həmin hadisələr bu gün də əks-səda verir. O zaman II Yekaterinanın hakimiyyəti dövründə Reç-Pospolitanın parçalanması nəticəsində (1772-1795) Rusiya İmperiyasına katolik əhaliyə malik ərazilər daxil edilib. Unutmayaq ki, 20 il əvvəl II Aleksi ilə bir araya gələ bilməyən II İohan Pavel milliyyətcə polyak olub. İndiki Papa Fransisk isə Argentindada yaşayan italiyalı miqrant ailəsində doğulub. O, yezuit təriqətini təmsil edən ilk Papadır. Bu təriqət tarixin müxtəlif dövlətlərində məşhur olub. Lakin onun mövcud olduğu əsas dövr kimi 1773-cü il göstərilir - o dövrdə Avropanın ən güclü monarxlarına qarşı müxalifət mövqedə olduğu üçün, bu təriqət Papa XIV Kliment tərəfindən ləğv edilib. Tarix elə gətirib ki, ondan 1 il əvvəl II Yekaterina Polşanın parçalanması nəticəsində yaranmış yeni rəiyyətə kənar təsirlərin qarşısını almağa çalışaraq, ələ keçirilmiş ərazilərdə Papanın hər hansı qərarının Peterburqla razılaşmadan yayımlanmasını qadağan edib. Beləliklə, təriqətin özünü bərpa etdiyi 1814-cü ilədək o, yalnız Rusiyada mövcud olub - leqal və son dərəcə fəal. Bəlkə də bu, onun xilasında böyük rol oynayıb. Papa Fransiskin bu tarixi yaxşı bildiyini istisna etmək olmaz.
Rusiyanın qazancı
Papa ilə Patriarxın görüşünə dair məlumatlar Rusiya mətbuatı ilə müqayisədə Qərb KİV-də daha çox yer alsa da, ondan o qədər də şövqlə bəhs olunmayıb və sanki görüş Suriyadan gələn məlumatlar fonunda ikinci planda qalıb. Bir çox Qərb müşahidəçisi hesab edir ki, Kirilin bu görüşə Rusiya Prezidenti Vladimir Putinin razılığı olmadan gəldiyi inandırıcı deyil. Onların fikrincə, tarixi Havana görüşü həm də Fransiskin ötən ilin iyununda Rusiya Prezidenti ilə apardığı danışıqların nəticəsi olaraq baş tutub. Əksəriyyət hesab edir ki, Kreml Kiril ilə Fransiskin görüşündən böyük qazanc gözləyir. Çünki "Əsrin görüşü" Rusiya-Qərb münasibətlərində ciddi soyuqluğun yaşandığı dönəmə təsadüf edib. Bütün Rusiyanın Patriarxı Yaxın Şərq xristianlarının xilası haqqında o vaxt danışır ki, Moskva Suriyada aranı qarışdırmaqda, dinc sakinlərin ölümündə, humanitar böhranda ittiham olunur. Fransisk, məsələn, homoseksuallar arasında nikaha qarşı da çıxır. Bu, Moskvanın Qərb tərəfindən dəfələrlə tənqid olunmuş mövqeyi ilə üst-üstə düşür. "La Stampa" yazır ki, Putinin istəyi "xristianlıq üçün əsas dayaq məntəqəsinə, xristianlığın çətin anlar yaşadığı Qərbdə onun müdafiəçisinə çevrilməkdir". Yəqin ki, "dünyəviləşmiş Qərb"də nəinki Yaxın Şərq və Afrika xristianlarının müdafiəsinə, həm də "ənənəvi xristian dəyərləri"nin qorunmasına edilən çağırışları bəyənənlər tapılacaq. Üstəlik, indi müsəlman ölkələrindən bu ərazilərə yüzminlərlə müsəlman miqrant axışır.
Bundan başqa, müşahidəçilər Havana görüşünün Kirilin özünə də lazım olduğunu düşünürlər. Onların fikrincə, bu, ona iyunda Kritdə keçiriləcək Ümumpravoslav məclisi ərəfəsində mövqelərini gücləndirməsi üçün vacibdir. Minlillikdə ilk dəfə keçiriləcək və uzun illərdir, hazırlığın getdiyi yığıncağa 15 pravoslav kilsəsinin hər birinin rəhbəri qatılacaq və ona sədrliyi Ümumdünya patriarxı, Ümumdünya Pravoslav Kilsəsinin rəmzi başçısı olan Varfolomey edəcək. Yeri gəlmişkən, Varfolomey Fransisklə sıx əlaqəyə malikdir və ekumenizmin fəal tərəfdarı sayılır. Lakin bu dialoqda Varfolomeyin bütün pravoslavların adından çıxış etməsi Moskvanın və Bütün Rusiyanın Patriarxını heç də qane etmir. Axı, pravoslav dünyasında ən çoxsaylı və ən mühafizəkar kilsə məhz RPK-dir.
Hər şeyə rəğmən
İstənilən halda, görüşün siyasi səbəblərinə rəğmən, dünya Katolik və Rus Pravoslav Kilsəsinin ruhən birləşməsindən danışmağa başlayıb. Söhbət 1,2 milyard katolikdən və 165 milyon pravoslavdan gedir. Bundan sonra, böyük ehtimalla, yeni görüşlər keçiriləcək, bəlkə də Roma Papası Rusiyaya, Moskva Patriarxı Vatikana səfər edəcək. Hər halda, hər kəsin gözü önündə baş verən vacib müasir problemlərin həlli qarşısında kökü əsrlərlə əvvələ gedib-çıxan, əksər katolik və pravoslav üçün aydın olmayan çətin dini probemlərin çözümü ikinci plana keçir. Bu, zamanın tələbidir. Əlbəttə, bu proses, çətin ki, sürətlə getsin. Kiril və Fransiskin çağırışlarının Yaxın Şərq və Afrika xristianlarının, qaçqınlarının taleyini bir anda dəyişəcəyini də gözləmək olmaz. Lakin Papa Fransiskin dediyi kimi, görüşdə "vaxtı çatdıqda reallaşdırılması mümkün olacaq" bir neçə təşəbbüs müzakirə edilib. Bunun özü artıq nəticədir.
MƏSLƏHƏT GÖR: