Müəllif: Nurlanə QULİYEVA Bakı
Dünya bazarlarında neftin qiymətinin düşməsi və milli valyutanın devalvasiyası Azərbaycan hökuməti üçün yeni çağırışlara qarşı durmaq məsələlərini bir qədər də aktuallaşdırdı. Nəticədə, hökumət neftin yeni qiymətinə dair növbəti proqnozlara uyğun olaraq büdcəyə düzəlişlər etdi - yenilənmiş büdcədə "qara qızıl"ın barelinin qiyməti ilkin variantla müqayisədə iki dəfə aşağı - 25 dollara salındı. Gəlirlər və xərclər isə artıq qeyri-neft sektoru qeyd edilməklə əksinə artdı.
"Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışlar yaranıb. Şübhəsiz ki, bu reallıqlar ölkəmizə valyuta daxilolmasının kəskin azalmasına və tədiyyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır", - deyə maliyyə naziri Samir Şərifov vəziyyəti izah edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dövlət büdcəsinə dəyişikliklərin edilməsinin əsas məqsədi - manatın məzənnəsinin düşməsi nəticəsində yaranmış gərgin iqtisadi siyasətin aradan qaldırılması, habelə dövlətin sosialyönlü proqramlarının yerinə yetirilməsidir. "Əsas vəzifə büdcənin sosial öhdəliklərinə riayət olunması, yəni vətəndaşlara əməkhaqqı, təqaüd, müavinətlərin tam həcmdə vaxtında verilməsinin təmin edilməsidir", - deyə deputat qeyd edib.
Beləliklə, qəbul edilən dəyişikliklərə əsasən, 2016-cı ildə dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 15,5% - 16,8 mlrd. manat, xərcləri isə 18,5 mlrd. manat - 13,7% artacaq. Kəsiri isə əksinə - ilkin təsdiq edilən 1 mlrd. 698 mln. manat əvəzinə - 1 mlrd. 673 mln. manata düşəcək. Dövlət Neft Fondundan transfertlər isə 26,9% artırılacaq və bütövlükdə, məhz bu mənbə cari ildə dövlət büdcəsinin bütün gəlirlərinin 45,3%-i təşkil etməlidir.
Madam ki, söhbət manatdan gedir, ARDNF-ə daxilolmaların toplanması əsasən dollarda reallaşdırılır, qeyd edilən rəqəmləri Amerika valyutasına çevirdikdə, dövlət büdcəsinin parametrlərinə yeni dəyişikliklərin Neft Fondunun vəsaitlərinə 1 mlrd. dollar qənaət edilməsi anlamına gəlir. Bu arada dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri də, Dövlət Neft Fondundan birbaşa transfertlər də, demək olar ki, eyni olacaq - 45,2%. Bu, dövlət büdcəsinin təsdiq edilmiş göstəricisindən 12,1% çoxdur", - deyə S. Şərifov qeyd edib.
Burada bir məqamı qeyd edək: gəlirlər strukturunda Vergilər Nazirliyi üçün plan, təbii ki, 6,2% artıb. Lakin bununla belə, Azərbaycanda PSA (hasilatın pay bölgüsü müqavilələri) müqavilələri çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətlərinin mənfəət vergisindən daxil olmalar cəmi 370 mln. manat həcmində, yəni ilkin proqnozdan 26% az proqnozlaşdırılır. 2015-ci ilin faktiki göstərici ilə müqayisədə isə proqnoz 1,8 dəfə aşağıdır. Eyni zamanda hökumət SOCAR şirkətinin 2016-cı ildə dövlət büdcəsinə vergi ödənişləri üzrə proqnozunu da nəzərdən keçirib və bu da azalmaya doğrudur - əvvəlki proqnozlarla müqayisədə 3,9% və ötənilki göstərici ilə müqayisədə 13,7%.
Əslində, bu Azərbaycanda neftdənsonrakı eranın yetişməsinin parlaq "statistik" təcəssümüdür. Qeyri-neft sektoruna edilən ümid - hökumətin özəl sektoru və daxili istehsalın inkişafına dair niyyətinin nə dərəcədə ciddi olduğuna işarə edir. Axı, bunlar olmadan daxilolmaların bu dərəcədə nəzərə çarpan həddinə nail olmaq mümkün deyil. "Sahibkarlar üçün ən güzəştli şərtlərlə kreditlər ayrılır, biznesin inkişafına yönəldilmiş digər tədbirlər reallaşdırılır. İş yerlərinin sayının artırılması üzərində fəal işləyən ayrı-ayrı rayonların üzərinə konkret vəzifələr qoyulub. Bundan başqa, biznesin güzəştli kreditləşməsinin həcminin artırılması, sahibkarlığa kredit ayrılarkən ən sərfəli şərtlərin tətbiqi nəzərdə tutulur. Sahibkarlıq subyektlərinin yoxlamaları azalır, bu sahədə şəffaflıq artır. Bütün bunlar digər tədbirlərlə ölkədə biznesin və investisiya mühitinin inkişafına xidmət edir", - deyə Z. Səmədzadə qeyd edib.
Öz növbəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırdı ki, yenilənmiş büdcədə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 220 mln. manat artıb və - 1, 8 mlrd. manat təşkil edib. Digər gəlirlər üzrə daxilolmalar isə 75 mln. manat proqnozlaşdırılır. Bu göstərici təsdiq edilmiş proqnoza nisbətən 21% çoxdur. Onun sözlərinə görə, artıma səbəb ötən illərdə xarici valyuta ilə verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır. Bununla bərabər, büdcənin yenidən nəzərdən keçirilməsi əməkhaqqları, pensiya və müavinətlərin artırılmasına dair Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamının icra edilməsi fonunda xərclərin artması ilə bağlıdır. "Bunun üçün dövlət büdcəsinin ilkin variantda olmayan vəsaitlərə malik olmalıdır. Söhbət isə 1,2 mlrd. manatı üstələyən məbləğdən gedir", - büdcənin dəyişdirilmiş variantından xərclərin artımını izah edərək, S. Şərifov bildirib. Bütövlükdə, xərclər strukturunda 37,8% sosialyönlü xərclər təşkil edəcək. Bu, əvvəl nəzərdən tutulandan 1,7% artıqdır.
"Neftin dünya qiymətlərinin düşməsinin büdcə gəlirlərinə mənfi təsir göstərməsinə baxmayaraq, sosial proqramların reallaşdırılması üçün heç bir maneə mövcud deyil. Əksinə, bu cür proqramların maliyyələşdirilməsi artırılıb", - parlament komitəsinin sədri Z. Səmədzadə qeyd edib.
Xərclərin artımının daha bir istiqaməti manatın məzənnəsinin dəyişməsindən sonra yüksələn xarici borcla bağlıdır. Belə ki, bu göstərici təsdiq edilmiş proqnozla müqayisədə 55,4% artıb - 1 mlrd. 474 mln. təşkil edib. "Ölkənin xarici valyutada xərcləri artıb. Buraya xarici valyutada olan öhdəliklər, o cümlədən xaricdəki diplomatik nümayəndəliklərin fəaliyyətinin, investisiya layihələrinin, xüsusən Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində tikinti işlərinin maliyyələşdirilməsi və beynəlxalq təşkilatlara üzvlükhaqqı və s. daxildir", - S. Şərifov qeyd edib. Dövlət büdcəsinin xərclər hissəsində əsas azaldılan hissə - dövlət kapital qoyuluşu xərcləridir - 15,6% (3 mlrd. manatadək). Nəticədə, onların xüsusi çəkisi 21.9%-dən 16,2%-ə düşüb. Prinsipcə, dövlət vəsaitlərinin səmərəli istifadə edilməsi zərurəti nəzərə alınaraq, artıq ötən ilin sonundan bu barədə dəfələrlə xəbərdarlıq edilib.
Z. Səmədzadənin fikrincə, 2016-cı il üçün "qlobal iqtisadi təlatümlər fonunda ən optimal" məhz bu cür büdcədir. Onun icrasına gəldikdə isə burada da deputatlar hökumətlə birlikdə son dərəcə nikbin kökləniblər, çünki neftin qiymətinin artıq 25 dollardan aşağı düşməyəcəyinə əmindirlər. Devalvasiyanın büdcəyə digər təzyiqinə gəlincə isə bu yaxınlarda ölkənin Mərkəzi Bankının sədri son dərəcə nikbin fikir bildirib. O, vəd verib ki, AMB "müstəqil üzən" milli valyuta ilə bağlı vəziyyəti nəzarət altında saxlayacaq.
Bundan savayı, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2016-cı ildə dövlət büdcəsinin faktiki kəsiri proqnozlaşdırılan həcmdən daha az ola bilər. Buna potensialdan maksimal dərəcədə istifadə edilərsə, vergi və gömrük inzibatçılığının və s. keyfiyyəti artırılsa nail olmaq mümkündür. Onun sözlərinə görə, dövlət büdcəsinin daha şəffaf və məqsədyönlü istifadə edilməsi zəruridir. "Son nəticədə ÜDM və iqtisadiyyatın artımının hərəkətedici gücü olan dövlət büdcəsinin xərclərinin səmərəliliyini təmin etmək vacibdir", - o, bildirib.
Qeyd etmək lazımdır ki, dövlət büdcəsi ilə birlikdə parlamentarilər Dövlət Sosial Müdafiə Fondunun 7, 4% artan yeni parametrlərini (gəlirləri də, xərcləri də) təsdiq ediblər.
Əmək pensiyaları və müavinətlərin ödənilməsi üçün fondun artan xərclərini DSMF dövlət sosial sığortası üçün ayrılmaların 4,2% artması (özəl sektorun inkişafına edilən ümidlər), dövlət büdcəsindən ənənəvi transferlərin (onlar əvvəl planlaşdırılandan 13,3% daha çox) hesabına təmin etməyə ümid edir. Fondun sədri Elman Mehdiyevin sözlərinə görə, dəqiqləşdirilmiş büdcə ölkənin pensiya sisteminin maliyyə dayanıqlığını artırmağa imkan verəcək.
Bunlarla yanaşı, yuxarıda qeyd edildiyi kimi, hər iki sənəddə xüsusi vurğu məhz iqtisadiyyatın qeyri-neft istiqamətlərində cəmlənmiş özəl sektordan gəlirlərin artımına edilir. Deməli, iş adamlarının fəaliyyətinə müdaxilənin qarşısının alınması üzrə qəbul edilən tədbirlər, iqtisadiyyatın müxtəlif sahələrində istehsalat potensialının inkişafının stimullaşdırılmasına dair külli miqdarda sərəncamlar artıq bu il dövlət xəzinəsi üçün real gəlirə çevrilməlidirlər.
MƏSLƏHƏT GÖR: