24 Noyabr 2024

Bazar, 11:02

SAXTA DONDURULMA

Neft hasilatçısı olan ölkələrin qiymətlərə növbəti dəfə təsir etmək cəhdi də, deyəsən, iflasa uğrayır

Müəllif:

01.03.2016

Bazar faktiki olaraq, Rusiya, Qətər, Venesuela və Səudiyyə Ərəbistanının neft hasilatının dondurulması ilə bağlı razılaşmasına heç bir reaksiya göstərməyib - neftin 1 barelinin qiyməti əvvəlkitək 30-35 dollar arasında tərəddüd edir.

Qeyd edək ki, bu tədbirin təşəbbüskarı qiymətlərin ucuzlaşmasından daha çox əziyyət çəkən Venesueladır. Venesuela Mərkəzi Bankının məlumatına görə, ötən il ölkədə ÜDM 5,7% azalıb. Üstəlik, BVF bu il üçün daha bədbin proqnozlar verir - bu ölkənin ÜDM-i 8% azala bilər. Venesuelada miqyaslı devalvasiya baş verib. Dolların rəsmi məzənnəsi 6,3 bolivardan 10 bolivaradək artıb. Amma bu qiymətə də dollar tapmaq mümkün deyil. "Qara bazar"da isə dollar 1000 bolivara satılır. Bu il ölkədə miqyaslı inflyasiya yaşanmaqdadır - 720%! İndi Venesuela xarici borcları ödəyə bilməmək təhlükəsilə də üz-üzə qalıb. Bir sözlə, ölkədə ciddi fəsadlara yol açacaq defolt elan oluna bilər.

İqtisadiyyatı 90-95% neft satışından asılı olan Venesuelanın xilası yalnız dünyada neftin qiymətinin kəskin şəkildə bahalaşması ola bilər. Lakin prezident Nikolas Maduronun neft hasilatının azaldılmasına yönəlmiş cəhdlərinə OPEK-dəki silahdaşlardan belə, dəstək gəlmir. Kartelə daxil olmayan hasilatçılar da öz yerində.

Doğrudur, əvvəlcə OPEK üzvlərilə yanaşı, Rusiyanın da qoşulduğu razılaşmaya dair xəbərlər müəyyən ümidlər yaratdı, hətta qismən qiymət artımına da səbəb oldu. Üstəlik, BƏƏ və Nigeriya da "dondurma"ya qoşulacağını vəd edirdi. Lakin ilkin razılaşmanın səthi təhlili göstərdi ki, bu "dondurma" bazara ciddi təsir göstərməyəcək.

Ölkələr neft hasilatını yanvarın 11-dəki həddə dondurmaq haqda razılığa gəliblər. Halbuki Səudiyyə Ərəbistanı və Rusiyada hasilatın maksimum həddi məhz həmin tarixə təsadüf edir (müvafiq olaraq sutkada 10,2 və 10,9 milyon barel). Demək, bu qərar tələbatın ciddi şəkildə azaldığı bazarda təklifin də azalmasına səbəb olmayacaq. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, bu il neftə tələbat sutkada 1,2 milyon barel təşkil edəcək. Halbuki, ötən il bu rəqəm 1,6 milyon olub.

Bununla yanaşı, bu razılaşmaya digər nəhəng neft hasilatçılarının necə reaksiya verəcəyi məsələsi də açıq qalır. Söhbət, ilk növbədə, İran və ABŞ-dan gedir. Əsas amil isə Qərbin sanksiyalarından yeni xilas olmuş, dünyanın neft bazarındakı mövqelərini bərpa etməyə çalışan İranın mövqeyidir. Məhz bu səbəbdən, "dondurma" təşəbbüskarı olan Venesuelanın neft naziri Tehranda İran, İraq və Qətərdən olan həmkarları ilə danışıqlar aparıb.

İranın neft naziri Bijən Namdar Zəngənənin məsələyə ilk reaksiyası kifayət qədər nikbin olub: "Biz istər OPEK üzvləri, istərsə də təşkilata daxil olmayan dövlətlərlə əməkdaşlığı alqışlayırıq. Bu, ilk addım olsa da, yeganə addım olmamalıdır. Lakin o, OPEK üzvlərilə digər hasilatçılar arasında neft bazarında vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş gələcək əməkdaşlığın başlanğıcı ola bilər".

"Reuters" agentliyinin məlumatına görə, İrana xüsusi şərtlər təklif olunub. Onların sırasında hasilatın məhdudlaşdırılmış artımı və yaxud qiymətdən asılı olaraq neft hasilatının artımı da var. Amma görünən odur ki, İran sonda bu təkliflərdən razı qalmayıb. B.Zəngənənin Rusiya və bəzi OPEK ölkələrinin hasilatın yanvarda olduğu səviyyədə dondurulmasına dair qərarının gülüş doğurduğuna dair bəyanatı da bunu təsdiqləyir: "Bu, sadəcə, gülməlidir. Onlar neft hasilatının dondurulmasını təklif edir və buna çağırışı gündə 10 milyon barel neft hasil etdikləri şəraitdə səsləndirirlər. Halbuki İran gündə 1 milyon barel neft hasil edir".

ABŞ da məsələyə şübhə ilə yanaşır. Birləşmiş Ştatların energetika naziri Ernest Moniz və Dövlət Departamentinin xüsusi nümayəndəsi Amos Hoxşteyn bildiriblər ki, onlar hasilatın yanvarda olduğu həddə dondurulmasını mənasız sayırlar. Çünki bazar xammal ilə onsuz da lazım olduğundan artıq dolub.

Bundan başqa, Hoxşteyn bildirib ki, hökumətin şirkətlərin fəaliyyətinə müdaxilə etmək, hasilat həcmini və ixracı süni şəkildə tənzimləmək hüququ yoxdur.

Ümumilikdə, qiymət artımına hasilatın "dondurulması" ilə nail olmağın mümkünlüyünə şübhəsini investisiya bankları, reytinq agentlikləri də ifadə edib. Misal kimi, "DeutscheBank", "Commerzbank", "Citi", "Standard & Poor's" və digərlərini göstərmək olar. Bundan başqa, "Standard & Poor's" 2016-cı il üçün "Brent" markalı neftin qiymətilə bağlı proqnozu 40 dollaradək azaldıb. Halbuki, əvvəl o, 55 dollar həddində proqnozlaşdırılırdı. 2016-2019-cu illər üçün isə bu markalı neftin orta qiyməti 65 dollardan 46 dollaradək azaldılıb. İndi qiymətin artımı üçün tələblə təklif arasında balans, hətta bazarda neft çatışmazlığı olmalıdır.

"Trend" agentliyinin BEA-nın məlumatları əsasında apardığı təhlil göstərir ki, 2004-2014-cü illərdə dünyada neftə tələbat təklifi hər zaman orta hesabla 4% üstələyib. Nəticədə, "qara qızıl"ın qiyməti sabit şəkildə artıb (cədvələ bax). İndisə Çində iqtisadi artımın zəiflədiyini, həmçinin neft hasilatçısı olan ölkələr arasında böhranın dərinləşməsini nəzərə alsaq, neftə tələbatın kəskin şəkildə artacağını gözləmək olmaz.

Nəzəri baxımdan vəziyyətdən çıxış yolu hasilatçı ölkələrin hasilatın azaldılmasına dair ümumi qərarı ola bilərdi. Omanın neft naziri Məhəmməd Əhməd ər-Rumhi də bu təşəbbüsü irəli sürərək OPEK ölkələrinə və kartelə üzv olmayan istehsalçılara hasilatın 5-10% azaldılmasını təklif edib. Onun fikrincə, bazarın sabitləşdirilməsi üçün bu, vacibdir. Omanın özü üzərinə sutkalıq hasilatın 100 min barel azaldılmasına dair öhdəlik götürməyə hazırdır. Lakin əsas hasilatçılar məsələnin bu cür qoyulması ilə qətiyyən razı deyillər. Məsələn, Səudiyyə Ərəbistanının neft naziri Əli ben İbrahim əl-Nuaymi krallığın hasilatı azaltmayacağını bəyan edib. O, ölkəsinin mövqeyini kifayət qədər aydın şəkildə əsaslandırıb: "Sayı kifayət qədər çox olan hasilatçıların bu addımı təkrarlayacağına inanmırıq". Nazirin sözlərinə görə, bazarda tarazlığın yaradılması üçün Səudiyyə Ərəbistanının hasilatı azaltmasından daha effektiv yollar var.

İran isə hasilatı getdikcə artırmaq niyyətindədir. Tehran 2021-ci ilədək sutkalıq hasilat həcmini 6,6 milyon barelə çatdırmağı planlaşdırır. Qeyd edək ki, hazırda bu rəqəm 3,5 milyondur.

Vəziyyəti daha da ağırlaşdıran ABŞ-ın şist nefti istehsalıdır. Əslində, hazırkı böhranın səbəblərindən biri elə budur. ABŞ-da 1 ildə 1600 qazma qurğusunun 1000-dən çoxunun fəaliyyəti dayandırılsa da, şist nefti hasilatı texnologiyası qısa zamanda onların işinin bərpasına imkan verir. OPEK-in baş katibi Abdulla əl-Badri də bu haqda xəbərdarlıq edib: "Bu cür necə yaşayacağıq...? Bilmirəm... İstənilən qiymət artımına dərhal şist sahəsi reaksiya verəcək və dondurulmuş hasilat bərpa olunacaq". Onun sözlərinə görə, OPEK heç zaman qiymət artımına bu cür çevik reaksiya verən, çatışmayan həcmi ortaya çıxaran neft mənbələrilə qarşı-qarşıya qalmayıb. Bu amil kartelin qiymət tənəzzülünü hasilatın azaldılması yolu ilə önləməsini xeyli çətinləşdirir. BEA-nın məlumatına görə, 2016-2017-ci illər üçün ABŞ-da şist neftinin hasilatı azalsa da, sonrakı dövrdə bu sahədə 2021-ci ilədək artım qeydə alınacaq, beləliklə, ABŞ dünyada hasilat artımının əsas lokomotivinə çevriləcək. Odur ki, yaxın illərdə ciddi qiymət artımı gözləmək mümkün deyil. BEA-nın baş direktoru Fatih Birolun proqnozuna görə, neftin 1 barelinin qiyməti yalnız 2020-ci ildə 80 dollara çata bilər.

Hazırkı şəraitdə neftin qiymətinin artması üçün yeganə imkan tələbin təklifi üstələməsidir. Bunun üçün isə, ilk növbədə, neft istehlakının dayanıqlı artımına ehtiyac var. Lakin hələlik bunun əlamətləri görünmür - Çində iqtisadi artım templəri azalır, nəticədə, bütün dünya iqtisadiyyatı ləngiyir. İstər Avropada, istərsə də ABŞ-da 2015-ci ilin nəticələri iqtisadi artım baxımından ötən ilin ilk yarısı ilə müqayisədə o qədər də sevindirici deyil. Üstəlik, hasilatçı ölkələrin hasilat həcminin azaldılmasına dair razılığa gəlməsi şansı da çox azdır. ABŞ-ın şist nefti və dövlətlərin özəl şirkətlərin fəaliyyətinə müdaxilə etmək istəməməsi amililə yanaşı, Fars körfəzinin ərəb monarxiyaları ilə digər dövlətlər arasındakı ciddi siyasi fikir ayrılıqlarını da unutmaq olmaz. Söhbət, ilk növbədə, Səudiyyə Ərəbistanı və İrandan, eyni zamanda Suriya hadisələri fonunda Səudiyyə Ərəbistanı ilə Rusiyanın münasibətlərindəki gərginlikdən gedir. Beləliklə, tərəflər neft bazarında faktiki olaraq müharibə aparır və bir addım belə, geri çəkilmək istəmir. Demək, yaxın illərdə bazarda neft bolluğu gözləmək mümkün deyil - neft hasilatçısı olan ölkələr üçün "qızıl dövr" sona çatıb.



MƏSLƏHƏT GÖR:

462