
ZİDDİYYƏTLƏR DÜYÜNÜ
Suriyada atəşkəs haqda razılaşma ölkədəki böhranın siyasi yolla həllinə imkan verəcəkmi?
Müəllif: Eldar PAŞAYEV Bakı
Suriyada atəşkəs haqda razılaşmanı münaqişənin bilavasitə iştirakçısı olan ölkələrin hər biri, həmçinin ümumilikdə dünya birliyi hərarətlə alqışlayıb. Lakin bu, əksər ekspertlərin razılaşmanın işləyəcəyinə olan şübhələrini heç də aradan qaldırmayıb. Bunun səbəbləri, əlbəttə ki, az deyil. Əsas səbəb regionda marağı olan əsas qüvvələrin - Rusiya, ABŞ, Türkiyə, İran və Səudiyyə Ərəbistanı - tamamilə fərqli məqsədlər güdməsi, bu maraqların çox nadir hallarda, o da sırf deklarativ olaraq üst-üstə düşməsidir. Belə olan təqdirdə, dünya liderlərini qarşılıqlı güzətə getməyə nə vadar edib?
Rusiya ilə ABŞ-ın fevralın 22-də verdikləri, Suriyada atəşkəs razılaşmasının 27 fevral, Dəməşq vaxtı ilə saat 00:00-da qüvvəyə minəcəyinin qeyd olunduğu bəyanat cəmi bir neçə gündən sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsinə çevrilib. Quruma üzv olan 15 dövlətin hər biri qətnaməni dəstəkləyib. Sənəddə bildirilir ki, Suriyanın hökumət qüvvələri və müxalifət qruplaşmaları "hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın şərtlərinə sadiqdir və indi onlar atəşkəs razılaşmasının iştirakçılarıdırlar". Bundan əvvəl isə bildirilirdi ki, Suriya müxalifətinin əsas təşkilatı olan Danışıqlar üzrə Ali Komitə atəşkəs razılaşmasını cəmi 2 həftəliyə qəbul edib, bu müddətdə qarşı tərəfin "öhdəliklərinin ciddi olduğunu təsdiqləmək üçün vaxtı olacağını" bəyan edib.
BMT-nin Suriyadakı daimi nümayəndəsi Bəşər Cəfəri isə BMT TŞ-nin toplantısındakı çıxışında rəsmi Dəməşqin atəşkəs razılaşmasının pozulması hallarına güc yolu ilə cavab vermək hüququnu özündə saxladığını bildirib.
Qətnamədə bütün dövlətlərə, xüsusilə Suriyaya Dəstək Beynəlxalq Qrupuna (SDBQ) üzv ölkələrə çağırış da yer alıb. Onlar nüfuzlarından atəşkəs rejiminin dəstəklənməsi, uzunmüddətli barışığa şərait yaratmağa dəvət olunurlar.
Beləliklə, Suriya hökumətilə müxalifəti arasında danışıqlar martın 7-də bərpa olunmalıdır. Bundan başqa, sənəddə Suriyada ehtiyacı olanlara yardımların maneəsiz və təhlükəsiz çatdırılmasına şəraitin yaradılmasının vacibliyi də vurğulanır. BMT-nin qiymətləndirməsinə görə, bu gün ölkədə 13,5 milyondan artıq insanın humanitar yardıma ehtiyacı var, 480 mindən artıq suriyalı mühasirədə olan ərazilərdə yerləşir.
Rusiyanın Latakiyadakı "Xmeymim" aviabazasında qarşı-qarşıya duran tərəflərin barışdırılması üçün xüsusi Koordinasiya mərkəzi də yaradılıb. Rusiyalı hərbçilərin sözlərinə görə, oraya dərhal atəşkəsdə iştirak etmək arzusunda olan qüvvələrdən müraciətlər daxil olmağa başlayıb. Moskva ilə Vaşinqton arasında qaynar xəttin yaradıldığı da bildirilir. Məqsəd razılaşmaya necə əməl olunduğunu nəzarətdə saxlamaq, operativ problemləri həll etməkdir. Rusiya ilə ABŞ müxtəlif qruplaşmaların nəzarətində olan ərazilərin müəyyənləşdirilməsi, razılaşmaya qoşulmuş qruplaşma və rayonların atəş altına düşməməsi məqsədilə "müvafiq informasiya mübadiləsi sahəsində əməkdaşlığa" hazır olduqlarını bəyan ediblər. BMT TŞ-nin qətnaməsinin ən problemli hissəsi də elə bu andan başlayır - razılaşma İD və "Cəbhət ən-Nusra" qruplaşmalarına aid deyil. Qiymatçıların terrorçulardan ayrılması üçün dəqiq mexanizm isə mövcud deyil.
Bu, özünü daha çox Hələb ətrafında göstərir. Orada elə də böyük olmayan ərazidə həm müxalifətin döyüşçüləri, həm "Cəbhət ən-Nusra" yaraqlıları, həm İD üzvləri, həm Əsədin ordusu, həm də kürd döyüşçüləri var. Beləliklə, hər tərəfdən bir-birinə qarşı olan qüvvələrin mühasirəsində olan şəhər, ümumilikdə, ölkədə mövcud olan vəziyyətin göstəricisi sayıla bilər.
Gələn xəbərlərə görə, Rusiya aviasiyası və İran tərəfindən dəstəklənən hökumət ordusu fevralın əvvəlində Hələbdə ciddi uğurlar qazanıb. Əsəd qüvvələrinin qiyamçıların təchizatını təmin edən son yolu da bağladığı bildirilir. Yeri gəlmişkən, Qərb tənqidçiləri Rusiyanın Münhen və Cenevrə danışıqlarını bilərəkdən uzatdığını düşünürdülər. Onların fikrincə, Moskva, bununla, Suriyanın hökumət qüvvələrinin nəzarətindəki əraziləri genişləndirməsini gözləyirmiş. Barışığın əldə edilməsindən sonra isə Rusiya "Cəbhət ən-Nusra"nın mövqelərini bombalayacağını açıq şəkildə bəyan edib. Rusiya və Qərb müşahidəçilərinin fikrincə, bu, müxalifət qüvvələrinin də hədəfə çevrilmə ehtimalının yüksək olduğunu göstərir.
ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib ki, Rusiya hökuməti Vaşinqtonun mötədil müxalifət saydığı qiyamçılara zərbələrin endirilməyəcəyinə söz verib. Məlumata görə, razılaşmaya əməl olunması çərçivəsində Moskvadakı səfirlik yanında müdafiə məsələləri üzrə attaşe aparatının əməkdaşına Suriyadakı operativ vəziyyəti əks etdirən xəritə təqdim olunub.
Belə olan şəraitdə, ABŞ çalışacaq ki, əsas qiyamçı qrupların məhvinə imkan verməsin. Bu baxımdan, Amerika KİV-də hələ 27 fevraldan bir neçə gün əvvəl Vaşinqtonun barışığın pozula biləcəyini nəzərə alaraq "B planı" hazırladığına dair xəbərlərin yayılması heç də təəccüblü deyil. "The Wall Street Journal" ABŞ prezidentinin administrasiyasındakı mənbəyə istinadən xəbər verir ki, Pentaqon rəhbəri Eşton Karter, ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Donford və MKİ-nin direktoru Con Brennan prezident Barak Obamaya vəziyyətdən ehtiyat çıxış yolu hazırlanmasını təklif ediblər. "The Guardian" qəzeti isə Dövlət Departamentinin rəhbəri Con Kerrinin fikirlərinə yer verib: yaxın aylarda Suriyada işgüzar keçid hökuməti formalaşdırılmazsa, bu planın tətbiqinə başlanıla bilər.
Görünən odur ki, məsələ ilə bağlı Vaşinqton və Amerika ictimaiyyətinin fikirləri arasında fərqlər var. İndi Əsədə təzyiqlərin artırılması çağırışları eşidilir, qiyamçıların kəşfiyyat məlumatları vasitəsilə dəstəklənməsi, Suriyanın şimalında "təhlükəsizlik zonası"nın yaradılması variantı müzakirə edilir. WSJ qiyamçıların maliyyələşdirilməsini, "Suriyanın şimalında İD ilə mübarizə aparan kürd qüvvələri və həm rejimlə, həm də ekstremist islamçılarla mübarizə aparan, İordaniyanın dəstəklədiyi "Cənub cəbhəsi" kimi qruplaşmalara" müasir silahların verilməsini təklif edir. Qəzet onu da yazır ki, "ABŞ İordaniya və Türkiyə kimi qonşu ölkələrdə qiyamçılara təlimlər keçməli, təlim düşərgələrini maliyyələşdirməlidir".
Digər tərəfdən jurnalist və yazıçı oğul Robert Kennedi - Robert Kennedinin oğlu, Amerikanın sabiq prezidenti Con Kennedinin kiçik qardaşı - "Politico" jurnalı üçün yazdığı məqaləsində Suriyada radikal qruplaşmaların güclənməsində ABŞ-ın məsuliyyətindən danışır, oradakı müharibəni "resurslar uğrunda savaş" adlandırır, "bu gün Avropaya üz tutmuş milyonlarla qaçqının boru xətti savaşının və MKİ-nin yanlış hesablamalarının qaçqını olduğunu" bildirir.
Oğul Kennedi hesab edir ki, Amerika Yaxın Şərqdə hərbi mövcudluğunu kəskin şəkildə azaltmalı, ərəblərə ərəb dünyasına özlərinin rəhbərlik etməsi imkanı yaratmalıdır. Maraqlıdır ki, "təhlükəsizlik zonası"nın yaradılması haqda danışan Kerri özünü bu ideyanın qatı tərəfdarı kimi göstərməyib. O, yerüstü dəstəyin vacibliyini vurğulayıb. Pentaqonda isə hesab edirlər ki, bunun üçün 15-30 min əsgərə ehtiyac var.
Bütün bunlar Rusiya ilə açıq qarşıdurmaya yol aça bilər. Və söhbət heç də yalnız ABŞ-la qarşıdurmadan getmir. Qarşı tərəfdə Türkiyə və ya Səudyyə Ərəbistanı hərbçiləri dayana bilər. KİV-də bu məsələ çoxdan fəal şəkildə müzakirə olunmaqdadır. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı HHQ-nin təyyarələri artıq ilk dəfə olaraq Türkiyədəki "İncirlik" aviabazasına enib.
Əgər münaqişənin əsas səbəbi, həqiqətən, enerji resurslarıdırsa, yaxud Robert Kennedinin yazdığı kimi, Əsədin Qətərdən boru xəttinin çəkilişinə "yox" deməsidirsə, region dövlətləri arzularına yalnız Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra nail ola bilərlər. Lakin Rusiya və İran buna var qüvvələrilə müqavimət göstərəcəklər. Çünki bu halda onlar istər iqtisadi, istərsə də geosiyasi anlamda çox şey itirəcəklər. ABŞ-dan fərqli olaraq, Rusiya Əsədin hakimiyyətdən gedəcəyi təqdirdə, Suriyada Moskvaya loyal qüvvənin hakimiyyətə gələcəyinə əmin deyil. Demək, Rusiyanın çıxış yolu Əsədin hakimiyyətdə mümkün qədər çox qalmasına yardım etməkdir. Yaxud ruslar Suriyada hansısa ərazini nəzarətdə saxlamalıdır ki, hadisələrə təsir imkanlarını əldən verməsinlər. Bu isə birbaşa Suriyanın parçalanmasına aparan yoldur. Bunu ABŞ-da da istisna etmirlər. KİV-in iddiasına görə, Kerri bunu ağzından qaçırıb.
Bütün bunlarla yanaşı, Hələbdə və ümumilikdə, Suriyadakı vəziyyəti daha iki amil ağırlaşdırır. Bu, İD-nin ciddi gücü və öz dövlətini yaratmaq istəyidir. Əslində, İD istəyinə müəyyən mənada artıq nail olub. Bundan başqa, kürdlər də Əsədlə müxalifətin qarşıdurma zonasına çox yaxın bölgədə məskunlaşıblar. Onlar bir yandan qiyamçıları sıxışdıraraq nəzarət etdikləri ərazini genişləndirir, digər tərəfdən İD və "Cəbhət ən-Nusra" ilə mübarizə aparırlar. Kürdlər - Demokratik İttifaq Partiyası (PYD) və Xalq Özünümüdaifə Qüvvələri (YPG) - atəşkəs razılaşmasını dəstəkləyiblər. Lakin məsələ ondadır ki, Türkiyədə törədilmiş qanlı terror aktına görə məhz onlar məsuliyyət daşıyır və Ankara barışıq razılaşmasını onlara aid etmədiyini açıq şəkildə bəyan edib. "Suriyada qarşıdurmanın dayandırılmasına dair razılaşmada YPG-nin terror təşkilatı olduğu göstərilmir. Amma göstərilməli idi. Bunu etməyiblər. Atəşkəs razılaşması Suriyaya aiddir. Türkiyənin təhlükəsizliyinin təminilə bağlı qərarlar isə yalnız Ankarada qəbul edilir. Kimsə Türkiyənin təhlükəsizliyinə təhdid yaratmağa cəhd edərsə, bu razılaşma Ankara üçün qüvvədən düşmüş sayılacaq", - deyə Əhməd Davudoğlu bildirib.
Belə çıxır ki, BMT TŞ-nin də dəstəklədiyi qətnaməyə baxmayaraq, Suriya münaqişəsinə hətta dəqiq yanaşma belə yoxdur. Yalnız müxalifətlə hökumətin qarşıdurmasını nəzərə alsaq, bu, sırf vətəndaş müharibəsidir. İD, "Cəbhət ən-Nusra" və digər radikal qruplaşmalar arasındakı savaşı, həmçinin Rusiya və ABŞ-ın məsələyə müdaxiləsini nəzərə alsaq, bu, beynəlxalq terrorçuluqla mübarizədir. Yalnız Yaxın Şərq ölkələrinə baxsaq, söhbət regional nüfuz uğrunda mübarizədən gedir. Robert Kennedi boru xətti müharibəsindən danışır. Türkiyə üçün isə Suriya münaqişəsi milli təhlükəsizliyə, ərazi bütövlüyünə təhdiddir. Bu ziddiyyətlər düyününü etibarsız barışıqla həll etmək olarmı? Axı, barışıq əldə olunursa, demək, bu, kiməsə gərəkdir. Ola bilsin ki, tərəflər mümkün qədər çox mülki əhalini savaş meydanından çıxarmağa çalışır.
Hər halda, münaqişənin səbəbi nə olursa olsun, dinc sakinlərin qətlilə bağlı ittihamlar tərəflərdən heç birinin mövqeyini gücləndirmir.
MƏSLƏHƏT GÖR: