19 Dekabr 2024

Cümə axşamı, 14:32

ERMƏNİSTAN HAKİMİYYƏTİNİN OYUNLARI

"R+"un suallarını tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey MARKOV cavablandırır

Müəllif:

01.05.2016

Dördgünlük müharibədən sonra, Rusiya siyasi elitasının Qarabağ münaqişəsi regionuna səfərləri göstərir ki, Moskva Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün fəal diplomatiyaya start verib. Rusiya hökumət başçısı Dmitri Medvedevin, Xarici İşlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfərləri postsovet məkanının ən qanlı millətlərarası münaqişəsi olan Dağlıq Qarabağ düyününün tezliklə açılacağına dair müxtəlif fərziyyələrə, proqnozlara yol açıb. Bakının sözdən əmələ keçərək, erməni qoşunlarının müdafiə xəttini bir neçə istiqamətdən yararaq geri qaytardığı ərazilərdə mövqelərini möhkəmləndirməsindən sonra, Rusiya vəziyyəti nizamlamaq üçün təşəbbüsü öz əlinə alıb.

Dördgünlük müharibədə Azərbaycan nəinki yeni silahlara malik olduğunu göstərib, həm də hərbi əməliyyatları təmassız müharibə kimi müasir üsullarla həyata keçirib. Ermənistan silahlı qüvvələrinə məxsus komanda məntəqələri və hərbi texnikanın Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə məhvi də bunu təsdiqləyir. Bütün bunlar mətbuatda Dağlıq Qarabağ münaqişəsinin gələcək həlli ilə bağlı müxtəlif versiya və proqnozların peyda olmasına yol açıb.

Bununla əlaqədar olaraq, «R+» tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovdan Ermənistan-Azərbaycan münaqişəsinin mövcud durumu və perspektivləri ilə bağlı bəzi sualları cavablandırmasını xahiş edib.

- Qarabağ münaqişəsi tərəfləri sülh razılaşmasının əldə olunmasına nə qədər yaxındır? Bunun üçün nəzərə çarpan şərait yaranıbmı?

 - Bəli, belə şərait var. Tərəflər 2011-ci ildə münaqişəni qarşılıqlı kompromislər vasitəsilə həll etməyə çox yaxın idi. O zaman tərəflər Qarabağ münaqişəsinin həlli üzrə Kazan formuluna əsaslanan sülh razılaşmasının imzalanmasının bir addımlığında idilər. Təəssüf ki, son anda hər şey pozuldu. Bundan məyus olan Rusiya hökuməti bir müddət praktiki olaraq, sülh prosesindən uzaq durdu. Qeyd edim ki, 2011-ci ildə Azərbaycan və Ermənistan prezidentləri, faktiki olaraq, razılığa gəlmişdilər. Lakin necə deyərlər, sona lap az qalmış dayandılar.

Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların öz obyektiv təbiəti var. Azərbaycan ərazilərin qaytarılmasını, Ermənistan isə blokadanın aradan qaldırılmasını, kommunikasiyaların açılmasını, iqtisadi inkişaf imkanlarının əldə olunmasını istəyir. İndi Rusiya münaqişənin həllində daha çox maraqlıdır. İndi bunun üçün onun daha çox motivləri var; məsələn: 

– birincisi, Rusiya Ermənistana iqtisadi dəstək yükündən xilas olmaq istəyir; 

– ikincisi, Moskva sərhədlərində yeni münaqişənin yaranmasını istəmir. Onun sərhədlərində münaqişələr onsuz da çoxdur. Üstəlik, Rusiya Prezidenti Vladimir Putin 2011-ci ildə Kremlə başçılıq etmiş Dmitri Medvedevdən daha çox siyasi çəkiyə malikdir. Bütün bunlar Rusiyanı Qarabağ münaqişəsinin həlli prosesinə 2011-ci ildə Kazanda olduğundan daha çox cəlb olunmağa stimullaşdırır. Müvafiq olaraq, indi tərəflərin də razılığa gəlməsi üçün şərait və hazırlıq 2011-ci ildəkindən çoxdur.

- Mətbuatın məlumatına görə, nizamlama prosesi münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutur. Bəzi versiyalara görə, bu, Moskvanın vasitəçilik missiyasının şərtidir...

 - Kazan formulunun imzalanması uçün hərbi əməliyyatların qarşısının alınmasına qarantiya kimi, bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi şərtini Moskva yox, İrəvan irəli sürür. Kazan forumu «ərazilərin müqabilində sülh» şəklindədir. Ermənistanın təklifi isə «yarımçıq sülhün müqabilində ərazilərin yarımçıq qaytarılması»dır. Yəni, Ermənistan ərazilərin qaytarılması ilə daha əlverişsiz şəraitlə üzləşmək istəmir. Bu səbəbdən, İrəvan üçün hərbi əməliyyatların bərpa olunmayacağına zəmanət lazımdır. Onlar bu zaman üçün bəzi şərtləri vacib sayırlar: Azərbaycana qaytarılacaq ərazilər demilitarizasiya olunmalı, münaqişə zonasına sülhməramlılar yerləşdirilməli, hərbi güc tətbiq edilməyəcəyinə dair razılaşma imzalanmalıdır. Odur ki, bölgəyə sülhməramlıların yerləşdirilməsi təşəbbüsü Rusiyadan yox, İrəvanın məntiqinə əsasən, ermənilərdən gəlir.

- Amma Ermənistanda anti-Rusiya mitinqləri, nümayişləri getdikcə artmaqdadır. İrəvandakı anti-Rusiya isteriyası Qarabağ münaqişəsinin birdəfəlik həllinə yönəlmiş cəhdləri poza bilərmi?

- Ermənistanda ara, əlbəttə ki, qarışa bilər. Lakin orada hansısa geniş anti-Rusiya əhvalının, çıxışlarının olduğunu söyləmək mümkün deyil. Ermənistanda hər zaman amerikapərəst, anti-Rusiya əhvallı qüvvələr olub. Orada, hətta «İrəvan Maydanı»nın təşkilinə cəhdlər də göstərilib. Bu qüvvələr sabiq prezident Ter-Petrosyanla bağlıdırlar. Onlar daim möv-cuddur və amerikayönümlüdürlər. Sadəcə, indi onlar fəallaşıb və sosial şəbəkələrdəki psixi xəstələr, siyasi fəal istifadəçilər də onlara qoşulub. Düşünürəm ki, burada Ermənistan hakimiyyətinin oyunlarından da elementlər var. Bununla onlar Rusiya rəhbərliyinə mesaj verirlər: «Ermənistanda anti-Rusiya əhvalı güclənir. Odur ki, biz Qarabağ məsələsində güzəştə gedə bilmərik bizə çox təzyq etməyin». Siyasətdə belə oyunlardan tez-tez istifadə olunur; məsələn, Kiyev Minsk razılaşmasına tam əməl edə bilmədiyini gördükdə, bu yola tez-tez əl atır. Guya millətçilər hakimiyyətə təzyiq edir. Əslində, Kiyev özü millətçiləri hakimiyyətə təzyiq göstərmələri üçün stimullaşdırır. Düşünürəm ki, İrəvan da eyni oyunu oynayır.

- Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpa olunması ehtimalı nə dərəcədə yüksəkdir?

- Düşünürəm, Qarabağ münaqişəsinin həllində irəliləyiş olmasa, əlbəttə ki, cəbhə xəttində vəziyyətin gər-ginləşəcəyini gözləmək olar.

- KİV-də belə bir məlumat da yayılıb ki, Dağlıq Qarabağa bitişik rayonlardan 5-i ən yaxın zamanlarda işğaldan azad olunacaq. Guya bu, artıq yaxın zamanların işidir...

- Beş rayonun azad olunması təklifi Ermənistandan gəlir. Azərbaycan isə 6,5 rayonun boşaldılmasından danışır. Ermənistan Laçına nəzarəti əldən verməmək, üstəlik, Kəlbəcəri ehtiyat kimi saxlamaq istəyir. Azərbaycan isə bütün rayonların qaytarılmasında israr edir və Ermənistan üçün Laçın rayonu ərazisində iki snayper atışı enində dəhlizin kifayət olduğunu düşünür. Düşünürəm, bu iki variant arasında kompromis tapmaq olar. Beş Azərbaycan rayonunun boşaldılması minimumdur.

- Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Dağlıq Qarabağın gələcək statusu müzakirə mövzusudurmu?

- İndi Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin sonraya saxlanılması ilə hər kəs razıdır. Hələlik, statusun hansı şəkildə müəyyənləşdiriləcəyinə dair müzakirələr gedir. Ermənistan bunun sadə referendum vasitəsilə həll olunmasını təklif edir. Azərbaycan tərəfi isə referendumda qaçqınların iştirakının vacibliyini bildirir. Ya azərbaycanlı qaçqınların geri qaytarılması prosesinə başlanılmalı, ya da onlara, sadəcə, referendumda səs vermək imkanı yaradılmalıdır. Bakı, hətta preambulada BMT TŞ-nin məlum 4 qətnaməsinə istinad olunmasının da məntiqli olduğunu düşünür. Erməni tərəfi bunu istəmir. Çünki sözügedən qətnamələr Azərbaycanın ərazi bütövlüyünün Dağlıq Qarabağ da daxil olmaqla, təmininə çağırır. Yəni, tərəflər referendumun nəticəsinə təsir göstərəcək hansısa şərtləri götür-qoy etmək istəyirlər.

- Fransa və ABŞ-la müqayisədə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq imkanları xeyli çoxdur. Azərbaycan ilə Rusiya arasında çox sıx siyasi, iqtisadi, kommunikasiya və digər əlaqələr var. Ermənistana gəlincə, Dövlət Dumasının sabiq spikeri Boris Qrızlovun da dediyi kimi, o, Rusiyanın forpostudur. Belə olan təqdirdə, Rusiya problemi danışıqlar prosesini həddindən artıq uzadan ATƏT-in Minsk qrupundan kənar həll edə blərmi?

- Bu, nəzəri cəhətdən mümkün olsa da, praktiki baxımdan mümkün deyil. Bəli, Ermənistan KTMT-nin üzvüdür, Aİİ-də yer alır və s. Lakin İrəvanda qərarların qəbuluna erməni diasporu ciddi təsir göstərir. ABŞ və Fransada güclü erməni diasporunun olduğu məlumdur. Lakin həmin ölkələrdə güclü Azərbaycan diasporu yoxdur. Azərbaycanın yalnız Rusiyada güclü diasporu var və orada onlar erməni diasporunun təsirini neytrallaşdırırlar. Odur ki, hazırkı nizamlama prosesi qapadılarsa, prosesin pozulması, güman ki, Ermənistanın xeyrinə olacaq. Bu halda, proses ABŞ tərəfindən də qapanacaq, lakin bu, Amerikadakı erməni diasporu vasitəsilə baş verəcək. 

Qeyd etmək lazımdır ki, Qarabağ məsələsində radikal mövqeni Ermənistan əhalisi yox, ABŞ və Fransadakı erməni diasporu nümayiş etdirir.

ATƏT-in Minsk qrupuna gəlincə, bildiyimə görə, ABŞ ilə Fransa Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı təşəbbüsünü dəstəkləyir. Hazırda BMT-nin başı bir çox qlobal problemlərə qarışıb. Fransa ilə ABŞ isə daxli siyasi vəziyyətləri ilə əlaqədar, bu işdə təşəbbüsü Rusiyaya verməyə hazırdırlar. 

- Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində yaxın aylar üçün nə gözləmək olar?

 - Düşünürəm ki, ağır danışıqlar, ilk növbədə, İrəvanda gedəcək. Yaranmış vəziyyətdə Kazan formuluna dair öz əhalisini razı salmaq baxımından, Ermənistan daha çox əziyyət çəkəcək, nəinki Azərbaycan. Bakıda da danışıqlar aparılacaq, amma İrəvanda onlar daha intensiv olacaq. Rusiya Ermənistana bir qədər çox təzyiq göstərməli olacaq.

- Ermənistan prezidenti Serj Sarqsyan bu yaxınlarda ziddiyyətli bəyanatlar çıxış edib. O, bir tərəfdən, təhlükəsizliyə zəmanətdən danışır, digər tərəfdən, bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsini yolverilməz sayır. O, münaqişənin həllinin vacibliyini deyir, amma danışıqlar prosesinə inamsız yanaşır. Bütün bunlar nə deməkdir?

 - Ermənistan hakimiyyəti Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı strategiyasını hələ də müəyyənləşdirməyib. Görünür, prezident Serj Sarqsyan strategiya haqqında düşünür və bu üzdən fasilə götürmək qərarına gəlib. Bir tərəfdən, ona Azərbaycan, digər yandan, Kazan razılaşma layihəsini imzalamağı təklif edən Rusiya təzyiq göstərir. Bundan başqa, əhali də təzyiqlər edir və üstəlik, bu, üç tərəfdən gəlir: Ermənistan əhalisi, Dağlıq Qarabağ erməniləri və erməni diasporu. Bu cür təzyiqlər Sarqsyana vahid siyasət formalaşdırmaq imkanı vermir. Lakin istənilən halda, qəti fikrə gəlinməlidir.



MƏSLƏHƏT GÖR:

520