4 Dekabr 2024

Çərşənbə, 22:52

MÜSTƏQİLLİK TƏLƏBƏLƏRİ

Azərbaycan Demokratik Respublikası tələbələri xaricə necə göndərirdi?

Müəllif:

01.06.2016

Azərbaycan Demokratik Respublikasının möv-cud olduğu qısa zamanda Şərqin ilk demokratik cümhuriyyəti dünyəvi dövlət quruculuğu sahəsində böyük işlər görüb. 23 ay ərzində görülmüş işlərin hamısını sadalamaq, təbii ki, çətindir. Odur ki, dövrün ən əhəmiyyətli hadisələrindən biri üzərində dayanacağıq. Söhbət abituriyentlərin və tələbələrin dövlət hesabına təhsil almaq üçün xaricə göndərilməsindən gedir.

 

Təhsilə kapital

Hələ 1918-ci ilin oktyabrında hökumət "Müsəlman tələbələrin xaricə çıxışına icazə verilməsi şərtləri və onların orduya çağırılma qaydası" məsələsinə baxıb. Nəticədə, kimlərin xaricə çıxmasına icazə verildiyi müəyyənləşdirilib: "...Xaricə getmək imkanının olduğunu və xaricdə ali təhsil ocağına qəbul olunduğunu sübut edən şəxslər. Sübutların təqdim olunacağı halda, xaricə yollanmaq üçün hər bir icazəyə ayrılıqda baxılmalı, o, daxili işlər naziri ilə razılaşdırılmaqla, ehtiyacı olan tələbələrə təqaüdləri də təyin etmək səlahiyyətinə malik xalq maarifi nazirinə təqdim olunmalı idi". Əsl tarixi qərar isə parlamentdə 1919-cu il sentyabrın 1-də qəbul olunub. Bu tarix uzun illər tərəfimizdən Bakı Dövlət Universitetinin yaradıldığı gün kimi qəbul edilib. Amma həmin gün deputatlar daha bir vacib məsələ ilə bağlı qərarı müzakirə və qəbul ediblər. Söhbət 100 azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün aparıcı, əsasən də Qərb ali məktəblərinə göndərilməsi qərarından gedir. Məsələ ilə bağlı məruzəçi Əhməd bəy Pepinov olub. Təklifi R.Vəkilov, A.Əfəndizadə, R.Ağabəyov və digər deputatlar dəstəkləyiblər. Parlamentarilərin təşəb-büsünə xalq maarif naziri Rəşid xan Kaplanovdan da dəstək gəlib. "Əhrar" fraksiyası isə xaricə göndəriləcək gənclərin məişəti və həyatına nəzarət olunması, həmçinin onların bir hissəsinin üzərinə riyaziyyat, ədəbiyyat və təbiətşünaslıq fakültələrinə daxil olmaq öhdəliyinin qoyulması təşəbbüsü ilə çıxış edib. Deputatlar ilk təşəbbüsü dəstəkləsə də, ikinci təşəbbüs rədd olunub. Bununla yanaşı, parlamentarilər daha bir təşəbbüsün lehinə səs veriblər (müəllif: Arşaq Malxazyan): "Dövlət stipendiyası alan tələbələr təhsili başa vurduqdan sonra, hökumətin təyin etdiyi yerlərdə işləmək məcburiyyətindədirlər".

Hökumətə sözügedən gənclərin bahalı xərclərinin və stipendiyasının ödənilməsi üçün 7 milyon rubl ayırmaq tapşırılıb. Beləliklə, ali təhsil ardınca Avropaya yollanan hər tələbəyə 1000 fransız frankı ayrılıb və 400 frank məbləğində aylıq stipendiya müəyyənləşdirilib. Təhsil almaq üçün Rusiyaya yollananlara isə 3000 rubl yolpulu və eyni məbləğdə stipendiya nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, 1919-cu ilin əvvəllərində Azərbaycan Respublikasında bircə ali məktəb belə yox idi. Çar Rusiyasının təhsilə və milli dairələrə münasibətini nəzərə alsaq, bu, heç də təəccüblü deyil. Xatırladaq ki, o dövrdə Rusiyanın özündə cəmi 10 universitet var idi. Fransada onların sayı 14, İngiltərədə 18, Almaniyada 22 idi. Universitetlərin fəaliyyət göstərdiyi şəhərlərin adlarını da qeyd etmək yerinə düşər: Moskva və Peterburq, Kiyev, Yur-yev (Tartu), Xarkov, Kazan, Varşava, Odessa, Tomsk, Saratov.

ADR-ə çar Rusiyasından miras olaraq 23 orta təhsil ocağı qalmışdı. Sonradan onlar Respublika Xalq Maarifi Nazirliyinin tabeliyinə verilmişdi - kişi və qadın gimnaziyaları, real məktəblər, müəllimlər seminariyaları, politexnik və kommersiya məktəbləri. 1919-1920-ci tədris ilinin ilk yarısında müəllimlər seminariyaları istisna olmaqla, yerdə qalan təhsil ocaqlarında 9611 şagird təhsil alırdı ki, onların da təxminən üçdəbiri azərbaycanlılar idi. Qeyd etmək lazımdır ki, məktəblərdə azərbaycanlıların sayı məhz 1918-ci ilin mayında müstəqilliyin əldə olunmasından sonra nəzərəçarpacaq dərəcədə artmağa başlamışdı. Çar Rusiyasında azərbaycanlılar təhsil alanlar arasında cüzi sayda idi; məsələn, 1912-ci ildə Bakı orta mexanika və inşaat-texniki məktəbində 378 şagirddən 223-ü rus, 54-ü erməni, 35-i gürcü, 27-si yəhudi və 15-i azərbaycanlı idi. Halbuki, məktəbin fəxri himayəçisi Hacı Zeynalabdin Tağıev idi.

 

Xaricdəki tələbələr 

O dövrdə Rusiyada mövcud olan qaydalara görə, universitetlərə qəbul üçün gimnaziyalarda tam 8 illik təhsili başa vurmaq tələb olunurdu. Texniki ali məktəblərə qəbul üçün isə 7 illik real məktəbi bitirmək lazım idi.

Qayıdaq azərbaycanlı tələbələrin xaricə göndərilməsi məsələsinə. Xaricə göndəriləcək şəxslərin seçimi ilə Xalq Maarif Nazirliyi məşğul idi. Nazirlikdə Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Mehdi bəy Hacınski, Abdullah bəy Əfəndizadə və Qara bəy Qarabəylidən ibarət komissiya işləyirdi. Təhsil almaq üçün Avropaya yollanacaq şəxslərin xalq maarif naziri Həmid bəy Şahtaxtinski tərəfindən 1920-ci il ilin yanvarında imzalanmış siyahısında 81 nəfərin adı var idi. Onlardan 11-i İngiltərəyə, 23-ü İtaliyaya, 47-si Fransaya gedirdi. Bununla yanaşı, 3 nəfərin təhsili öz hesabına alacağı bildirilirdi (1 nəfər İngiltərədə, 2 tələbə isə Fransada). Daha 9 gənc təhsil ardınca Türkiyəyə yollanırdı, 13 nəfər isə Rusiyaya getməyə üstünlük vermişdi.

Ümumilikdə, bütün seçilmiş abituriyent və tələbələr xaricə gedirdilər. Xalq Maarif Nazirliyinin qısa hesabatında bildirilir ki, Rusiyada baş verən "daxili iğtişaş"larla əlaqədar, tələbələri bu ölkəyə göndərmək mümkün olmayıb. Lakin bu informasiyanı dəqiqləşdirməyə ehtiyac var; məsələn, Azərbaycan hökuməti Peterburq Psixonevroloji İnstitutunun 3-cü hüquq fakültəsinin tələbəsi Teymur bəy Vəkilovun təhsilini Rusiyada davam etdirməsi üçün ona 21 min rubl ödəyib.

Qeyd edək ki, 1917-ci ilin əvvəllərində Rusiya ali məktəblərində xeyli azərbaycanlı təhsil alırdı. Lakin 1917-ci ilin oktyabrından sonra onların heç də hamısı Rusiyaya qayıtmaq arzusunda deyildi; məsələn, Sadıxov Mirsadıq birinci kurs-dan sonra Tomsk Texnologiya İnstitutunda təhsilini yarımçıq qoymuş və Avropaya göndərilən tələbələrin siyahısna daxil edilmişdi. Avropaya göndərilənlərin cərgəsinə yenicə açılmış Bakı Dövlət Universitetinin tibb fakültəsinin tələbələri Cəfər Kazımov, İsmayıl Axundov, Cavad Əlimuradov və Məmməd Seyidəliyev də əlavə olunmuşdular.

Azərbaycanlıların təhsil almaq üçün göndərildikləri ölkələrin siyahısında Almaniyanın adına rast gəlinmir. Lakin arxiv materialları ilə tanışlıq göstərir ki, İngiltərə, İtaliya və Fransaya yollanmalı olan 40-dan artıq gənc sonda Almaniya ali məktəblərində də peyda olub. Yalnız Frayburqdakı Daş-Mədən Akademiyasında 7 azərbaycanlı tələbə qəbul olunmuşdu. Parisə yollanmış 52 nəfərdən 28-i oradan Almaniyaya getmişdi. İtaliyaya göndərilmiş 23 nəfərdən orada yalnız 6-sı qalmış, digər 17-si yenə də Almaniyaya üz tutmuşdu.

Amma Almaniyaya gedib-çıxmaq o qədər də asan deyildi. Martın 9-da, yəni, Azərbaycandan çıxdıqdan, təxminən, 2 ay sonra tələbə qrupunun nümayəndələri xalq maarifi nazirinə hələ də Romada viza gözlədiklərini xəbər vermişdilər. O zaman ölkəmizin İtaliyada diplomatik nümayəndəliyinin olmaması üzün-dən azərbaycanlı tələbələrə Gürcüs-tan missiyası yardım göstərmişdi. Yeri gəlmişkən, tələbələrimiz stipendiyalarını da Gürcüstan missiyası vasitəsilə alırdı.

 

Maddi çətinliklər

1920-ci il yanvarın 16-da xalq maarifi naziri Şahtaxtinski Azərbaycanın Parisdəki nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşova təhsilini dövlət hesabına davam etdirmək üçün Avropaya göndərilmiş 78 abituriyent və tələbənin siyahısını yollayaraq xahiş edib ki, müvafiq təhsil ocaqlarında təhsil alacaq bu şəxslərin təhsili və yaşayış şəraitinin yaradılmasına lazımi köməyi əsirgəməsin. Bununla yanaşı, nazir göndərilmiş şəxslərin təhsil alacaqları ali məktəblərə qəbulun vaxtı haqqında məlumat verilməsini, həmçinin nazirliyin "onların xaricdəki həyat tərzi ilə bağlı məlumatlandırılmasını" istəyib.

Qeyd edək ki, xaricə göndərilmiş tələbələr ciddi maddi çətinlik yaşayırdı. Artıq qeyd etdiyimiz kimi, onların aylıq stipendiyası 400 fransız frankı təşkil edirdi. Tələbələr bildirirdilər ki, bu məbləğ çox azdır. Üstəlik, stipendiyaların ödənilməsində gecikmələr də olurdu. 1920-ci il martın 28-də Parisdəki diplomatik missiyadan Xalq Maarifi Nazirliyinə bildirmişdilər ki, tələbələr üçün nəzərdə tutulmuş vəsait onlara çatmayıb və bu səbəbdən, stipendiyanı öz hesablarından ödəyiblər.

Stipendiyanın azlığından bütün ölkələrdə təhsil alan tələbələr şikayətlənirdi - Fransa, Almaniya, İtaliya və Türkiyə. "Otaqların qiyməti 250 markadan başlayır, nahar və şam ən ucuz restoranda günə 32 marka edir. Üstəlik, 1 semestrə görə təhsilhaqqı 1500 markadır", - deyə tələbələr Almaniyadan yazırdılar.

Azərbaycanda baş verən hakimiyyət dəyişikliyindən sonra, vəziyyət daha da pisləşir. Tələbələr arasında qeyri-müəyyənlik başlayır. Parisdəki diplomatik missiya tələbələrə müəyyən məbləğdə pul verir və bundan sonra Müsavat hökumətindən onlara pul gəlməyəcəyini bildirir. Tələbələrə öz taleləri ilə bağlı qərar verməkdə sərbəst olduqları deyilir. Nəticədə, tələbələr Azərbaycana gələrək onların bundan sonrakı taleyinin necə olacağını öyrənəcək nümayəndə heyəti müəyyənləşdirir - vətənə dönməli, yoxsa təhsili davam etdirməli?

Arxiv sənədləri içərisində Avropanın ali məktəblərində hökumət hesabına təhsil alan tələbələrin tələbə Abdin Mirqasımov tərəfindən hazırlanmış siyahısı var. 1920-ci ilin avqustuna aid siyahıda 83 nəfərin adı yer alıb. Bu sənəd Azərbaycan SSR Xalq Maarif Komissarlığının ölkə hökumətini tələbələrlə bağlı vəziyyət haqda məlumatlandırması üçün əsas olub. Sənəddən bəlli olur ki, Almaniyada 46, Fransada 30, Türkiyədə 4, İtaliyada 3 tələbə təhsil alır.

1920-ci il avqustun 9-da Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan SSR İnqilab Komitəsinin iclası keçirilir. Toplantıda "Azərbaycanın keçmiş hökuməti tərəfindən təhsillərini başa vurmaları üçün xaricə göndərilmiş tələbələrin nümayəndəsinin xahişi" müzakirə olunur. Söhbət "tələbələrə vəsaitin ayrılması və ümumilikdə maddi dəstəyin verilməsi" haqda xahişdən gedirdi. İnqilab Komitəsinin qərarı belə olur: "Tələbələrə lazım olan yardımın göstərilməsi prinsipial olaraq vacib sayılsın və Xalq Maarif Komissarlığına Xalq Xarici İşlər Komissarlığı ilə birlikdə vəsaitin və onun köçürülməsi yollarının tapılması tapşırılsın".

İtaliyanın Azərbaycandakı səfirliyi Xalq Xarici İşlər Komissarlığını azərbaycanlı tələbələri müdafiə etməyə hazır olduqları, Azərbaycan hökumətinin ayıracağı vəsaiti tələbələrə göndərə biləcəklərilə bağlı məlumatlandırır. Lakin tələbələrin maliyyələşdirilməsi məsələsi heç cür həllini tapmır. 1920-ci il dekabrın 12-də Xalq Xarici İşlər Komissarlığı Xalq Maarif Komissarlığını tələbələrin təhsili üçün vəsait tapılmasının çox çətin olduğu, valyuta ehtiyatının olmadığı haqda məlumatlandırır. Qurum bildirir ki, o, tələb olunan valyutanın məbləğini müəy-yənləşdirməkdə də çətinlik çəkir. Bu səbəbdən də tələbələrə pul köçürülmür.

1920-ci il dekabrın 20-də Xalq Maarif Komissarlığı Xalq Xarici İşlər Komissarlığına yazır: "Bu ilin avqustunda ötən il xaricə göndərilmiş tələbələrin maliyyələşdirilməsi məsələsi müzakirə olundu və Azərbaycan İnqilab Komitəsi bu yardımın prinsipial olaraq vacibliyi haq-qında qərar qəbul etdi. O zaman sizə bu vəsaitin tapılması və təyinatı üzrə köçürülməsinin yollarının tapılması tapşırıldı. Xahiş edirəm, vəsaitin ünvana göndərilib-göndərilmədiyi haqqında bizi dərhal məlumatlandırasınız".

Ümumiyyətlə, Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsindən sonra azərbaycanlı tələbələrin taleyi müxtəlif olub. İndi xaricdə oxuyan tələbələri sovet hökuməti "süzgəcdən keçirirdi". Kiməsə təhsilini davam etdirməsi üçün maddi yardım göstərilir, digərinin dəstəklənməsindən imtina olunurdu. İndi bir çox tələbə təhsilini başa vurduqdan sonra, vətənə qayıtmaqdan imtina edəcəkdi. Geri dönənlər, lakin burada bir müddət yaşadıqdan sonra yenidən xaricə köçənlər də olacaqdı. Vətəndə yaşamaq və işləmək qərarına gələnlərin həyatı isə heç də yaxşı olmayacaqdı. Onların bir çoxu vətənə xəyanətdə, casusluqda ittiham edilərək, repressiyalara məruz qalacaqdılar. 

Lakin bu, artıq tamamilə başqa araşdırmanın mövzusudur.



MƏSLƏHƏT GÖR:

584