23 Noyabr 2024

Şənbə, 01:33

QAMÇI və KÖKƏ METODU

Sovet hakimiyyəti Azərbaycanda alman kolonistlərini sosializmə "cəlb etmək" üçün nələrə əl atırdı?

Müəllif:

15.06.2016

Almaniyanın V yurtemberq Krallığının (dahi Şillerin vətəni, hazırda keçmiş krallığın ərazisi paytaxtı Ştutqart olanBaden-Vyurtemberq torpağına aiddir) rəiyyəti olmuş alman kolonistləri Qafqaza ilk dəfə XIX əsrin ilk onilliyinin sonlarında gəliblər. Onların ilk qrupu Tiflis yaxınlığında məskən salıb, ikinci qrupdan olan bir neçə ailə isə uğur axtarışını davam etdirərək,Yelizavetpol (indiki Gəncə) yaxınlığında məskunlaşıb. Bu, 1818-ci ildə baş verib. Bəs XIX əsrin əvvəllərində 500 ailəni doğma diyarlardan imtina edərək, o anadək tanımadıqları ərazilərə, üstəlik, başqa dövlətin ərazisinə yollanmağa nə məcbur edirdi? Yəqin ki, krallıq sakini olan bir çox kəndlini torpaqdan, demək, həm də yaşamaq şansından məhrum etmiş torpaq islahatları. Bununla yanaşı, burada başqa səbəblərin, o cümlədən siyasi, dini xarakterli amillərin rol oynadığı da istisna deyil.

 

Vahid orqanizm

Beləliklə, indiki Azərbaycanın ərazisinə köşürüldükdən 100 il sonra, almanlar 8 koloniyada məskunlaşırlar: 

- Yelenendorf (indiki Göygöl şəhəri);

- Annenfeld (Şəmkir);

- Traubenfeld (Tovuz);

- Yelizavetinka (Ağstafa);

- Georqsfeld (Şəmkir rayonunun Çinarlı qəsəbəsi);

- Alekseyevka (Ağstafa rayonunun Həsənsu kəndi);

- Qrinfeld (Ağstafa rayounun Vurğun qəsəbəsi);

- Eygenfeld (Şəmkir rayonunun İrimaşlı kəndi). 

Onların əsas fəaliyyət sahəsi,əlbəttə ki, əkinçilik, daha dəqiq desək, üzümçülük və şərabçılıqidi. Lakin müxtəlif peşələr də almanlar üçün yad deyildi.

Koloniyalar baxımlılığı, təmizliyi, səliqəsi ilə fərqlənirdi. Azərbaycan almanlarının həyatı, fəaliyyəti və məişətinin araşdırılması ilə məşğul olan tədqiqatçı N.A.İbrahimov deyir ki, "koloniya ağılla planlaşdırılmış vahid orqanizm kimi yaşayır və işləyirdi".

Birinci Dünya müharibəsi illərində məhz azərbaycanlıların havadarlığı sayəsində alman koloniyası sağ qala, deportasiyadan qurtula bilib. Halbuki, həmin illərdə Avropada hegemonluq uğrunda yaşadıqları Rusiya ilə həmin kolonistlərin tarixi vətəni - Almaniya vuruşurdu. Rusiya rəhbərliyi onların Rusiya vətəndaşlığından, mülkiyyətindən məhrum edilməsi, Qafqazda daxil olmaqla, hərbi əməliyyatların getdiyi ərazilərdən uzağa, yəni Sibirə sürgünü ilə bağlı Çar fərmanını Azərbaycan almanlarına tətbiq etməmək qərarına gəlmişdi.

1918-ci il mayın 28-də müstəqil Azərbaycan Respublikası elan olunur. Yeni dövlətin parlamentində respublika ərazisində yaşayan bütün millətlərin nümayəndələrinin təmsil olunması nəzərdə tutulurdu. Bu prinsipə əsasən, qanunverici orqanda Azərbaycan almanlarına da 1 yer ayrılır. O zaman bəlkə də Azərbaycan almanları Qafqazda yaşadıqları 100 ildə özlərini ilk dəfə dövlətin tam hüquqlu vətəndaşı hiss etmişdilər. Yeri gəlmişkən, 1919-cu ilin iyununda onlar Azərbaycana köçmələrinin 100 illiyini təntənə ilə qeyd ediblər. Bu münasibətlə alman kolonistlərinə ölkə parlamentinin təbrik teleqramıda ünvanlanmışdı. 1920-ci ilin aprelinə alman kolonistləri güclü və yaxşı inkişaf etmiş kənd təsərrüfatı iqtisadiyyatına malikidilər. Orada əsas yeri, əlbəttə ki, üzümçülük və şərabçılıq tuturdu. Kollektiv təsərrüfatın faydasını artıran kolonistlərin kiçik və orta təsərrüfatları hələ XX əsrin əvvəllərində müştərik kooperativlərdə birləşmişdi. Onların ən məşhuru "Konkordiya" idi.

Lakin bolşeviklərin hakimiyyətə gəlişi Azərbaycanda alman kolonistlərinin vəziyyətini köklü şəkildə dəyişir. Onların çoxu yeni hakimiyyətin gözündə "sadə xalqın istismarçısı" idi və belə olan təqdirdə, onlarla birdəfəlik üzülüşmək lazım idi. Nəticədə, böyük şərabçılıq müəssisələrinin hamısı milliləşdirilir, onların bazasında sovxozlar yaradılır və bu sovxozlar "Azərşərab" DövlətTrestinin tərkibinə daxil edilir. Bir maraqlı faktı nəzərinizə çatdıraq: mülkiyyətin dəyişdirilməsi ilə bağlı bu qarışıqlıqdan yalnız "Konkordiya" kooperativi sağ-salamat çıxır. Ləğv edilmiş müştərək təsərrüfatlar mülkiyyəti ilə birlikdə onun tərkibinə daxil edilir. Lakin bir neçə il sonra məlum oldu ki, hakimiyyət "Konkordiya"nı yalnız bir müddət rahat buraxıb. Tədqiqatçı S.Zeynalovun məlumatına görə, 1926-cı ildə kooperativ Azərbaycanın 8 alman koloniyasının əhalisinin 96,1%-ni, yəni, mütləq çoxluğunu özündə birləşdirirmiş. Bəlk ədə Azərbaycan almanlarına qarşı miqyaslı cəza tədbirlərinin qarşısını məhz bu amil almışdı.

 

Talanın başlanğıcı

1926-cı ilin əvvəllərində Fəhlə-Kəndli İnspeksiyası Nazirliyi "Konkordiya" kooperativinin fəaliyyətini yoxlamağa başlayır. Sonda ittiham aktı məhkəməyə göndərilir və 1926-cı il iyulun 25-dən avqustun 3-dək məsələyə Azərbaycan Ali Məhkəməsində baxılır. Məhkəmə sənədlərindən məlum olurki, kooperativin İdarə Heyətinin üzvləri Georgi Georgiyeviç Bekə, Qotliv İvanoviç Qummelə, Lorens Kuna (AzərbaycanParlamentinin sabiq üzvü, alman kolonistlərinin nümayəndəsi - red.), Ernst Qummelə, Adolf Kuna, həmçinin kooperativin üzvləri və əməkdaşları olan Tsayzer Ottoya, Robert Ongenmaxa, Fridrix Reyntenbaxa, Georgiyevski kənd şurasının üzvləri Vilhelm Bekə, Vernar Vakengetrə, Eduard Breyşuya qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittihamlar irəli sürülür. Onların əsas günahı "Konkordiya"nın "Vneştorq" vasitəsilə xaricdəki "Germes" müəssisəsinə göndərilmiş konyak spirtinin satılması, həmçinin oradan kooperativə lazım olan müalicəvi materialların, istehsal avadanlıqları və digər əşyaların alınmasına "Konkordiya"nın xaricdəki nümayəndəsi, koloniyanın Berlində yaşayan sakini Yelenendorf Teodor Qummeli cəlb etmələri imiş. Qummelin müxtəlif tapşırıqları yerinə yetirməsi üçünisə İdarə Heyətinin göstərişi əsasında Moskva vəTiflis nümayəndəliyi vasitəsilə xarici valyuta ilə pul köçürülübmüş. LakinT.Qumelin adına pul köçürmələri banklar deyil, Almaniyanın Moskvadakı səfirliyi və Tiflisdəki konsulluğunun diplomatik kuryerləri vasitəsilə həyata keçirilibmiş. Almaniyaya korrespondensiyalarda kuryerlər vasiləsilə çatdırılırmış. Bu, 1924-cü ilədək davam edib.

İdarə Heyətinin işlərini isə onun daimi sədri Georgi Bek, həmçinin Qotliv Qummel və Lorents Kun aparırdılar. İstintaq onuda müəyyənləşdirir ki, 1921-1923-cü illərdə "Konkordiya"nın İdarə Heyəti məhsulların ölkədən maneəsiz ixracı üçün dövlət və dəmiryolu qurumu nümayəndələrinə şərab, konyak və pul şəklində rüşvət verib. Sənədlərdə həmin xərclər "sürtkü-xərcləri" kimi göstərilibmiş.

Məhkəmə prosesində ittiham aktındakı bir sıra maddələr təsdiqini tapmır, bəzi epizodlarda isə məhkəmə cinayət tərkibi görmür. Bununla yanaşı, Q.Bek və Q.Qummel 10 il, L.Kunisə 8 il müddətinə azadlıqdan məhrum edilirlər. Amma məhkəmə onlara amnistiya tətbiq edir və cəza müddətini yarıyadək azaldır. E.Qummel 6 il müddətinə azadlıqdan məhrum edilir, digərlərinə daha az həbs cəzası verilir, 2 nəfər isə ümumiyyətlə, bəraət alır. Beləliklə, alman kolonistlərinə qarşı repressiyaların əsası qoyulur.

Hökumət tezliklə kənd təsərrüfatı sahəsində şəxsi mülkiyyətin ləğvinə başlayır və bu məqsədlə kəndlərdə kollektivləşmə adlı təşəbbüs irəli sürür.

Bununla yanaşı, başsız qalmış "Konkordiya" kooperativi təsərrüfat fəaliyyəti göstəricilərini kəskin şəkildə azaltsa da, kolonistlər kolxoza qoşulmağa heç cür razılaşmırlar. Amma 30-cu illərin əvvəllərində alman koloniyalarında da kollektivləşmə həyata keçirilir. Həmin kolxozlara alman adları verilir; məsələn, iki kolxoz alman kommunistləri Telman və Klara Setkinin şərəfinə adlandırılır, daha bir kolxoza isə"Beynəlmiləl" adı verilir. O dövrdə artıq koloniyaların adlarıda sovet adları ilə əvəzlənmişdi: Yelizavetinka Marks, Georgiyevsk Leninfeld, Yeygenfeld Engelsfeld adlandırılmışdı. Yelenendorf kəndi Xanlar şəhəri, Annenfeld isə Şamxor adlanırdı.

 

Qamçı üsulu

İndi Mircəfər Bağırovun başçılıq etdiyi Azərbaycan bolşevikləri alman kolonistlərinin özbaşınalığını, azadlığını istəmirdilər. 1934-cü il noyabrın 19-da AKMK Bürosunun (b) iclasında "Alman kəndləri haqqında" məsələ müzakirəyə çıxarılır. Məruzəni MK-nın ikinci katibi Aqrba edir. İclasda bəyan olunur ki, "ASSR-də yaşayan almanlar arasında son zamanlar anti sovet kulak elementləri xüsusilə fəallaşıb və artıq onlar çox zaman aşkar əks-inqilabçı iş aparırlar". Qəbul olunmuş qərarda sovet hakimiyyətinin alman əhalisinin anti sovet fəaliyyətinə qarşı dözümsüzlüyü vurğulanır və onlara xəbərdarlıq edilir: "Bu əməllərin sahibləri inqilab qanunlarının ən sərt tələblərinə uyğun cəzalandırılacaq".

Əhaliyə xariclə əlaqənin tam kəsilməsi, kənardan pul, bağlama və s. qəbul olunmasına son qoyulması təklif edilir. Elə həmin iclasda "Konkordiya" kooperativinin ləğvi ilə bağlı qərar qəbul olunur. Bu, kooperativin "kəndlərdə sovet quruculuğunun məqsədlərinə cavab verməyən, alman əhalinin kollektivləşməsini ləngidən təşkilat olması, antisovet və kulak elementlərinin toplanma mərkəzinə çevrilməsi" ilə əsaslandırılır. Kooperativin bütün mülkiyyəti "Azsovxoztrest"ə verilir. Onun qapadılan bank hesabındakı 4 milyon rubl dövlətin hesabına köçürülür. Partiya və sovet orqanlarına kolxozların alman əhalidən təmizlənməsi tapşırılır. Bundan başqa, rayonların bütün ictimai, təsərrüfat qurumları, o cümlədən mədəniyyət idarələri "kulaklardan, antisovet, yad və düşmən elementləri"dən təmizlənməyə çağırılır. "Keçmişdə iri kapitalist təsərrüfat sahibi olmuş 87 kulak, qatı antisovet elementi ailəsinin (söhbət yalnız almanlardan getmirdi - red.) mülkiyyəti müsadirə olunmaqla, inzibati qaydada həbs düşərgələrinə sürgün edilməsinin vacibliyi..." də bəyan olunur.

1934-cü il dekabrın 14-də Azərbaycan SSR Xalq Komissarları Şurası ""Konkordiya" kooperativi sistemində sui-istifadə hallarına, kooperativin İdarə Heyəti tərəfindən maliyyə və əmək fəaliyyəti sahəsində qanunların pozulmasına dair materiallar əsasında" hökumət komissiyasının yaradılması haqqında qərar qəbul edir. Komissiyaya "Konkordiya"nın İdarə Heyəti və ümumilikdə, sistemin "hərtərəfli yoxlanılması" tapşırılır.

Azərbaycan rəhbərliyinin almanlar da daxil olmaqla, "antisovet elementləri"n respublikadan sürgün olunması təşəbbüsü Moskva tərəfindən "anlayış"la qarşılanır. 1934-cü il dekabrın 25-də ÜKP (b) MK Siyasi Bürosu Siyasi Büro üzvləri arasında sorğu ilə, yəni, məsələni iclasda müzakirə etmədən, "Antisovet elementlərinin Azərbaycandan sürgün olunması haqqında" qərar qəbul edir. Bununla da AKP MK (b)-nin xahişi yerinə yetirilir və Xalq Daxili İşlər Komissarlığına (XDİK) "adları sadalanan şəxslərin mülkiyyəti müsadirə olunmaqla, inzibati qaydada Azərbaycandan həbs düşərgələrinə sürgününün sanksiyalaşdırılması" tapşırılır. Qərar alman kolonistlərinə də şamil olunur. XDİK-nin Məxfi Siyasi Şöbəsinin (MSŞ) məlumatına görə, "6/ІV-35 il tarixində Azərbaycanın Nərimanov (indiki Göygöl - müəllif), Şamxor (Şəmkir), Qazax və Tovuz rayonlarından kulak və antisovet elementi olan 72 alman ailəsi - (ümumi sayları 273 nəfər) Belbalt xüsusi kombinat qəsəbəsinə göndəriliblər".

Qeyd edə ki, Belomor-Baltika Kombinatı eyni adlı kanalın və ona bitişik ərazilərin istifadə olunması məqsədilə yaradılmışdı. Buraya kanalın istismarı, gəmilərdən istifadə, kanalda Su-Elektrik Stansiyasının tikintisi, meşələrin istifadəsi vəs. daxilidi.

 

Kökə üsulu

Beləliklə, Azərbaycanın ən yaxşı kənd təsərrüfatı müəssisələrindən birini, bəlkə də birincisini məhv edən, rəhbərliyini həbsə atan, arzuolunmaz şəxsləri sürgünə göndərən, kooperativin qalıqlarından əhəmiyyətsiz kolxozlar yaradan bolşevik rəhbərliyi öz fikrincə, alman kolonistlərinin, əsasən, gənclərin sosialist quruculuğuna cəlbi istiqamətində tədbirlər görməyə başlayır.

1936-cı il fevralın 17-də Telman adına kolxozun komsomol təşkilatının katibi Robert Kriger birinci katib Mircəfər Bağırov ilə söhbət etmək üçün MK-ya dəvət olunur. Qeyd edək ki, o dövrdə bu şərəfə nadir adamlar layiq görülürdü. MK-ya bir qayda olaraq, rayon, nazirlik, iri təşkilat rəhbərləri çağırılırdı - əksər hallarda onları partiya və ya hökumətin hansısa tapşırığını yerinə yetirmədiyi üçün danlayırdılar. İndi isə respublikanın zəhmli rəhbəri alman kolonistlərinin nümayəndəsi olsa da, gənc bir şəxslə söhbətləşəcəkdi. Bəs, respublika rəhbəri ilə kolxozun gənclər təşkilatının nümayəndəsi nə barədə danışacaqdılar?

Söhbətə R. Kriger başlayır. O, alman gənclərinin ümumrespublika toplantısının keçiriləcəyinə dair ilyarım əvvəl verilmiş vədə əməl olunmamasından şikayətlənir. Kriger bildirir ki, ötən dövr ərzində kolxoza bir çox məsul şəxs təşrif buyursa da, məsələdə irəliləyişə nail olunmayıb: "Halbu- ki, bütün bu müddət ərzində biz var qüvvəmizlə toplantıya hazırlaşmışıq". O, kolxozda "14 komsomolçunun iştirak etdiyi yaxşı bir caz orkestrinin yaradıldığını" da deyir. Kriger Bağırovu Yeleninfordda Gənclər evinin tikilməsi təşəbbüsündən də xəbərdar edir. "Hələ ötən il yoldaş Şahbazov (xalq maarif komissarı - red.) bizə 5000 rublluq kitabxana vəd etsə də, vədinə hələ də əməl etməyib. Odur ki, kitablarımız yoxdur", - deyə Kri-ger bildirir: "Bizə vəd olunmuş stadion, paraşüt qülləsi, klub, sürücülük kursu da yoxdur, almandilli qəzetlərlə bağlı vəziyyət pisdir".

Bununla yanaşı, R. Kriger kolonistlərin kulakların sürgününü müsbət qarşıladıqlarını, "Konkordiya" dövrü ilə müqayisədə, kolxozdan daha çox qazandıqlarını söyləyir. Bu, şübhəsiz ki, respublika rəhbərinin xoşuna gəlir. Bağırovun yaşlı əhali arasında mədəni-maarifçilik işi ilə bağlı sualını Kriger belə cavablandırır: "Bu sahədə vəziyyət daha da pisdir". Bu cavabdan Bağırov belə qənaətə gəlir ki, "alman əhalisi ilə işin yaxşılaşdırılması istiqamətində hər hansı irəliləyişə nail olunmayıb". Sonda Bağırov Kri-gerə qaldırdığı bütün məsələlərin həllini tapacağını vəd edir.

1936-cıilin aprelində MK kolxozların alman gəncləri arasında iş aparılması məsələsini müzakirə edir və müvafiq təkliflər hazırlayır. Orada Krigerin Bağırovla görüşdə qaldırdığı məsələlər də əksini tapır; məsələn, Gənclər evinin təşkili, respublika nəşriyyatında "Lenins-Veq" ("Leninyolu") qəzetinin çapının bərpası, onun redaksiyasının Nərimanov rayonundan Bakıya köçürülməsi, dotasiya olaraq, 45 min rublun ayrılması, Yelenendorf və Qrinfelddə klubların yenidən təchiz edilməsi, kitabların ayrılması, kolxozlarda radio nöqtələrinin qurulması və s. tapşırıqlar verilir. Avqustda isə Bakıda alman gənclərinin 4 günlük toplantısı keçirilir. Toplantıda bütün iştirakçılara patefon və plastinkalar paylanılır. Sentyabrda isə 2 alman kolxozunun hərəsinə 1 yük avtomobili verilir. 

 

Qamçı metodunun yekun mərhələsi

Lakin alman gəncləri sosialist cəmiyyətinin lətafətindən uzun müddət zövq ala bilmir. 1941-ciil oktyabrın 8-də SSRİ-nin xalq daxili işlər komissarı L.Beriya Dövlət Müdafiə Komitəsinə, İ.Stalinə müraciət edir: "Gürcüstan, Azərbaycan və Ermənistan SSR-də 48 375 alman əhalisi, o cümlədən 29 609 kənd sakini, 372 Ümum-Rusiya Kommunist Partiyası (b) üzvü və üzvlüyə namizəd, 1077 Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı üzvü yaşayır. Xalq Daxili İşlər Komissarlığının operativ qeydiyyatında 1842 nəfər antisovet və şübhəli element kimi qeyd olunub. Gürcüstan, Azərbaycan və Ermənistanda yaşayan almanlar tərəfindən anti sovet fəaliyyətinin qarşısını almaq üçün SSRİ XDİK operativ qeydiyyatda antisovet və şübhəli element kimi göstərilmiş şəxslərin həbsini, yerdə qalan 46 533 almanın isə Qazaxıstan SSR-ə sürgününü məqsədəuyğun sayır".

Dövlət Müdafiə Komitəsi bu müraciətə elə həmin gün müsbət cavab verir: "Gürcüstan SSR-dəki 23 580, Azərbaycan SSR-dəki 22 741 və Ermənistan SSR-dəki 212 alman köçürülsün".

SSRİ XDİK-in 1941-ci ilin sentyabrından 1942-ci il yanvarın 1-dək olan dövr ərzində köçürülmüş almanlarla bağlı siyahısında göstərilir ki, qeyd olunan dövrdə 779 459 nəfər, o cümlədən, Azərbaycandan 23 593 nəfər köçürülüb.

Qeyd edək ki, 1939-cu il yanvarın 17-də təşkil olunmuş əhalinin siyahıya alınması zamanı Azərbaycanda milliyyətcə alman olan 23 133 nəfərin yaşadığı məlum olmuşdu. Rəqəmlərdən görünür, deportasiya respublikada yaşayan bütün alman əhaliyə tətbiq edilib.



MƏSLƏHƏT GÖR:

604