24 Noyabr 2024

Bazar, 11:23

QLOBAL AXIN

"Cənub Qaz Dəhlizi" qazın Avropaya nəql olunmasından başqa, Balkan ölkələrinə də tədarüklərin diversifikasiyasına imkan yaradır

Müəllif:

15.06.2016

Görünür, neft bazarı uzunmüddətli turbulentlik dövründən sonra özünə gəlir. 2015-ci ilin sonunda müşahidə edilən neftin qiymətinin kəskin də-yişməsi 2016-cı ilin birinci rübündən başlayaraq, sabit artım trendinə çevrilib və nəticədə, qiymətlər bir barrel üçün 50 dollar səviyyəsində sabit olaraq qərarlaşıb. Bu sabitliyə OPEC-in iyunun ilk günlərində keçən iclası da təsir edə bilmədi. Bu toplantı zamanı kartel bazarın tənzimlənməsindən uzaqlaşma siyasətini təklif etdi.

BƏƏ-nin Energetika naziri Suheyl əl-Mazurinin sözlərinə görə, OPEC 2 iyun tarixində keçirilən iclasında neftin hasilat kvotasına dair qərar qəbul etməyib, lakin neftin istehsal həcmini artırmamaq barədə razılığa gəliblər. "Razılaşma belədir: biz strategiyamızı davam etdirmək qərarına gəldik. Bazar bərpa olunur, təklif və tələb arasında boşluq daralır. Bazarda neft bolluğu da azalır", - deyə o, bildirib.

 

Neft hər şeyin şahıdır

Bununla belə, ucuz qiymətlər fonunda neftin hasilat səviyyəsini saxlayaraq, kartel faktiki olaraq əsas məqsədinə çatır. Tələblə-tələbat arasında fərq suktada 2-2,5 mln. barreldən 1,2 mln. barreledək düşüb. Başlıca olaraq təklifin azalmasına kartelə daxil olmayan ölkələrdə - əsasən, ABŞ-da, Kanadada, Meksikada hasilatın həcminin düşməsi səbəb olur. Qeyd edilən ölkələrdə neftin hasilatının azalması İranda hasilatın artması fonunda baş verir. Mütəxəssislərin böyük əksəriyyəti bazarda balansın yaranacağını artıq növbəti ildə gözləyirlər. Amma dünyada anbar və tankerlər saxlanılan və həcmi 600 mln. barel qiymətləndirilən neftin satış qiymətlərinə müəyyən təsir göstərə bilər. Həmçinin ABŞ-ın da qısa zamanda şist neft hasilatını artırmaq imkanları bu təsir amillərindən biridir. Bununla bərabər, neft hasil edən ölkələr, görünür, neftin hasilatını "dondurmaq" kimi əvvəlcədən perspektivsiz ideyanı tamamilə unudublar. Bütövlükdə isə planetin neftli gələcəyini hələlik heç bir alternativ sarsıtmaq iqtidarında deyil.

"bp"nin proqnozlarına görə, növbəti 20 ildə neft və qaz əsas enerji mənbələri olaraq qalacaq. Lakin bütövlükdə dünyada qarşıdakı 20 ildə enerji mənbələrinin istehlakının artım templərinin ildə 2,5%-dan 1,5%-a düşəcəyi gözlənilir. Bakıda keçirilən təqdimatda "bp" Qrupunun baş iqtisadçısı Spenser Deylin məlumat verdiyi kimi, bu, əsasən, Çində istehlakın düşməsi ilə bağlıdır - ötən 20 ildə hər il 8%-dən qarşıdakı 20 illik dövrdə 2%-dək enəcək. Bununla bərabər, Asiya regionu enerji resurslarına olan tələbatın artımının əsas lokomotivi olacaq. "bp"nin proqnozlarına görə, əsasən, Asiya ölkələrində əhalinin gəlirlərinin artması gözlənilir. Bu isə öz növbəsində, avtomobillərin sayının artmasına gətirib çıxaracaq (bütövlükdə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı xaricində olan ölkələrdə avtomobillərin sayı 2035-ci ilə kimi üç dəfə - 1,5 mlrd. ədəd artacaq). Bu isə təbii ki, neftə olan tələbatın artmasına səbəb olacaq.

Enerji resurslarının istehlak strukturunda isə ən çox artım alternativ energetika sahəsində gözlənilir. Lakin ildə 6,5% artımla belə, onun ümumi enerji balansında payı 3%-dən cəmi 9%-ə yüksələcək.  

Bərpaolunmayan mənbələr sırasında isə daha çox artım təbii qaz sahəsində nəzərə çarpacaq. O, kömürü ümumi enerji balansından tədricən çıxaracaq. Hətta neft-qaz cütlüyündə "mavi yanacaq" öz payını getdikcə daha da artırır.  

Hələ 10 il əvvəl istehlak nisbəti neftin xeyrinə 60-ın 40%-ə idisə, indi artıq balansa nail olunub. Növbəti onillikdə isə qaz maye karbohidro-genlərin istehlakında 60%-lik payı tutacaq. Hərçənd, "bp"nin hesablamalarına görə, İƏİT ölkələrində enerji resurslarına tələbat sabit qalacaq. Lakin tədarüklərin məhz diversifikasiya məsələsi son illər üzvlərinin əksəriyyətinin İƏİT-ə də daxil olduğu Avropa İttifaqını xüsusi olaraq narahat edir. 

 

Sınaq ili

Avropanın enerjitəchizatı məsələsi iyunun əvvəlində "İTE" və "Iteca Caspian" şirkətlərinin təşkilatçılığı ilə keçirilən "Caspian Oil&Gas" ənənəvi sərgi və konfransın əsas hissəsini təşkil edirdi. Yeri gəlmişkən, bu il sərgi və konfrans "Şahdəniz" nəhəng qaz-kondensat yatağının işlənməsinə dair müqavilənin bağlanmasının 20 illiyi ilə üst-üstə düşdü. Bu yataqdan qazın nəqli Avropa üçün yaxın 5 ildə ilk alternativ mənbə olacaq. Bu qazın nəqlolunma sistemi, hətta Avropa ölçüləri üçün nəhəng olan "Cənub qaz dəhlizi" layihəsi ilə birləşir. Bu layihə istər qazın "Şahdəniz" yatağından hasilatının genişlənməsi, istərsə də qazın Xəzər re-gionunda Avropayadək ixrac və tranzitinin mükəmməl sisteminin yaradılmasını ehtiva edir. 

"Cənub Qaz Dəhlizi" (CQD) iqtisadi, eyni zamanda, təhlükəsizlik layihəsidir. Çünki dünyada enerji təhlükəsizliyi bu gün ön plana çəkilir. Hər bir kəs indi anlayır ki, enerji təhlükəsizliyi olmadan, ölkənin milli təhlükəsizliyindən danışmaq mümkün deyil. Bizim vəzifəmiz hər zaman enerji amilini əməkdaşlığın dərinləşməsi üçün istifadə etməkdən ibarət olub", - deyə "Caspian Oil&Gas" sərgisinin açılışında Prezident İlham Əliyev bildirib. O, qeyd edib ki, bu layihə istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarını birləşdirir.  

Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təchiz olunması üçün "CQD" layihəsinin reallaşmasının vacibliyini sərginin açılması münasibətilə təbrik məktublarında ABŞ Prezidenti Barak Obama və Böyük Britaniyanın Baş naziri Devid Kemeron da qeyd edib.   

Bununla bərabər, qeyd etmək lazımdır ki, bu irimiqyaslı layihənin reallaşdırılması neftin qiymətinin üçqat düşməsi fonunda davam edir. Bu isə Azərbaycan da daxil olmaqla, demək olar ki, bütün neft hasil edən dövlətlərə mənfi təsir göstərib.  

Prezident İlham Əliyevin sözlərinə görə, 2016-cı il bütün neft hasil edən ölkələr üçün sınaq ilidir. "Neft amilindən asılılığı tamamilə aradan qaldırmaq, Azərbaycan iqtisadiyyatının uzunmüddətli dayanıqlı iqtisadiyyat olması üçün onun diversifikasiyası ilə daha ciddi məşğul oluruq. Bunun üçün hələ çox işlər görülməlidir. Neftin qiyməti bir neçə dəfə düşdü. Bu də təbii olaraq, bütün ölkələr üçün sınaqdır. Lakin hesab edirəm, Azərbaycan şərəflə bu sınağın öhdəsindən gəlir. 2016-cı il sabitlik ili olmalıdır və biz artıq bunu görürük. Əminəm ki, növbəti ildən iqtisadi artım bərpa olunacaq", - deyə İ.Əliyev bildirib.  

O, qeyd edib ki, bu şərtlərdə əsas diqqət sosial proqramların reallaşdırılmasına yönəlir. "Neftin qiymətinin düşməsi stressli vəziyyət yaratdı və hesab edirəm, bu bizim xeyrimizə oldu. Bir çox strukturlar, o cümlədən dövlət strukturları müxtəlif layihələrin reallaşdırılması üçün onlara çox böyük vəsaitlər ayrılır. Bu gün biz belə məsələlərə daha qənaətcil şəkildə yanaşırıq. Dövlət vəsaitləri ancaq prioritet məsələlərə ayrılır. Əsas vəsaitlər özəl sektordan daxil olmalıdır. Yerli və xarici investorlar sərmayə yatırırlar, bizə inanırlar və düşünürəm ki, bu illər ərzində biz etibarlı tərəfdaşlığın gözəl reputasiyasını qazanmışıq", - deyə Prezident bildirib.  

Yeri gəlmişkən, qənaət məsələsi, az qala, "Caspian Oil&Gas" konfransının əsas mövzusu idi. Belə ki, neftin qiymətinin düşməsi bir tərəfdən, dünya iqtisadiyyatında çətinliklər yaratdı, bir sıra reallaşdırılan layihələrin, ilk növbədə, "CQD"nin dəyərinin ucuzlaşmasına gətirib çıxardı. Çünki tikinti zamanı istifadə edilən borular, avadanlıqlar ucuzlaşır. "Hazırkı şərtlərdə "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ -2" layihəsi üzrə işlərin dəyəri 23,8 mlrd. dollar qiymətləndirilir. Buraya dəyəri 4,9 mlrd. dollar təşkil edən Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi üzrə işlər də daxildir", - deyə Azərbaycanın Energetika naziri Natiq Əliyev vurğulayıb. Əvvəllər isə bu işlərin dəyəri 25 mlrd. dollar hesablanmışdı. Onun sözlərinə görə, Trans-Anadolu (TANAP) layihəsinin tikinti işlərinin dəyəri indi 9,3 mlrd. dollar (əvvəl 11-12 mlrd. dollar), Trans-Adriatik qaz-boru kəmərinin tikinti işlərinin dəyəri - 6 mlrd. dollar (əvvəl 8-9 mlrd. dollar) qiymətləndirilir. Nəticədə isə "CQD" layihəsi 39-40 mlrd. dollar ətrafında ərsəyə gələcək. Layihənin ilkin dəyəri 45 mlrd. dollar hesablanıb. 

Bundan başqa, qənaət proqramını SOCAR da həyata keçirir. Şirkətin vitse-prezidenti Süleyman Qasımovun sözlərinə görə, SOCAR "Ernst&Young" Şirkəti ilə birgə hazırlanmış xərclərin optimallaşdırılmasına dair bütün struktur bölmələrində 700-dən artıq layihə reallaşdırır. Bunun sayəsində hasilatın maya dəyərini 13%-ə endirmək və əməyin səmərəliliyini 26% artırmağa nail olunub. Bu layihənin nəticəsi 150 mln. manatı üstələyir. Bütövlükdə isə şirkət, təxminən, 340 mln. manat qənaət gözləyir.  

 

Böhran qaza əngəl deyil

İstənilən halda "Şahdəniz-2" la-yihəsi və "CQD" nəqliyyat sisteminin vaxtında reallaşdırılmasına xüsusi əhəmiyyət verilir. Bu isə hazırda faktiki olaraq bir tədarükçüdən asılı olan Balkan və Avropanın cənub hissəsinin diversifikasiya olunmasına son dərəcə önəmli təsir göstərəcək. 

Energetika naziri N. Əliyevin sözlərinə görə, 2018-ci ildə TANAP layihəsinin buraxılması və əlavə 6 mlrd. kubmetr Azərbaycanın qazının nəqli, Türkiyənin Rusiyanın "mavi yanacağı"ndan asılılığını azaltmağa imkan verəcək. Türkiyənin Rusiya qazından asılılığı 58% təşkil edir. Bununla bərabər, Azərbaycan qazı Türkiyə bazarında İran və Rusiya qazından xeyli ucuzdur. 

Bunu Bakıda keçirilən konfransda öz məruzəsində Oksford Enerji Tədqiqatları İnstitutunun eksperti Saymon Pirani də təsdiq edir. O, hesab edir ki, Türkiyənin Azərbaycan qazına olan tələbatı "Şahdəniz"in işlənməsinin ikinci fazası çərçivəsində nəzərdə tutulmuş müqavilədəki 6 mlrd. kubmetri xeyli üstələyə bilər. O, vurğulayıb ki, Türkiyə bu gün böyüməyə davam edən yeganə Avropa qaz bazarıdır. 

- 2020-ci ilə kimi Türkiyənin qaza olan tələbatı xeyli artacaq.

Avropaya gəldikdə isə Azərbaycan qazının daha çox irəliləməsi üçün düzgün qiymət siyasəti yürütməli olacaq. Çünki qarşıdakı illərdə "Köhnə Qitə"də azalan istehlak həcmləri şərtlərində Rusiya və Amerika qazının rəqabətli qarşıdurması gözlənilir.

"Bu gün qazın min kubmetrinin orta qiyməti 154, 4 dollardır. 2018-ci ilə qədər orta qiymət 176-206 dollar həddində proqnozlaşdırılır. Ona görə də Amerikanın "STQ"yə mübarizə aparmaq üçün Rusiya öz qazının 1 000 kubmetrini 140 dollara sata bilər. Ona görə Azərbaycan Avropa bazarında pay əldə etmək üçün bu oyunçulardan uzaqlaşmalıdır", - Pirani deyib. 

Bununla belə, qaz-boru sistemlərinin genişlənməsi Azərbaycan qazı üçün bütün Balkan ölkələrinə çıxışı təmin edəcək. N. Əliyevin sözlərinə görə, "TAP" konsorsiumu qazın Çernoqoriya, Bosniya-Herseqovina və Xorvatiyaya nəqli üçün İon -Adriatik qaz-kəməri ilə birləşmə imkanları üzərində işləyir. Xorvatiya-Macarıstan, Macarıstan-Rumıniya, Rumıniya-Slovakiya konnektorları isə Azərbaycan qazının Balkan və Şərqi Avropaya çıxışını təmin edəcək. 

Konfransda Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin eksperti Gülmirə Rzayevanın qeyd etdiyi kimi, məhz "TAP" boru kəməri interkonnektorlarla əhatə olunmayan bu regionda tədarüklərin diversifiyasiya məsələsini həll edəcək. Onun sözlərinə görə, 2020-ci ildən sonra Azərbaycanın ixrac potensialı ildə daha 15 mlrd. kubmetr artacaq. "Abşeron yatağından, təxminən, 5 mlrd. kubmetr, "Ümid-Babək" blokundan 5-7 mlrd. kubmetr, "Azəri-Çıraq-Günəşli dərinsulu laylar blokundan 4-5 mlrd. kubmetr gözləmək olar. Gələcəkdə "Şahdəniz" yatağının işlənməsinin üçüncü fazasının gözlənildiyini unutmaq lazım deyil. Bununla bərabər, Azərbaycanın qaza olan tələbatı 2025-ci ilə kimi hazırkı 10,9 mlrd. kubmetrdən 13,5 mlrd. kubmetrə yüksələcək. Bu, əsasən, sənaye sektorunun hesabına baş verəcək. Bütövlükdə isə ixracı xeyli genişləndirməyə imkan verəcək", - G. Rza-yeva qeyd edib. "CQD" sistemi Avropaya türkmən və qazax qazının nəqli, perspektivdə isə İran və İraqın "mavi yanacağı" üçün potensial yaradır. 

Bu şəkildə, Azərbaycanın yaratdığı "Cənub Qaz Dəhlizi" sistemi Avrasiya qitəsində qlobal enerji axınlarının dəyişməsinə, "mavi yanacağın" ən iri istehlakçılarından biri kimi qalmış Avropaya qaz nəqlinin marşrutlarının və mənbələrinin diversifikasiyasına səbəb olacaq. Bundan başqa, Azərbaycan üçün təkcə qaz satışından gəlirlərin sabit mənbəyinin yaradılması deyil, həm də üçüncü ölkələrin qazının nəqli üçün bu marşrutdan istifadə imkanlarına şərait yaranacaq.

 

 

İLK MƏNBƏDƏN...

"Cənub Qaz Dəhlizi" (CQD) iqtisadi, eyni zamanda, təhlükəsizlik layihəsidir. Çünki dünyada enerji təhlükəsizliyi bu gün ön plana çəkilir. Hər bir kəs indi anlayır ki, enerji təhlükəsizliyi olmadan ölkənin milli təhlükəsizliyindən danışmaq mümkün deyil. Bizim vəzifəmiz hər zaman enerji amilini əməkdaşlığın dərinləşməsi üçün istifadə etməkdən ibarət olub".

Azərbaycan Prezidenti İlham Əliyev



MƏSLƏHƏT GÖR:

490