Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanın yeni sənayeləşdirilmə strategiyasında vacib istiqamətlərdən biri tamdövriyyəli metallurgiya kompleksinin yaradılmasıdır. Yaxın perspektivdə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC (ASPC) bu vəzifənin öhdəsindən gəlməlidir.
Maraqlıdır ki, təxminən, iki ildir davam edən və milli iqtisadiyyatın bir sıra istiqamətlərində nəzərəçarpan tənəzzülə yol açmış qlobal böhrana baxmayaraq, fərdi investorlar metallurgiya sahəsinə kapital yatırımını artırır.
Ekspertlərin fikrincə, ölkənin poladtökmə müəssisələrinin üzləşdiyi əsas problem metallurgiya müəssisələrinin pərakəndəliyi və dəmir filizi emalında tam istehsal zəncirinin olmamasıdır. Bu baxımdan, poladtökmə müəssisələri üçün əsas xammal mənbəyi əvvəlkitək ikinci əl qara metallardır. Bununla yanaşı, ölkədə metal tullantıları resurslarının tükənməsi, xaricdən gətirinə xammalın bahalaşması poladtökmə müəssisələrinin iş qrafikinin dəfələrlə zəifləməsinə, hətta bəzi hallarda işinin dayanmasına səbəb olub. Bu sahəni qeyd olunan problemlərdən yalnız tam texnoloji zəncirin yaradılması ilə xilas etmək olar. Məsələn, yerli filizi dəmir konsentrata emal edəcək istehsal obyektlərini yaratmaqla və metallurgiya komplekslərinin yeni xammal ilə işləməsi üçün onları texnoloji baxımdan yenidən təchiz etməklə.
"Ötən illərdə ölkədə yerli metallurgiyanın müasirləşdirilməsi və inkişafı istiqamətində işlər nəzərəçarpacaq dərəcədə sürətləndirilib. Azərbaycan bu sahənin effektiv inkişafı üçün hər şeyə malikdir - bizim yaxşı xammal bazamız, kifayət qədər enerjimiz və hazır kadrlarımız var", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Dövlət başçısının fikrincə, ASPC QSC və onun tərkibinə daxil olan Daşkəsən yatağı və "Dashkesan Filizsaflashdirma" ASC metallurgiyanın müasirləşdirilməsi və inkişafı üçün fundamental işlər görməlidir. Bu müəssisələrin səhmləri tamamilə dövlətə məxsusdur. QSC metallurgiya kompleksini layihələndirməli və tikməli, daha sonra Gəncə və Daşkəsəndəki lokal obyektlər zəncirini idarə etməlidir.
Bu layihələr artıq 2 ildən artıqdır ki, həyata keçirilir və o, 2 mərhələdə reallaşdırılacaq. Birinci faza çərçivəsində "Dashkesan Filizsaflashdirma" ASC-nin müasirləşdirilməli, onun istehsal gücü mərhələli şəkildə ayda 120 min ton filizədək artırılmalıdır. Yeri gəlmişkən - xammal çatışmazlığı gözlənilmir. Hesablamalara görə, Daşkəsəndəki dəmir mədənlərində hasil edilən ehtiyatın həcmi 270 milyon tona çatır ki, onun tərkibində dəmir 40%-dir. Növbəti addım olaraq, qranula filizinin (yüksək faizli konsentrat) emalı müəssisələrinin yaradılması, həmçinin ardıcıl reduksiya zavodunun və poladəritmə müəssisəsinin tikintisi nəzərdə tutulub. Orada dəmir konsentrat sobalarda əridiləcək, əldə ediləcək poladdan borular, tikinti armaturları və şvellerlər, həmçinin profil metal prokatın digər növləri hazırlanacaq.
Ötən dövrdə hökumət ASPC QSC-nin nizamnamə və strukturunu təsdiqləyib. Layihənin ucuzlaşması üçün o, 2019-cu il yanvarın 1-dək ölkəyə idxal olunan avadanlıqlara görə ƏDV-dən də azad olunub. Söhbət QSC-nin müəssisələrinin tikintisində istifadə olunan avadanlıqlardan gedir.
Bu layihəyə aparıcı beynəlxalq profil şirkətləri, o cümlədən tanınmış avadanlıq istehsalçıları da cəlb olunur. Misal kimi, "SMS Group", "Primetals", "Kobe Steel", "Nippon Steel", "Midrex" və digərlərini göstərmək olar. Layihələndiricilər üçün əsas şərt investisiya layihəsinin maksimum qısa zamanda reallaşdırılmasının təminidir: o, 4 ilə gəlir gətirməyə başlamalıdır.
Ekspertlərin proqnozuna görə, ölkədə ümumi polad məhsullarına olan illik tələbatın 900 milyon dollar (2015-ci il) ilə 1,3 milyard dollar arasında qiymətləndirildiyini (böhranadək olan dövr) nəzərə alsaq, bu hədəfə nail olmaq çox çətin deyil. Bununla yanaşı, potensial bazar ildə 0,8 milyon ton hazır məhsul təşkil edir: hər il Azərbaycana 0,5 milyon ton tikinti metal prokatı və 0,3 milyon ton digər təyinatlı metal konstruksiyalar idxal olunur.
Amma artıq ikinci ildir ki, davam edən qlobal böhran xammalın qiymətinə son dərəcə mənfi təsir göstərib. Bu dövrdə dünyada metalın qiymətində 2,5 dəfə ucuzlaşma baş verib. Bundan başqa, 2016-cı ilin sonunadək dünyada metal prokatın qiymətində 20%-lik ucuzlaşma da gözlənilir. Bu, şübhəsiz ki, Azərbaycanda reallaşdırılan metallurgiya layihələrinin investisiya cəlbediciliyini azaldır. Bununla yanaşı, Azərbaycan hökuməti bu işlərin maliyyələşdirilməsini davam etdirir; məsələn, bu ilin mayında dövlət büdcəsində "Azərbaycan Polad İstehsalı Kompleksi"nin kapitallaşdırılması üçün nəzərdə tutulmuş vəsaitin 76%-i təyinatı üzrə ayrılıb.
"Qara metallurgiya məhsullarının qiyməti daha kəskin dəyişir və dünyanın metal bazarında rəqabət neft-qaz seqmentində olduğundan da sərtdir. Nəhəng xarici şirkətlərin təzyiqlərinə tab gətirə bilmək, sabit satış bazarını təmin etmək və sahənin inkişafı üçün dayanıqlı maliyyə imkanlarını təmin etmək üçün qara və əlvan metallurgiya müəssisələrinin vahid struktur vasitəsilə idarə edilməsi daha yaxşı olardı. Bunun üçün məsələn, xüsusi dövlət qurumu və ya "Azermetal" Qapalı Səhmdar Cəmiyyəti yaratmaq olar", - deyə Nazirlər Kabineti Aparatının neft və kimya şöbəsinin müdir müavini Rəşid Fətəliyev bildirib.
Yeri gəlmişkən, dövlət müqavilə meydançalarında qiymətli metalların kəşfiyyatı və hasilatı prosesinin optimallaşdırılması məqsədilə bu variantı seçib. Bu məqsədlə 2015-ci ilin fevralında "AzerGold" QSC yaradılıb. Lakin bu gün qara metallurgiya sahəsində də hansısa əlaqələndirici orqanın yaradılmasının özünü nə qədər doğruldacağı məlum deyil.
Üstəlik, qlobal xammal böhranı və polad məhsullarının ucuzlaşması şəraitində Azərbaycanın özəl şirkətləri son 3 il ərzində metallurgiya sahəsinin kapitallaşdırılmasını dayandırmayıb; məsələn, bir neçə il əvvəl Sumqayıt Texnologiyalar Parkında spiralşəkilli polad boruların konveyer istehsalı ilə məşğul olan müəssisə isismara verilib. Bundan bir qədər əvvəl isə Mingəçevir Maşınqayırma Zavodunda müxtəliftəyinatlı metal konstruksiyaların istehsalına başlanılıb, metal-kirəmit xətti işə salınıb. Lakin bu gün ölkədə bu sahənin inkişafı, əsasən, "Baku Steel Company" (BSC) ilə bağlıdır. O, bu ilin martında ikinci poladəritmə müəssisəsini istifadəyə verməklə, istehsal gücünü əlavə olaraq, 250 min ton artırıb. Poladəritmə zavodunun ikinci fazası üzrə işlər müəssisənin ümumi istehsal gücünün mərhələli şəkildə 1 milyon tonadək artırılmasını nəzərdə tutur. BSC 2013-cü ildə özəlləşdirilmiş Sumqayıt Boru Prokat Zavodu - "Azerboru" ASC-nin yenidənqurmasını da başa çatdırıb. Qurum bütün sadalanan işlərə 71 milyon dollar investisiya xərcləyib. Şirkətin portfelində artıq yerli və xarici şirkətlərin polad prokat tədarükü ilə bağlı sifarişləri var; məsələn, poladdan "Azerboru" zavodunda tikişsiz boruların istehsalında istifadə ediləcək. Boruların sifarişçiləri isə Rusiya, Qazaxıstan, İran və Gürcüstan şirkətləridir.
Bu yaxınlarda daha bir layihəyə start verilib və onun reallaşdırılması ilə ölkənin qara metallurgiya sektoru son dərəcə vacib komponentə sahib çıxacaq. Belə ki, yerli «Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti» ilə Türkiyənin "Demora" şirkəti arasında fevralda imzalanmış müqavilə Sumqayıt Kimya Sənaye Parkının (SKSP/SCIP) ərazisində ferroərintilər istehsal edəcək zavodun inşasını nəzərdə tutur. Layihəyə ümumilikdə 30 milyon dollar investisiya yatırılacaq ki, onun da təxminən, yarısı "Demora"dan texnologiyaların alınmasına istifadə olunacaq. İmzalanmış müqavilə çərçivəsində "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" hər il Türki-yəyə 35 min ton məhsul ixrac edəcək. Daha bir müqavilə isə "Baku Steel Company" ilə imzalanıb və ona əsasən, şirkət öz tələbatlarının ödənilməsi üçün 12 min ton ferrosilikat alacaq.
İyunda isə "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" Sumqayıt Kimya Sənaye Parkının ərazisində ferroərintilər istehsalı müəssisəsinin tikintisinə başlayıb. Layihənin reallaşmasına 13-14 ay tələb olunur. Müəssisə artıq 2017-ci ilin ikinci yarısında hazır məhsulun istehsalına başlayacaq.
Beləliklə, ASPC QSC-nin 2018-2020-ci illərdə istismara verəcəyi müəssisələrlə, BSC-nin yeni istehsal güclərilə, həmçinin ferroərinti istehsalı müəssisəsinin fəaliyyətilə ölkədə qapalı metallurgiya kompleksi yaranacaq və bu, sahənin xammal idxalından asılılığını azaldacaq, istehsalatda böyük rentabellik yaradacaq. Bu sahədə rəqabətin artması ilə son məhsulların - borular və polad prokat məhsullarının xarici bazarlara çıxarılması həcmi də artacaq və bu, bir neçə il sonra Azərbaycanın metal məhsullar ixracatçısına çevrilməsilə nəticələnə bilər.
MƏSLƏHƏT GÖR: