24 Noyabr 2024

Bazar, 07:25

ZƏFƏRANIN ƏTRİ

Azərbaycanın “Qızıl” ədviyyat istehsalçıları bu sahənin bərpası üçün maliyyə dəstəyinə ümid edirlər

Müəllif:

01.09.2016

Neftin ixracından daxilolmaların azalması və büdcənin doldurulması üçün yeni mənbələrin axtarılması zərurəti Azərbaycanda hələ bir vaxtlar populyar və gəlirli istehsalat sahələrinin dirçəldilməsi layihələrini daha da aktuallaşdırır. Bu mənada, kənd təsərrüfatının ayrıca istiqamətlərinə diqqət artırılır. Azərbaycanda geniş becərilməsi və emalı tamamilə real olan kənd təsərrüfatı bitkiləri sırasında "qızıl" ədviyyat adlandırılan zəfəran da var. 

 

Quranda adı çəkilən çiçək

Dünyada kral ədviyyatı hesab edilən, möcüzəli özəlliklərə malik zəfəranı Azərbaycanda qədim vaxtlardan becərirlər. Zəfəranın adı, hətta müqəddəs Qurani-Kərimdə də çəkilir. Mütəxəssislərin araşdırmalarına görə, zəfəran bizə qüvvət və gümrahlıq verir, gənclik hisslərini qaytarır, orqanizmi təmizləyir və tonusu yüksəldir. Bu nəcib ədviyyatı haqlı olaraq "qızıl" da adlandırırlar. Dilimizə hətta belə bir müqayisə də düşüb: zəfəran kimi bahalı. Bu, həqiqətən də belədir. Bu bahalı ədviyyatın bir qramı qızıla bərabərdir, əsl zəfəranın 1 kiloqramının dəyəri 6 min dollara çatır. 

Bu cür ağılasığmaz qiymət onun becərilməsi və yığım texnologiyasının zəhmət tələb etməsi ilə izah edilir. Bir kq quru zəfəran toplamaq üçün, təxminən, 2 min çiçək dərmək lazımdır. Bir ha plantasiyadan birinci il ancaq 6 kq; ikinci il - 20 kiloqramadək zəfəran toplamaq olar. Hazırlıq işi günəşli havada çiçəklənmə dövründə görülür. Açıq-narıncı rəngli dişiciklər çiçəyin ilk açıldığı gün əllə qırılır və qurudulur.

Dünyada 75 zəfəran növü var, onlardan 12-si Qafqazda, o cümlədən 6-sı Azərbaycandadır: bunlar adi, Xəzər zəfəranı, Adəm zəfəranı, Artvin zəfəranı, Gözəl zəfəran və Çoxçiçəkli zəfərandır. Zəfəranın növlərinin əksəriyyəti keçmiş SSRİ və Azərbaycan Respublikasının "Qırmızı kitabı"na salınıb. Çoxçiçəkli zəfəran növü isə ölkə florası üçün endemik bitkidir. Adi və ya əkin zəfəranı mədəni əkin sahələrində ancaq Abşeronda, yabanı növləri isə Gəncə-Qazax, Quba-Xaçmaz iqtisadi rayonlarında, Naxçıvan MR, habelə Cəlilabad, Lerik, Şamaxı, Aran iqtisadi rayonlarında - Ucar, Ağcabədi, Cəlilabad, Masallıda bitir. Lakin onların ən yüksək keyfiyyətlisi ancaq Abşeronda yetişir. Burada iqlim və torpaq bu bitki üçün ideal hesab edilir. Zəfəran rütubəti sevmir - güclü yağışların təsiri altında bitkinin soğanaqları çürüyə bilər. Bitki, adətən, payızda suvarılır, bu da Abşeronda Bilgəh qəsəbəsində kəndlilər arasında ənənəyə çevrilib. Məhz bura zəfəran üçün münbit mühitdir və məhz burada təkcə keyfiyyətli deyil, həm də müalicəvi xüsusiyyətləri olan məhsul əldə edilir və ürək-damar xəstəliklərinin profilaktikası üçün tətbiq edilir.

"Zəfəranın ətri - onun keyfiyyətinin mühüm göstəricilərindən biridir, axı istənilən məhsulun təzə olması onun qoxusundan bilinir", - kənd təsərrüfatı üzrə ekspert Rövşən Əliyev bildirib. Onun sözlərinə görə, zəfəranın dünya istehsalçıları, bir qayda olaraq, bu məhsulun istifadə tarixi üçün 2-3 il təyin edirlər. Çünki müəyyən müddətdən sonra adətən o, ətrini itirir. Eyni zamanda Bilgəh kəndinin istehsalçıları illərlə zəfəranı adi  kalka kağızında saxlayırlar və uzun illər ərzində o nə keyfiyyətini, nə də ətrini itirir.

 

Bilgəh zəfəranı yox ola bilər?

Sovet dövründə burada zəfəran becərilən sovxoz olub. İstehsal həcmi ildə 150-200 kiloqrama çatırdı. Məhsul xaricə göndərilirdi, beynəlxalq bazarlarda reallaşdırılırdı və əldə edilən gəlirdən respublikaya gəlir daxil olurdu. Keçmiş ittifaqın dağılması və aqrar islahataların aparılması ilə vəziyyət kökündən dəyişib, istehsal çox aşağı düşüb. Sovxozun ləvğindən sonra  bu xüsusi qiymətli məhsulun becərilməsi ilə fərdlər məşğul olmağa başlayıb. Lakin onlar əlbəttə ki, əvvəlki istehsal tempi və həcmini saxlaya bilməzdi.

Kənd təsərrüfatının bu sahəsinin bərpası üçün fərdi sahibkarlar cəhd göstəriblər, amma sonradan bu ideyadan vaz keçiblər. Çünki gəlir əldə etmək üçün burada digər sahələrlə müqayisədə daha çox vaxt lazımdır. Nəticə ürəkaçan deyil – indi artıq bu sahə unudulub. Bu gün qəsəbədə zəfəranın yetişdirilməsi ilə ancaq bu bitkinin dəyərini bilən ayrı-ayrı insanlar məşğul olurlar. Lakin onlar da az çətinlik görmürlər. Maliyyə çatışmalığı ucbatından  bazara çıxa, zəfəranın əkin sahələrini genişləndirə bilmirlər.

Qeyd etmək lazımdır ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu (SKMF) bu qəsəbədə zəfəranın inkişafına yardım göstərməsini dəfələrlə bəyan edib. Lakin bəziləri bütün güzəştlərə baxmayaraq, əkinçilərə sahəni lazımi səviyyədə dirçəltməyə imkan vermir: "Zəfəranın inkişaf etdirmək üçün kredit almaq istədim, - yerli sakinlərdən biri dedi. - Lakin bankdan bu ay kredit götürərək, gələn ay artıq qaytarmaq lazımdır. Mən axı əvvəl zəfəranı yetişdirməliyəm və dövlətə krediti qaytarmaq üçün onu bazarda reallaşdırmalıyam. Zəfəran elə bitkidir ki, birinci il məhsul vermir, gözləməli olursan. SKMF-in göstərişi ilə güzəştli kredit verən kommersiya bankları isə bunu heç cür başa düşmək istəmirlər".

Yuxarıda artıq qeyd edildiyi kimi, zəfəran Azərbaycanın digər rayonlarında da becərilir; məsələn, Cəlilabad rayonunun dağətəyi kəndlərində açıq ərazilərdə dəmyə şəraitində yetişdirilir. Bilgəhdə yetişdirilən zəfərandan fərqli olaraq bu bitki tikanlıdır və onu toplayarkən, yaxın kəndlərdən əlavə qüvvə cəlb olunur. Onu səhərçağı, tikanların batmaması üçün bitkinin üzərində şeh olanda toplayırlar. Burada torpağın bir sotundan kəndlilər 15-20 kiloqram məhsul götürürlər. Məhsul yığılandan sonra, onu ev şəraitində qurudurlar və respublikanın bazarlarına çıxarırlar. Belə zəfəranın 1 kiloqramını 20-30 manat, 1 kq  toxumunu isə 2-3 manata satırlar.

Lakin bu başqa zəfərandır - evdar xanımlar onu kulinariyada plov hazırlamaq, həmçinin sərinləşdirici içkilərin hazırlanmasında istifadə edirlər. Bu bitki növü respublikanın Ağdaş, Şəki, Balakən və Zaqatala rayonlarında becərilir. O, rahat emal olunur, ondan sarıkök hazırlanır və ədviyyat kimi ev yeməklərinin hazırlanmasında istifadə edirlər.

 

Çox baha

Zəfəranın bahalı olmasına qayıdaraq, xatırladaq ki, dünya bazarında onun dəyəri keyfiyyəti və reallaşdırma regionundan asılı olaraq 1 qramı 5 dollardan 40 dollaradək dəyişir. Azərbaycan zəfəranının 1 qramı Rusiya bazarında 7-10 dollar, 1 kq soğanağını isə 700-790 dollara satmaq mümkündür. Eyni zamanda, necə deyələr, zəfəran çox olmur. Bu ədviyyatın dünya üzrə ümumi həcmi ildə cəmi 300 ton təşkil edir. Lakin istehsalı artırmaq cəhdləri nəticə vermir. İlk növbədə, ona görə ki, texnologiyanın inkişafına baxmayaraq, zəfəran hələ də əl ilə becərilir. Dünya zəfəran bazarının, demək olar ki, 90% payına malik İran bu sahədə liderdir. Hər il 200-250 ton quru zəfəran yetişdirilir və məhz İrandan ədviyyatlar bazarına yollanır. Bu isə ölkə iqtisadiyyatına böyük gəlir gətirir. İranda illərlə bu bitkinin mədəniyyəti təşəkkül tapıb və saxlanılıb. Muzey yaradılıb, onlarca sayt işləyir, bazarlarda isə ən müxtəlif istehsalçıların ədviyyatlarını əldə etmək olar. Xorasanda, hətta zəfəranın emalı və qurudulması zavodu da tikilib. Zəfəranı, həmçinin Mərakəş, Pakistan, Çin, Hindistanda; Avropa ölkələrindən – Yunanıstan, Fransa, İtaliyada da becərirlər. Amma zəngin ətri və dolğun dada malik keyfiyyətli məhsul kimi dəyərləndirilən İspaniya zəfəranı xüsusi populyarlıq qazanıb. Maraqlıdır ki, İspaniya zəfəranı və Bilgəh qəsəbəsində becərilən bitki bütün keyfiyyət xüsusiyyətlərinə görə, demək olar ki, eynidirlər. Amma ekspertlərin fikrincə, Bilgəh zəfəranı İspaniyadan olan növündən bir addım irəlidədir.  Azərbaycan 5-10 ton zəfəran istehsal edərsə, 5-10 mln. dollar gəlir əldə edə bilərdi. Odur ki, bu möcüzəli bitkinin istehsal həcmlərinin bərpası üçün bütün amillər var və onlar göz qabağındadır.



MƏSLƏHƏT GÖR:

514