4 Dekabr 2024

Çərşənbə, 22:54

UŞAQ TƏHSİLDƏN DAHA ÖNƏMLİDİR

Uşaqlarda təhsilə qarşı mənfi münasibət yaratmamaq üçün valideynlər nə etməlidirlər?

Müəllif:

15.09.2016

Qayğısız yay istirahəti yekunlaşır. Qarşıda yenə də dərs yükü, valideyn narahatlığı, stress və yorğunluq dayanıb. “R+”un ötən məqalələrində dəfələrlə təhsil sistemi və onun bütün aspektlərinə toxunmuşuq. Amma dərs yükü və digər bu kimi  məsələlər isə həmişə əhəmiyyətli  yer  tutur.

Məlum olduğu kimi,  fərdi yanaşma konsepsiyası ilə birgə kurrikulumun tətbiqi və sayı 20-25 nəfərdən çox olmayan siniflərin yaradılmasına baxmayaraq, bütün bunlar, təəssüf ki, hələlik uzaq olan ancaq ideal mənzərəyə aiddir. Həddindən artıq dolmuş siniflər də, hamının tamamilə mənimsəməyi bacarmadığı tədris materiallarının çoxluğu da, habelə çətin ev tapşırıqları və orqanizmə yük düşməsi  göz qabağındadır. Möhkəmlənməyən uşaq orqanizminə yük və stressin yetirdiyi zərər və təhsil prosesinin əlavə təsirlərini necə isə minimallaşdırmaq mümkündürmü?

 

Rejim  -  sağlamlığın  zəmanətidir

Həkimlər demiş, uşağın həmahəng inkişafının ilk zəmanəti - rejimdir. Məktəb illərində rejimə riayət etmək - ən mühüm zərurətdir. Lakin istirahət vaxtı da rejim barədə unutmaq olmaz. Uşaq müəyyən nizama öyrəşərsə, tədris rejiminə də daxil olması çox da çətin başa gəlməyəcək. Dərsə uyğunlaşması uşağın yaşından da asılıdır. Həkim-nevroloq Mərziyə Məmmədovanın şərhinə görə, bir çox valideynlər dərsdən sonra uşaqlarını pedaqoqla əlavə hazırlığa qoyurlar: “Bunu düzgün hesab etmirəm. Uşaq çox yorulur. Əqli yük fiziki yüklə əvəz olunmalıdır. Bundan başqa, düzgün qidalanma, xüsusilə də vaxtında, çox vacibdir. Uşağın düzgün inkişafına ancaq belə nail olmaq mümkündür. Və əlbəttə ki, rejim - uşaqlar onu sevirlər. Hər şey valideyn vaxt tapanda deyil, öz vaxtında edilməlidir. Əsas problem budur”.  Düzgün qidalanma barədə fikirləri digər həkim-nevroloq Kərimə Kərimova da təsdiq edir: “Uşağın düzgün rasional qidalanması təşkil edilərsə, əlavə vitaminlər və başqa tədbirlər  lazım deyil. Lakin bu dövrdə “D” vitamini  profilaktik miqdarda çox zəruridir. Qalanlarını isə düzgün qidalanma ilə kompensasiya etmək daha yaxşı olar. Üstəlik, uşaqlara məktəbdə isti yemək verilmir və bir çoxları özləri ilə qəlyanaltı yeməklərdənsə, belə yemək götürməyə və əsl yemək yeməyə utanırlar. Normal nahar yeməyinin olması mütləqdir. Normal nahar yeməkləri olmadığı üçün uşaqlar hamburgerlər, çipslər, qazlı içkilər,  şokoladla qidalanırlar. Bu isə maddələr mübadiləsi pozğunluqlarının (piylənmə, şəkərli diabet və s.) inkişaf faizini  artırır.   Bundan əlavə, çipslər, qazlı içkilər və hər cür çubuqlar, duzlu peçenyelərin tərkibində qlütamatlar var. Bu, uşaqda hiperaktivlik sindromunun inkişafına səbəb olur və bunu əksər elmi təqdiqatlar da təsdiq edir.

 

Məktəbəqədər  təhsil - mütləqdir

İbtidai və yuxarı siniflərdə işləyən pedaqoq Nailə Əmirbəyova hesab edir ki, uşağın təhsilə (dərsə) uyğunlaşmasının əsas amillərindən biri - məktəbəqədər tədris müəssisələrinə getməkdir. “İbtidai və məktəbəqədər təhsil üzrə mütəxəssislərlə söhbətimdən mənə aydın oldu ki, uşaqlar bağçaya və (ya)  məktəbə hazırlıq siniflərinə getməlidirlər. Onda bu yük ağır görünməyəcək. Bu, adətən, valideynlərin başında çox ağrı yaradır. Biz valideyn olaraq, hətta sezmirik ki, cəmiyyətdən və öz uşaqlarımızdan çoxdan üz döndərmişik.  Bəsit bir misal. Uşaqlar tarix və saatı bilmirlər.  Əvvəllər hər bir evdə böyük divar təqvimləri və çox  vaxt  böyük kəfkirli  saatlar olardı. İndi isə evdə saat varsa, o da rəqəmsiz və bölgüsüz dizayner tipli saatlardır. Təqvimlər isə valideynlərin telefonlarındadır. Uşaq təqvimdə hesabı və ya vaxtı haradan biləcək? Onun, hətta şansı belə yoxdur. Ona görə də məsələnin həllini bağçada görürəm. Orada uşaq bütün gününü qacetlər, telefonlar və sairsiz keçirir. Onun yaşı üçün hazırlanmış proqramla məşğul olur. Birinci siniflə işləmişəm və əminliklə deyə bilərəm: bağçaya gedən uşaq dərsdə daha yüksək biliyə malik olur və eyni zamanda daha az stress keçirir”,  - deyə o bildirir. Aydındır ki, məktəbin rejimi - uşaq üçün stressdir: oynamamaq,  gəzməmək, ürəyin istədiyini deyil, lazım olanı etmək. Adət olunmadığı  üçün  çətindir. Amma bağça bunu öyrədir. Və bu, əldə edilən bacarıqlardan daha vacibdir. Pedaqoq hesab edir ki, həftədə 3 dəfə 1 saat davam edən hazırlıq kursları rejimi anlamağa imkan vermir. “Bizim valideynlərimiz, ümumiyyətlə, rejimli tərbiyə verməyə meyilli deyillər. Gecə saat 11-də bulvarda və ya şəhərdə uşaqlarla gəzən valideyn az görürük? Heç kim düşünmür də ki uşaq vaxtında yatmalıdır. Uşaqda “bayquş” həyat tərzi buradan yaranır. Beləcə, uşaqlara  səhərlər oyanmaq çətin olacaq, o ki qaldı dərs oxumaq ola.  Lakin bu barədə heç kim düşünmür. İşləməyən qadınlar səhərlər yatmaq istəyirlər. Uşaq səhər oyanarsa, ana da onunla birgə durmalı olacaq. Odur ki, onlar - qoy uşaq daha gec yatıb, daha gec oyansın deyə, səhv düşünürlər. Bir də ana ev xanımıdırsa, nədənsə, bağça da istisna edilir. Onlar anlamırlar ki, bağça, ilk növbədə, kollektiv deməkdir. “Lazımdır” sözü, “istəyirəm” sözü ilə əvəzlənməlidir, qacetlərin olmaması və digər amillər artıq rejim deməkdir. Bunu evdə hər bir valideyn verə bilməz. Valideynlərin səciyyəvi xüsusiyyəti - özündə və uşaqlarında heç vaxt səbəb görməməkdir. Günahkar həmişə müəllimdir - öyrətmir, tələb etmir, izah eləmir. Və heç vaxt: məktəbli öyrənməyib, dərsdə izahı diqqətlə dinləməyib, dərsdə iştirak etmir kimi fikirlər də nədənsə çox zaman unudulur, - deyə  pedaqoq vurğulayır.

 

Tək  yaxşıdır?

Psixoloq, uzun müddət məktəbdə işləyən Humay Axundzadənin sözlərinə görə, aydındır ki, ayrıca götürülmüş valideyn sistemi dəyişə və yükü müəyyənləşdirə bilməz. Onlar xüsusi komissiya tərəfindən tədrisin hər mərhələsində müəyyən edilir və əsasən, hər yaş üçün uşağın inkişafının orta göstəriciləri üzrə nəzərdə tutulur. Lakin reallıqda müxtəlif tip uşaqları ümumi məxrəcə gətirmək heç də həmişə mümkün deyil. Fərdi müxtəliflik anlayışı var, yəni bir uşaq üçün məqbul olan şey, başqasına münasib olmaya da bilər. Buna baxmayaraq, tədris prosesi  uyğunlaşdırılmalıdır. Məktəbdə pedaqoq şagirdlərin fərdi özəlliklərini nadir hallarda nəzərə ala, lakin valideynlər isə tədris prosesini düzəldə bilərlər, - deyə mütəxəssis hesab edir. İlk növbədə, valideynlər öz tələbləri və uşağın real bacarıqları arasında balans tapmalıdırlar. Hər bir valideynin övladından gözləntisi var, lakin bunun həqiqətən uşağın, yoxsa sizin istəyiniz olduğunu müəyyən etmək  lazımdır. Uşağın qabiliyyətini necə müəyyən etmək olar? Humay xanım hesab edir ki, valideynlər tədris prosesinə cəlb olunmalıdırlar. Ümumi tövsiyələr də - uşağın doyunca yuxu yatması üçün günün tövsiyə edilmiş rejimi  də  mövcuddur. Psixioloji amil - uşağa real tələblər irəli sürmək... Valideyn daim özünə sual verməlidir: nə üçün istəyirəm ki, uşaq oxusun? Bu istək nəyə gətirib çıxaracaq? Eyni zamanda əsas - uşağa mükəmməlliyi aşılamamaqdır, onun hər şeyi bilməsinə və bacarmasına çalışmamaqdır: “Fikirləşin ki, tədris prosesində aldığımız heç də bütün biliklər həyatda bizə lazım olmayacaq”, - psixoloq  deyir.

Uşağa öyrətməyiniz vacibdir ki, məktəbdə aldığı qiymət özünün deyil, sadəcə, onun fəaliyyətinin, işinin və səylərinin nəticəsidir. Qiyməti qənaətbəxş deyilsə, bu, uşağın pis olması deyil. Bundan başqa, uşağın meyilliliyi və qabiliyyəti arasındakı təbii fərqi də nəzərə almaq lazımdır. Kimsə dəqiq elmləri, kimsə yaradıcı məşğuliyyətləri və ya humanitar predmetləri asan mənimsəyir. Lakin valideynin hansı predmetlərin mühüm olduğu barədə öz fikirləri ola bilər. Əslində isə uşağın ən yaxşı bacardığı əhəmiyyətlidir. “Təcrübəmdə belə bir hal baş vermişdi - valideynlər qızlarının daha çox riyaziyyatla məşğul olmasını istəyirdilər. Lakin qız riyaziyyatı mənimsəmirdi. O, son dərəcə yaradıcı insan idi. Lakin təəssüf ki, valideynlərini onun yaradıcı müvəffəqiyyətləri maraqlandırmırdı.  Onlar diqqətlərini ancaq onun riyaziyyatdakı uğursuzluqlarına yönəldirdilər. Nəticədə, uşaq həyəcanlı və qaradinməz böyüdü”, - psixoloq danışır.

Uşağın uğurlu və ahəngdar inkişafının yekunlaşdırıcı amili - valideyn və uşaqların ünsiyyəti təkcə dərsə çevrilməməsidir. O, ailədə qarşılıqlı münasibətlərin daha geniş kontekstində olmalıdır. Əks halda, siz uşaqda, ümumiyyətlə, təhsilə qarşı mənfi münasibət yaratmaq təhlükəsi ilə üzləşəcəksiniz.

Və sonuncu önəmli amil uşağın asudə vaxtıdır - valideynlər bu məsələyə böyük diqqət ayırmalıdırlar. Uşaq gəzməli, istirahətin aktiv növləri ilə məşğul olmalıdır - idman seksiyalarını, rəqs dərslərini ziyarət etməli və ya sadəcə, həyətdə gəzməlidir. Bizim dövrümüzdə bu, hazırlanmayan ev tapşırıqlarından daha vacib amilə çevrilir.


MƏSLƏHƏT GÖR:

521