24 Noyabr 2024

Bazar, 09:00

«QARA QIZIL» DEJAVYÜSÜ

OPEC konsensus əldə etməyə çalışsa da, kartel üzvləri arasındakı fikir ayrılıqları mühüm qərarların qəbuluna mane olur

Müəllif:

01.10.2016

Aprel dejavyüsü. Neft hasil edən ölkələrin «qara qızıl» hasilatını «dondurmağa» dair yeni cəhdləri barədə oxuduqda insanda məhz bu təəssürat yaranır.

İlk belə cəhd 2016-cı ilin aprelində olmuşdu və məlum olduğu kimi, «dondurulma» haqda miqyaslı razılaşma imzalandıqdan cəmi bir neçə saat sonra iflasa uğramışdı. Halbuki, təkliflə 18 dövlət, o cümlədən Səudiyyə Ərəbistanı ilə Rusiya da razı idi. O zaman razılaşmanın pozulmasında əsas səbəbkar səudiyyəlilər olmuşdu. İranın öz hasilat həcmini yetərli saymayaraq, «dondurulma»dan kənarda qalması Səudiyyə Ərəbistanını qane etmirdi. O zaman İran sanksiyaların ləğvi ilə yeni özünə gəlirdi və neft bazarında itirilmiş mövqeyini bərpa etməklə məşğul idi. Sanksiyaların İranın neft sektoruna kifayət qədər ciddi zərbə vurduğu isə məlumdur - ölkədə neft hasilatının həcmi sutkada 4 milyon barelə düşmüşdü. Nəticədə, Tehran nəzəri cəhətdən «dondurulma» razılaşmasına gələcəkdə - hasilatı sanksiyalardan əvvəlki həcmə çatdırdıqdan sonra qoşulmağa razı idi. Səudiyyə Ərəbistanı isə bazardakı payını heç gür güzəştə getmək istəmir, əksinə, «dondurulma» razılaşması ilə İranda hasilatın məhdudlaşdırılacağına ümid edirdi.

Hər halda, o zaman «dondurulma» mümkün olmadı, lakin bu, bazara heç bir təsir göstərmədi. Neftin ovaxtkı 45-50 dollar arasında olan qiyməti olduğu kimi də qaldı. Yəni, hasilatçı ölkələrin razılığagəlmə cəhdləri vəziyyətə təsir etmədi. Burada tələblə təklifin 2017-ci ilin əvvəllərində balanslaşacağına olan ümidlər də az rol oynamayıb. Və həqiqətən də, bu dövrdə tələbat kifayət qədər yüksək templərlə artaraq, hasilat həcmini üstələyib. Bununla yanaşı, məsələn, ABŞ-da hasilat həcmi xeyli azalıb. Lakin artıq yayda Səudiyyə Ərəbistanı ilə Rusiya hasilat həcmini rekord həddə yüksəltdi - sutkada müvafiq olaraq 10,6 və 11 milyon barel. İran, BƏƏ və Küveyt də onlardan geri qalmadı.

Paralel olaraq, neftə tələbat azalmağa başlasa da, hasilatçılar israrla bunu «görməməyə» çalışırdı. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, əgər 2016-cı ilin ilk rübündə neftə tələbatın artım tempi sutkada 1,6 milyon barel olubsa, ilin üçüncü rübündə bu, 0,8 milyonadək azalıb. Səbəb Çin, Hindistan və bir sıra Avropa ölkələrində «qara qızıl»a tələbatın azalmasıdır.

Bununla yanaşı, OPEC üzvü olmayan ölkələrdə hasilat həcmi azalır. BEA-nın məlumatına görə, Şimal dənizi, ABŞ və Qazaxıstanın göstəricilərinin azalması fonunda 2016-cı ilin yekununa hasilat həcmi 840 min barel aşağı düşəcək. Sanki bazar balansa doğru gedir. Lakin bunun üçün OPEC hasilat həcmini qoruyub-saxlamalı idi, kartel üzvləri əksinə, həcmi 900 min barel artırıb. BEA isə artıq gələn il üçün OPEC üzvü olmayan ölkələrdə hasilat həcminin, təxminən, 400 min barel artacağını proqnozlaşdırır.

Bu şəraitdə Rusiya ilə Səudiyyə Ərəbistanı hasilatın «dondurulması» barədə razılığa gəlməyə ikinci dəfə də cəhd göstərib. “G20” sammiti çərçivəsində keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünya neft bazarında sabitliyi təmin etmək üçün əməkdaşlığa dair razılığa gəliblər. Sonradan bu razılaşma iki ölkənin energetika nazirləri Aleksandr Nova ilə Xalid əl-Falih tərəfindən imzalanıb. Novak hasilatı 3-6 ay müddətinə yaydakı həcmdə saxlamağın mümkünlüyünü deyibsə, əl-Falih bildirib ki, «dondurma»ya ehtiyac yoxdur. O, fikrini «bazarda vəziyyətin gün-gündən yaxşılaşması» ilə əsaslandırıb. Buna baxmayaraq, səudiyyəlilər İranla «dondurulma» haqqında razılığa gəlməyə çalışıb.

O dönəmdə sanki İran da «dondurulma» ideyasına daha meyilli idi. Hər halda, İran Prezidenti Həsən Ruhani OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə görüşündə Tehranın neftin qiymətinin sabitləşdirilməsinə yönəlmiş istənilən addımı dəstəklədiyini, sadəcə, bunun hasilat kvotasının ədalətli şəkildə bölüşdürülməsinə əsaslanmasının vacibliyini bildirmişdi. İranın energetika naziri Binjan Zanqane isə ölkəsinin qiymətləri 50-60 dollar civarında saxlayacaq istənilən sabitləşdirici addımı dəstəkləyəcəyini demişdi. Amma sonradan nazir İranın hasilat həcmini artıraraq, sanksiyalardan əvvəlki həddə çatdırıcağını söylədi. Zanqane hesab edir ki, Tehran OPEC-dəki əvvəlki rolunu geri qaytarmalıdır. Bu, kartelin ümumi hasilatının 13%-nə sahib olmaq deməkdir.

«Neft hasilatının hazırkı həcmini nəzərə alsaq, İran gündə 4,4 milyon barel neft çıxarmalıdır», - deyə nazir qeyd edib.

Bu bəyanat faktiki olaraq, Səudiyyə Ərəbistanının OPEC-də ümumi hasilat həcminin 1 milyon barelə endirilməsi, onun 400 min barelinin isə krallığın payına düşməsi təklifinə cavab olaraq səsləndirilib. Üstəlik, səudiyyəlilər bu zaman İranın hasilatı 3,7 milyon barel həcmində saxlamalı olduğuna dair şərt də irəli sürmüşdü.

Nəticədə, OPEC ölkələrinin hasilatın «dondurulması» haqqında qərarın çıxarılmalı olduğu qeyri-formal Əlcəzair görüşü məşvərəçi toplantıya çevrilib. Orada nazirlər OPEC-in noyabrda baş tutmalı olan sammitinədək qərarın hazırlanması üçün sadəcə bazardakı mövcud durumu müzakirə edib. OPEC-ə daxil olmayan bəzi neft hasilatçısı ölkələr, o cümlədən Rusiya ilə Azərbaycan Əlcəzair toplantısına məhz bu üzdən qatılmayıb. Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərinə görə, Rusiya OPEC-in «dondurulma» və ya hasilatın azaldılması ilə bağlı toplantılarına yalnız o halda qatılacaq ki, məsələ təşkilatın daxilində razılaşdırılmış olsun. Görünən isə odur ki, təşkilat üzvləri razılaşmadan çox uzaqdır. OPEC daxilində konsensusa sırf iqtisadi məsələlərlə yanaşı, üzvlər, ilk növbədə isə Səudiyyə Ərəbistanı ilə İran arasındakı siyasi fikir ayrılıqları da mane olur. Bununla yanaşı, OPEC-in iki əsas oyunçusunun kompromisə meyilli olduğu da qeyd edilməlidir. «Səudiyyə Ərəbistanı bu şərtlərlə işləmək istəyini və çevikliyini ifadə edib. Son bir neçə ayda Rusiya da bizimlə birgə işləyib və OPEC bizə qoşulmağa razılıq verib. Lakin düşünürəm ki, bizim «dondurulma» ilə bağlı razılığa gəlib-gəlməyəcəyimizdən asılı olmayaraq, bazarda vəziyyət yaxşılaşacaq, qiymətlər qalxacaq», - deyə B. Zanqane «Rossiya-24» telekanalına açıqlamasında bildirib: «Əgər razılığa gələriksə, OPEC-ə daxil olmayan ölkələrlə də birləşəcək, böyük ehtimalla, noyabrda yekun razılaşmanın imzalanması üçün toplaşacağıq. Ümid edirəm, razılaşma balansı bərpa edəcək, artıq indidən müşahidə etdiyimiz sağlam tələbatı ödəyəcək səviyyədə dayanıqlı təchizat üçün ciddi investisiyalar gətirəcək».

Balansa nail olunmasının vacibliyini (deyəsən, ona 2017-ci ilin ikinci yarısından tez nail olunmayacaq) OPEC-in baş katibi Məhəmməd Barkindo da söyləyib. Onun fikrincə, balanslaşdırılmada əsas istiqamət anbarlardakı ehtiyat neftin azaldılması olmalıdır. Hazırda anbarlarda 3,1 milyard barel neft saxlanılır ki, bu da normal həddən təxminən 350 milyon barel çoxdur.

Bununla yanaşı, əsas hasilatçı ölkələr balansa nail olmağa nə qədər çalışsa da, ABŞ-da şist nefti hasilatının artımını nəzərə almamaq olmaz. Neft bazarındakı hazırkı qiymət böhranına məhz «şist inqilabı»nın ciddi təsiri olub. Səudiyyə Ərəbistanının başladığı qiymət savaşı isə öz nəticəsini verib - ABŞ yalnız bu il sutkalıq hasilatın həcmini 700 min barel azaldacaq. Şist yataqlarında qazma qurğularının sayı 2014-cü ilin oktyabrındakı pikdən - 1600-dan 400-dək azaldılıb. Amma neftin qiymətinin ucuzlaşması şist nəqli sektorunu tamamilə «öldürə» bilmədi. «Baker Hughes» şirkətinin məlumatına görə, ABŞ-da qazma qurğularının sayı son 2 ayda durmadan artır. Bu, istehsalçıların 40-50 dollar arasında tərəddüd edən qiymətə uyğunlaşdığını və fəallığı azaltmağı düşünmədiyini göstərir.

SOCAR prezidenti Rövnəq Abdullayevin fikrincə, ABŞ-ın şist nefti artıq dünyada neftin qiymətinə OPEK-dən daha ciddi təsir göstərir. «Qiymətlər tələblə -təklifdən, bankların birjalardakı ticarətdə iştirakından, həmçinin ABŞ-dakı şist nefti hasilatından asılıdır. Neftin qiyməti faktiki olaraq, birjada banklar və sərmayə fondları tərəfindən müəyyənləşdirilir və məhsulun maya dəyərindən asılı olaraq dəyişir. Neftin qiymətinin müəyyənləşməsində məhz ABŞ-ın şist neftinin maya dəyəri həlledici olacaq», - deyə R. Abdullayev «R+»a açıqlamasında bildirib.

Hazırkı şəraitdə neftin qiymətində istənilən sıçrayış ABŞ-da hasilatın sürətlə artmasına səbəb olacaq. Bu halda o, hasilat həcmini nə tənzimləməyə, nə məhdudlaşdırmağa çalışacaq.

İstənilən halda, gələn il neft sahəsi üçün daha gərgin keçəcək. Bu səbəbdən, əsas hasilatçı ölkə və şirkətlərin büdcəsinin müəyyənləşdirilməsi zamanı neftin qiyməti məsələsinə son dərəcə ehtiyatla yanaşılacaq. Azərbaycanın maliyyə naziri Samir Şərifovun sözlərinə görə, hökumət 2017-ci ilin dövlət büdcəsini hazırlayarkən neftin 1 barelinin qiymətini 40 dollar nəzərdə tutub. Bu, SOCAR-ın büdcəsi üçün də eynidir. Ciddi qiymət artımını "bp" də gözləmir. Şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrellin sözlərinə görə, “bp” «Azəri-Çıraq-Günəşli» yatağı blokunda neft hasilatının həcmini indiki qiymətlərə uyğun olaraq saxlamağa çalışır. «Bazarda hələ də təklifin tələbi üstələdiyini görürük. Bu səbəbdən də 2016-2017-ci illərdə nefin qiymətinin hazırki həddən çox yüksələcəyini düşünmürəm», - deyə o, bildirib.

Bununla yanaşı, belə ucuzluq gələcəkdə bazar üçün qlobal problem yarada bilər. BEA-nın hesablamasına görə, dünyada neft sahəsinə investisiya yatırımı 2 ildir ki, azalır - bu sahədə itki artıq 300 milyard dollara çatır ki, bu da son 30 ilin ən ciddi geriləməsidir. Bununla yanaşı, eyni vəziyyətin 2017-ci ildə də davam edəcəyi gözlənilir. İlk növbədə, kəşfiyyat, yeni yataqların tapılması işinə xərclər azalır. Bütün bunlar orta perspektivdə neft bazarında təklifə ciddi təsir göstərəcək - əsas hasilatçı ölkələr faktiki olaraq, maksimuma çatıblar və nəhəng investisiyalar olmadan hasilatı artırmaq mümkün olmayacaq. Ekspertlər isə yaxın illərdə neftin 1 barelinin yenidən 100 dollara qalxacağını gözləmir. Onların fikrincə, qiymət maksimum 60 dollar civarında ola bilər.

İstənilən halda, bazar artıq «dondurulma» ilə bağlı xəbərlərə, qiymətlərin tənzimlənməsi üçün hasilatın azaldılması planları haqda danışılanlara sanki həvəssiz reaksiya verir. İndi diqqət daha çox konkret əməllərə və tələblə təklif arasındakı fərqə yönəldilir. Demək, bazar həqiqətən də özünütənzimləmə vəziyyətinə keçir. Bu halda ayrı-ayrı informasiyalarla uzunmüddətli trendə təsir göstərmək çətinləşir, eyni zamanda, siyasi motivlərlə bağlı süni tənzimləmələr aradan çıxır. Bu amil gələcəkdə neft bazarında sabitliyin əsasını təşkil edə bilər.



MƏSLƏHƏT GÖR:

444