Müəllif: Xəzər AXUNDOV Bakı
Artıq xeyli müddətdir ki, Azərbaycan Xəzəryanı regionda formalaşan dəmir yolu və dəniz marşrutları üçün logistik hab kimi mövqelərini möhkəmləndirir. 2016-cı il TRASEKA və Şimal-Cənub nəqliyyat dəhlizləri üçün infrastruktur tikintisinin başa çatdırılması üzrə önəmli olub - cəlbedici tariflərin razılaşdırılmasında və bu marşrutlara ticari tranzit yüklərin cəlb edilməsini təmin edən trans-sərhəd prosedurların sadələşdirilməsində böyük proqres əldə edilib. Eyni zamanda, Azərbaycan və onun region üzrə tərəfdaşları yeni nəqliyyat marşrutları yaradırlar ki, bunlardan biri də Cənub - Qərb layihəsi olmalıdır. Bu marşrutun logistik şəbəkəsi Hindistandan yüklərin Fars körfəzi, İran ərazisi, Azərbaycan və Gürcüstandan keçməklə Qara dəniz vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutur.
Son iki ildə Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və Ukraynanın tranzit infrastrukturundan istifadə etməklə, yüklərin Hind-Çindən Avropaya daşınmasını təmin edən trans-sərhəd nəqliyyat marşrutlarının formalaşdırılması prosesi nəzərəçarpacaq dərəcədə sürətlənib. «İpək Yolu» və «Şimal-Cənub» layihələrinin iştirakçısı olan dövlətlər gömrük-sərhəd prosedurlarının optimallaşdırılması barədə anlaşıblar. Həmçinin, bu dövlətlər tranzit yüklərin sürətli keçidi üçün mexanizmlər yaradıblar, tarifləri unifikasiya ediblər, həmçinin vahid «kəsə» tariflər qəbul ediblər.
Bu tədbirlər, həmçinin dəmir yolu və liman infrastrukturunun formalaşdırılması üzrə yeni irimiqyaslı işlər növbəti trans-regional multimodal yükdaşımaları üzrə logistik sxemlərin gerçəkləşdirilməsinə imkan yaradıb. Perspektivdə layihə iştirakçılarının nəqliyyat infrastrukturunun maksimal yüklənməsi nəzərə alınıb.
Keçən ilin avqust ayında Çindən Azərbaycana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə ilk konteyner qatarı «Nomand express» gəlib. Ötən müddət ərzində hər iki istiqamətdə bir neçə konteyner qatarı yola salınıb. Bu qatarlar təyinat nöqtəsinə 8-11 günə çatıb ki, bu, alternativ marşrutların keçid müddətindən 2,5 dəfə kiçikdir.
2016-cı ilin yanvar ayının ortalarında Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna arasında Çin, Orta Asiya bölgəsi - Qara dəniz bölgəsi, Ukrayna və Avropa marşrutu üzrə rəqabətqabiliyyətli güzəştli tariflərin təsdiq edilməsi ilə bağlı protokol imzalanıb. Keçən müddət ərzində Bakı, Tiflis, Aşqabad və layihə iştirakçısı olan digər şəhərlərdə TBNM-nin operator şirkətlərinin bir neçə görüşü olub. Görüşlərdə Qərb və Şərq arasında yük nəqlinin artırılması imkanları müzakirə edilib.
Bu baxımdan, TBNM-in əsas halqası olan və tranzit ötürmələrinin sadələşdirilməsinə, eləcə də sürətləndirilməsinə xüsusi səy göstərən Azərbaycanın xüsusi rolunu ayrıca qeyd etmək lazımdır. «Yeni Bakı» limanının və Ələt qəsəbəsi yaxınlığında xüsusi iqtisadi zonanın yaradılması, həmçinin Bakı - Tiflis - Qars (BTQ) dəmir yolunun tikintisinin başa çatdırılmasıyla Avropa ilə Asiyanı birləşdirən rahat, sürətli və yüksək rəqabətqabiliyyətli quru-dəniz yolunu formalaşdırmaq mümkün olub.
Gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, rəqabətqabiliyyətli tranzit tariflərinin təsdiq edilməsi hesabına isə Azərbaycan bu ilin ilk yarısında Türkiyədən Xəzərin şərq sahilinə yüklərin ötürülməsini 6-7 dəfə artıra bilib.
Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın Şərq - Qərb dəhlizi çərçivəsində Trans-Xəzər yükdaşımalarının genişləndirilməsi üzrə təşəbbüsləri regionda və dünyada daha çox tərəfdar qazanır. Layihəyə yalnız Mərkəzi Asiya dövlətləri, Çin və Türkiyə deyil, həm də Ukrayna, Şimali Avropa və Baltikyanı ölkələri də böyük maraq göstərir. Sentyabrın 5-də Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan arasında bağlanan sazişdə Pekin və London arasında nəqliyyat dəhlizinin formalaşdırılmasının nəzərdə tutulması bu dayanıqlı trendin təsdiqidir.
«Asiya regionunda istehsal edilən məhsulların qərbə daşınması üçün tutumlu və sürətli nəqliyyat dəhlizlərinin inkişafına dəstək vermək vacibdir. Türkiyə 2003-cü ildən başlayaraq avtomobil və dəmir yollarının, dəniz və hava nəqliyyatının inkişafı üzrə layihələr gerçəkləşdirir. O cümlədən, bu məqsədlə Yavuz Sultan Səlim körpüsü işə salınıb, üçüncü hava limanının tikintisi davam etdirilir, Bakı - Tiflis - Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisi başa çatdırılır. Bu layihələri gerçəkləşdirməklə, biz beynəlxalq nəqliyyat marşrutlarına qoşulmağa, bunun nəticəsi olaraq yeni İpək yolu marşrutunun inkişafı üzrə milli planı yerinə yetirməyə çalışırıq. Belə layihələrdən biri Londonu Pekinlə birləşdirən yeni marşrut olmalıdır, Aşqabad bəyannaməsini imzalamaqla biz bu məqsədə bir addım yaxınlaşdıq», - deyə sazişin imzalanması mərasimində iştirak etmiş Türkiyə nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Ahmet Arslan bildirib.
Aşqabad sazişi Azərbaycanda da bu cür yüksək qiymətləndirilib: Ölkənin profil qurumu praktiki olaraq Pekin - London nəqliyyat dəhlizi çərçivəsində yükdaşımalarına başlandığını bəyan edir.
«Türkmənistan Prezidentinin sərəncamı ilə 20 min ton türkmən neft məhsulu tezliklə Azərbaycandan keçməklə Avropaya daşınacaq. Hazırda (hər iki istiqamətdə) Azərbaycan ərazisi ilə nəql edilən türkmən yüklərinin illik həcmi 2 mln. ton təşkil edir. Aşqabad sazişi bizim ölkənin ərazisi ilə yük tranzitini yetərincə artırmağa imkan verəcək», - deyə «Azərbaycan Dəmir Yolları» (ADY) QSC-nin sədri Cavid Qurbanov bəyan edib.
Çətin relyefi üzündən İran ərazisindən öz məhsullarını başqa ölkələrə göndərmək Türkmənistan üçün əlverişli deyil, buna görə də bu ölkə öz neftini və neft məhsullarını bizim ölkənin ərazisindən nəql etməkdə maraqlıdır. ADY başçısının sözlərinə görə, sonrakı mərhələdə Özbəkistan, Əfqanıstan və s. kimi ölkələrin də yüklərinin Azərbaycan ərazisindən nəqlinə cəlb edilməsi planlaşdırılır.
C. Qurbanov hesab edir ki, bu, İpək Yolu, o cümlədən Pekin - London xətti ilə tranzit yükdaşımalarının həcmini ildə 50 milyon tona qaldırmağa imkan verəcək və nəticədə, ölkə iqtisadiyyatı böyük dividendlər əldə edəcək. «Əgər biz illik yük tranzitini 50 milyon tona qaldıra bilsək və hər tondan $50-a yaxın əldə etsək, onda perspektivdə Azərbaycan hər il yükdaşımalardan $2,5 mlrd. əldə edə bilər", - deyə C. Qurbanov vurğulayıb və əlavə edib ki, dünya yük daşıyıcılarının diqqətini Azərbaycana cəlb etmək üçün illərlə səy göstərmək lazımdır.
İqtisadiyyat naziri Şahin Musayevin sözlərinə görə, Azərbaycanın tranzit potensialının inkişafı üzrə yeni layihələr ölkənin dayanıqlı inkişafı üçün önəmlidir. Bu layihələr həm də nəqliyyat dəhlizlərinin coğrafi istiqamətlərinin şaxələndirilməsinin vacibliyi baxımından da önəm daşıyır. Ölkəmizin regional nəqliyyat habına çevrilməsinə İran və Rusiya ilə birlikə gerçəkləşdirilən «Şimal - Cənub» nəqliyyat layihəsinin sürətləndirilməsi də dəstək verir.
Cari ilin əvvəlindən sərhəd şəhəri Astarada İranla Azərbaycanın polad magistrallarını birləşdirən körpünün tikintisi və relslərin düzülməsi üzrə işlərə başlanılıb. Keçən müddət ərzində Azərbaycanın, Rusiyanın və İranın profil qurumları bir sıra görüşlər keçirərək, Şimal - Cənub dəhlizinin genişləndirilməsini və inkişafını, həmçinin marşrutun inkişafının sürətləndirilməsi üzrə əlaqələndirmə komitəsinin yaradılmasını razılaşdırıblar. Daha bir ölkə - Finlandiya da bu layihəyə qoşulmağa hazır olduğunu bəyan edib.
«Cari ilin sonuna kimi İran sərhədinə qədər dəmir yolunun tikintisi başa çatdırılacaq və Astaraçay üzərində dəmir yolu körpüsü işə salınacaq. Gələcəkdə İranın dəmir yolu magistralları ilə birləşmə baş tutduqdan sonra, Fars körfəzi limanlarına çıxış da təmin ediləcək ki, bu da Azərbaycanın tranzit potensialının artırılması baxımından önəmli addım olacaq», - deyə Ş. Mustafayev bildirib.
Təqdirəlayiqdir ki, Şimal - Cənub dəhlizinin infrastrukturunun sürətlənən tikinti prosesi daha bir beynəlxalq nəqliyyat marşrutunun - Cənub-Qərbin formalaşdırılması üçün bazaya çevrilir. Cənub -Qərb nəqliyyat dəhlizinin formalaşdırılması üzrə saziş 2016-cı ildə Bakıda Azərbaycan, Gürcüstan, İran və Ukrayna arasında bağlanb. Dəhliz Hindistandan Avropaya yüklərin daşınma müddətini 2-3 dəfə qısaltmağa imkan verəcək.
Yeni dəhlizin çəkiliş xətti ilkin mərhələdə «Şimal-Cənub» layihəsinə oxşardır - o, başlanğıcını Hindistandan götürür, daha sonra Fars körfəzindən, İran və Azərbaycandan keçir. Ancaq Cənub - Qərb marşrutunun yükləri daha sonra Rusiyanın Baltik limanlarının yerinə Gürcüstandan keçməklə Ukrayna və başqa ölkələrin Qara dənizdəki limanlarına yönəldiləcək və oradan da Avropaya gedəcək.
Buna görə Azərbaycan «Cənub - Qərb» layihəsində də yüklərin cəlbi üzrə addımlar atır. Yerli «ADY Ekspress» MMC bu marşrut üzrə sınaq yük daşımalarına başlamaq niyyətindədir və yüngül neft distilyatı doldrulmuş 90 tonluq ilk iki sistern vaqonu yola salmağı planlışdırır. Qeyd edək ki, ilkin mərhələdə Cənub - Qərb marşrutu üzrə 10 min ton yük göndərilməsi düşünülür, amma gələcəkdə bu həcm bir neçə dəfə artırılacaq.
Bir sözlə, Azərbaycan ərazisindən keçən Cənub-Qərb marşrutunun perspektivləri yüksəkdir. Buna bu yaxınlarda İran və Türkiyədən gələn yükdaşıyıcılar üçün tətbiq edilmiş gömrük, vergi və tarif güzəştləri də imkan yaradır.
MƏSLƏHƏT GÖR: