Müəllif: Fasim ƏLİZADƏ Bakı
Dünya bazarında neft qiymətlərinin kəskin düşməsi neft ixracatçısı olan bir çox ölkələri büdcə kəsrini ödəmək üçün öz valyuta ehtiyatlarından istifadə etməyə məcbur edib. Hazırda dünya üzrə valyuta ehtiyatlarını ən israfçı şəkildə xərcləmiş ölkə kimi dünyanın aparıcı neft hasilatçısı Səudiyyə Ərəbistanı Krallığını saymaq olar. Səudiyyənin valyuta ehtiyatları 2014-cü ilin üçüncü rübündə $745 mlrd.-a bərabər idi, amma 2015-ci ilin sonuna $616 mlrd.-a qədər azalıb.
Bu ilin əvvəli də neft istehsal edən ölkələr üçün elə də ümidverici olmayıb, yalnız indi-indi neftin qiymətinin barrel üzrə $50 ətrafında sabitləşə biləcəyi barədə müəyyən gümanlar yaranır. Təəəccüblü deyil ki, Səudiyyə Ərəbistanında dövlət qulluqçularına büdcə ödənişlərinin yetərincə azalmasına və ölkədə tikinti fəallığının gözəçarpacaq səviyyədə aşağı düşməsinə baxmayaraq, bu ilin səkkiz ayında da Səudiyyənin valyuta ehtiyatları daha $54 mlrd. düşərək $562 mlrd.-a bərabər olub.
Səudiyyə Ərəbistanı kimi, Azərbaycanın da əsas ixracatında neft və neft məhsulları başlıca yer tutur. Əlbəttə, Bakı neftinin hasilat və ixrac səviyyəsi ərəb nefti ilə müqayisə edilə bilməz, amma bununla belə neft qiymətlərinin düşməsi ölkənin maliyyə sisteminə ciddi təsir göstərib. 2014-cü ilin üçüncü rübü ilə müqayisədə, 2015-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları $13,8 mlrd. azalaraq $38,59 mlrd. olub. Bunun $5 mlrd.-ı Azərbaycan Mərkəzi Bankının (AMB), $33,59 mlrd.-ı isə Dövlət Neft Fondunun (ARDNF) payına düşüb.
Amma 2016-cı ildə vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. Bu ilin üç rübünün nəticələrinə görə, ölkənin valyuta ehtiyatları ilin əvvəlinə baxanda $1,364 mlrd. artaraq $39,95 mlrd.-a çatıb. Valyuta ehtiyatlarının artımı ARDNF vəsaitlərinin hesabına baş verib. Bu ehtiyatlar ilin əvvəlindən $2,248 mlrd. artıb, halbuki, həmin müddət ərzində AMB-nin ehtiyatları $884 mln. azalaraq $4,132 mlrd. olub.
Amma bununla belə, ölkənin maliyyə sisteminin sabitləşdiyini iddia etmək hələ tezdir. Bank sektorunda vəziyyət gərgin olaraq qalmaqdadır: oktyabrın 26-na kimi yalnız müflis elan edilmiş 10 kommersiya bankının əmanətçilərinə Azərbaycan Əmanətlərin Sığortası Fondu (ADIF) tərəfindən 612,6 mln. manat ödənilib. Unutmaq lazım deyil ki, hətta ölkənin ən iri bankına - Azərbaycan Beynəlxalq Bankına (ABB) dövlət tərəfindən yardım edilir.
Əlbəttə, yerdə qalan 30-a yaxın bankdakı vəziyyət də hələ əhalidə ciddi etibar oyatmır. Amma effektiv bank sistemi olmadan sabit iqtisadi artım məsələsini həll etmək mümkün deyil. Yəni kənd təsərrüfatı bitkiləri üçün əkinlərin genişləndirilməsi, yüngül sənayedə və emal sənayesində yeni güclərin yaradılması üzrə iri layihələrin həyata keçirilməsindən ötrü kommersiya layihələrini maliyyələşdirməyə hazır olan sistem banklarına ehtiyac var.
Hazırda ARDNF illik 4% dərəcəsi ilə ABB-də birillik müddətinə $1 mlrd. vəsait yerləşdirib. Fondun nizamnaməsinə görə, yerli bazarda toplam aktivlərin 5%-ə qədərini yerləşdirmək mümkündür. Uyğun olaraq ARDNF hökumət tərəfindən seçilmiş sistem banklarında daha $790 mln. yerləşdirə bilər. Bu isə öz növbəsində, sahibkarlar üçün real iqtisadiyyatda iri layihələr həyata keçirmək üçün xəttin açılmasına imkan yaradar. ARDNF vəsaitlərinin aparıcı banklarda yerləşdirilməsi ölkənin maliyyə sistemində vəziyyəti sabitləşdirməklə yanaşı, iqtisadiyyatın neftdən kənar bölmələrinin inkişafına da təkan verə bilər. Düzdür, bunu da qeyd etmək lazımdır ki, üç rüb ərzində ARDNF dövlət büdcəsinə 7,615 mlrd. manata bərabər illik proqnozun cəmi 3,26 mlrd. manatını, yəni 43%-ni köçürüb.
Beləliklə, əgər büdcə nəzərdə tutulan bütün məbləği tələb edərsə, ARDNF aktivlərinin artımı müəyyən qədər azalacaq. 30 sentyabr 2016-cı il tarixinə ARDNF-nin aktvləri $35,8 mlrd. təşkil edib ki, bunun $1,9 mlrd.-ı Azərbaycan manatı ilə, qalanları isə başqa valyutalarla yerləşdirilib. ARDNF başçısı Şahmar Mövsümovun sözlərinə görə, fondun rezervlərində manat ona görə yaranıb ki, büdcəyə, hələlik, fondun vəsaitləri lazım deyil. Ancaq Şahmar Mövsümov bildirib ki, ilin sonuna fondun aktivləri $34 mlrd. səviyyəsində olacaq. Bu isə o deməkdir ki, ARDNF hələ də dövlət xəzinəsindən sifarişlər gözləyir.
İstənilən halda, milli valyutanın sabitləşdirilməsi üçün, ilk növbədə, neftdənkənar sahələrdə daha çox əmtəə məhsulu istehsal etmək gərəkdir. Əgər iri xarici sərmayə yatırımları ilə yanaşı, ARDNF vəsaitləri daxili kreditləşdirmə üçün də istifadə edələrsə, ölkənin maliyyə sistemində fondun rolu yetərincə arta bilər.
Bu ilin üç rübünün yekununa görə, ARDNF-nin sərmayə çantası $33,95 mlrd. təşkil edir. Bunun 79,3%-i qiymətli kağızlara və istiqrazlara, 5,3% -i əmlaka, 11,6% -i səhmlərə və 3,8% -i qızıla yatırılıb. ARDNF-in aktivlərinin coğrafiyası aşağıdakı kimidir: 41,6% - Avropa ölkələri, 27,3% - Asiya - Sakit okean regionu, 24,1% - Şimali Amerika, 3,9% - Avstraliya və Yeni Zelandiya, 0,4% - Yaxın Şərq, 0,1% - Cənubi Amerika, 2,6% - beynəlxalq maliyyə təşkilatları.
Şübhəsiz, maliyyə alətlərindən istifadə və sərmayələrin yerləşdirmə coğrafiyası ilk növbədə fondun vəsaitlərinin gələcək nəsillər üçün qorunmasının təmini üzrə böyük işlər görüldüyünü göstərir. Amma bu qurum və yerləşdirmələr neftin qiymətinin yüksək olduğu şəraitdə daha aktual idi. Onda ARDNF neftdən gələn iri maliyyə daxilolmalarının götürülərək fondda yığılması yolu ilə milli iqtisadiyyatı «qızdırma»dan, yəni vəsait artıqlığından xilas etmək rolunu oynayırdı.
Ancaq indi iqtisadiyyatda vəziyyət fərqlidir, indi ARDNF-in iqtisadiyyatın dirçəldilməsi üzrə maliyyə mərkəzinə çevrilməsi daha əlverişlidir. Məsələn, ABB kimi yerli banklara iri depozit yatırımları etməklə ARDNF yerli istehsalın inkişafı üçün nəzərdə tutulan kommersiya layihələrinin maliyyələşdirilməsi məsələsinin həllini yetərincə asanlaşdıra bilər.
MƏSLƏHƏT GÖR: