
TÜRKİYƏNİN “QORDİ DÜYÜNÜ”
Mosulun azadlığı uğrunda əməliyyatlarda iştirak Ankara üçün niyə bu qədər vacibdir?
Müəllif: Kadir Ertaç ÇELİK Ankara
Yaxın Şərq əvvəlkitək dünya KİV-in diqqətindədir. Hələb şəhəri ətrafında hökumət qüvvələri ilə üsyançılar arasında qanlı döyüşlərin getdiyi Suriya ilə yanaşı, indi, İraqın əhəmiyyətinə görə ikinci şəhəri olan Mosulda baş verənlər də mətbuatın ön səhifələrinə çıxıb.
Mosul hələ 2014-cü ilin iyununda “İD” terrorçuları tərəfindən ələ keçirilib və o vaxtdan terrorçuların İraqdakı paytaxtı sayılır. Şəhərin azad olunması uğrunda əməliyyata hazırlıq uzun müddətdir ki, davam edirdi. Nəhayət, oktyabrın 17-də əməliyyata başlanıldığı bəyan olunub. Əməliyyatda İraq Silahlı Qüvvələri, xalq özünümüdafiə qüvvələri, həmçinin İraq Kürdüstanının hərbi hissələri (peşmərgə) iştirak edir. Onlara ABŞ-ın başçılıq etdiyi koalisiyaya aid aviasiya havadan dəstək verir.
Rəsmi Ankaranın Türkiyə Silahlı Qüvvələrinin də əməliyyatlarda iştirak etdiyinə dair bəyanatı isə ziddiyyətlərə səbəb olub. Bu bəyanat Türkiyənin istər NATO-dakı ənənəvi tərəfdaşları, istərsə də regiondakı qonşuları ilə münasibətlərinə mənfi təsir göstərə bilər.
Yenə İraq, yenə müharibə...
ABŞ və tərəfdarları 2001-ci ilin 11 Sentyabr hadisəsindən dərhal sonra, İraq hökumətini kütləvi qırğın silahı hazırlamaqda, beynəlxalq hüquq normalarını pozmaqda ittiham etmişdi. O zaman bunları sübut edəcək dəlillər göstərilməsə də, İraqa hərbi müdaxilə baş vermişdi. Koalisiya qüvvələrinin İraqda əməliyyatlara başladığı 2003-cü ildən bu vaxtadək ölkə xaos, daxili münaqişələr və hibrid müharibələrin yaşandığı əraziyə çevrilib. İndiki şəraitdə İraqı «dövlət» yox, məhz «ərazi» sözü ilə ifadə etmək daha düzgündür. Ölkədə sülh bərqərar olmur, o, 3 yerə parçalanmış vəziyyətdədir. İndi, ölkənin ayrı-ayrı ərazilərində terror qruplaşmaları tərəfindən qeyri-formal muxtariyyətlər yaradılıb. “İD” də məhz burada yaranıb və əvvəlcə «İraq İslam Dövləti» adlanıb. Politoloqlar hesab edir ki, bu terror təşkilatının yaranması Qərb dövlətlərinin İraqa hərbi müdaxiləsinin nəticəsidir. Onun İraq ərazisində məskunlaşmış rəhbərliyində Səddam hakimiyyəti dövrünün sünni zabitləri az deyil. Onlar məhz Qərbin hərbi müdaxiləsindən sonra işlərindən və əvvəlki yaşam tərzindən məhrum olublar.
İndi Mosulun “İD”dən azad olunması yalnız İraqın deyil, qlobal fövqəldövlətlərin də təhlükəsizliyi baxımından vacib məsələdir.
Bu anadək ən vacib və ziddiyyətli proseslər isə Türkiyə-İraq-ABŞ üçbucağında yaşanır.
Türkiyə üçün Mosuldan 20 kilometr şimalda yerləşən təhlükəsizlik zonasında - Başikdəki bazada hərbçilərin olması çox vacibdir. Hərbi əməliyyatların keçirildiyi ərazinin yaxınlığındakı strateji ərazidəki bu baza İraqın Müdafiə naziri Xalid əl-Ubeydinin bir bəyanatından sonra daha ciddi önəm qazanıb. Nazir bildirib ki, «Biz Türkiyə hərbi kontingentindən yalnız ehtiyac duyulduğu halda istifadə edə bilərik».
Türkiyə-Rusiya münasibətlərində ötən ilin noyabrında yaranmış böhrandan sonra, həmçinin rəsmi Moskva ilə Tehranın təzyiqləri nəticəsinedə Ankara müəyyən təcrid vəziyyətinə düşmüşdü və bu təcrid həm də İraqdan gəlirdi. O vaxtadək aşkar türkiyəpərəst mövqe tutan İraq Kürdüstanının lideri Məsud Bərzani də «Türkiyənin bu addımını Bağdadla razılaşdırmalı olduğunu» bildirib. İraq hökumətinin də bu məsələyə mənfi münasibətini nəzərə alsaq, bu cür passaj Türkiyə hökuməti üçün böyük gözlənilməzlik olub. Mosulun sabiq qubernatoru, Haşdi-Vatani dəstəsinin komandiri Osam ən-Nuceyfiyə qarşı son addımın da əslində, Türkiyəyə qarşı atıldığını söyləmək olar. Qeyd edək ki, Mosulda əməliyyatlar başlar-başlamaz, türkiyəli təlimatçıların hazırladığı bu komandirin həbsinə qərar verilib. Kürdlər və sünnilər tərəfindən gözlənilən dəstəyi görməyən Türkiyə, üstəlik, iranpərəst şiə lideri Muktada əs-Sədrdən də zərbə alıb. O, tərəfdarlarını Türkiyənin Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb. Bu, sanki İran dövlətinin mövqeyinin nümayişi idi.
Ölkə daxilində millətçi qüvvələrin maraqlrına cavab verən, eyni zamanda, xarici siyasətdə ardıcıllığını nümayiş etdirən Prezident Rəcəb Tayyib Ərdoğan isə ölkəsinin istər hərbi əməliyyatlarda, istərsə də danışıqlar prosesində iştirak etmək cəhdlərini dəfələrlə dilə gətirib. Türkiyə əsgərlərinin işğalçılarla müqayisə olunmasına kifayət qədər sərt reaksiya göstərən Ərdoğan İraqın Baş nazirinin onunla eyni səviyyənin adamı olmadığını bildirib. Amma Türkiyə Prezidentinin sərt mövqeyinə baxmayaraq, diplomatlar böhranın aradan qaldırılması üçün həm iraqlı, həm də amerikalı həmkarları ilə görüşlər keçirir. Hələlik, bu görüşlər nəticə vermir və gələcək perspektivlər də aydın deyil.
Bəs İraqın mərkəzi hökumətinin, şiələrin, kürd qüvvələrinin məsələyə bu qədər ağrılı reaksiyasına, qlobal oyunçuların əks-fikrinə baxmayaraq, Türkiyə Mosul əməliyyatlarında iştiraka niyə bu qədər israr edir? Bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki tarixi, etnik və hüquqi amillər, dövlət təhlükəsizliyinin parametrləri çox müxtəlifdir.
İmperiyanın varisləri
Türkiyə iddia edir ki, o, beynəlxalq siyasət və beynəlxalq hüquq məsələlərində İraqla, həmçinin bütünükdə Yaxın Şərqlə-Osmanlı İmperiyasının varisi olaraq, möhkəm tarixi bağlara malikdir. Mosul və bitişik ərazilər əvvəllər də - hələ Səlcuq İmperiyası dövründə - türklərin olub: 1118-ci ildən başlayaraq, bu əyalətdə 800 il ərzində məhz onlar hökmranlıq edib. Mosul Birinci Dünya müharibəsi illərində də imperialist fövqəldövlətlərin diqqət mərkəzində olub. Bu, əsasən, onun zəngin neft ehtiyatlarına malik olması ilə bağlı idi. Məhz bu amil Osmanlı İmperiyasına hücuma və 1918-ci il noyabrın 15-də bu ərazilərin ingilislər tərəfindən işğalına yol açıb. Lakin Mosulun işğalı hələ də qeyri-legitim sayılır. Çünki bu, 1918-ci il oktyabrın 30-da Mudros barışığının imzalanmasından sonra baş verib. Atəşkəsin qüvvədə olduğu şəraitdə beynəlxalq hüquq hər hansı hərbi əməliyyatları qadağan edir. İngiltərə isə Osmanlı İmperiyası ərazisini sülh razılaşmasının 7-ci maddəsinə, daha dəqiq desək, məcburi zərurətə görə işğal etmişdi. Bu, Osmanlı İmperiyasının rəhbərliyi, Atatürkün rəhbərlik etdiyi Milli Azadlıq Mübarizəsi liderləri üçün qəbuledilməz idi. Lozan danışıqları ilə həlli mümkün olmayan bu məsələ sonradan Millətlər Liqasına verilir. Bu, problemin türklərin maraqlarına uyğun çözülməyəcəyini göstərən bariz nümunə idi. O zaman hələ möhkəmlənməmiş bir dövlətin dövrün super-fövqəldövləti olan qüdrətli İngiltərənin müqavimətinə sinə gərməsi mümkün görünmürdü. Bundan başqa, İngiltərənin dəstəklədiyi nestorian və kürd üsyanları da Türkiyənin mövqeyini zəiflətmişdi. Nəticədə, Türkiyə Mosulu İngiltərənin mandatı altında yaşayan İraqa güzəştə getmək məcburiyyətində qalmışdı.
Türkiyənin digər tarixi aqrumenti Misaki-Millidir (Milli Pakt). Söhbət Osmanlı Parlamentinin son toplantısında qəbul edilmiş 6 vacib qərardan ibarət topludan gedir. Bu sənədə əsasən, Mosul milli sərhədlər daxilində göstərilir. Son zamanlar Türkiyə rəhbərliyi bu paktı tez-tez xatırladır.
Siğəqardaşlara yardım
Yaxın Şərqdəki bir çox ərazilər kimi, Mosul da çoxmillətli şəhər sayılır. Birinci Dünya müharibəsindən İkinci Dünya müharibəsinin sonunadək qüvvədə olmuş «Parçala, hökm sür» prinsipi vasitəsilə də bundan məharətlə istifadə edirdilər. İraqın demoqrafik strukturu özündə ərəb, türk/türkmən və kürd millətlərini əks etdirir. Burada əhalinin 99%-i müsəlman olsa da, o, konfessional planda 2 böyük qrupa - şiələr və sünnilər - bölünüb.
Hüquqi arqumentlər
Türkiyə də hərbi mövcudluq və Mosul uğrunda əməliyyatlarda iştirak istəyini beynəlxalq hüquq prinsipləri ilə əsaslandırır. Söhbət BMT-nin qətnamələrindən və Türkiyə ilə İraq arasında hələ 1926-cı ildə imzalanmış müqavilədən gedir. Son 2 fakt rəsmi Ankaranın mövqeyini gücləndirir. Lakin hüquqi legitimlik bəzən siyasi platformalarda, xüsusilə beynəlxalq münasibətlərdə həlledici olmur.
Təcavüzün qarşısının alınmasına dair 3314 saylı BMT qətnaməsində bildirilir ki, bir dövlətin başqa bir ölkənin ərazisindəki silahlı qüvvələrindən istifadə yalnız «ev sahibi»nin razılığı ilə mümkündür. İraq hökuməti və regional kürd hökuməti də Türkiyə hərbçilərini ölkə ərazisinə rəsmən dəvət edib. Onlardan bu qüvvələrin ölkəni tərk etməsi ilə bağlı rəsmi tələb isə bugünədək yoxdur.
Türkiyə ilə İraq arasında imzalanmış Ankara müqaviləsinin 6, 7 və 8-ci maddələri də önəmlidir. Orada deyilir ki, silahlı hücum və ya quldur basqını halında bu dövlətlər bir-birinin ərazisinə 75 kilometrlik məsafəyədək daxil olmaq hüququna malikdir. Mosul ilə Başikə Türkiyə sərhədindən olan məsafə də 75 kilometrdən çox deyil.
Təhlükəsizlik riskləri
Türkiyənin hakim dairələrini ən çox narahat edən təhlükəsizlik məsələsidir. İraqla uzun sərhədə malik Türkiyə bir neçə risk və təhlükə ilə üz-üzədir.
Birincisi, münaqişə domino effekti ilə qonşu ölkələrə keçə bilər. Daha bir risk isə əməliyyatdan sonra Mosulda və ümumilikdə, regionda PKK ilə əlaqəli, Türkiyənin əleyhinə olan kürd hərbi birləşmələrinin fəallaşa biləcəyidir. Üçüncü risk Mosulun özündə mümkün millətlərarası və ya dinlərarası münaqişədir. Hər üç halda Türkiyə münaqişə tərəfinə çevriləcək.
Bütün bu risklər Türkiyəni istər hazırda Mosulda yaşananlarda, istərsə də sonrakı mərhələlərdə bilavasitə iştiraka vadar edir. Ankara düşünür ki, onun iştirakı olmasa, regionda nəinki PKK ilə əlaqəli qüvvələr, həm də iranpərəst elementlər güclənə bilər. Regional gücə çevrilmək iddialarını gizlətməyən Türkiyə bu proseslərdə, sadəcə, iştirak etməyə bilməz.
Bəsrənin Osmanlı qubernatoru Süleyman Əsgəri Birinci Dünya müharibəsi illərində deyirdi: «İstanbulun təhlükəsizliyi Levanta ilə Bağdaddan başlayır». Türkiyənin hazırkı rəhbərləri isə bu fikri dəyişərək, belə deyir: «Ankaranın təhlükəsizliyi Cerablusla-Mosuldan başlayır».
MƏSLƏHƏT GÖR: