24 Noyabr 2024

Bazar, 07:37

QONŞUSAYAĞI KOOPERASİYA

Azərbaycanla-Rusiya iqtisadi əməkdaşlığı artıraraq, siyasi münasibətlərin hazırkı səviyyəsinə çatdırmalıdır

Müəllif:

15.11.2016

Azərbaycanla-Rusiya arasında siyasi münasibətlər artan xətt üzrə inkişaf edir. İki ölkə arasındakı mehriban qonşuluq münasibətləri, demək olar ki, bütün formatlarda və bütün səviyyələrdə qeyd olunur. Bu mənada, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev ilə Vladimir Putin arasındakı etimada əsaslanan münasibətlər də çox önəmlidir.

Prezident İlham Əliyev  RİA «Novosti»yə yaxın vaxtlarda verdiyi müsahibəsində bu haqda maraqlı məqama toxunub: «Vladimir Vladimiroviçlə şəxsi münasibətlərim çox yaxşıdır, deyərdim ki, etimada əsaslanan yoldaşlıq münasibətləridir». «Son 3 ildə Rusiya  Prezidenti Azərbaycana 3 dəfə səfər edib. Bunun özü çox mətləbdən xəbər verir», - deyə Azərbaycanın dövlət başçısı qeyd edib.

Amma bu xoş fona rəğmən, iki ölkə arasında iqtisadi əməkdaşlıq son 2 ildə müəyyən mənada «yerində sayır». Bunun əlbəttə ki, obyektiv və subyektiv səbəbləri var. İqtisadi əməkdaşlığın inkişafı yolları və bu sahədəki problemlər VII Azərbaycan-Rusiya Regionlararası Forumunda da müzakirə olunub. Qeyd edək ki, forumda 600 nümayəndə iştirak edib. Onların 250-si Rusiya Federasiyasının 9 subyektini təmsil edirdi.

 

İşgüzar dairələr üçün oriyentirlər

Azərbaycanla-Rusiya arasındakı yüksək potensialı iqtisadi əməkdaşlığın inkişafına dair bir obyektiv göstərici bariz şəkildə nümayiş etdirir. Söhbət iki ölkənin xarici ticarət dövriyyəsindən gedir.

Rusiya İqtisadi İnkişaf nazirinin müavini Aleksandr Sıbulski bildirib ki, Azərbaycanla-Rusiya arasında hələ də reallaşdırılmayan ciddi iqtisadi əməkdaşlıq potensialı var. Onun sözlərinə görə, bu gün Azərbaycanda 600 Rusiya şirkəti fəaliyyət göstərir ki, onların 200-ü 100% Rusiya kapitalı ilə çalışır. Bununla yanaşı, iki ölkə sahibkarlarının gələcəkdə nə dərəcədə uğurla əməkdaşlıq edəcəyi istər işgüzar dairələrin özlərinin fəallığından, istərsə də Azərbaycan və Rusiyada biznesə yaradılacaq şəraitdən asılıdır.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev son illərdə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar Rusiya investisiyasının yatırıldığını söyləyib. Onun sözlərinə görə, Azərbaycandan Rusiya iqtisadiyyatına yatırılmış birbaşa investisiyalar 1 milyard dollar təşkil edib.

Dünya bazarlarında neftin ucuzlaşması yalnız Azərbaycan və Rusiya iqtisadiyyatlarının inkişaf dinamikasına mənfi təsir göstərməyib. O, iki ölkənin ticarət dövriyyəsində də özünü  əks etdirir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yekununa əsasən, Azərbaycanla-Rusiya arasında ticarət dövriyyəsi 1,854 milyard dollar olub. Rusiya Azərbaycanın xarici ticarətində 8,98% payla 3-cü yerdədir. Bununla yanaşı, Rusiya Azərbaycana idxal həcminə görə ilk yerdədir (1,437 milyard dollar, yaxud ümumi idxalın 15,59%-i).

Nazir müavininin sözlərinə görə, 2014-cü ildə Azərbaycanla-Rusiya ticarət dövriyyəsini 4 milyard dollara çatdıra bilmişdi. Onun fikrincə, tərəflər yaxın illərdə, ən azı, bu həddi bərpa etməlidir. Ümumilikdə isə nazir müavini hesab edir ki, Azərbaycan və Rusiya iqtisadiyyatları üçün, ən azı, 10 milyard dollarlıq ticarət dövriyyəsi tamamilə realdır.

Rusiyalı məmurun bu əminliyi iki ölkənin vətəndaşları arasında intensiv əlaqələrin statistikasına əsaslanır. Bu il ərzində 600 min Rusiya vətəndaşı Azərbaycana gəlib, 900 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib. Nazir müavini hesab edir ki, bu, kifayət qədər ciddi rəqəm olmaqla yanaşı, arta da bilər. Onun fikrincə, bu, insanlar, dostlar, qohumlar arasındakı əlaqələri göstərir və inkişafına ehtiyac olan iqtisadi əlaqələrin potensialını nümayiş etdirir.

İki ölkə arasında fəal əməkdaşlığa dövlət səviyyəsində də dəstək verilir; məsələn, Rusiyanın ixracyönümlü və xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərinə kompleks ünvanlı dəstək verən «Rusiya İxrac Mərkəzi» (RİM) qrupu Azərbaycanla 11 birgə layihənin reallaşdırılmasına 410 milyon dollardan artıq vəsait ayırıb. Hazırda daha 20 birgə layihə RİM-in müzakirəsindədir.

İki ölkə arasında iqtisadi əlaqələrin gələcək inkişafında birgə layihələrin maliyyələşdirilməsi üçün xüsusi Azərbaycan-Rusiya Fondunun yaradılması da öz rolunu oynaya bilər. Sıbulskinin sözlərinə görə, belə bir fondun yaradılmasının məqsədəuyğunluğu müzakirə olunacaq.

 

Yaxın qonşu uzaq qohumdan yaxşıdır

Foruma qatılmış Rusiya nümayəndələri arasında əsas fiqurlardan biri Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov olub. O, forumdakı çıxışında Dağıstanla-Azərbaycanın yaxınlığına dair zarafatyana misal da çəkib: dağıstanlılar dadlı yemək istəyirsə, Azərbaycana gedir, Dağıstanın ən yaxşı restoranlarının aşpazları da azərbaycanlılardır.

«Prezidentlər İlham Əliyev və Vladimir Putinin yürütdükləri müstəqil siyasət sonda Azərbaycanın vacib regional, Rusiyanın isə nəhəng dövlətə çevrilməsinə imkan verib. Bu, bizim özümüzümü Azərbaycanda daim rahat hiss etməyimizi təmin edən vacib amildir», - deyə Dağıstan Respublikasının Prezidenti bildirib.

Abdulatipovun sözlərinə görə, onun  Dağıstanın başına keçməsi ilə, rəsmi Bakı ilə əlaqələrin qurulması istiqamətində ciddi işlər görülüb. Nəticədə, Dağıstan Azərbaycanla əməkdaşlıq səviyyəsinə görə, Rusiya Federasiyasının subyektləri arasında ilk beşliyə daxil olub.

Lakin Abdulatipov əldə olunanlarla kifayətlənməyi düşünmür; məsələn, Azərbaycanla-Rusiyaya birgə layihələrin maliyyələşdirilməsi üçün xüsusi fondun yaradılması təklif olunur. Dağıstan Prezidentinin aqrar məhsulların becərilməsi üçün Dərbənddə azərbaycanlı sahibkarlara torpaq icarəyə verilməsi ilə bağlı təklifi də kifayət qədər maraqlıdır. Abdulatipov bu təklifi Azərbaycandan Rusiyaya məhsul ixracı üçün gömrük prosedurlarının sadələşdirilməsi istəyinə cavab olaraq səsləndirib. Onun fikrincə, əməkdaşlığın dövlətlərarası səviyyədən beynəlxalq səviyyəyə yüksəldilməsi vacibdir.

Bu mənada, Bakı, Mahaçqala və Dərbənd arasında turist qatarının fəaliyyətə başlaması təklifi də son dərəcə  maraqlıdır.

 

Məhsullar üçün satış bazarının axtarışı

Rusiya nümayəndə heyətinin tərkibində Bakıya Alxangelsk vilayətinin qubernatoru İqor Orlov da gəlsmişdi. Bu, onun qarşılıqlı səmərəli əlaqələrin qurulması üçün Bakıya etdiyi ilk səfəri idi. Rusiyanın şimal vilayətlərindən birinə başçılıq edən Orlov Rusiya və Azərbaycanın işgüzar dairələrinin maraqlarının üst-üstə düşdüyü nöqtələri sxematik olaraq göstərib.

Arxangelsk vilayəti üçün Azərbaycanın ağac emalı, gəmiqayırma, həmçinin ət-süd məhsulları üzrə ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının satış bazarı maraq doğurur. Azərbaycandan meyvə-tərəvəz idxalı, Arxangelsk sakinləri üçün ölkəmizin isti Xəzər çimərliklərində istirahətinin təşkili imkanları da cəlbedici  sahələrdir.

«Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması, ilk növbədə, Azərbaycanla-Rusiyaya lazımdır. Arxangelsk vilayətinin qubernatoru belə düşünür. Bununla bağlı olaraq, Orlov Arxangelskdəki çoxəsrlik ənənələrə uyğun olaraq layihələrin reallaşdırılması üçün istifadəni təklif edir; məsələn, Arxangelsk limanı «Şimal-Cənub» Nəqliyyat Dəhlizi ilə, daha sonra Şimal Dəniz Yolu ilə yüklərin daşınmasında istifadə oluna bilər. Yəni, yüklər Hindistan və İrandan Azərbaycan və Rusiya vasitəsilə Şimal Dəniz Yolu ilə Avropaya, Çinə, Amerikaya və s. daşına bilər. Hazırda Arxangelsk limanının illik gücü 8 milyon tona çatır. İ.Orlovun sözlərinə görə, hazırda bu potensialın yarısından istifadə olunur və liman yeni yükləri qəbul etməyə  hazırdır.

Bundan başqa, qubernator bildirib ki, bu, Arxangelskin işgüzar dairələrinin Azərbaycana ilk səfəri olsa da, ilk təmasların nəticələri burada istifadə olunmamış kifayət qədər resursun mövcudluğunu göstərir.

Azərbaycanla əlaqələrin genişləndirilməsini Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev də istəyir.

«Bakıya səfər çərçivəsində SOCAR ilə danışıqların əsas mövzusu Tümen vilayəti ərazisində maşınqayırma kompleksi sahəsində əməkdaşlıqdır», - deyə Yakuşev “Caspian European Club” tərəfindən təşkil olunmuş biznes-forumda bildirib: «Neft şirkətlərində istifadə olunan avadanlıqlar kifayət qədər keyfiyyətlidir. Odur ki, məqsədimiz Azərbaycan bazarında mövcudluğumuzu genişləndirməkdir».

 

İnkişaf üçün baza

VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində 12 sənəd imzalanıb. Onlar humanitar və iqtisadi sahələrdə əməkdaşlığı nəzərdə tutur; məsələn, Azərbaycanın Qəbələ rayonunun icra hakimiyyəti ilə Rusiyanın Stavropol diyarının Kislovodsk kurort şəhərinin administrasiyası arasında qardaşlıq münasibətləri haqqında saziş imzalanıb.

Bakının Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlığa dair niyyət protokolu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi  Fondu ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası, həmçinin Xəzər regionunun «Xəzər yolu» xarici iqtisadi fəaliyyət iştirakçıları assosiasiyası arasında əməkdaşlıq sazişi də imzalanıb.

Humanitar sahəyə gəlincə, Azərbaycanın Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb.

«Dərbənd 2000» turizm mərkəzi isə Quba və Xaçmazın turizm informasiya mərkəzləri ilə turizmin inkişafı sahəsində birgə fəaliyyətə dair razılaşma imzalayıb.

Daha bir sənəd Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə əczaçılıq zavonunun təməlqoyma mərasimi çərçivəsində imzalanıb. Rusiyanın «R-Farm», Azərbaycan İnvestisiya Şirkəti və Azərbaycanın «Vita-A» şikəti arasında «Hayat Pharm» birgə əczaçılıq zavodunun tikintisinə dair də razılaşma imzalanıb. İnşa ediləcək müəssisədə Azərbaycan İnvestisiya Şirkəti 10, Rusiyanın «R-Farm» şirkəti lə Azərbaycanın «Vita-A» şirkəti isə hərəyə 45%-lik paya sahib olacaq. Zavodun tikintisinə 74 milyon dollar xərclənəcək.

Bakıda keçirilmiş VII Azərbaycan-Rusiya Regionlararası Forumunun yekunları haqqında danışarkən Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında əlaqələrin qurulması istiqamətində daha bir addımın atıldığını söyləmək olar. Bununla yanaşı, forumun nəticələri tərəflər arasında hələ də çox sayda həll olunmamış  məsələnin qaldığını da göstərib. Onların həlli iki ölkə arasında ticarət dövriyyəsinin real olaraq 5 dəfə artırılmasına imkan verərdi.

 Bir sözlə, iqtisadi münasibətlərin siyasi əlaqələr səviyyəsinə çatdırılıb-çatdırılmayacağı Azərbaycan və Rusiya rəhbərliyinin forum iştrakçılarının təkliflərini dövlətlərarası və regional saviyyədə həll etməsindən asılı olacaq.



MƏSLƏHƏT GÖR:

450